Məhkəmə qərarları › İş №e-2-2(113)-4244/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4244/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4244/2023 18.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: akt, abonent saldosu, hesab faktura) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona əsassız olaraq hesablanmış 4104 manat və 3032 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən borc məbləği real sərfiyyatdan dəfələrlə artıq hesablanmışdır və bu gün həmin əsassız hesablanmış borc məbləği iddiaçıdan yenə də əsassız olaraq tələb edilir. "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Şamaxı şossesi ünvanda yerləşən qeyri-yaşayış sahəsində 2022-ci ilin iyun ayınadək təbii qazdan istifadə edilmişdir. 2016-cı ilin may iyun aylarında və 2022-ci ilin mart ayında “Azəriqaz” İB ağlabatan olmayan şişirdilmiş və tam olaraq əsassız borclar hesablamışdır. Abonent saldosuna baxdıqda aydın görmək olar ki, 2016-cı ilin may ayında MMC-yə 47469,80 manat, iyun ayında isə 6224,50 manat məbləğində aktlar əsasında borclar hesablanmışdır. Borcun hesablanmasına əsas olmuş aktlar mövcud olmadığından onlara təqdim edilməmişdir. Lakin cavabdeh tərəfindən buna baxmayaraq qanunun tələblərinə zidd şəkildə qeyri-müəyyən əsasla MMC-yə əlavə borc hesablamışdır. Mübahisələndirilən məbləğin 140232,84 manat hissəsi ilə bağlı abonent saldosundan göründüyü kimi “Azəriqaz” İB tərəfindən 2021-ci ilin dekabr ayında 41819,36 manat, 2022-ci ilin yanvar ayında 45151,04 manat, fevral ayında isə 53262,44 manat məbləğində sayğac göstəricisindən əlavə borclar hesablanmışdır. Bu borcların hesablanmasına əsas olmuş aktlarda qeyd edilmişdir ki,guya istifadələrində olan qaz sayğacı işləmədiyi üçün əlavə hesabat aparılmışdır. Daha sonra 2022-ci ilin mart ayında cavabdeh təşkilat mübahisələndirilən dövrün bir hissəsi ərzində (2021-ci ilin dekabr ayından 2022-ci ilin mart ayınadək) hesablanmış borcu ümumilikdə silmiş (188969 manat) və 2022-ci ilin mart ayı üzrə bizə 243748,12 manat məbləğində borc hesablamışdır. Hesablanmış məbləği cavabdeh sayğac göstəricisi kimi qeyd etmişdir və abonent saldosuna işləmişdir. Cavabdeh bu hərəkətləri ilə aktlar əsasında hesablanmış 140232,84 manat borcun əsassız olduğunu etiraf etmiş və öz qanunsuz hərəkətlərinə bəraət qazandırmaq üçün aktlar əsasında hesablanmış borcu silmiş və sonradan həmin məbləği sayğac göstəricisi kimi qələmə vermişdir. Halbuki abonent saldosuna baxdıqda sayğac göstəricilərinə əsasən 2021-ci ilin dekabr ayında 18182,34 manat, 2022-ci ilin yanvar ayında 14109,70 manat və fevral ayında 1644,12 manat borc hesablanmışdır. “Azəriqaz” İB isə öz inhisarçı mövqeyindən sui-istifadə edərək qanunazidd şəkildə onlara əlavə borclar hesablamışdır. Abonent saldosundan da göründüyü kimi MMC tərəfindən ay ərzində 243748,12 manat məbləğində təbii qazdan istifadə etməsi mümkün deyil. Ötən illərlə müqayisədə bunu aydın görmək olar.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus obyektdə cavabdehin nümayəndələri tərəfindən yoxlama keçirilmiş, nəticədə sayğacdan kənar boru vasitəsilə sudan qeyri-qanuni istifadə edilməsi müəyyən edilmişdir. Həmin yoxlamaların nəticəsində iddiaçıya ümumilikdə 7136 manat borc hesablanmışdır. Həmin borc “Sudan istifadə Qaydaları”na əsasən hesablanmışdır. Bundan əlavə, iddiaçıya məxsus obyektdə yoxlamalar keçirilərkən dövlət reyestrində müvafiq qeydiyyat aparılmamışdır, lakin aşkar edilmiş qanunsuz su xəttindən iddiaçı tərəfindən istifadə edilməsi onlarda şübhə doğurmamışdır.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Tərəflər arasında xx.xx.2010-cu il tarixdə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair 011062 saylı müqavilə bağlanmışdır.

7. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 600827 saylı akta əsasən obyektə baxış keçirilmiş, məlum olmuşdur ki, obyektdə sayğacdan kənar d=20 mm-lik plasmas boru vasitəsilə sudan qeyri-qanuni istifadə olunur.

8. Cavabdeh tərəfindən iddiaçıya həmin akt əsasında təqdim edilmiş xx.xx.2022-ci il tarixli fakturaya əsasən akt əsasında iddiaçıya 3032 manat borc hesablanmışdır.

9. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli (aktın tarixi qaralanmışdır) 600889 saylı akta əsasən obyektə baxış keçirilmiş, məlum olmuşdur ki, obyektdə sayğacdan kənar d=20 mm-lik plasmas boru vasitəsilə sudan qeyri-qanuni istifadə olunur.

10. Cavabdeh tərəfindən iddiaçıya həmin akt əsasında təqdim edilmiş xx.xx.2022-ci il tarixli fakturaya əsasən akt əsasında iddiaçıya 4104 manat borc hesablanmışdır.

11. Abonent haqqında məlumata əsasən cavabdehə iddiaçının aktlar əsasında cəmi ödənilməli olan borcu 7136 manat təşkil edir.

12. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

13. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə cavabdehin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən obyektə baxış keçirilmiş, baxış nəticəsində obyektdə sudan qeyri-qanuni istifadə halları müəyyən olunmuşdur.

14. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh mübahisəli borcun hesablanmasını iddiaçı tərəfindən sayğacdan kənar boru vasitəsilə qeyri-qanuni istifadə edilməsi nəticəsində cavabdehə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçı tərəfindən həmin su xəttindən istifadə edildiyini təsdiq edən mötəbər sübutları (video, fotoşəkillər və sairə) məhkəməyə təqdim edə bilməmişdir.

15. Belə ki, məhkəməyə təqdim edilmiş cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarix aktlara münasibətdə məhkəmə hesab edir ki, həmin aktlar iddiaçı tərəfindən sudan qeyri-qanuni istifadə faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

19. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

20. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

21. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

22. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

23. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

24. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

25. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

26. Göründüyü kimi, cavabdeh su təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

27. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borclar cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda həmin yoxlamalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.

28. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamaların nəticəsi olaraq iddiaçıya 4104 manat və 3032 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.

29. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya əsassız olaraq hesablanmış 4104 manat və 3032 manat, ümumilikdə 7136 manat məbləğində borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı əsassız olaraq hesablanmış 4104 manat və 3032 manat, ümumilikdə 7136 (yeddi min bir yüz otuz altı) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdeh ASCyə həvalə edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar