Məhkəmə qərarları › İş №e-2-2(113)-413/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-413/2020

03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-413/2020 03.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azeriqaz'' İstehsalat Birliyi tərəfindən İddiaçı MMC-yə əsassız hesablanmış 1785 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən “İddiaçı" MMC-yə təqdim edilmiş abonent saldosunda və xx xxxxxx 2019-cu il tarixli 91 saylı hesab fakturada cəmiyyətin istifadə etdiyi Bakı şəhəri, Yasamal rayonu, Firudin Ağayev küçəsində yerləşən 5 saylı evə yalnız 2018-ci ilin dekabr ayı üzrə 16560 m3 sayğacdan keçən dəyəri ödənilməmiş qaz sərfiyyatı kimi göstərilmişdir. Sonradan cavabdeh tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş xx xxxxx 2019-cu il tarixli 175 saylı hesab fakturada cəmiyyətin istifadə etdiyi Bakı şəhəri, Yasamal rayonu, Firudin Ağayev küçəsində yerləşən 5 saylı evə 2019-cu ilin mart ayı üzrə 8928 kub.m sayğacdan keçən dəyəri ödənilməmiş qaz sərfıyyatı kimi göstərilmişdir. Halbuki, 2018-ci ilin 11 ayı ərzində həmin evin qaz sərfıyyatı yalnız 5707 m3 olmuşdur. Əvvəlki illərdə də aylar üzrə qaz sərfıyyatı təqribən eyni olmuşdur. Bundan başqa obyektə yenidən həmin sayğac qoyulduqdan sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər həmin evin sayğac üzrə qaz sərfıyyatı cəmi 1353 m3 olmuşdur. Belə olan halda cəmiyyətin istifadə etdiyi obyektin dekabr ayı üzrə 16560 m3, mart ayı üzrə isə 8,928 m3 sayğacdan keçən qaz istehlak etdiyi barədə cavabdehin öz mülahizəsinə əsasən təqdim etdiyi abonent saldosu və hesab fakturalar tamamilə əsassızdır. Sonradan, “Azeriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən xx xxxxxx 2019-cu il tarixdə ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Aktda sayğacın çıxarılmasına səbəb kimi onun mexanizminin işləməməsi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 2019-cu ilin mart ayında “Azeriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən sayğac çıxarıldığına görə hesablama düzgün olmayan qaydada aparılaraq əsassız olaraq həmin ay üçün 1785 manat borc hesablandığına görə tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin o, bildirmişdir ki, İddiaçı MMC tədris sahəsində fəaliyyət göstərir və otaqların istifadə olunması həmin dövr üçün qrupların sayından asılıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında iddianı qəbul etməyərək, sayğac olmayan dövr üçün qazın sərfiyyətinin qanuna uyğun hesablandığını bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş İddiaçı MMC-nin abonent saldosundan görünür ki, abonentin təbii qazdan istifadəyə görə 2012-ci ilin mart ayının sonuna 3721 m3 qaz sərfiyyatı, 2013-cü ilin mart ayının sonuna 4910 m3 qaz sərfiyyatı, 2014-cü ilin mart ayının sonuna 1456 m3 qaz sərfiyyatı, 2015-ci ilin mart ayının sonuna 692 m3 qaz sərfiyyatı, 2016-cı ilin mart ayının sonuna 779 m3 qaz sərfiyyatı, 2017-ci ilin mart ayının sonuna 703 m3 qaz sərfiyyatı, 2018ci ilin mart ayının sonuna 461 m3 qaz sərfiyyatı, 2019-cu ilin mart ayının sonuna 8928 m3 qaz sərfiyyatı olmuşdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırlması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacınıın texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə İddiaçı MMC-nin abonent saldosunu nəzərdən keçirərkən 2012-2018-ci illərin mart ayında qazın sərfiyyatında aşağıya doğru dinamikanı, hətta axırıncı üç ildə aylıq sərfiyyatın 1000 m3-dən artıq olmadığını müəyyən etmiş, Cavabdeh isə 2019-cu ilin mart ayında qazın sərfiyyatı 8928 m3 həcmində hesablamışdır. Göründüyü kimi Cavabdeh 2019-cu ilin mart ayı üçün hesabladığı qazın sərfiyyatı əvvəlki üç ilə münasibətdə təxminən 8 dəfə çoxdur, bu isə inandırıcı deyil. Odur ki, 2019-cu ilin mart ayında qazın sərfiyyatını düzgün hesablamaq üçün 2012-2018-ci illərin mart ayının qazın orta sərfiyyatı müəyyən edilməli, daha sonra onun dəyəri hesablanmalı, artıq hesablanan borc isə silinməlidir. Belə ki, 2012-2018-ci illərin mart ayı üçün qazın orta sərfiyyatı 1817,4 m3 müəyyən edildiyindən hər 1 m3 qiyməti isə 0,20 manat olduğundan İddiaçı MMC-nin 2019-cu ilin mart ayının borcu 363,48 manat təşkil edir. Göründüyü kimi Azeriqaz” İB-i tərəfindən mübahisəli dövr üçün 1421,52 manat (1785-363,48) məbləğində borc artıq hesablanmışdır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 2019-cu ilin mart ayı üçün artıq hesablanmış 1421,52 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbinin 79,6% təmin edildiyini nəzərə alan məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 23,88 manat məbləğində dövlət rüsumuCavabdeh İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı MMC-yə 2019-cu ilin mart ayı üçün artıq hesablanmış 1421,52 manat məbləğində borc silinsin. İddianın verilməsinə görə 23,88 manat məbləğində dövlət rüsumu Cavabdeh İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar