Məhkəmə qərarları › İş №e-2-2(113)-4868/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4868/2023

04.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4868/2023 04.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 İstehsalat-Kommersiya Müəssisəsinə və Cavabdeh2 qarşı “sənədlərlə tanış olmaqla bağlı maneələrin aradan qaldırılması və.s” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sənədlərlə tanış olmaqla bağlı maneələrin aradan qaldırılması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 X1 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 X2 və Cavabdeh2 qarşı “sənədlərlə tanış olmaqla bağlı maneələrin aradan qaldırılması və.s” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlər Cavabdeh1 İstehsalat-Kommersiya Müəssisəsinə və Cavabdeh2 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 121/5 ünvanında yerləşən iddiaçının təsisçisi olduğu Cavabdeh1 X1 ərazisinə, istehsalat sahəsinə və inzibati binasına daxil olmağına, müəssisənin maliyyə-mühasibatlıq sənədləri ilə, bütün alqı-satqı və digər mülki müqavilələri ilə tanış olmağına, müəssisə tərəfindən icarəyə verilmiş avadanlıqların təyinatı üzrə istifadə olunub-olunmadığına baxış keçirilməsinə cavabdehlər Cavabdeh1 İstehsalat-Kommersiya Müəssisəsi və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qət edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, o İLAHƏ-96 İKM-nin 20 % payçısıdır. 2020-ci ildə İLAHƏ -96 İKM-nin direktoru vəzifəsində işləmişdir. Həmin müddət ərzində cəmiyyəti idarə etmişdir. Cavabdeh İLAHƏ-96 İKM-nin hazırkı direktoru Cavabdeh2 onu Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 121/5 ünvanında yerləşən cəmiyyətin ərazisinə daxil-xaric olmağına, istifadəsində olan təsisçi otağına daxil olmağına, idarəçilikdə iştirak etməyinə, müəssisədə olan 20 % payına uyğun gəlir götürməyinə, işlərin gedişatından məlumat almağına, əmlaklardan istifadə, icarə, sərəncam verilməsində iştirak etməyinə, qərar verməyinə maneçilik göstərir. Qeyd etmişdir ki, o, paylı mülkiyyətində olan əraziyə, binaya daxil ola bilmir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 X1 nümayəndəsi Nümayəndə2 məhkəməyə iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 106-1.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək (106-1.3.1), qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq (106-1.3.2), cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək (106-1.3.5), cəmiyyətin xalis mənfəətindən dividend almaq (106-1.3.7), icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək (106-1.3.8-1), cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək (106-1.3.8-2), bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək (106-1.3.8-3), bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər (106-1.3.9) hüquqları vardır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmış Cavabdeh1 İstehsalat-Kommersiya Müəssisəsinin payçıları 80,333% ilə Cavabdeh2 və 19,666 % ilə İddiaçıdur.

9. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 121/5 ünvanında yerləşən qeyri-yaşayış binası Cavabdeh1 İstehsalat-Kommersiya Müəssisəsinin xüsusi mülkiyyətindədir.

10. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

11. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsini qəbul etmədiklərini, iddiaçının tələbinin hüquqi əsasını paylı mülkiyyətlə bağlı müddəalara istinad edərək əsaslandırdığını, müəssisənin əmlakının onun təsisçilərinin paylı mülkiyyəti hesab oluna bilməzliyini qeyd etmiş və əlavə olaraq iddia tələbinin iddiaçının Cavabdeh1 İKM-nin ərazisinə, istehsal sahəsinə, və inzibati binasına daxil olması və icarəyə verilmiş avadanlıqların təyinatı üzrə istifadə olunub-olunmadığına baxış keçirilməsi hissəsi ilə bağlı bildirmişdir ki, İddiaçı iddia ərizəsində istinad etdiyi “icarəyə verilmiş avadanlıqlar” kompleks şəkildə "İlahə-96” İKM ilə "xxxx" MMC arasında bağlanılmış 01 mart 2023-cü il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə icarəyə verilmişdir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, icarəçi daşınmaz əmlakını başqa məqsədlər üçün deyil, onun özü tərəfindən tələb olunduğu şəkildə istənilən qanuni biznes məqsədləri üçün istifadə etməlidir. "İcarəyə verən” icarə obyektinə və icarə obyektinin təyinatına uyğun olaraq quraşdırılmış avadanlıqlara baxış keçirmək istədikdə, “İcarəçi”ni 1 ay öncədən rəsmi şəkildə məlumatlandırmalı, bundan sonra “İcarəçi”nin müəyyən etdiyi daxili qaydalara əsasən, icarə obyektinin ərazisinə daxil ola və avadanlıqlara baxış keçirə bilər. Qeyd edilən icarə müqaviləsini məhkəməyə təqdim edirik. İddia tələbinin iddiaçının Cavabdeh1 müəssisəsinin maliyyə mühasibatlıq sənədlərilə, bütün alqı-satqı və digər mülki müqavilələri ilə tanış olması hissəsi ilə bağlı qeyd edirik ki, Cavabdeh1 müəssisəsinin nizamnaməsinə və AR Mülki Məcəlləsinin tələblərinə əsasən, təsisçinin müəssisənin gəlirindən divident götürmək, ümumi yığıncaqda iştirak etmək, növbədənkənar ümumi yığıncağın çağırılmasını tələb etmək, təklif və tələblərini bildirmək, ümumi yığıncaqda təmsil olunmaq və payına uyğun səs hüququ vardır. Müəssisənin idarə edilməsi isə icra orqanın təmsilçinin səlahiyyətlərinə daxildir. Yekun olaraq, cavabdeh iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, "İlahə-96” İstehsal-Kommersiya Müəssisəsinin təşkilati-hüquqi forması digər kommersiya təşkilatıdır.

13. Lakin məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə məhz İstehsal- Kommersiya Müəssisəsi ilə bağlı konkret hər hansı müddəa mövcud deyildir.

14. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.) və 13.5-ci (Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.) maddələrinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

15. Qeyd olunanlara əsasən və işin hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin səhmdar cəmiyyətə aid müddəalara uyğun araşdırılmalıdır.

16. Yuxarıda sadalanmış normaların məzmunundan görünür ki, Cəmiyyətin üzvü onun fəaliyyətinə dair məlumatlar almaq, illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq və s. kimi hüquqları vardır.

17. İddiaçı da, Cavabdeh1 İstehsalat-Kommersiya Müəssisəsinin payçısı olduğundan onun qeyd edilmiş hüquqları mövcuddur və qeyd edilmiş hüquqlarının həyata keçirilməsi üçün hər hansı bir maneə yaradıla bilməz.

18. Odur ki, məhkəmə hesab edir ki, hüquqi şəxs olan "İlahə-96” İstehsal- Kommersiya Müəssisəsi tərəfindən ümumiyyətlə belə bir maneənin gələcəkdə yaradılmasının qarşısının alınması və hüquqi şəxsin payçısı olaraq, yuxarıda qeyd edilmiş hüquqlarının həyata keçirilməsi təmin edilməlidir.

19. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 X1 maliyyəmühasibatlıq sənədləri, bütün alqı-satqı və digər mülki müqavilələr ilə tanış olmasına yaradılmış maneələr Cavabdeh1 X2 tərəfindən aradan qaldırılmalıdır.

20. İddianın digər hissələrinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia təmin edilə bilməz. Belə ki, qeyd edilən hissələr hüquqi şəxsin payçısı olaraq onun yuxarıda sadalanmış normalarda əks olunmuş hüquqlarına aid deyildir.

21. Beləliklə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh1 X1 maliyyə-mühasibatlıq sənədləri, bütün alqı-satqı və digər mülki müqavilələr ilə tanış olmasına yaradılmış maneələr Cavabdeh1 X2 tərəfindən aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar