Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4719/2023 06.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı cavabdehdən 1150 manat pul vəsaitinin və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 qarşı cavabdehdən 1150 manat pul vəsaitinin və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, RAZ********** nömrəli xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsinə əsasən icarə müqaviləsi ilə X2 istifadəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ünvanında yerləşən mağazaya “Daşınmaz əmlakın icbari sığortası” ilə iddiaçı tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən cavabdehə məxsus mağazada yanğın hadisəsi baş vermiş və yanğın qonşuluqda olan X2 istifadəsində olan qeyri-yaşayış sahəsinə keçmişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikası FHN-in Əməliyyat-İstintaq İdarəsinin 25 dekabr 2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarına əsasən yoxlama zamanı toplanmış materiallarla müəyyən edilmişdir ki, cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yrləşən məişət malları satışı mağazasının sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayyət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 6.1, 6.4 bəndlərinin tələblərini pozaraq mağazada yanğın təhlükəsizliyi qaydalarna riayət etməmişdir. Vurulmuş zərərə görə 1150 manat sığorta ödənişi həyata keçirilmişdir. Hesab edir ki, ödənilmiş 1150 manat məbləği, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində cavabdehə məxsus mağazada yanğın hadisəsi baş vermişdir. Azərbaycan Respublikası FHN-nin Əməliyyat-İstintaq İdarəsinin 25 dekabr 2020-ci il tarixli qərarından cavabdehin xəbəri yoxdur. Bu qərar FHN-nin Əməliyyat-İstintaq İdarəsinin tərəfindən rəsmi qaydada cavabdehin ünvanına göndərilməmişdir. Əgər bu qərardan cavabdehin xəbəri olsaydı məhkəmə qaydasında mübahisələndirərdi. Məhkəmə bildirişi gələndən sonra belə bir qərarın olduğunu bilmişdir. FHN-nin Əməliyyat-İstintaq İdarəsinin 25 dekabr 2020-ci il tarixli qərarında qeyd edilənlər həqiqətə uyğun deyil. FHN-nin Əməliyyat-İstintaq İdarəsinin cavabdehi “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 6.1 və 6.4 maddəsi ilə ittiham etməsi ciddi qanun pozuntusudur. Çünki, çöl elektrik işlərində elektrik naqillərinin hardan çəkilməsi və elektrik dirəklərinin harda basdırılması qərarı cavabdeh yox, "xxxx" Açıq Səhmdar Cəmiyyəti verir. Yanğına səbəb, iki qonşu mağaza arasında yerləşən, yerdən hündürlüyü təxminən 8 metr olan elektrik dirəyinə bərkidilmiş, iki qonşuya xidmət edən elektrik naqillərində baş verən qısa qapanma olmuşdur. Ana xəttlə sayğac arasındakı yaranacaq hər hansı nasazlığa görə istehlakçı cavabdeh deyil. Çünki, ana xətdən elektrik sayğacına qədər olan qoşma işlərini "xxxx" Açıq Səhmdar Cəmiyyəti aparır və bu xəttə müdaxilə etmək qadağandır. Hadisə nahar fasiləsi vaxtı baş vermişdir. Hava küləkli olduğundan, ana xəttə birləşən naqillərdə əmələ gələn qığılcımlar (yerdən 8 metr hündürlüyündə olan ana xəttə birləşən ötrücü naqillərdə boşluq olmuş, küləkli havada isə sürtünmə artdığından) cavabdehə məxsus məişət mağazasının dam örtüyünün üzərinə düşmüş və yanğın hadisəsi baş vermişdir. Bu yanğın hadisəsindən sonra gələcəkdə bir də belə xoşagəlməz hadisələrin baş verməməsi üçün, "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin elektrik dirəyinin yerini dəyişdirmişdir. Bir fakt faktlığında qalır ki, ana elektrik xəttinə qoşulan naqillərdə, küləyin nəticəsində əməl gələn qığılcımlar cavabdehə məxsus məişət mağazasının dam örtüyünə düşmüş, nahar fasiləsi olduğunda yanğının qarşısını almaq mümkün olmamışdır.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
9. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. 08.05.2021-ci il tarixli Sığorta aktına əsasən Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən X3 məxsus daşınmaz əmlakda yanğın nəticəsində 1300 manat zərər dəymiş, müəyyən edilmiş həmin məbləğdən 150 manat azadolma çıxılaraq cəmi 1150 manat sığorta ödənişi müəyyən edilmişdir.
11. 21.05.2021-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən X1 1150 manat sığorta ödənişi verilmişdir.
12. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-istintaq idarəsinin xx.xx.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən məişət malları satışı mağazasının sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayyət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 6.1, 6.4 bəndlərinin tələblərini pozaraq mağazada yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən də 28 sentyabr 2020-ci il tarixdə, saat 15 radələrində mağazanın tavanında quraşdırılmış elektrik qurğularında yaranmış qəza halının təsirindən yaxınlıqda yerləşən yanar materialların alışmasından yanğın baş vermiş və alov genişlənərək qonşuluqda yerləşən X5 məxsus ərzaq mağazasının dam hissəsinə qismən yayılmışdır. Lakin yoxlama materiallarından da göründüyü kimi yanğın nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, yanğın ölümə səbəb olmamış, X5 dəymiş maddi ziyan ağır nəticə kimi qiymətləndirilmir. Odur ki, Cavabdeh2 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilməlidir.
13. İşin müəyyən edilən halları ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən cavabdehə məxsus mağazada yanğın hadisəsi baş vermiş və yanğın qonşuluqda olan X2 istifadəsində olan qeyri-yaşayış sahəsinə keçmişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikası FHN-in Əməliyyat-İstintaq İdarəsinin qəbul etdiyi 25 dekabr 2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarı ilə müəyyən edilmişdir ki, cavabdeh üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayyət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 6.1, 6.4 bəndlərinin tələblərini pozaraq mağazada yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir.
14. Eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə X6 arasında sığorta müqaviləsi bağlanmış, sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, sığortalıya dəymiş zərər 1300 manat müəyyən edilmiş, həmin məbləğdən 150 manat azadolma çıxılaraq cəmi 1150 manat sığortalıya iddiaçı tərəfindən sığorta ödənişi verilmişdir.
15. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən maddələrə əsasən iddiaçıda sığorta olunmuş X2 istifadəsində olan daşınmaz əmlaka dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ subroqasiya qaydasında iddiaçıya keçmişdir.
16. Yuxarıda göstərilən normaların tələblərindən göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir ki, hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur.
17. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş yanğın hadisəsi zamanı digər şəxsə məxsus daşınmaz əmlaka zərər dəymiş, iddiaçı əmlaka dəymiş zərəri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir.
18. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
VI. Nəticə:
19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh2 1150 manat pul vəsaiti və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğ tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev