Məhkəmə qərarları › İş №e-2-2(113)-4972/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4972/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4972/2023 11.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən 02 avqust 2023-cü il tarixli 016984 nömrəli akta əsasən iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu (Abonent kodu 09/3-3618) ünvanına əsassız hesablanmış 7509,48 manat işıq borcunun silinməsi, iddiaçıdan 7509,48 manat tutulmuş pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən 02 avqust 2023-cü il tarixli 016984 nömrəli aktın ləğv edilməsi və akta əsasən iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu (Abonent kodu 09/3-3618) ünvanına əsassız hesablanmış 7509,48 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 02 avqust 2023-cü il tarixli 016984 nömrəli akta görə iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu (Abonent kodu 09/3-3618) ünvanına 7509,48 manat əsassız borc hesablanmışdır. Cavabdehin işciləri tərəfindən qanusuzluqlara yol verilmişdir. Belə ki, həmin aktın və borcun yazılmasına heç bir əsası yoxdur. Cavabdeh hər ay işlədilmiş enerjiyə görə elektron qaimə və şot faktura göndərmişdir. İşğın dəyəri rəsmi müqavilədə gəstərildiyi kimi ödənilmişdir. Qeyd olunan obyektdə texniki şərt və müqavilə əsasında smart kart sayğacı qoyulmuş və qiyməti cavabdeh tərəfindən 0.9 qəpik müəyyən edilmişdir. Bütün bunlar azmış kimi avqust ayının 2-də cavabdehin nümayəndələri tərəfindən qeyri-qanuni olaraq akt yazılmış və heç bir əsası olmadan yenidən hesab koduna cərimə yazılmışdır. Eyni zamanda, qeyri-qanuni olaraq işıq təhcizatı dayandırılmış, xeyli mübahisədən sonra enerji bərpa edilmişdir. Bu səbəbdən aktda yazılanların heç birinin əsası yoxdur.

3. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 02 avqust 2023-cü il tarixli 016984 nömrəli akta əsasən iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu (Abonent kodu 09/3-3618) ünvanına əsassız hesablanmış 7509,48 manat işıq borcunun silinməsi, iddiaçıdan 7509,48 manat tutulmuş pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçıya məxsus yerə baxış keçirilərək, akt tərtib olunmuşdur. Baxış zamanı tarifin 0,11 manatla hesablanması əvəzinə 0,10 manatla hesablanması müəyyən olunmuşdur. Həmin xüsusatla bağlı araşdırma aparılmış, yoxlama reyestrdə qeydə alınmışdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları": 7.17. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir; 8.13. Elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır; 8.14. İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir; 8.34. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər; 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

9. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

10. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. xx.xx.2023-cü il tarixli NDQ seriyalı 016984 saylı aktdan görünür ki, cavabdehin nümayəndələri tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozunda yerləşən obyektə (mağaza) baxış keçirilmiş, baxış zamanı komputer məlumat bazasında tarif 0,11 manat olmalı olduğu halda, 0,10 manat qeydə alınması aşkar edilmişdir.

12. xx.xx.2023-cü il tarixdə KY231945683 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, cavabdeh təfərindən iddiaçıda xx.xx.2023-cü il başlama tarixindən xx.xx.2023-cü il qurtarma tarixinədək keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır.

13. Abunə haqqındadan görünür ki, iddiaçının elektrik enerjisindən istifadəyə görə cavabdehə borcu olmamaqla 2565,65 manat artıq ödəməsi vardır, NDQ seriyalı 016984 saylı akta əsasən iddiaçıya 7509,48 manat borc hesablanmış və bu borc tarifin 0,10 manat məbləğdən hesablanmış xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə hesablanmışdır (750948 (sayğac göstəricisi) x 0,01 manat = 7509,48 manat).

14. İşin müəyyən edilən halları ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıda yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmaqla xx.xx.2023-cü il tarixdə yoxlama keçirilmiş, yoxlama zamanı elektrik enerjisindən istifadəyə görə iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə elektrik enerjisinin dəyəri 1 kVts - 0,11 manat tariflə hesablanmalı olduğu halda, 1 kVts - 0,10 manat tariflə hesablanması müəyyən olunmuş, göstərilən dövr üzrə elektrik enerjisinin dəyəri yenidən hesablanaraq iddiaçıya 7509,48 manat (750948 kVts (sayğac göstəricisi) x 0,01 manat (0,11 – 0,10) = 7509,48 manat) borc hesablanmışdır.

15. Cavabdeh tərəfindən göstərilən dövr üzrə elektrik enerjisinin dəyərinin 0,11 manat tariflə deyil, 0,10 manat tariflə hesablanmasının iddiaçının təqsirindən baş verməsi bildirilsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

16. Eyni zamanda məhkəmə qeyd edir ki, sayğac göstəricisinə əsasən elektrik enerjisinin tarifinin müəyyən edilməsi iddiaçının deyil, cavabdehin vəzifəsidir ki, bu halda elektrik enerjisinin tarifinin səhv müəyyən olunması cavabdeh tərəfindən yol verilmiş səhv olmuş və nəticədə elektrik enerjisinin dəyəri düzgün hesablanmamışdır.

17. Abunə haqqındadan göründüyü kimi iddiaçının elektrik enerjisindən istifadəyə görə cavabdehə borcu olmamaqla 2565,65 manat artıq ödəməsi vardır, hətta borcun hesablandığı xx.xx.2023-cü il tarixə də iddiaçının cavabdehə borcu (111141,69 manat borc hesablanmış, 116203,022 manat ödəniş edilmişdir) olmamışdır.

18. Qeyd olunanlardan göründüyü kimi cavabdeh tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyəri, yəni mübahisələndirilən borc iddiaçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənilmiş dövr üzrə hesablanmışdır. Bu halda məhkəmə hesab edir ki, cavabdeh "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.2-ci bəndinin tələblərinə əsasən həmin borcun ödənilməsini tələb edə bilməz.

19. Lakin məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi həmin borc cavabdeh tərəfindən tələb edilmiş və iddiaçı tərəfindən ödənilmişdir.

20. Yuxarıda qeyd olunanlardan göründüyü kimi cavabdeh tərəfindən həmin borcun tələb edilməsi qanunsuz olduğundan məhkəmə hesab edir ki, həmin pul məbləği əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

21. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinin məzmunundan göründüyü kimi, əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Qanunda nəzərdə tutulmamış əsaslarla varlanmış şəxsin qanundan əmələ gələn öhdəlikləri, müqavilə əsası olmadan varlanmış şəxsin isə müqavilə öhdəlikləri yaranır.

22. məhkəmə cavabdeh tərəfindən 7509,48 manat pul vəsaitinin iddiaçıdan öhdəlikdən kənar əldə etməklə əsassız varlanması müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia pulun ödənilməsi hissəsində təmin edilməlidir.

23. Məhkəmə iddia tələbinin borcun silinməsi hissəsində qeyd edir ki, həmin borc məbləği iddiaçı tərəfindən cavabdehə ödənilmişdir ki, ödənən borc artıq mövcud olmayan borc olduğundan iddia göstərilən hissədə təmin oluna bilməz.

24. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıdan 7509,48 manat tutulmuş pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

VI. Nəticə:

25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçındən 7509,48 manat tutulmuş pul cavabdeh "xxxx" Аçıq Səhmdаr Cəmiyyətindən alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar