Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-432/2024 17.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Firmasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Firmasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hesablanmış (abonent kodu:057754) 13.740 manat (on üç min yeddi yüz qırx) məbləğində borcun silinməsi və iddiaçı tərəfindən ödənilmiş 210 (iki yüz on manat) mediasiya xərcinin, etibarnamənin verilməsi üçün ödənilmiş 17 manat dövlət rüsumunun və 1200 ( bir min iki yüz) manat vəkil xidmət haqqının Cavabdeh ASC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh ASC arasında Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən qazanxananın su ilə təmin edilməsi üçün "su təchizatı və tullantı suların axıdılması" xidmətlərinə dair xx.xx.2023-cü il tarixdə müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən yuxarıda qeyd edilən qazanxanada su sayğacı (abonent kodu:057754) quraşdırılmışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə (yəni müqavilə bağlandıqdan 19 gün sonra) iddiaçıya göndərilmiş fakturada 13.740 (on üç min yeddi yüz qırx) manat borcu olduğu qeyd olunmuş və borcun ödənilməsi ondan tələb edilmişdir. Fakturada qeyd olunan borc məbləği iddiçıya məxsus olan sayğacda göstərilən sərfiyyatdan 10 dəfələrlə çoxdur. Ümummiyətlə, iddiaçının 19 gün ərzində qeyd olunan həcmdə suyu istifadə etməsi mümkün deyil. Cavabdeh ASC və onun əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğacın yerləşdiyi qazanxanada yoxlanış aparılmamış və hər hansı bir akt tərtib olunmamışdır. Hətta hər hansı bir yoxlama keçirilmiş olsa belə mövcüd qanunvericiliyə əsasən yoxlamanın aparılması dövlət reysterində qeydiyyata alınmalı idi. İddiaçı fakturada göstərilən borcun hansı şəkildə yaranmasından məlumatsızdır
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-432/2024 saylı, 18.03.202-cü il tarixli qərardadı ilə (iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Əziz oğlunun xx.xx.2024-cü il tarixli ərizəsi əsasında) iddiaçı X1 əsl İddiaçı2 firması ilə əvəz edilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
9. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.
10. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
11. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
12. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
13. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir.
14. Məhkəmə qeyd edir ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" Firması ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixdə "su təchizatı və tullantı suların axıdılması" xidmətlərinə dair müqavilə imzalanmışdır.
15. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə Dövlət Standartının tələblərinə uyğun, məişət-içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.
16. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli akta əsasən Cavabdeh ASC-nin Nəsimi Sukanal İdarəsinin nümayəndələri tərəfindən ünvan 1 ünvanında yerləşən, abunə kodu 057754 olan obyektə baxış zamanı MTK-nın mənzillərinin fərdi şəkildə kodlaşdırıldığı, lakin MTK-ya məxsus qazanxananın d=50 mm-lik su xəttindən müqaviləsiz olaraq istifadə olunduğu aşkar olunmuşdur.
17. İş materiallarına əlavə olunmuş hesab fakturadan görünür ki, "xxxx" Firmasına məxsus 057754 abonent kodu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 13.740 manat məbləğində borc hesablanmışdır.
18. Məhkəmə iclaslarında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 13.740 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh tərəf iddianı qəbul etmədiklərini, müqavilənin tərəfinin İddiaçı2 MTK olduğunu, iş materiallarına əlavə olunmuş hesab fakturada 13.740 manat məbləğində borcun xx.xx.2023-xx.xx.2023-cü il tarixədək hesablandığı qeyd olunsa da, həmin borcun əslində xx.xx.2023-cü il tarixli akt əsasında hesablandığını, sistemə gec yerləşdirildiyi üçün hesablamanın 08 iyul-27 iyul tarixlərində aparıldığını bildirmişdir.
20. Məhkəmə qeyd edir ki, göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi borc xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış olan borc məbləğdir. Ona görə də, qeyd olunan aktın nəticəsinin hüquqi qüvvəsinin olub-olmaması müəyyən edilməlidir.
21. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmənin yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydə alınıb-alınmaması barədə sualına cavab olaraq yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığını bildirmişdir.
22. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.
23. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
24. Yekun olaraq məhkəmə hesab edir ki, iddia 13.740 manat məbləğində borcun silinməsi hissəsində əsaslıdır.
25. Bundan başqa, məhkəmə hesab edir ki, iddia ödənilmiş 210 mediasiya xərcinin, etibarnamənin verilməsi üçün ödənilmiş 17 manat dövət rüsumunun və 1200 manat vəkil xidmət haqqının Cavabdeh ASC-dən tutularaq iddiaçı "xxxx" Firmasına ödənilməsi hissələrində təmin edilə bilməz.
26. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Bakı 18 saylı Mediasiya Təşkilatına 210 manat məbləğində pul, xx.xx.2023-cü il tarixli, reyestrdə 7E-19525 nömrə ilə qeydiyyata alınmış etibarnamədən görünür ki, etibarnamənin verilməsi üçün 17.25 manat məbləğində haqq, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, vəkil xərcinin əvəzi olaraq iddiaçı tərəfindən 1.200 manat məbləğində pul “Kredo” Vəkil Bürosunun hesabına iddiaçı "xxxx" Firması tərəfindən deyil, X1 tərəfindən ödənmişdir.
27. Ona görə də, iddia həmin hissələrdə təmin edilə bilməz.
28. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Firmasına məxsus 057754 abonent kodu üzrə hesablanmış 13.740 (on üç min yeddi yüz qırx) manat məbləğində borc silinsin İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov