Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4372/2023 23.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Qardaşlıq” firmasının Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı “Qardaşlıq” firmasının nümayəndəsi və vəkili Qanuni nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı “Qardaşlıq” firmasının Cavabdehnə qarşı cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 1620 manat məbləğində borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 1620 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamentinin işçiləri Cavabdeh İB-nın Nəzarət şöbəsinin göstərişi ilə xx.xx.2022ci il tarixində “Qardaşlıq” firmasına (avtotəmir emalatxanasına) quraşdırılmış G-6 markalı 28258489 nömrəli mexanika tipli qaz sayğacını çıxardaraq növbədən kənar dövlət yoxlamasına göndərmişlər. Növbədənkənar dövlət yoxlaması xx.xx.2022-ci il tarixində iddiaçının iştirakı olmadan birtərəfli qaydada Cavabdeh İB-nın öz struktur bölməsi olan Metrologiya Departamentində keçirilmişdir. Keçirilmiş yoxlama zamanı qaz sayğacının plastmas qapağının daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən edilmişdir. Keçirilmiş yoxlama ilə əlaqədar xx.xx.2022-ci il tarixində birtərəfli qaydada ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Həmin akt əsasında isə xx.xx.2022-ci il tarixində Cavabdeh İB-nın BRQSD işçiləri tərəfindən birtərəfli qaydada “dəymiş ziyanın hesablanmasına dair” akt və xx.xx.2022-ci il tarixində “tələbnamə” tərtib edilərək itirilmiş təbii qazın 6480 m3 olduğu müəyyən edilmişdir. 10/2022-ci il tarixindən etibarən də iddiaçının istifadəsində olan “Qardaşlıq” firmasının (avtotəmir emalatxanası) **********00055 nömrəli abonent hesabına 1620 manat məbləğində borc hesablanmışdır. Həmin borc məbləği guya iddiaçının qaz sayğacına müdaxilə etməyi səbəbindən qaz sayğacının yararsız hala düşməsi və qaz itkisinin baş verməsi ehitmalına görə hesablanmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı “Qardaşlıq” firmasının nümayəndəsi və vəkili Qanuni nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uygun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etiraz edərək izahat vermiş və izahatında bildirmişdir ki, iddiaçıya məxsus saygac 03 oktyabr 2022-ci il tarixdə çıxardılaraq laboratoriyaya göndərilmişdir. Metrologiya Departamenti tərəfindən qaz saygacının daxili qulaqcıqlarında əzik cızıq izləri müəyyən olunmuşdur. Bu isə hesablayıcı mexanizmə əlavə müdaxilənin olduguna işarədir. Yoxlama Vahid məlumat reyestrində qeydə alınmamışdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - IV. Tətbiq edilən hüquq:
6. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: 1.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.
7. Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” xx.xx.2013-cü il tarixli 955 nömrəli Fərmanı: 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1 -ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11 -ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
9. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
10. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
11. xx.xx.2022-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olmuş saygaca 6480 m3 dəymiş ziyan hesablanmışdır.
12. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, yoxlama zamanı iddiaçıya məxsus qaz sayğacının plastmas qapağının daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən edilmiş, iddiaçıya 6480 m3 dəymiş ziyan hesablanmışdır.
13. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində “Qardaşlıq” firmasına quraşdırılmış G-6 markalı 28258489 nömrəli sayğac çıxardılaraq növbədən kənar dövlət yoxlamasına göndərmiş, keçirilmiş yoxlama zamanı qaz sayğacının plastmas qapağının daxili qulaqcıqlarında əzikcızıq izlərinin olması müəyyən edilmiş, iddiaçıya 6480 m3 (1620 manat) dəymiş ziyan hesablanmışdır.
14. İstinad olunan çoxsaylı normalardan göründüyü kimi, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan Cavabdeh nümayəndələri tərəfindən sahibkarlıq subyektlərində qaz sayğacına baxış keçirilməsi məqsədilə həmin yoxlamanı vahid məlumat reyestrində qeydə aldırmalı olmaları qanunvericiliyin imperativ tələbidir.
15. Qeyd etmək lazımdır ki, sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan bütün hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamalar nəticəsində istehlakçıya hesablanmış borcun silinməsinə dair kommersiya mübahisələri üzrə məhkəmə təcrübəsi qeyd olunan istiqamətdə formalaşmışdır.
16. Göründüyü kimi iddiaçı tərəfindən aparılmış yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır, hansı ki, nöqsanlar həmin yoxlama ilə müəyyən edilərək iddiaçıya əlavə sərfiyyat hesablanmışdır.
17. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən vahid məlumat reyestrində qeydə alınmadan iddiaçıya məxsus obyektdə həyata keçirilmiş yoxlamanın hər hansı hüquqi nəticəsi ola bilməz. Bu yoxlama nəticəsində Cavabdeh tərəfindən iddiaçıya qanunsuz hesablanmış borc məbləği silinməlidir.
18. Belə ki, təbii qazın təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlamalar barədə məlumatları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verməmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır.
19. Bununla bağlı məhkəmə izah edir ki, qanunsuz hərəkətlər barədə aktın tərtib olunması və həmin akta əsasən abonentə müəyyən məbləğdə sanksiya tətbiq edilməsi yaxud əlavə sərfiyyat hesablanması bilavasitə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunla nəzərdə tutulan yoxlama tədbirlərinin nəticəsidir və eyni Qanunun 2.3-cü maddəsində təsbit olunan elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisnasının təsir dairəsinə düşmür.
20. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
21. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011 -ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
22. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
23. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın hüquqi nəticəsi olmadığından iddia təmin edilməlidir.
VI. Nəticə:
24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında iddiaçı “Qardaşlıq” firmasına məxsus ünvan 2 ünvanına hesablanmış 1620 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev