Məhkəmə qərarları › İş №e-2-2(113)-4516/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4516/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4516/2021 03.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı Cəfər Cabbarlı adına "xxxx" X1 Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dairiddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cəfər Cabbarlı adına "xxxx" X1 Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə edilmiş su təchizatı və kanalizasiya xidmətlərinə görə C.Cabbarlı adına "xxxx" Kinostudiyasının 1998- 2004-cü illər ərzində Cavabdeh ASC-yə 170.420,59 manat ödənilməmiş borcunun öhdəlik müddətinin keçməsi səbəbindən qüvvəsini itirdiyinə görə həmin borcun ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC tərəfindən 25.06.2021-ci il tarixli xəbərdarlıq məktubu ilə Cəfər Cabbarlı adına "xxxx" Kinostudiyasına müraciət edilərək, 23.06.2021-ci il tarixə istifadə edilən su təchizatı və kanalizasiya xidmətlərinə görə Cavabdeh ASC-yə 170.420,59 manat son ödəmə tarixi keçmiş ödənilməmiş borcun yaranması və 7 (yeddi) iş günü ərzində adı çəkilən borcun ödənilməyəcəyi halda göstərilən xidmətlərin dayandırılacağı, yaranmış borc və xidmətin çəkilməsinə çəkilmiş xərclərin kinostudiyadan məhkəmə qaydasında tutulmasını təmin edəcəkləri barədə xəbərdarlıq edilmişdir. Bildirir ki, C.Cabbarlı adına "xxxx" Kinostudiyası ilə Cavabdeh ASC arasında su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə dair müqavilə (abonent kodu: 13923506\070046) bağlanılmışdır. Müqavilə üzrə maliyyə imkansızlığı nəticəsində C.Cabbarlı adına "xxxx" Kinostudiyasının istifadə edilən su təchizatı və kanalizasiya xidmətlərinə görə 1998-2004-cü illər ərzində Cavabdeh ASC-yə 170.420,59 manat ödənilməmiş borcu yaranmışdır. Qeyd edilən 170.420,59 manat borc məbləğinin 1998- 2004-cü illəri əhatə etdiyinə dair məlumatlar Yasamal rayon Sukanal İdarəsi tərəfindən bizə verilmiş arayışda öz əksini tapmışdır. 2005-ci ildən bəri Kinostudiya tərəfindən bir dəfə də olsun istifadə etdikləri su və kanalizasiya xidmətləri ilə bağlı problem yaranmamışdır və ödənişlər vaxtlı-vaxtında köçürülmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - 070046 kodu üzrə abonent haqqında məlumata əsasən müəyyən edilir ki, Cavabdeh ASC tərəfindən abonent Cəfər Cabbarlı adına "xxxx" X1 Cəmiyyətinın sudan və tullantı suyunun axıdılması xidmətindən istifadəyə görə 2016-cı ilin əvvəlinə borcu 170.801,23 manat, 2017-ci ilin əvvəlinə 170.435,18, 2018-ci ilin əvvəlinə 170.446,73, 2019-cu ilin əvvəlinə170.504,63 manat, 2020-ci ilin əvvəlinə 170.506,92, 2021-ci ilin sonuna 170.282,01 manat təşkil etmişdir. Bununla yanaşı məlumatdan həmçinin müəyyən edilir ki, içməli sudan və tullantı suyunun axıdılması xidmətindən istifadəyə görə abonentə 2016-cı ilin noyabrında cəmi ƏDV daxil 462 manat məbləğində borc, 2020-ci ilin oktyabr ayında cəmi ƏDV daxil 338 manat borc hesablanmışdır. 17.11.2016-cı il tarixli, 454918 saylı, HM seriyalı elektron qaiməyə əsasən müəyyən edilir ki, Cavabdeh ASC tərəfindən Cəfər Cabbarlı adına "xxxx" Kinostudiyası MMC-yə 2016-cı il noyabr ayına abonentə içməli sudan və tullantı suyunun axıdılması xidmətindən istifadəyə görə ƏDV daxil 462 manat məbləğində borc hesablanmışdır. 21.11.2016-ci il tarixli 879 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cəfər Cabbarlı adına "xxxx" Kinostudiyası MMC tərəfindən Cavabdeh ASC-yə 2016-cı ilin noyabr ayı üçün içməli sudan və tullantı suyunun axıdılması xidmətindən istifadəyə görə 391,53 manat məbləğində pul vəsaiti ödənilmişdir. 09.12.2016-cı il tarixli, 638112 saylı, HM seriyalı elektron qaiməyə əsasən müəyyən edilir ki, Cavabdeh ASC tərəfindən Cəfər Cabbarlı adına "xxxx" Kinostudiyası MMC-yə 2016-cı il noyabr ayına abonentə içməli sudan və tullantı suyunun axıdılması xidmətindən istifadəyə görə ƏDV daxil 462 manat məbləğində borc hesablanmışdır. 12.12.2016-cı il tarixli 966 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cəfər Cabbarlı adına "xxxx" Kinostudiyası MMC tərəfindən Cavabdeh ASC-yə 2016-cı ilin noyabr ayı üçün içməli sudan və tullantı suyunun axıdılması xidmətindən istifadəyə görə 391,53 manat məbləğində pul vəsaiti ödənilmişdir. 12.12.2016-cı il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cəfər Cabbarlı adına "xxxx" Kinostudiyası MMC tərəfindən HM 638112 saylı elektron qaimə üzrə 70,47 manat məbləğində ƏDV məbləği Cavabdeh ASC-nin ƏDV subhesabına köçürülmüşdür. 12.10.2020-ci il tarixli 128776 saylı, EBAR seriyalı elektron qaiməyə əsasən müəyyən edilir ki, Cavabdeh ASC tərəfindən Cəfər Cabbarlı adına "xxxx" Kinostudiyası MMC-yə 2020-ci il oktyabr ayına abonentə içməli sudan və tullantı suyunun axıdılması xidmətindən istifadəsinə görə 286,44 manat əsas, 51,56 manat ƏDV olmaqla 338 manat məbləğində borc hesablanmışdır. 30.10.2020-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cəfər Cabbarlı adına "xxxx" Kinostudiyası MMC tərəfindən Cavabdeh ASC-yə 2020-ci ilin oktyabr ayı üçün içməli sudan və tullantı suyunun axıdılması xidmətindən istifadəyə görə 286,44 manat məbləğində pul vəsaiti ödənilmişdir. 30.10.2020-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cəfər Cabbarlı adına "xxxx" Kinostudiyası MMC tərəfindən EBAR 128776 saylı elektron qaimə üzrə 286,44 manat məbləğində Cavabdeh ASC-nin ƏDV subhesabına köçürülmüşdür. Cavabdeh ASC tərəfindən Cəfər Cabbarlı adına "xxxx" X1 Cəmiyyətinə ünvanlanmış xəbərdarlıqdan görünür ki, MMC-dən 23.06.2021-ci il tarixə istifadə edilmiş sudan və tullantı suyunun axıdılması xidmətindən istifadəyə görə Cavabdeh AASC-yə 170.420,59 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcun olduğu bildirilmiş və həmin borcun 7 iş günü ərzində ödənilməsi tələb edilmişdir. Cavabdeh ASC tərəfindən Cəfər Cabbarlı adına "xxxx" X1 Cəmiyyətinə ünvanlanmış 10.08.2021-ci il tarixli məktubdan görünür ki, MMC-nin borcla bağlı müraciətinə baxılmış, abonentin hesabında 170.435,26 manat məbləğidə debitor borcun yarandığı; borcun ümidsiz borc hesab edilməsi və ya iddia müddətinin tətbiqinin yalnız təchizatçı ilə istehlakçı arasında MM-də müəyyən edilmiş müddət ərzindəhər hansı dövriyyə olmadığı, xidmətlərdən istifadə edilmədiyi halda mümkün olduğu; lakin abonent ilə Cavabdeh ASC arasında istifadə olunmuş su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə hesablar təqdim edildiyi və qismən ödənilmələrin edildiyi bildirilmiş və borcun hissə-hissə qarşılıqlı razılaşma əsasında ödənilməsi təklif edilmişdir. Cəfər Cabbarlı adına "xxxx" X1 Cəmiyyəti tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış 06.09.2021-ci il tarixli, 01/2-246 saylı pretenziya məktubundan müəyyən edilir ki, MMC sudan və tullantı suyunun axıdılması xidmətindən istifadəyə görə C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının 1998-2004-cü illər ərzində Cavabdeh ASC-yə 170.420,59 manat ödənilməmiş borcunun öhdəlik müddətinin keçdiyi səbəbindən qüvvəsini itirdiyinə görə ləğv edilməsini xahiş etmişdir. 06 aprel 2018-ci il tarixli, 070046 saylı üzləşmə aktından görünür ki, aktda Cəfər Cabbarlı adına "xxxx" X1 Cəmiyyətinin Cavabdeh ASC-yə sudan və tullantı suyunun axıdılması xidmətindən istifadəyə görə 170.282,01 manat məbləğində borcunun olması göstərilmişdir. Üzləşmə aktı hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir. 01 mart 2021-ci il tarixli, 070046 saylı üzləşmə aktından görünür ki, aktda Cəfər Cabbarlı adına "xxxx" X1 Cəmiyyətinin Cavabdeh ASC-yə sudan və tullantı suyunun axıdılması xidmətindən istifadəyə görə 170,465,87 manat məbləğində borcunun olması göstərilmişdir. Üzləşmə aktı hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir. Abonent tərəfindən üzləşmə aktına sözügedən borcun 2003-cü ilədək olan dövrdə yarandığı və cari borlarının olmaması barədə qeyd edilmişdir. Yasamal rayon Sukanal İdarəsi tərəfindən Cəfər Cabbarlı adına "xxxx" X1 Cəmiyyətinə ünvanlanmış məktubdan görünür ki, MMC-yə 01.12.2015-ci il tarixinə sudan istifadə və çirkab suyun axıdılması xidmətinə görə borcunun 170940,44 manat təşkil etdiyi və həmin borcun 1998-2004-cü illəri əhatə etdiyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, Cəfər Cabbarlı adına "xxxx" X1 Cəmiyyətinin iddiası təmin edilməlidir. İşin halları ondan ibarətdir ki, iddiaçı Cəfər Cabbarlı adına "xxxx" Kinostudiyası MMC ilə Cavabdeh ASC arasında su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı Cəfər Cabbarlı adına "xxxx" X1 Cəmiyyəti həmin müqavilə üzrə Cavabdeh MMC tərəfindən ona hesablanmış 170.420,59 manat məbləğində borcun öhdəliyin xitamı üçün nəzərdə tutulmuş müddətin keçməsi ilə əlaqədar silinməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 550-ci maddəsi təşkil edir. Həmin maddəyə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə görə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. İş materiallarından isə görünür ki, iddiaçının silinməsini tələb etdiyi 170.420,59 manat məbləğində borc 2016-cı ilədək olan dövrdə yaranmış, vaxtaşırı ödənişlər haqqında tələbdən irəli gələn borcdur. İddiaçı tərəfindən mübahisəli borcdan ödənişlər edilməsi, bununla da öhdəliyin xitamı üçün nəzərdə tutulmuş müddətin kəsilməsi barədə cavabdehin istinad etdiyi dəlillərə gəldikdə məhkəmə qeyd edir ki, cavabdeh iddiaya etirazına əsas kimi istinad etdiyi yuxarıda göstərilən halları, yəni iddiaçı tərəfindən son beş il ərzində 2016-cı il tarixədək olan müddətdə yaranmış borcdan ödəniş edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş abonent saldosundan, qaimə-fakturalardan və ödəniş sənədlərindən görünür ki, 2016-cı ildən başlayaraq iddiaçı tərəfindən cavabdehə cəmi iki dəfə təqdim edilmiş cari hesabdan artıq ödəniş edilmişdir. Birincisi, 2016-cı ilin noyabrında iddiaçıya abonent saldosunda cəmi 462 manat məbləğində borc hesablandığı halda cavabdeh tərəfindən iddiaçıya həmin dövr üçün hər biri 462 manat məbləğinə olmaqla iki ədəd elektron qaimə - 17.11.2016-cı il tarixli, 454918 saylı, HM seriyalı; 09.12.2016-cı il tarixli, 638112 saylı, HM seriyalı elektron qaimələr təqdim edilmişdir. İddiaçı tərəfindən həmin qaimələrin hər biri üzrə ödənişlər edilmiş, nəticədə səhv vurulmuş qaimə üzrə edilmiş ödəniş iddiaçının əvvəlki borcuna silinmişdir. Hər iki qaimə üzrə ödəniş tapşırıqları və köçürmənin aparılması haqqında bildirişdə 2016-cı ilin noyabr ayı üçün olan borcdan ödəniş edildiyi qeyd edilmişdir. İkinci dəfə 12.10.2020-ci il tarixli 128776 saylı, EBAR seriyalı elektron qaiməyə əsasən Cavabdeh ASC tərəfindən iddiaçıya 286,44 manat əsas, 51,56 manat ƏDV olmaqla 338 manat məbləğində borc hesablandığı halda iddiaçı tərəfindən 286,44 manat məbləğində əsas məbləğlə yanaşı səhv olaraq 51,56 manat deyil, 286,44 manat məbləğində ƏDV ödənişi edilmişdir. 30.10.2020-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdə 286,44 manat məbləğində ƏDV ödənişinin təyinatı kimi EBAR 128776 saylı elektron qaiməyə istinad edilmişdir. İşin göstərilən halları ilə təsdiq edilir ki, 2016-2020-ci illərdə iddiaçı Cəfər Cabbarlı adına "xxxx" X1 Cəmiyyəti tərəfindən 2016-cı ilədək yaranmış tələbin ödənilməsi istiqamətində hər hansı addımlar atılmamış, hissə-hissə edilməmiş, təminat verilməmişdir. İddiaçının borcların qarşılıqlı üzləşdirilməsi aktlarını imzalamaqla borcunu etiraf etməsi, bununla da öhdəliyin xitamı üçün nəzərdə tutulmuş müddətin axımının kəsilməsi barədə cavabdehin dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, əvvəla borcu etirafedici hərəkətin edilməsi Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən iddia müddətinin axımının kəsilməsinə əsas olan hal olsa da, öhdəliyin xitamı müddətinin kəsilməsi üçün əsas olan hal kimi Mülki Məcəllədə nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 553.1-ci maddəsinə görə yalnız aşağıdakı hallarda müddətin axımı kəsilir: 553.1.1. mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə; 553.1.2. ixtiyarlı şəxs məhkəməyə iddia verirsə. İkincisi, məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, qanunvericiliyin tələbləri baxımından borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər dedikdə borclunun borcun etirafına və ödənilməsinə yönəldilmiş real hərəkətlər, məsələn, borcun bir hissəsinin ödənilməsi, borcun müəyyən müddət ərzində ödənilməsinə dair vəd verilməsi və s. başa düşülür. Borcun gələcəkdə ödəniləcəyinə dair heç bir vədi əks etdirməyən, tələbkarda belə bir əminlik yaratmayan qarşılıqlı hesablaşma sənədləri olan üzləşmə aktlarının imzalanması isə borcun etiraf edilməsinə yönəldilən real hərəkət kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh ASC-nin Cəfər Cabbarlı adına "xxxx" Kinostudiyası MMC-yə qarşı 2016-cı ilədək yaranmış 170.420,59 manat məbləğində tələbi üzrə müddətin axımı kəsilməsinə əsas olan hallar baş verməmişdir. Məhkəmə iddiaçının silinməsini tələb etdiyi 170.420,59 manat məbləğində borcun 2016-cı il tarixədək il tarixədək yarandığını, 2016-cı ildən başlayaraq həmin öhdəliyin xitamı müddətinin kəsilməsi üçün əsas olan halların baş vermədiyini, belə olan halda isə həmin borcun yaranmasından Mülki Məcəllənin 551.2.1-ci maddəsində vaxtaşırı ödənişlər haqqında tələblər üçün nəzərdə tutulmuş 5 illik müddət keçməklə həmin öhdəliklər üzrə cavabdehin tələb etmə hüququna müddətin keçməsi ilə əlaqədar xitam verildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin borcun silinməsini tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 30 manat məbləğində dövlət rüsumu da ödənilmişdir. Halbuki “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı halda iddiaçınnı çəkdiyi mediasiya xərci dövlət rüsumundan mbləğindən artıq olduğundan iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən Cəfər Cabbarlı adına "xxxx" X1 Cəmiyyətinə hesablanmış 170.420,59 manat (yüz yetmiş min dörd yüz iyirmi manat əlli doqquz qəpik) məbləğində borc silinsin. İddia verilərkən **********66 saylı qəbzə əsasən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar