Məhkəmə qərarları › İş №e-2-2(113)-490/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-490/2020

19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-490/2020 19.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X2 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə iqtisadi mübahisəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın ləğv edilməsi, həmçinin xx.xx.2018-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı aktın ləğv edilməsi, hesablanmış 1980 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixində cavabdeh hüquqi şəxsin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ünvanında yerləşən şirniyyat sexinin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib olunaraq smart itron tipli G-4 markalı 1402AZ**********171 nömrəli sayğacı yenisi ilə əvəzlənərək dövlət yoxlamasına göndərilmişdir. SOCAR İnformasiya Texnologiyaları və X6 və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının xx.xx.2018-ci il tarixli MSK-29/1710-01032/2-6 saylı aktına əsasən “sayğacın çıxış plastmas borusu deşilmişdir” rəyi verilmişdir. xx.xx.2018-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktına əsasən sayğac yoxlanılmışdır. xx.xx.2018-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunaraq 9900 m3, 1980 manat dəymiş ziyan hesablanmışdır. Cavabdehin məktubunu aldıqdan sonra xx.xx.2019-cu il tarixdə Cavabdeh İB-yə müraciət edərək xx.xx.2018-ci il tarixli iki aktın ləğv edilməsini və 1980 manat borcun silinməsini tələb etmişdir. Bu günədək cavab almamışdır. Başqa çıxış yolu qalmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, iddia tam təmin edilməlidir. Eyni zamanda iddiaçı 2 saylı İnzibati-İqtisadi Məhkəməsinə ərizə təqdim edərək, iş üzrə məhkəmə aktı qəbul edilinə qanuni qüvvəyə minənədək, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ünvanında yerləşən şirniyyat sexinə qaz təchizatının bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli, e-2-2(82)-1246/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə aktı qəbul edilənədək Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ünvanında yerləşən şirniyyat sexinə təbii qazın verilməsi bərpa edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 01699158 nömrəli akt əsasında hesablanmış 1.980 manat məbləğində borcun silinməsini və borc hesabına iddiaçıdan tutulmuş bütün məbləğlərin iddiaçının smart kartına cavabdeh tərəfindən ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Qaz paylayıcısı (cavabdeh) ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı (iddiaçı) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 27-02-15 saylı “Qazın alqı-satqısı barədə” müqaviləyə əsasən qaz paylayıcı istehlakçını təbii qazla təmin etməyi, istehlakçı isə istehlak etdiyi təbii qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və qaz paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının borcudur. Müqavilənin 4.3-cü bəndinə əsasən X5 məxsus qeyri-yaşayış sahəsinə 1 ECA tipli kombinin quraşdırılması nəzərdə tutulmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ünvanında yerləşən X5 məxsus qaz sayğacının çıxış plasmas borusunda 3 ədəd deşik aşkar edildiyindən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması və nöqsanın aradan qaldırılması tələb edilmişdir. Akt istehlakçının nümayəndəsi Quliyev Zaur tərəfindən imzalanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, X2 iddiası təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ünvanında yerləşən X5 məxsus qaz sayğacının çıxış plasmas borusunda 3 ədəd deşik aşkar edilmişdir. Bununla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilərək itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması və nöqsanın aradan qaldırılması tələb edilmişdir. Həmin akta əsasən iddiaçıya 9900 m3 qaz sərfiyyatına görə 1980,00 manat borc hesablanmışdır. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği sayğacın yararsız olduğu dövr üçün itirilmiş təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.2-ci bəndinə görə isə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin maddələrin məzmunundan göründüyü kimi istehlakçılar qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə yalnız hüquqi şəxs olduqları halda, sayğacların təchiz edilməsinə, quraşdırılmasına və dəyişdirilməsinə görə isə yalnız sənaye qaz qurğularından istifadə etdikləri halda məsuliyyət daşıyırlar. İş materiallarından isə görünür ki, iddiaçı X1 fəaliyyəti ilə məşğul olsa da, hüquqi şəxs statusuna malik deyil. Eyni zamanda iddiaçı ilə qaz paylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqaviləyə əsasən iddiaçının istifadə etdiyi qaz qurğularının ümumi sərfiyyatı saatda 10 kub.m-dən az olduğundan həmin qurğular “Qaz təchizatı” haqqında qanunun tələblərinə əsasən məişət qaz qurğularına aiddir. Bununla yanaşı tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli “Qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, həmin müqavilədə istehlakçının sayğacın işlək vəziyyətdə saxlanması vəzifəsini daşıması nəzərdə tutulmamışdır. Əksinə müqavilədə qeyd edilmişdir ki, istehlakçı yalnız məişət qaz qurğularından istifadə etdiyi halda həmin Müqavilənin sənaye qaz qurğularına aid müddəaları, o cümlədən istehlakçının qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilati-texniki tədbirləri yerinə yetirmək vəzifəsini nəzərdə tutan 2.3.4-cü yarımbəndi müqavilə tərəflərinə şamil edilmir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı Zaur Quliyevin məsuliyyət daşıması nə tərəflər arasında bağlanmış müqavilədə, nə də həmin müqavilənin əsasında bağlandığı normativ hüquqi aktlarda nəzərdə tutulmamışdır. Digər tərəfdən Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun. İş materiallarından isə görünür ki, Cavabdeh İB xx.xx.2018-ci il tarixli ******* saylı aktla sayğacın yararlı olmaması ilə əlaqədar qaz paylayıcıya dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı işdə sayğacın yararlı vəziyyətdə saxlanmasına görə iddiaçının məsuliyyət daşıması müqavilədə nəzərdə tutulmadığından, eyni zamanda məhkəmə araşdırması zamanı sayğacın yararsız vəziyyətə düşməsinin və bununla əlaqədar istifadə edilmiş qazın həcminin düzgün qeydə alınmamasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi öz təsdiqini tapmadığından sayğacın yararsız olduğu müddət üçün yaranmış zərərə görə məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Buna görə də Cavabdeh İB tərəfindən dəymiş zərərin əvəzi olaraq X3na hesablanmış 1980 manat borc silinməli, həmçinin iddianın verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda ödənilməsi nəzərdə tutulmuş 30 manat rüsumu Cavabdeh İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh İstehsalat Birliyi tərəfindən tərtib olunmuş ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən X3na qanunsuz olaraq hesablanmış 1980 manat (min doqquz yüz səksən manat) məbləğində borc silinsin və həmin borc məbləğinin hesabına iddiaçıdan tutulmuş pul vəsaitləri iddiaçının smart-kartına yüklənilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar