Məhkəmə qərarları › İş №e-2-2(113)-4986/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4986/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4986/2021 27.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə2, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsinin Cavabdeh ASC-yə qarşı pulun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 978 manat məbləğində pul vəsaitinin Cavabdeh ASC-dən alınaraq iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Sahələrarası Nəqliyyat və X2 İdarəsi”nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsi ilə X6 İdarəsi arasında su təminatı ilə əlaqədar 30 oktyabr 2018-ci il tarixində ********* nömrəli müqavilə bağlanmış, 2019-cu ilin aprel ayında isə su sayğacı quraşdırılmışdır. Həmin tarixdən su sərfiyyatına ödəniş smart kart vasitəsilə həyata keçirilir. İdarənin su tələbatının təmin edilməsi məqsədilə 26 dekabr 2019-cu il tarixdə Cavabdeh ASC-yə 2000 manat pul ödənilmişdir. Lakin A**********5678 nömrəli su sayğacının smart kartının balansına bu məbləğdən bir qismi, yəni 1022 manat yüklənmiş, 978 manat isə yüklənməmişdir. Bununla əlaqədar Cavabdeh ASC-yə müraciət edilmiş və 22 iyul 2020-ci il tarixli, 02/01-5(2)9303 nömrəli cavab məktubunda qarşı tərəfin əsaslandırması belə olmuşdur ki, Sahələrarası Nəqliyyat və X2 İdarəsi qeyri-yaşayış sahəsinə yerləşdiyi zaman əvvəlki mülkiyyətçinin borc öhdəlikləri ödənilmədiyi üçün həmin məbləğ onlardan tutulmuşdur. Bununla Cavabdeh ASC müqavilə üzrə müəyyən edilmiş və öz üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Hesab edirlər ki, Cavabdeh ASC-nin qeyd edilən formada məsələyə müasibəti qanunsuz və əsassız olduğundan “Sahələrarası Nəqliyyat və X2 İdarəsi”ndən tutulan 978 manat məbləğində vəsait geri qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi və iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi mübahisəli abonent kodu üzrə 31.10.2018-ci il tarixədək olan borcun Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinə aid olduğunu, 2018-ci ilin oktyabr ayının sonuna həmin idarənin 1.117 manat borc məbləğinin qaldığını, həmin tarixədək iddiaçı ilə müqavilənin olmadığını, lakin "X3"nın 8.4-cü bəndinə əsasən əvvəlki abonentin borcunun yeni abonentə, yəni iddiaçıya ötürüldüyünü bildirmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsi ilə Sahələrarası Nəqliyyat və X2 İdarəsi arasında bağlanmış su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 31.08.2018-ci il tarixli, 19356135 saylı müqavilədən görünür ki, həmin müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 saylı dövlət standartının tələblərinə uyğun, məişət içməli və istehsalat məqsədi ilə suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüququ və öhdəliklərini müəyyən edir. Həmin müqavilənin 6.1 və 6.2-ci bəndlərinə əsasən müqavilə müvafiq olaraq 30.10.2018-ci il tarixdə qüvvəyə minir və 31.12.2023-cü il tarixədək qüvvədədir. - Cavabdeh ASC-nin X4 İdarəsi (icraçı) ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsi (sifarişçi) arasında bağlanmış 31.10.2018-ci il tarixli, S-2660/18 saylı müqavilədən görünür ki, icraçı sifarişçinin sifarişinə əsasən razılaşdırılmış yerdə və texniki şərtə və layihəyə uyğun qaydada və ərazidə sayğac quraşdırır, sifarişçi isə sayğacın və göstərilən xidmətin dəyərini ödəməyi öz öhdəsinə götürür. Sayğacın və göstərilən xidmətlərin dəyəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində - “Alqı-satqı predmetinin siyahısının və qiymətinin razılaşdırılmasına dair Protokol”da (209,52 manat) öz əksini tapır. - Cavabdeh ASC tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış 22 iyul 2020-ci il tarixli, 02/01-5/2/9303 saylı müraciətə baxılması haqqında məktubundan görünür ki, su təchizatı və kanalizasiya xidmətlərindən istifadə ilə əlaqədar müraciətə baxılmış və bildirilmişdir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş X3nın 8.4-cü bəndinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Sözügedən qeyri-yaşayış sahəsinin balansda olan debitor və kreditor borcları araşdırılmalı, müvafiq öhdəliklərin icrası təmin olunmalı idi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsi qeyri-yaşayış sahəsində yerləşən zaman debitor və kreditor borc öhdəlikləri araşdırılmamış və əvvəlki dövrdə dəyəri ödənilməyən 977,32 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Sahələrarası Nəqliyyat və X2 İdarəsi tərəfindən ödənilən 2000 manat məbləğində vəsaitdən ödənilməmiş 977,32 manat borc məbləği silinmiş və qalan məbləğ müəssisənin elektron smart kart tipli su sayğacının kartının balansına yüklənmişdir. - 26.12.2019-cu il tarixli 833 və 834 saylı ödəniş tapşırıqları ilə təsdiq edilir ki, Sahələrarası Nəqliyyat və X2 İdarəsi tərəfindən 20.12.2019-cu il tarixli 194124 nömrəli elektron qaiməyə görə Cavabdeh ASC-yə müvafiq olaraq 1694,92 manat və 305,08 (ƏDV) manat məbləğində pul vəsaiti ödənilmişdir. - 130257 kodu üzrə abonent haqqında məlumata əsasən müəyyən edilir ki, həmin kod üzrə əvvəlki abonent VÖEN-i ********** olan Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzi olmuşdur. 2015-ci ilin 01 yanvar tarixinə Cavabdeh ASC tərəfindən abonent Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinə sudan və kanalizasiya sistemindən istifadəyə görə 602,32 manat borc hesablanmışdır. - 130257 kodu üzrə abonent (hazırda abonent kodu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsinin adınadır) haqqında məlumata əsasən müəyyən edilir ki, Cavabdeh ASC tərəfindən sudan və kanalizasiya sistemindən istifadəyə görə borcu 2017-ci iln əvvəlinə 602,33 manat, 2018-ci ilin əvvəlinə 602,32 manat, 2018-ci ilin fevral ayının sonuna 658,32 manat, mart ayının sonuna 725,32 manat, aprel ayının sonuna 70,32 manat, may ayının sonuna 815,32 manat, iyun ayının sonuna 920,32 manat, iyul ayının sonuna 945,32 manat, sentyabr ayının sonuna 1039,32 manat, oktyabr ayının sonuna 1117,32 manat, noyabr ayının sonuna 1166,32 manat, dekabr ayının sonuna 1117,32 manat, 2019-cu ilin yanvar ayının sonuna 1184,32 manat, fevral ayının sonuna 1249,32 manat, mart ayının sonuna 1117,32 manat, aprel ayının sonuna 1117,32 manat, may ayının sonuna 1117,32 manat, iyun ayının sonuna 977,32 manat, avqust ayının sonuna 977,32 manat borcu olmuş, 2019-cu ilin dekabr ayının sonuna isə 2000 manat ödəniş edildikdən sonra abonentin 1022,68 manat məbləğində artıq ödəməsi olmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsi Cavabdeh ASC ilə aralarında bağlanmış su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 31.08.2018-ci il tarixli, 19356135 saylı müqaviləyə (müqavilə 30.10.2018-ci il tarixdə qüvvəyə minmişdir) əsasən 30.10.2018-ci il tarixdən Cavabdeh ASC-nin göstərdiyi su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edir. 31.10.2018-ci il tarixdə abonentin istifadəsində olan qeyri-yaşayış sahəsində su sərfiyyatını ölçmək üçün smart-kart tipli sayğac quraşdırılmışdır. İddiaçının abonent kodu 130257-dir. 2019-cu ilin dekabrında iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsi tərəfindən elektron smart karta 2000 manat məbləğində pul yüklənilmiş, həmin pulun 978 manat hissəsi cavabdeh tərəfindən abonent kodu üzrə əvvəlki borclara silinmiş, 1022 hissəsi isə artıq ödəmə kimi iddiaçının hesabına yüklənilmişdir. Hazırda iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsi Cavabdeh ASC tərəfindən smartda yüklənmiş məbləğdən silinmiş 978 manat məbləğində borcun əvvəlki abonentin borcu olmasını, ona aidiyyətinin olmamasını əsas göstərərək həmin məbləğin qaytarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091 və 1092-ci maddələri təşkil edir. Mülki Məcəllənin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Məhkəmə ilk növbədə iddiaçı tərəfindən 2019-cu ilin dekabr ayında edilmiş ödəniş hesabına silinmiş borcun iddiaçıya və ya eyni abonent kodu üzrə əvvəlki abonentə aid olmasının araşdırılmasını zəruri hesab edir. Göstərilən halla bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsinə aid abonent kodu (130257) əvvəllər digər hüquqi şəxsin - Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin adına olmuş və yeni abonentlə (iddiaçı ilə) bağlanmış su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə dair müqavilənin qanuni qüvvəyə minməsi tarixinə, yəni 30.10.2018-ci il tarixə həmin abonentin Cavabdeh ASC-yə 1117,32 manat borcu mövcud olmuşdur. 2019-cu ilin dekabr ayına, yəni iddiaçının 2000 manat məbləğində ödəniş etdiyi tarixə həmin borcun 977,32 manat hissəsi ödənilməmiş qalmışdır. Digər tərəfdən Cavabdeh ASC tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış 22 iyul 2020-ci il tarixli, 02/01-5/2/9303 saylı müraciətə baxılması haqqında məktubundan və Azərsu” ASC-nin nümayəndəsinin hazırlıq iclasında təqdim edilmiş sübutlarla bağlı verdiyi izahatdan da göründüyü kimi Cavabdeh ASC də iddiaçı tərəfdən smart karta yüklənilmiş pulun 977,32 manat hissəsinin əvvəlki abonentin dövründə yaranmış borca çıxılması faktını inkar etməmişdir. Odur ki, işin yuxarıda göstərilən halları ilə iddiaçının 2019-cu ilin dekabrında elektron smart karta yüklədiyi 2000 manat məbləğində pulun 977,32 manat hissəsinin eyni kod üzrə əvvəlki abonent Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin borcuna silinməsi öz təsdiqini tapır. Cavabdeh ASC tərəfindən belə bir silinmənin həyata keçirməsi üçün hüquqi əsasının olub-olmaması məsələsinə gəldikdə məhkəmə əvvəla qeyd edir ki, əvvəlki abonent Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin və indiki abonent (iddiaçı) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsinin VÖEN-ləri fərqlidir, eyni zamanda iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsinin əvvəlki abonentin hüquqi varisi olması da iş materiallarına əsasən müəyyən edilmir. Digər tərəfdən “X3”nın 8.4-cü bəndinə əsasən istehlakçı dəyişilərkən əvvəlki istehlakçı borcunun olmaması barədə arayışı yeni istehlakçıya təqdim etməli olması, hazırkı halda iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsi belə bir arayışı almadığından isə əvvəlki abonentin öhdəliklərinin ona ötürülməsi ilə bağlı cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla cavabdehin istinad etdiyi “X3”nın 8.4-cü bəndində yeni istehlakçıya borcun olmaması barədə arayışının təqdim edilməsi vəzifəsi əvvəlki istehlakçının üzərinə qoyulmuşdur. Eyni zamanda həmin bənddə və ümumiyyətlə sözügedən qaydalarda belə bir arayış təqdim edilmədiyi təqdirdə əvvəlki istehlakçının öhdəliklərinin yeni istehlakçıya keçməsi ilə bağlı hər hansı müddəa yer almamışdır. Bununla yanaşı mülki hüquqda öhdəliyinin digər şəxsə verilməsi qaydası Mülki Məcəllənin 522-ci maddəsi ilə müəyyən edilir. Həmin maddəyə görə kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Hazırkı halda əvvəlki abonentin cavabdeh qarşısında olan öhdəliklərinin iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsinə verilməsinə dair müqavilənin bağlanması da iş materiallarına əsasən öz təsdiqini tapmır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh ASC tərəfindən iddiaçıdan 978 manat məbləğində pulun tutulması üçün hüquqi əsasın mövcudluğu müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, cavabdeh 978 manat məbləğində pulu iddiaçının hesabından silməklə əsassız varlanmışdır. Odur ki, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsi cavabdehdən əsassız varlanma obyekti olan həmin vəsaitinin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 40 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunu də ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC-dən 978 (doqquz yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsinə ödənilsin. Məhkəmə xərclərinin əvəzi olaraq 40 (qırx) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar