Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4311/2023 20.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: artıq yazılmış sərfiyyatın ləğv edilməsi, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə əsasında işlətdiyi Balakən rayonu, Hənifə kəndi ərazisində yerləşən “X9 Sexi”ndə istifadə etdiyi qazdan əsassız olaraq daha artıq yazılmış qaz sərfiyyatının ləğv edilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi və həmin əlavə sərfiyyata görə əsassız olaraq “X5”nə yaranmış 34230 manat məbləğində borcunun silinməsi, mediasiya prossesində iştirakla bağlı ödədiyi 200 manat xidmət haqqının cavabdeh "Azəriqaz"İstehsalat Birliyinindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar kimi Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən “X9 Sexi”ni icarəyə götürüb orada sahibkarlıq fəaliyyəti göstərir. “X9 Sexi”ndə qazdan istifadə edilməklə gildən kərpic bişirildiyi üçün 2018-ci ildə sexdə G-650 markalı 83048039 nömrəli turbin tipli “Elster” qaz sayğacı quraşdırılmışdır. Həmin qaz sayğacı əvvəlki dövrlərdə normal işləsə də, 2022-ci ilin noyabr ayının əvvəlindən başlayaraq istifadə edilmiş qaz sərfiyyatını daha artıq göstərdiyi üçün qeyd olunan sayğac xx.xx.2022-ci il tarixdə müvafiq akt tərtib edilməklə xətdən çıxarılmışdır. Həmin sayğac yenisi ilə əvəz edildikdən sonra qaz sərfiyyatı yeni sayğacda əvvəlki G-650 markalı 83048039 nömrəli turbin tipli “Elster” qaz sayğacının normal işlədiyi dövrlərdə olduğu orta gündəlik göstəriciyə uyğun sərfiyyat qeydə alınmışdır. Belə ki, iddiaçı və Cavabdeh İB-nin Balakən rayon Qazpaylayıcı bölməsinin əməkdaşları hər gün kərpic sexində istifadə olunan qaz sərfyyatı barədə qeydlər öz kitablarında işləyir. 2022-ci ilin noyabr ayının əvvəlinədək hər gün istifadə olunmuş qazın miqdarı, 2022-ci ilin noyabr ayının əvvəlində birdən birə 80 faiz artıq göstərməyə başlayanda bununla bağlı Balakən rayon Qazpaylayıcı bölməsinin əməkdaşlarına qaz sayğacında nəsə nasazlıq ola bilməsi barədə iddiaçı iradını bildirmişdir. Onlar bununla bağlı müvafiq ekspertiza keçiriləndən sonra konkret fikir bildirə biləcəklərini demişdilər. xx.xx.2022-ci il tarixdə müvafiq akt tərtib edilməklə həmin sayğac xətdən çıxarılıb ekspertiza üçün göndərilsə də, ekspertlərin sözlərinə görə G-650 markalı 83048039 nömrəli turbin tipli “Elster” qaz sayğacı “Qazdan istifadə Qaydaları”nın 4.3-cü bəndinə uyğun olaraq dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin guya normal olduğu, sayğacın elektron sistem hissəsində nasazlıq aşkar edilmədiyi göstərilmişdir. İddiaçı hər ay “Kərpic sexi”ndə istifadə etdiyi qaza görə ödənişləri vaxtı-vaxtında ödəsə də, 2022-ci ilin noyabr ayının 1-dən 23-dək olan dövrdə G-650 markalı 83048039 nömrəli turbin tipli “Elster” qaz sayğacının normal işləmədiyi dövrlərdə əsassız olaraq əlavə sərfiyyat kimi göstərilmiş 34230 manat məbləği ödəməmişdir. 2022-ci ilin noyabr ayının 1-dən 23-dək olan dövrdə G-650 markalı 83048039 nömrəli turbin tipli “Elster” qaz sayğacının düzgün işləmədiyi dövrlərdə əsassız olaraq əlavə sərfiyyat kimi göstərilmiş 34230 manat məbləğində sərfiyyat ləğv edilməlidir. Ona görə də bununla bağlı xx.xx.2023-cü il tarixdə X5nə pretenziya məktubu göndərmişdir. Amma həmin pretenziyama cavab verilmədiyi üçün daha sonra Mediasiya Şurasına müraciət etmişdir. Bakı 13 X4 mediator X8 “X2 Edilməməsi” barədə xx.xx.2023-cü il tarixdə MŞB/13- 2023- 00425 saylı arayış verilmişdir. G-650 markalı 83048039 nömrəli turbin tipli “Elster” qaz sayğacı “Qazdan istifadə Qaydaları”nın 4.3-cü bəndinə uyğun olaraq dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin guya normal olduğu, sayğacda nasazlıq aşkar edilmədiyi göstərilmişdir. İddiaçı hesab edir ki, 2022-ci ilin noyabr ayının 1-dən 23-dək olan dövrdə G-650 markalı 83048039 nömrəli turbin tipli “Elster” qaz sayğacının düzgün işləmədiyi dövrlərdə əsassız olaraq əlavə sərfiyyat kimi göstərilmiş 34230 manat məbləğində sərfiyyat ləğv edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı icarə əsaında işlətdiyi Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən “X9 Sexi”ndə istifadə etdiyi qazdan əsassız olaraq daha artıq yazılmış qaz sərfiyyatı ləğv edilməli və həmin əlavə sərfiyyata görə qanunsuz olaraq “X5”nə yaranmış 34230 manat məbləğində borc silinməlidir.
3. Cavabdehin nümayəndəsinin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, f/ş İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı f/ş İddiaçı adına rəsmiləşdirilmiş **********00004 saylı qaz hesabında 134551.70 manat borc vardır. İddiaçı tərəf həmin borcun iddia ərizəsindən göründüyü kimi 34230 manat hissəsini mübahisələndirir və həmin mübahisələndirilən borc yalnız sayğac göstəricisinə əsasən aparılan hesabata əsasən yaranmışdır. İddiaçı istifadəsindəki qeyriyaşayış sahəsi (kərpic zavod) əvvəllər fizik şəxs X1 adına rəsmiləşdirilməklə təbii qazla təmin edilmiş, daha sonra xx.xx.2021-ci il tarixdə f/ş İddiaçı ilə AMX-0663/21qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi bağlanılmış və xx.xx.2021-ci il tarixdə müəssisənin qaz hesabı İddiaçı adına rəsmiləşdirilmişdir. İstehlakçının qaz hesabında qeydə alınan və iddiaçının mübahisələndirdiyi 34230 manat da daxil olmaqla 134551.70 manat borc yalnız həmin ünvanda quraşdırılmış sayğacın apardığı hesabat əsasında yaranmış borc məbləğidir və onun hesablanmasında hər hansı akt mövcud deyildir. Belə ki, iddiaçı f/ş İddiaçı mübahisələndirdiyi və kərpic zavodda istismarda olan G650 TRZ EK-230 markalı 83048039 nömrəli qaz sayğacı istehlakçının hesabına xx.xx.2019-cü il tarixdə quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Sayğacın yerində isə müvəqqəti olaraq yararlı vəziyyətdə olan G-650 markalı 83047146 nömrəli sayğac quraşdırılmışdır. Sayğac çıxarılarkən istehlakçının iştirakı təmin edilmiş, sayğac çıxarılarkən bütün plomblar yerində olmuş və hər hansı kənarlaşmaya yol verilməmişdir. F/ş İddiaçı istifadəsindəki Kərpic zavodundan açılmış G-650 TRZ EK-230 markalı 83048039 nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında yoxlamadan keçirilmiş və bu barədə SS 29/1640-03089-1 saylı xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Belə ki, sayğacların müayinəsi laboratoriyasının yoxlama aktının nəticəsi olaraq sayğacın normal işlədiyi və xətalar normaya uyğun olduğu müəyyənləşdirilmişdir. Eyni zamanda sözügedən sayğac barəsində Metrologiya Departamenti tərəfindən sayğacın istismara yararlığı haqqında arayış verilmişdir. Bundan sonra həmin sayğac yenidən xx.xx.2023-cü il tarixdə yenidən istehlakçının ünvanında quraşdırılmışdır. Texniki müayinə sənədlərindən də göründüyü kimi sayğac istismarda olarkən normal işləmiş, sayğacın sərfiyyatı çox hesablaması ilə bağlı hər hansı kənarlaşma aşkar edilməmişdir. Bundan əlavə f/ş İddiaçı iddia ərizəsində 34230 manat borcun silinməsini tələb etsə də bunu heç bir halda əsaslandırmamış, həmin borcun yaranma mənbəyi və ya həmin borcun hansı kənarlaşma nəticəsində yaranmasını göstərməmişdir. Azərbaycan Respublikası Prezidentinin, “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” xx.xx.2000-ci il tarixli, 356 nömrəli Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdeh təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Azərbaycan Respublikası “Qaz təchizatı haqqında” Qanunun 13.10-cu bəndinə əsasən paylacının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77ci maddəsinə əsasən, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək iddia tələbinin rədd olunmasını xahiş etdi.
5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçıya sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AMX-0663/21 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən:
9. 1. Müqavilənin predmeti
10. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğu olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
11. 2. Tərəflərin vəzifələri və hüquqları
12. 2.1.Paylayıcının vəzifələri
13. Həmin Müqavilənin 2.1.1-ci bəndinə əsasən istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət standartlarının tələblərinə uyğun qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək;
14. Həmin Müqavilənin 2.1.2-ci bəndinə əsasən istehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu Müqaviləyə əlavə olunmuş və müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz edir;
15. Həmin Müqavilənin 2.1.8-ci bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək;
16. Həmin Müqavilənin 2.1.9-cu bəndinə əsasən istehlakçının tələbi ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat vermək;
17. 3. Qazın qiyməti və dəyərinin ödənilməsi şərtləri
18. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 m3 üçün 0.20 manat məbləğində müəyyən edilir.
19. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. “Smart-kart” tipli qaz sayğacı olan isehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın paylayıcı tərəfindən təqdim edilməsi tələb olunmur.
20. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bi ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.
21. İşdə olan xx.xx.2023-cü il tarixdə çap edilmiş e-qaiməyə əsasən İddiaçı xx.xx.2022-ci il tarixli sərfiyyat aktına əsasən borcu 81787,98 manat, xx.xx.2022-ci il tarixli sərfiyyat aktına əsasən borcu 80851,91 manat, xx.xx.2022-ci il tarixli sərfiyyat aktına əsasən borcu 86566,55 manat, xx.xx.2022-ci il tarixli sərfiyyat aktına əsasən borcu 99002,19 manat, xx.xx.2022-ci il tarixli sərfiyyat aktına əsasən borcu 76381,38 manat, xx.xx.2022-ci il tarixli sərfiyyat aktına əsasən borcu 77725,03 manat və xx.xx.2022-ci il tarixli sərfiyyat aktına əsasən borcu 107742,45 manat müəyyən olunmuşdur.
22. xx.xx.2022-ci il tarixli hesab faktuaya əsasən İddiaçı xx.xx.2022-ci il tarixə cəmi borc məbləği (91307,16 manat əsas məbləğ+16435,29 manat ƏDV məbləği) 107742,45 manat, fikslənmiş fakturaların (xx.xx.2022-xx.xx.2022) cəmi üzrə 185489,42 manat qeyd olunmuşdur.
23. 10.01.2023-cü il tarixli hesab faktuaya əsasən İddiaçı xx.xx.2022-ci il tarixə cəmi borc məbləği (60098,10 manat əsas məbləğ+10817,66 manat ƏDV məbləği) 70915,76 manat, fikslənmiş fakturaların (xx.xx.2022-xx.xx.2022) cəmi üzrə 178794,18 manat qeyd olunmuşdur.
24. xx.xx.2022-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən G-650 83048039 sayğacın çıxarıldığı, G-650 83047146 saylı müəqqəti quraşdırıldığı qeyd olunmuşdur.
25. xx.xx.2022-ci il tarixli SS 29/1640-03089-1 saylı qeyri-hali sayğacın yoxlanılması haqqında tərtib edilmiş akta əsasən İddiaçı məxsus kərpic sexinin qaz xətti üzərində quraşdırılmış qaz sayğacının yoxlanılmasının nəticəsi olaraq xətaların normaya uyğun olduğu və batareya tələb olunduğu qeyd olunmuşdur.
26. Cavabdeh İB-nin Metrologiya Departamenti tərəfindən İddiaçı məxsus sayğacın istismara yararlığı haqqında xx.xx.2022-ci il tarixli, 29/1640-02290 saylı və xx.xx.2023-cü il tarixli, 29/1640-03089 saylı arayış tərtib edilmişdir.
27. 01.07.2023-cü il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına əsasən 30 iyun 2023-cü il tarixə İddiaçı borcunun 217.134,64 manat olması müəyyən edilmiş, həmçinin İddiaçı həmin akta qeyd verərək noyabr 2022-ci ildə sayğac nasazlığından artıq yazılmış 34213 manat məbləğində sərfiyyat ümumi borcun daxilində göstərildiyini və tərəfindən qəbul edilmədiyi bildirilmişdir.
28. İşdə olan İddiaçı xx.xx.2023-cü il tarixli abonent saldosundan göründüyü kimi onun cəmi borcu 134551,70 manat təşkil etmişdir. Bundan əlavə, 2022-ci ilin fevral ayı üçün sərfiyyat – 104335,22 manat, mart ayında – 118803,30 manat, may ayında – 81745,62 manat, iyun ayında – 80835,92 manat, iyul ayında – 86560,10 manat, avqust ayında – 98999,34 manat, sentyabr ayında – 76371,90 manat, oktyabr ayında – 77709,28 manat, noyabr ayında – 107706,72 manat, dekabr ayında – 70873,22 manat, 2023-cü ilin yanvar ayında – 79075,92 manat, fevral ayında – 81959,24 manat, mart ayında – 88586,30 manat, aprel ayında – 70894,34 manat, may ayında – 107869,08 manat, iyun ayında – 83561,06 manat, iyul ayında – 97502,02 manat, avqust ayında – 100720,62 manat təşkil etmişdir.
29. Məhkəmə işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
31. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:
35. - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
36. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
37. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
38. İddiaçı tərəfindən məhkəməyə hesablanmış borcun mexaniki göstəriciyə əsasən istifadə olunmuş məbləğ olmadığını təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. Əksinə “qeyri-hali sayğacın yoxlanılması haqqında” tərtib edilmiş akta əsasən İddiaçı məxsus kərpic sexinin qaz xətti üzərində quraşdırılmış qaz sayğacının yoxlanılmasının nəticəsi olaraq xətaların normaya uyğun olduğu müəyyən edilmişdir.
39. Həmçinin məhkəmə iddiaçının silinməsini tələb etdiyi məbləğin mübahisələndirdiyi 2022-ci ilin noyabr ayından əvvəlki və sonrakı ayların sərfiyyatını toplayaraq ortalama rəqəm olaraq 34230 manat çıxarılmasını əsassız hesab edir.
40. Birincisi, həmin məbləğin hesablama qaydası qeyri-müəyyən olmaqla, “Qazdan istifadə Qaydaları”nın hansı normasına uyğun olaraq hesablandığını əsaslandıra bilməmiş, digər tərəfdən, məhkəmə əlavə olaraq onu da qeyd edir ki, abonent saldosundan göründüyü kimi iddiaçının yalnız mübahisələndirdiyi noyabr 2022-ci ildə deyil, həmçinin digər (2022-ci ilin fevral ayı üçün sərfiyyat – 104335,22 manat, mart ayında – 118803,30 manat, 2023-cü ilin may ayında – 107869,08 manat və s.) illər və aylarda 100.000 manatdan artıq məbləğində qaz sərfiyyatı olmuşdur, lakin iddiaçı həmin məbləğləri mübahisələndirməmişdir. Məhkəmənin “nəyə görə digər aylarda 100000 manatdan artıq sərfiyyatı mübahisələndirmədiyini, yalnız 2022-ci ilin noyabr ayının sərfiyyatının çox hesablandığını hesab etdiyi” sualına iddiaçının nümayəndəsinin arqumenti ondan ibarət olmuşdur ki, 2022-ci ilin noyabr ayında kərpic istehsalı az olmuşdur, buna görə də qaz sərfiyyatı da istehsala mütənasib olmalıdır. Lakin, iddiaçı tərəf həmçinin həmin faktı (kərpic istehsalının mübahisələndirdiyi ay digər – 100.000 manatdan artıq sərfiyyat olan aylara nisbətən az həcmdə olması və s.) təsdiq edən heç bir sübutu da məhkəməyə təqdim edə bilməmişdir.
41. Beləliklə, iş materiallarından görünür ki, abonet-iddiaçının qaz sərfiyyatı sabit məbləğdə deyil, müxtəlif aylarda fərqli həcmdə (bəzən o cümlədən 100.000 manatdan artıq) olur.
42. Azərbaycan Respublikası MPM-in:
43. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.
47. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
48. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
V. Nəticə:
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh İB-yə qarşı “icarə əsasında işlətdiyi Balakən rayonu, Hənifə kəndi ərazisində yerləşən “X9 Sexi”ndə istifadə etdiyi qazdan əsassız olaraq daha artıq yazılmış qaz sərfiyyatının ləğv edilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi və həmin əlavə sərfiyyata görə əsassız olaraq “X5”nə yaranmış 34230 manat məbləğində borcunun silinməsi, mediasiya prossesində iştirakla bağlı ödədiyi 200 manat xidmət haqqının cavabdeh "Azəriqaz"İstehsalat Birliyindən tutularaq ona ödənilməsi” tələbi barədə iddia ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova