Məhkəmə qərarları › İş №e-2-2(113)-4567/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4567/2021

01.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4567/2021 01.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X3 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı “X4 İnternational LTD” şirkətinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı “X4 İnternational LTD” şirkətinin Cavabdehnə qarşı cavabdehdən 49965 manat məbləğindəki əsas borcun, mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 200 manat məbləğindəki pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin (pulun) tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 49965 manat məbləğindəki əsas borcun, mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 200 manat məbləğindəki pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin (pulun) tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “icraçı” olaraq iddiaçı ilə sifarişçi olaraq cavabdeh arasında bağlanılmış 01 yanvar 2017-ci il tarixli 03/THE 1216 saylı müqaviləyə əsasən iddiaçı yükləmə, daşıma və boşaltma işlərini icraçı olaraq öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə görülmüş işlərin dəyərinin bir qismi ödənilsə də, 49965 manat məbləğindəki borc pul məbləği bu günə kimi hələ də ödənilməmişdir. İddiaçı görülən işlərin qalıq dəyərinin ödənilməsi ilə bağlı dəfələrlə şifahi tələblərini bildirsə də, tələbləri yerinə yetirilməmişdir. Belə olan halda iddiaçı hesab edir ki, 49965 manat məbləğindəki borc pul məbləği cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məktubla məhkəməyə müraciət edərək, bildirmişdir ki, cəmiyyətin maliyyə imkanları məhdud olduğu üçün, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 01 yanvar 2017-ci il tarixli 03/THE 1216 saylı müqaviləyə əsasən yükləmə, daşıma və boşaltma işlərinin həyata keçirilməsindən yaranmış 49965 manat məbləğindəki borcu iddiaçıya ödəməkdə çətinlik çəkir. Həmçinin, iddiaçı Cavabdeh MMC tərəfindən də Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək məhkəmədən xahiş edilmişdir ki, cavabdeh "xxxx" MMC-dən ƏDV daxil olmaqla 342986 manat məbləğində pul vəsaitinin, mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 400 manat məbləğindəki pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin (pulun) tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilsin. Hazırda bu iş üzrə məhkəmə baxışı davam etdiyi üçün və "xxxx" MMC-dən alınacaq pul vəsaiti hesabına iddiaçıya olan 49965 manat məbləğindəki borcu ödəməyə çalışır. "xxxx" MMC-dən alınacaq pul vəsaiti hesabına iddiaçıya olan 49965 manat məbləğindəki borcu ödəyəcəyinə təminat verir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRMA HİSSƏSİ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, "X5 İnternəşnl Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 17.04.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 yanvar 2017-ci il tarixli 03/THE 1216 saylı Xidmət müqaviləsinin surətindən müəyyən olunur ki, iddiaçı avtokran vasitəsi ilə cavabdehə yükləmə və boşaltma işlərinin görülməsini, cavabdeh isə xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 01 yanvar 2017-ci il tarixli 03/THE 1216 saylı Xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı avtokran vasitəsi ilə cavabdehə yükləmə və boşaltma işlərinin görülməsini, cavabdeh isə xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən yükləmə və boşaltma işləri görülmüş, cavabdeh tərəfindən görülən işlərin dəyərindən 49965 manat iddiaçıya borcu qalmışdır. Tərəflər arasında Xidmət müqaviləsi bağlansa da, həmin müqavilənin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri podrat müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, yükləmə və boşaltma işləri görülmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 01 yanvar 2017-ci il tarixli 03/THE 1216 saylı Xidmət müqaviləsinə əsasən 49965 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 49965 manat məbləğindəki əsas borc, mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 200 manat məbləğindəki pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq “X4 İnternational LTD” şirkətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar