Məhkəmə qərarları › İş №e-2-2(113)-4854/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4854/2025

07.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4854/2025 07.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi olmaqla) qarşı cavabdehin hərəkətlərinin qanunsuz olmasının müəyyən edilməsi, müvafiq hərəkətlərin edilməsi vəzifəsinin qoyulması, dividentlərin ödənilməsi və dividentlər üzrə verginin tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1) təsisçi hüquqlarımın pozulması və X2 özbaşınalıq hərəkətlərinin qanunsuz olduğunun müəyyən edilməsi; 2) nizamnamə ilə nəzərdə tutulan idarəetmə qaydalarına uyğun (ümumi yığıncaq və ona aid olan səlahiyyətlər) hərəkət edilməsi vəzifəsinin Qanuni nümayəndə üzərinə qoyulması; 3) iş üzrə müəyyən olunası maliyyə nəticələri əsasında 2019-cu ildən başlayaraq illər üzrə dividendlərin iddiaçıya ödənilməsinin təmin edilməsi, 4) ilkin olaraq müəyyən edilən (mötəbərliyi tam olmasa da) 2023-cü ilin yekununa görə 421413 (dörd yüz iyirmi bir min dörd yüz on üç) manat vəsaitin (dividendin) müvafiq vergisi tutularaq iddiaçıya dərhal ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və bildirdi ki, qarşı tərəf ümumiyyətlə nizamnamənin və qanunvericiliyin tələblərinə riayət etmir və bununla bağlı məhkəməyə müraciət olunmuşdur. Hesab edilir ki, tələblərə məhkəmədə baxılmalıdır və nə baxılmamış, nə də icraata xitam verilməsinin əsasları yoxdur. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında bildirdi ki, iddia tələbi 4 hissədən ibarətdir. Birinci hissə ilə bağlı bildirilir ki, bu formada tələbə baxıla bilməz. İddia tələbinin 2-ci hissəsi birbaşa ümumi yığıncağın səlahiyyətinə aiddir. Eyni zamanda iddia tələbinin dividentlərlə bağlı hissəsi də ümumi yığıncağın səlahiyyətinə aiddir. Hesab edilir ki, 1-ci hissə ilə bağlı tələb baxılmamış saxlanılmalı, digər hissələrlə bağlı xitam verilməlidir. Cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında bildirdi ki, vəkilinin fikirləri razıdır və əlavəsi yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək, sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə icraat 1) təsisçi hüquqlarımın pozulması və X2 özbaşınalıq hərəkətlərinin qanunsuz olduğunun müəyyən edilməsi; 2) nizamnamə ilə nəzərdə tutulan idarəetmə qaydalarına uyğun (ümumi yığıncaq və ona aid olan səlahiyyətlər) hərəkət edilməsi vəzifəsinin Qanuni nümayəndə üzərinə qoyulması hissəsində baxılmamış saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, hakim ərizəni baxılmamış saxlayır. 149.2.3-ci maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Hazırkı iddia tələbinin “1) təsisçi hüquqlarımın pozulması və X2 özbaşınalıq hərəkətlərinin qanunsuz olduğunun müəyyən edilməsi; 2) nizamnamə ilə nəzərdə tutulan idarəetmə qaydalarına uyğun (ümumi yığıncaq və ona aid olan səlahiyyətlər) hərəkət edilməsi vəzifəsinin Qanuni nümayəndə üzərinə qoyulması” hissələrindən göründüyü kimi, göstərilən hissələr qeyri-müəyyən olmaqla konkretləşdirilməmişdir. Məhkəmə icraatının gedişində iddiaçıya iddia tələbinin göstərilən hissədə dəqiqləşdirilməsi təklif edilsə də, tələb dəqiqləşdirilməmişdir. O cümlədən tələbi təsdiq edən sübutların siyahısı da ərizəyə əlavə edilməmişir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi 1) təsisçi hüquqlarımın pozulması və X2 özbaşınalıq hərəkətlərinin qanunsuz olduğunun müəyyən edilməsi; 2) nizamnamə ilə nəzərdə tutulan idarəetmə qaydalarına uyğun (ümumi yığıncaq və ona aid olan səlahiyyətlər) hərəkət edilməsi vəzifəsinin Qanuni nümayəndə üzərinə qoyulması hissələrində baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi olmaqla) qarşı cavabdehin hərəkətlərinin qanunsuz olmasının müəyyən edilməsi, müvafiq hərəkətlərin edilməsi vəzifəsinin qoyulması, dividentlərin ödənilməsi və dividentlər üzrə verginin tutulması tələbinə dair iddia tələbi “1) təsisçi hüquqlarımın pozulması və X2 özbaşınalıq hərəkətlərinin qanunsuz olduğunun müəyyən edilməsi; 2) nizamnamə ilə nəzərdə tutulan idarəetmə qaydalarına uyğun (ümumi yığıncaq və ona aid olan səlahiyyətlər) hərəkət edilməsi vəzifəsinin Qanuni nümayəndə üzərinə qoyulması” hissələrində baxılmamış saxlanılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar