Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4211/2023 01.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdeh Maraqlı şəxs nümayəndəsi Nümayəndə4 iştirakları ilə, tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" MTK-ya, Cavabdeh2 ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs olmaqla) pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MTK-dan, Cavabdeh2 ASC-dən və Maraqlı şəxsndən 2.700 pul vəsaitinin və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barəd qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, RAZ1706601 saylı xx.xx.2018-ci il tarixli sığorta şəhadətnaməsi ilə sığorta müqaviləsi bağlanmış və Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi,101 ünvanında yerləşən daşınar əmlak sığorta təminatı almışdır. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi,101 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus mağazaya subasma hadisəsi baş vermiş, nəticədə 2.700 manat sığorta ödənişi həyata keçirilmişdir. Hesab edirlər ki, ödənilmiş 2.700 məbləğ, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər "xxxx" MTK və Cavabdeh2 ASC-dən 2.700 pul vəsaitinin və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barəd qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehlərdən Cavabdeh2 ASC iddiaya qarşı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC iddia ərizəsində müxtəlif vaxtlarda müxtəlif ünvanlarda baş vermiş su basma hadisələri ilə bağlı sığorta ödənişlərini cavabdeh "xxxx" ASC-dən tələb etmişdir. Qeyd olunan su basma hadisələri ilə bağlı ümumi məlumat versə də, həmin hadisələrin "xxxx" ASC ilə bağlılığına dair heç bir sübut təqdim etməmişdir. Bildirirlər ki, qeyd olunan su basma hadisələri sözügedən ünvanların daxilində baş verdiyindən həmin su xətləri istehlakçının balans mənsubiyyətinə aid edilir. Bu səbəbdən Cəmiyyət istehlakçının mülkiyyətində yerləşən su xətlərin baş vermiş hər hansı su basma hadisəsinə görə məsuliyyət daşımır. "xxxx" ASC yalnız balansında olan su təchizatı və kanalizasiya qurğularına xidmət göstərir və onlara görə məsuliyyət daşıyır. Ona görə də hesab edirlər ki, istehlakçının mülkiyyətində yerləşən su xətlərinə nəzarəti özü həyata keçirdiyindən bununla bağlı yaranan problemlərə görə cavabdehlik ona məxsusdur. "xxxx" ASC-nin sözügedən iş üzrə cavabdeh qismində cəlb edilməsi üçün heç bir əsas yoxdur. Göstərilənlər bir daha sübut edir ki, iddia tamamilə əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehlərdən Maraqlı şəxs iddiaya qarşı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs və Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi bu işdə cavabdeh qismində cəlb oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2012-ci il tarixli, 345a Sərəncamında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyul tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na əsasən və su təchizatı, kanalizasiya şəbəkəsi və qurğularının idarə edilməsi məqsədi ilə Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə gurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri Cavabdeh2 balansına verilmişdir. Bunu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mənzil Məcələsinin 29.1 -ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Beləliklə, su sayğacına qədər su axıdılması hadisəsi baş veribsə Cavabdeh2 ASC cavabdehdir, su sayğacından sonra su axıdılması hadisəsi baş veribsə mənzilin və ya qeyri-yaşayış sahəsinin mülkiyyətçisi cavabdehdir. Həmçinin bildirirlər ki, Rayon İcra Hakimiyyətinin balansında yaşayış sahəsi və digər təyinatlı tikililər yoxdur. Azərbaycan Respublikasının Prezdentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 1.6-cı bəndinin 2-ci hissəsinə əsasən rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzilkommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir - onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Əlavə olaraq bildirirlər ki, Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Bakı Şəhər mənzil-kommunal təsərrüfatının idarəetmə sistemini təkmilləşdirmək tədbirləri haqqında” 12 may 1999-cu tarixli, 444 nömrəli Sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda şəhər üzrə mənzil-kommunal xidməti sahəsində vahid dövlət idarəetmə orqanı kimi yaradılmışdır və öz fəliyyətində birbaşa Bakı Şəhər İcra Hakimiyyəti Başçısına tabedir. Bakı şəhərinin rayon rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri departamentin strukturuna daxildir. Bakı şəhəri, Nəsimi rayonunda dövlət mənzil fondunda olan mənzillər və qeyri- yaşayış sahələri Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Maraqlı şəxs və Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair cavabdehlər sırasından çıxarılması məqsədə müvafiqdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (Maraqlı şəxs cavabdeh qismindən çıxarılması) barədə təkrar ərizə verərək, cavabdehlər “ "xxxx" MTK -dan və Cavabdeh2 ASC-dən 2.700 pul vəsaitinin və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barəd qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək etirazı ilə eyni məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. İş üzrə cavabdehlər və 3-cü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki: X2 (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında bağlanmış xx.xx.2010-cu il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən 1-ci mərtəbənin sahəsi 1064 m2 olan və 2-ci mərtəbənin sahəsi 1035 m2 olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 101A ünvanında yerləşən qeyri-yaşayış sahəsi icarəyəverən tərəfindən icarəçiyə istifadə üçün icarəyə verilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı Çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 101A ünvanında yerləşən ümumi sahəsi 1035 m2 olan qeyri-yaşayış sahəsi (1-ci mərtəbənin antresol mərtəbəsi) xüsusi mülkiyyət hüququ ilə X1 xx.xx.2011-ci il tarixdə adına qeydiyyata alınmışdır. Əmlakın yanğın və digər əlavə risklərdən sığortası üzrə AZ seriyalı 050293 nömrəli sığorta şəhadətnaməsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 101A ünvanında yerləşən "xxxx" adlı mebel mağazasında olan (yataq, qonaq, yumşaq) mebel dəstləri sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixədək sığortalanmışdır. Sığorta məbləği 50.000 manat, sığorta haqqı məbləği 200 manat müəyyən edilmişdir. Sığortalı "xxxx" MMC-dir. "xxxx" Mənzil Tikinti Kooperativinin (MTK) aktı ilə təsdiq edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 101A ünvanında yerləşən hündür mərtəbəli binanın içməli su ilə təmin edən boru sistemində qəza baş verdiyinə görə həmin binanın 1-ci və 2ci mərtəbəsində yerləşən "xxxx" mebel mağazasına külli miqdarda su axmış və orada yerləşən mebellərə və mağazanın döşəməsinə və tavanına ziyan dəymişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli dəymiş zərərin hesabatına əsasən "xxxx" MMC-yə məxsus (Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 101A) qeyri-yaşayış sahəsində olan daşınar əşyalara (mebellərə) dəymiş zərərin (təmir xərclərinin) məbləği 3.700 manat təşkil edir. xx.xx.2018-ci il tarixli 3668/Fİ-030/2018 nömrəli sığorta aktına əsasən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ünvanında yerləşən "xxxx" MMC-yə məxsus qeyri-yaşayış sahəsində xx.xx.2018-ci ildə baş vermiş sığorta hadisəsi (subasma) nəticəsində əmlak sığortası üzrə sığorta məbləği 50.000 manat olan daşınar əmlaka 3.700 manat dəyərində zərər dəymiş və 1.000 manat azadolma məbləği çıxılaraq 2.700 manat sığorta ödənişi verilmişdir. xx.xx.2018-ci il tarixli ödəniş tapşırığı ilə müəyyən edilir ki, (ödənişin təyinatı və əsas 3668/Fİ-030/2018) 2.700 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən "xxxx" LLC (MMC)-nin hesabına ödənilmişdir. Bakı şəhər Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 59 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 78 saylı məktubu ilə müəyyən olunur ki, ünvan 2 ünvanı xidməti ərazilərində yerləşməsinə baxmayaraq "xxxx" MTK-ya aid çoxmərtəbəli yaşayış binasıdır. Fotoşəkillərlə müəyyən edilir ki, yaşayış binasının 1-ci mərtəbəsinin qarşısında "xxxx" yazısı olan mebel mağazası var və bəzi mebellərə ziyan dəymişdir. "xxxx" ASC pretenziya məktubu ilə cavabdehlərə müraciət edərək, 2.700 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında onlara ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sığortalı "xxxx" MMC ilə sığortaçı "xxxx" ASC arasında bağlanmış AZ seriyalı 050293 nömrəli əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 101A ünvanında yerləşən "xxxx" adlı mebel mağazasında olan mebel dəstləri sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixədək yanğın və digər əlavə risklərdən sığortalanmışdır. Sığorta şəhadətnaməsinin qüvvədə olduğu dövrdə - yəni xx.xx.2018-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 101A ünvanında yerləşən hündür mərtəbəli binanın içməli su ilə təmin edən boru sistemində qəza baş verdiyinə görə həmin binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən "xxxx" mebel mağazasına külli miqdarda su axmış və orada yerləşən mebellərə ümumilikdə 3.700 manat dəyərində zərər dəymişdir. Sığorta müqaviəsinə uyğun olaraq sığortalı "xxxx" MMC-yə sığortaçı "xxxx" ASC tərəfindən 1.000 manat azadolma məbləği çıxılaraq 2.700 manat sığorta ödənişi verilmişdir. Hazırda iddiaçı "xxxx" ASC sığortalı "xxxx" MMC-yə ödədiyi 2.700 manat sığorta ödənişini subroqasiya qaydasında cavabdehlər "xxxx" MTK və Cavabdeh2 ASC-dən tutulmasını tələb edir. Cavabdehlərdən Cavabdeh2 ASC isə sığorta hadisəsinin (subasmanın) binanın daxilində baş verən qəzaya görə məsuliyyət daşımadıqlarını iddia edirlər. Məhkəmə qeyd edir ki, tələbin qanuni əsasını Mülki Məcəllənin 1096, 1097, 936-ci maddələri təşkil edir. Mülki Məcəllənin: 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Yuxarıda göstərilən normaların məzmununda da göründüyü kimi subroqasiya nəticəsində sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ sığorta ödənişini vermiş sığortaçıya keçir. Odur ki, hazırkı halda "xxxx" ASC-nin cavabdehlər "xxxx" MTK və Cavabdeh2 ASCyə qarşı subroqasiya qaydasında tələb irəli sürmək hüququnun yaranması üçün ilk növbədə cavabdehlərin sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə məsuliyyət daşıması, yəni hadisənin cavabdehlər və ya əməllərinə görə cavabdehlərin məsuliyyət daşıdığı digər şəxslər tərəfindən törədilmiş delikt nəticəsində baş verməsi müəyyən edilməlidir. Hazırkı halda isə subasma hadisəsinin cavabdehlər “Kəpəz-F MTK və Cavabdeh2 ASC tərəfindən törədilmiş təqsirli, hüquqa zidd əməl nəticəsində baş verməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, subasma hadisəsinin baş verməsi faktını təsdiq etmək üçün iddiaçı tərəfindən məhkəməyə yalnız hündürmərtəbəli binanın içməli su ilə təmin edən boru sistemində qəza baş verməsi və hadisə nəticəsində binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən "xxxx" mebel mağazasına külli miqdarda su axmasına dair "xxxx" Mənzil Tikinti Kooperativi (MTK) tərəfindən tərtib edilmiş akt təqdim edilmişdir ki, həmin akt əsasında qəzanın kooperativ binanın ümumi istifadədə olan sahəsində və yaxud üçüncü şəxslərin mülkiyyətinə verilmiş yaşayış sahələrinin daxilində baş veməsi və hətta ümumiyyətlə qəzanın binanın daxilində və ya xaricində yerləşən su xəttində baş verməsi (belə ki, binanın xaricində yerləşən su boruları da binanı su ilə təmin edən boru sistemində daxildir) və belə olan halda baş vermiş qəzaya görə cavabdehlərin məsuliyyət daşımalı olması barədə əsaslı nəticəyə gəlmək qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə qaydalarının: 1.2.2-ci bəndinə görə istehlakçı – STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) xidmətlərindən istifadə edən hüquqi və ya fiziki şəxsdir. 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək STKM-in vəzifələrinə daxildir. Həmin Qaydaların 2 nömrəli əlavəsinə görə isə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilənin 4.1.4-cü bəndinə əsasən istehlakçı balansında və ya ərazisində olan su təchizatı və kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 152.11-ci maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Odur ki, hazırkı halda iddiaçı subasma nəticəsində dəymiş zərərə görə məhz "xxxx" MTK-nın və/və ya Cavabdeh2 ASC-nin məsuliyyət daşımalı olmasını sübuta yetirə bilmədiyindən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MTK-ya, Cavabdeh2 ASC-yə qarşı (üçüncü şəxs "xxxx" MMC olmaqla) qarşı pulun tutulması iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4211/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4211/2023
01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver