Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-477/2024 15.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bakı Dövlət Sirkinin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı Bakı Dövlət Sirkinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Bakı Dövlət Sirkinin Cavabdehnə qarşı cavabdeh tərəfindən hesablanmış 23598 manat borcun silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən tərtib edilmiş ******* saylı aktın ləğv edilməsi və akta əsasən hesablanmış 23598 (iyirmi üç min beş yüz doxsan səkkiz) manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məxsus olan "İddiaçı" ilə cavabdeh arasında bağlanmş ***-**-** saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, müəssisənin qaz təchizatı məsələləri tənzimlənir. Qaz təchizatı ilə bağlı ödənişlər daimi olaraq, quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən ödənilmişdir. 2023-cü ilin avqust ayında heç bir əsas olmadan cavabdeh tərəfindən yoxlama keçirilmiş, mövcudluğu şübhə doğuran, müəssisə rəhbərliyinin və əməkdaşlarının məlumatı xaricində olan və heç bir marağı qarşılamayan kənar qoşulma olduğu barədə öz aralarında akt tərtib etmişlər. Sonradan isə iddiaçıya guya 23.598 manat borc olması barədə qaimə göndrəmişlər. Qeyd olunan dövrdə ümumiyyətlə sirk fəaliyyətini dayandırmış, heç bir qaz avadanlığından istifadə edilməmişdir. Həmin qaz avadanlıqlarından maksimal istifadə edilmiş olsaydıda, hətta qanunsuz qoşulma halı olsaydıda qeyd olunan borc məbləği səhv və qanunazidd qaydada hesablanmış hesab edilməlidir. Çünki cavabdehin sahə işçiləri hər ayın ilk 10 günü ərzində daimi olaraq əraziyə baxış keçirir, sayğac və təchizat xətlərində qanunsuz qoşulma və nasazlıqların olub-olmamasını yoxlayır. X2 də 4-cü bəndinə əsasən hətta qanunsuz qoşulma müəyyən edilib təstiqini tapmış olsada belə 90 gündən artıq qaz avadanlıqlarına sərfiyyat hesablana bilməz. Son 3 illik qaz sərfiyyatına baxıldığı zaman görünür ki, iddiaçı 2020-ci il ərzində 3446 manat, 2021-ci il ərzində 3344 manat, 2022-ci ildə 5588 manat olmuşdur. Pandemiya dövrü olması səbəbindən qeyd olunan illərdə sirkin fəaliyyətinin aktivliyinə uyğun olaraq artan dinamika ilə istehlak edilmiş və dəyəri ödənilmişdir. Artıq 2023-cü ildə iddiaçının fəaliyyətinin nisbətən aktivləşdiyi dövrədə isə 2023-cü ilin 5 ayı ərzində istehlak olunmuş qazın dəyəri 4565 manat olmuşdur. ******* saylı aktda isə tam qərəzli və yanlış olaraq qeyd olunmuşdur ki, guya BDS-nin qaz sərfiyatı aşağı düşməsindən qazdan qanunsuz istifadə ilə bağlı əsaslı şübhələr yaranmışdır. Son üç illik ödəniş cədvəlindən qaz sərfiyyatında olan ödəmə məbləğlərinin miqdarının sirkin fəaliyyətinə uyğun olaraq artması mübahisəsiz təsdiqini tapmaqdadır. Cavabdehin nümayəndələrinin qeyd etdiyi qoşulma halı onların özləri tərəfindən hazırlanmış, elə bir qoşulma xəttinin mövcudluğu məlum olmamış, qanunsuz qoşulma barədə də heç bir iqtisadi marağı olmamışdır. Çünki müqavilə üzrə istehlak edilən təbii qazın dəyəri köçürmə yolu ilə edilir, bu kommunal ödənişləri qüdrətli dövlət hesabına həyata keçirilir, qanunsuz qoşulma kiməsə hər hansısa bir formada iqtisadi maraq kəsb etmir. Arqumentlərinə əhəmiyyət verilmədiyindən, sonda məhkəmə qaydasında əlavə hesablanmış borc məbləğinin silinməsi üçün iddia tələbləri ilə müraciət etməyə məcbur olmuşlar. Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün cavabdehi mediasiya prosessinə dəvət edilmiş, pretenziya məktubu təqdim edilmişdir. Məqsədləri mübahisənin həqiqətən də məhkəmədənkənar həllinə nail olmaq idi. Lakin, məktuba nəinki cavab verilmədi, nəticəsi ilə bağlı cavabeh təşkilata müraciət edildikdə, sadəcə Cavabdeh İB ilə əlaqə saxlamağı məsləhət gördülər. Belə olduğu halda, yalnız məhkəmə qaydasında mübahisənin ədalətli şəkildə həll edilməsini uyğun hesab edir.
3. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 23598 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddia ərizəsinə etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
8. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
9. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. xx.xx.2023-cü il tarixli KY231937372 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, cavabdeh təfərindən iddiaçıda xx.xx.2023-cü il başlama tarixindən xx.xx.2023-cü il qurtarma tarixinədək keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır.
11. xx.xx.2023-cü il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən iddiaçıya məxsus obyektə baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar qaz xəttindən qeyri-qanuni istifadə aşkar edilmişdir.
12. xx.xx.2023-cü il tarixli İstehlakçının qaz təminatının dayandırılması haqqında aktdan görünür ki, cavabdeh tərəfindən sayğacdan kənar qoşulma səbəbinə görə iddiaçının qaz təminatı dayandırılmışdır.
13. Abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya akta əsasən 2023-cü ilin iyul ayına 23598 manat məbləğində borc hesablanmışdır.
14. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdeh təfərindən iddiaçıda xx.xx.2023-cü il başlama tarixindən xx.xx.2023-cü il qurtarma tarixinədək keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən iddiaçıya məxsus obyektə baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar qaz xəttindən qeyri-qanuni istifadə aşkar edilərək iddiaçının qaz təminatı dayandırılmış və bu barədə ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması və İstehlakçının qaz təminatının dayandırılması haqqında aktlar tərtib edilmişdir. Akta əsasən cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin iyul ayına 23598 manat məbləğində borc hesablanmışdır.
15. İstinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələblərindən göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə cavabdeh tərtib etdiyi aktın 1 (bir) nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idi və həmin orqanların və ya məhkəmənin qərarı ilə iddiaçının qazın talanmasında təqsirli olması müəyyən edildikdə cavabdeh vurulmuş zərərin ödənilməsini iddiaçıdan tələb etməlidir.
16. İşin hallarından göründüyü kimi cavabdeh tərəfindən qanunsuz qoşulma halı aşkar edildikdən sonra akt tərtib edilməklə həmin akta əsasən tələb kimi dəymiş ziyanın hesablanması göstərilmiş və 23598 manat məbləğində dəymiş ziyan hesablanmaqla iddiaçının abonent saldosuna yazılmaqla ödənilməsi sonuncudan tələb edilmişdir.
17. Göründüyü kimi cavabdeh tərəfindən qanunsuz qoşulma halı aşkar edildikdən sonra “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələblərinə riayət etməmişdir. Halbuki, həmin tələbə əsasən qanunsuz qoşulma halı və qazın talanmasında təqsirli olması yuxarıda qeyd olunan orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi halda həmin akt əsaslı hesab olunur.
18. Ona görə də məhkəmə hesab edir ki, aktda göstərilən hallar “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələblərinə uyğun olaraq müəyyən edilmədiyindən, aparılmış yoxlama əsaslı ola bilməz. Bu yoxlama nəticəsində Cavabdeh tərəfindən iddiaçıya hesablanmış borc məbləği silinməlidir.
19. Bundan başqa, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).
20. Cavabdeh iddiaçıda qanunsuz qoşulmanı tərtib edilmiş aktdan və fotoşəkillərdən əlavə heç bir sübutla əsaslandıra bilməmiş və buna dair hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir.
21. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən keçirilmiş yoxlama ilə müəyyən edilmiş hallar qanunvericiliklə nəzərədə tutulmuş qaydada təsdiq olunmadığından iddia təmin edilməlidir.
VI. Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı Bakı Dövlət Sirkinə hesablanmış 23598 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev