Məhkəmə qərarları › İş №e-2-2(113)-4065/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4065/2020

25.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4065/2020 25.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı qaz sərfiyyatının hesablanmasının qanunvericiliyə uyğun aparılması, artıq yazılmış qaz sərfiyyatının silinməsi və ƏDV ilə birlikdə ödənilmiş artıq pulun qaytarılması vəzifəsini cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin 2019-cu ilin noyabr ayından 2020-ci ilin iyul ayınadək qaz sərfiyyatının hesablanması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»n (bundan sonra mətndə - Qaydalar) 5.4-cü bəndinin tələblərinə əsasən aparılması vəzifəsi, artıq yazılmış qaz sərfiyyatın silinməsi və ƏDV ilə birlikdə artıq ödənilmiş 20856,52 manat məbləğin İddiaçı MMC-yə qaytarılması vəzifəsini ARDNŞ Cavabdeh İB həvalə edilməsi, İddiaçı MMC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh ARDNŞ Cavabdeh İB-dən alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.0.7-cü maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə və eləcə də müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlərlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, pretenziya və ona əlavə edilmiş sənədlərin əlavə olunduğu zərf “Zeynalov” soyadlı şəxs tərəfindən imzalanmaqla Cavabdeh İB-nin poçt qutusuna atılması həmin sənədin mötəbərliyini istisna edir, belə ki, cavabdehə pretenziya və ona əlavə edilmiş sənədlərin çatdırılması iddiaçı tərəfinin nümayəndəsinin deyil, iş üzrə maraqlı olmayan üçüncü şəxs (rabitə orqanları və s.) tərəfindən yerinə yetirilməlidir. Bununla yanaşı məhkəmə iddia ərizəsinin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənədləri aşkar etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi iş üzrə maraqlı olmayan üçüncü şəxs (rabitə orqanları və s.) vasitəsi ilə cavabdehə çatdırılması üçün iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı qaz sərfiyyatının hesablanmasının qanunvericiliyə uyğun aparılması, artıq yazılmış qaz sərfiyyatının silinməsi və ƏDV ilə birlikdə ödənilmiş artıq pulun qaytarılması vəzifəsini cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, iddia ərizəsinin (üçüncü şəxs (rabitə orqanları və s.) vasitəsi ilə göndərməklə) cavabdeh tərəfindən alınması (imtina və ya digər əsaslar) barədə sübut (poçt qəbzi və ya digər sənəd) iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar