Məhkəmə qərarları › İş №e-2-2(113)-4654/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4654/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4654/2021 18.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən hesablanmış 13835,50 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən hesablanmış 13835,50 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair aralarında 14.08.2020-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı sudan istifadə etmiş və dəyərini ödəmişdir. 2021-ci ilin iyun ayında cavabdehin nümayəndələri iddiaçıya bildiriş verərək 13835,50 manat borcu olduğunu bildirmişlər. İddiaçının nümayəndələri cavabdehdə borcun yaranma səbəblərini araşdırmaq üçün müraciət etsələrdə onlar fevral ayında sudan qanunsuz istifadə etdiyi üçün akt tərtib olunduğunu bildirmişlər, lakin aktın nə vaxt, hansı şəraitdə yazılması ilə bağlı məlumat verməmişlər və aktın surətini təqdim etməmişlər. Cavabdehdən əldə etdiyi hesabat cədvəlindən də görünür ki, iddiaçının 01.02.2021-ci il tarixədək sudan və tullantı sularının axıdılması xidmətlərinə görə heç bir borcu olmamışdır. Lakin cavabdeh 2021-ci ilin fevral ayında sudan və tullantı sularının axıdılması xidmətlərinə görə iddiaçıya 14966,50 manat borc hesablamışdır. İddiaçıya 2021-ci ilin yanvar ayında sudan və kanalizasiyadan istifadəyə görə ümumilikdə 650 manat hesablandığı halda 2021-ci ilin fevral ayında 14966,50 manat borcun hesablanması mümkün deyildir. Ümumilikdə iddiaçıya heç vaxt bir ay ərzində 14966,50 manat məbləğində sudan və tullantı sularının axıdılması xidmətlərinə görə borc hesablanmamışdır. Cavabdeh 2021-ci ilin iyun ayınadək bizə 14966,50 manat məbləğində borcu olması barədə heç bir məlumat, bildiriş verməmişdir. İddiaçının aylar üzrə etdiyi ödənişlər borcdan çıxılaraq 2021-ci ilin iyun ayının əvvəlində 13835,50 manat borc olması barədə məlumat verilmişdir. Cavabdeh əsassız hesablanmış 13835,50 manat məbləğində borcu ödəməsini tələb edərək su təchizatını dayandıracağını bildirir. Əgər cavabdehin nümayəndələri müəssisədə sudan qanunsuz istifadə faktı aşkar etmişdirsə, onda cavabdeh bununla əlaqədar hər-hansı bir araşdırma aparmalı idi. Lakin, göründüyü kimi heç bir araşdırma aparmadan, ümumiyyətlə, heç bir qoşulma olmadan qeyri-qanuni akt tərtib etmişlər və heç bir əsas olmadan borc hesablamışlar. Əgər iddiaçı həqiqətən müəssisədə sudan qanunsuz istifadə etmişdirsə onda cavabdeh, iddiaçı barəsində hüquqmühafizə orqanlarına müraciət edə bilərdi. Cavabdeh tərəfindən isə belə müraciət edilməmişdir. Cavabdeh səlahiyyətlərindən istifadə edərək müəssisəyə əsası olmayan borc hesablamış və həmin borcun ödənilməsini tələb edir. Bundan əlavə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsində yoxlama keçirilərkən sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamış, yoxlamanın keçirilməsi ilə əlaqədar iddiaçıya heç bir bildiriş verilməmişdir. İddiaçı mübahisənin məhkəməyədək həll edilməsi və qanunsuz yazılmış cərimənin silinməsi ilə bağlı cavabdehə 16.06.2021-ci il tarixdə pretenziya qaydasında müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, iddiaçıya məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən kompleksinə su və kanalizasiya xidmətlərinə dair cavabdeh tərəfindən hesab-faktura təqdim edilmişdir. İddiaçı həmin məbləği ödəməkdən imtina etmiş və mübahisələndirərək məhkəməyə müraciət etmişdir. İddiaçı ilə cavabdeh arasında su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq abonentin su təchizatı, paylayıcı su şəbəkəsinə qoşulmuş smart-kart tipli d=100 mm olan boru vasitəsi ilə həyata keçirilir. Abonentin istifadə etdiyi suyun və axıdılmış tullantı sularının həcmi su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazı (su sayğacı) göstəricilərinə görə təyin edilir. Müqavilənin 2.2.4-cü bəndinə əsasən abonent ölçü cihazlarına və digər tənzimləyicilərə vurulmuş (plombların) bütövlüyüni təmin edir, onları daim işlək vəziyyətdə saxlayır, eləcədə ölçü cihazlarını yoxlama dövrülüyüni dövlət yoxlamasından keçirir. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən ölçü cihazlarının və tənzimləyici işində qüsurlar yarandıqüda və yaxud sıradan çıxdıqda, vurulmuş plomblar pozulduqda növbəti gündən gec olmayaraq su təchizatı müəssisisinə dərhal məlumat verir. İş materiallarına əsasən, abonent-sayğacın elektron hissəsinin işləməməsi ilə bağlı təhcizatçı müəssisəyə müraciə etmiş, bununla bağlı abonentin sayğaca məsul şəxsin, X4 İdarəsinin və yerli sukanal idarəsinin əməkdaşlarının iştirakı ilə sayğaca baxış keçirilmiş, sayğac şəbəkədən ayrılaraq abonentin məsul şəxsinə təhvil verilmiş və laborator yoxlamasına göndərilmişdir. Sayğac, Cavabdeh ASC-nin X6 İdarəsi “X2 Labaratoriyası” tərəfindən dövrü yoxlamaya qəbul olunaraq üzərində yoxlama və sınağ keçirilmişdir. Həmin labarotoriyanın 00098/0065990 saylı rəyinə əsasən sayğacın laborator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən elektron və mexaniki göstəricilər arasında fərq var. Hesabat mexaniki göstəriciyə əsasən aparıla bilinər. Göründüyü kimi sayğaca müdaxilə faktı, yalnız labarator müayinəsinin nəticəsi olaraq müəyyən edilmişdir. Yəni sayğacın mexaniki göstəricisində göstərici 130892 olduğu halda, elektron göstəricidə 104992 qeyd olunmuşdur. Laboratoriya yoxlaması nəticəsində həmin fərq müəyyən edilmiş, nəticədə həmin fərqə görə 14996 manat borc hesablanmışdır. Beləliklə, iddiaçının sudan istifadə üzrə mübahisələndirdiyi borc məbləği, onun faktiki istifadə etdiyi su sərfiyyatı üzrə yaranmış borcdur. Cavabdeh heç bir yoxlama aparmadığı üçün yoxlama reyestrdə qeydə alınmamışdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 13 Smart-kart tipli su sayğacının laborator yoxlamadan keçirilməsi aktının surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən obyektdə quraşdırılmış 200098 saylı smart-kart tipli su sayğacına 05.11.2020-ci il tarixində baxış keçirilən zaman sayğacın elektron və mexaniki hissələrində fərq yarandığına görə sayğac çıxarılaraq dövrü laborator sınaq baxışından keçirmək üçün laborator yoxlamasına göndərilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin X6 İdarəsi “X2 Labaratoriyası” 13.11.2020ciil tarixli 00098/0065990 saylı rəyindən görünür ki, sayğacın laborator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən elektron və mexaniki göstəricilər arasında fərq var. Hesabat mexaniki göstəriciyə əsasən aparıla bilər. Yoxlamadan əvvəl mexaniki göstərici 130892, yoxlamadan əvvəl elektron göstərici 104992 müəyyən edilmişdir. Abonent haqqında məlumatdan müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 14996 manat borc məbləğindən ödənişlər olmuş, hazırda iddiaçının cavabdehə olan borcu 13835,50 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən obyektdə quraşdırılmış 200098 saylı smartkart tipli su sayğacına 05.11.2020-ci il tarixində baxış keçirilən zaman sayğacın elektron və mexaniki hissələrində fərq yarandığına görə sayğac çıxarılaraq dövrü laborator sınaq baxışından keçirmək üçün laborator yoxlamasına göndərilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin X6 İdarəsi “X2 Labaratoriyası” 13.11.2020-ciil tarixli 00098/0065990 saylı rəyi ilə sayğacın laborator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən elektron və mexaniki göstəricilər arasında yoxlamadan əvvəl mexaniki göstərici 130892, yoxlamadan əvvəl elektron göstərici 104992 olmaqla fərq müəyyən edilmişdir. Nəticədə cavabdeh tərəfindən iddiaçıya 14996 manat borc hesablanmışdır. Həmin borc məbləğindən iddiaçı tərəfindən ödənişlər olmuş, hazırda həmin akt və rəy üzrə hesablanmış borca görə iddiaçının 13835,50 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi akta əsasən cavabdeh tərəfindən iddiaçıya hesablanmış borc məbləğindən qalan 13835,50 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə hesablanmış 13835,50 manat məbləğində borc silinsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar