Məhkəmə qərarları › İş №e-2-2(113)-514/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-514/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-514/2021 22.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Bağırov Bəhruz Mirhəsən oğlunun katibliyi ilə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2020-ci il tarixində tərtib edilmiş NDQ seriyalı 008082 saylı akta əsasən hesablanmış 19.813,23 manat borcun (hesabatın) qanunsuz hesab edilməklə silinməsi, iddiaçıya verilən elektrik enerjisinin qanunsuz kəsilməsi nəticəsində xx xxxxxxx 2020-ci il tarixindən etibarən elektrik enrjisinin bərpa ediləcəyi günə qədər hər gün üçün orta hesabla 15.000 manat məbləğində maddi zərərin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı xx.xx.2020-ci il tarixində tərtib edilmiş NDQ seriyalı 008082 saylı akta əsasən hesablanmış 19.813,23 manat borcun (hesabatın) qanunsuz hesab edilməklə silinməsi, iddiaçıya verilən elektrik enerjisinin qanunsuz kəsilməsi nəticəsində xx xxxxxxx 2020-ci il tarixindən etibarən elektrik enrjisinin bərpa ediləcəyi günə qədər hər gün üçün orta hesabla 15.000 manat məbləğində maddi zərərin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı polimer tərkibli məhsulların istehsalı və satışı ilə məşğul olan, yüzlərcə vətəndaşı iş yeri ilə təmin edən, hər il dövlət büdcəsinə yüz minlərlə manat vergi və digər büdcə ödənişləri ödəyən qeyri-neft sektoruna aid şirkətdir. Siyəzən rayonu ərazisində yerləşən yeganə istehsalat müəssisəsi olan şirkət fəaliyyəti ilə rayonun sosial iqtisadi inkişafına, işsizliyin azaldılmasına birbaşa müsbət töhfəsini verdiyi şübhəsizdir. Ancaq, bəzən müxtəlif inzibati orqanlar tərəfindən şirkətin fəaliyyətinə qanunsuz müdaxilələr edilməkdə, maneələr yaradılmaqdadır. Belə ki, cavabdeh tərəfindən heç bir əsas olmadan şirkət barəsində xeyli miqdarda borc hesablanmışdır. Həmin borc əsassız olmasına dair xx xxxxxxx 2020-ci il tarixli, 72 saylı şikayət ərizəsi ilə cavabdehə, həmçinin xx xxxxxx 2020-ci il tarixli pretenziya məktubu ünvanlansa da müraciətlərə heç bir rəsmi cavab gəlməmiş, problem müsbət həllini tapmamışdır. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh xx xxxxxxx 2020-ci il tarixli 310 saylı məktubunda qeyd edilmişdir ki, cavabdehin Nəzarət Departamentinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixində tərtib edilmiş NDQ seriyalı 008082 saylı akta əsasən 19.813,23 manat hesabat verilmişdir. Şirkətin elektrik enerjisindən istifadəyə görə xx.xx.2020-ci il tarixinə ümumi borcu 24.517,91 manat, bu borcun 4.704,68 manatlıq qismi debitor borc təşkil edir. Debitor borc artıq ödənilmişdir. xx.xx.2020-ci il tarixli NDQ seriyalı 008082 saylı aktda qeyd edilmişdir ki, “baxış zamanı məlum oldu ki, sayğac sərf olunan elektrik enerjisini qeyd etmir. Sayğacın elektron tablosu sönüb, sayğac işləmir”. Hər nə qədər aktda şirkətin əməkdaşı İsmayılov Təbrizin imzası olsa da, aktda qeyd edilən hallarla bağlı baxış keçirilərkən Təbriz İsmayılov orada olmamışdır. Belə ki, Təbriz İsmayılov aktı təhvil alması məqsədi ilə imza çəkmiş, aktda göstərilən halları təsdiqləmək niyyəti olmamışdır. Bununla bağlı xx xxxxxxx 2020-ci il tarixində şirkətin 2 nəfər əməkdaşı, həmçinin Təbriz İsmayılov da cavabdehin aktların uçotu və icrasına nəzarət şöbəsinin rəisinin qəbulunda olmuş, imza atılmasının əsl səbəbi və aktın əsassızlığı ilə bağlı vəzifəli şəxsə məlumat verilmişdir. Hətta həmin aktda qeyd edilən halların düzgün olması ehtimalında belə həmin hallara görə şirkət heç bir məsuliyyət daşıya bilməz. Belə ki, elektrik transformatoru şirkətin ərazisindən kənardadır və elektrik sərfiyatını ölçən sayğac da transformatorun içərisindədir. Tranformatora nəzarət isə birbaşa cavabdehin məsuliyyətindədir. Belə olan halda şirkətin ərazisində yerləşməyən cavabdehin nəzarətində olan bir transformator və sayğacla bağlı yarana biləcək hər hansı bir nasazlığa görə şirkətin məsuliyyət daşıması əsassızdır. Həmçinin sayğacda nasazlıq olduğunu bildirən əməkdaşlar xx xxxxxxx 2020-ci il tarixində sayğacı çıxarmış yerinə isə yenisi qoymuşdurlar. Daha sonra isə xx xxxxxxx 2020-ci il tarixində saat 10-11 radələrində mütləq şirkətin əməkdaşının iştirakı ilə cavabdehdə sayğacın açılacağı və gərginliyin olubolmaması, sayğacın sərfiyatı ölçüb-ölçmədiyinin müəyyənləşdiriləcəyi bildirilmişdir. Sonra isə 17 oktyabr tarixində şirkətin əməkdaşı cavabdehin əməkdaşları ilə mobil telefon vasitəsi ilə əlaqə saxladığı zaman sayğacın bir neçə gün sonra Bakı şəhərində açılacağı və açılma tarixi ilə bağlı iddiaçıya məlumat veriləcəyi bildirilmişdir. Lakin sayğac şirkətin əməkdaşının iştirakı olmadan açılmış və xx xxxxxxx 2020-ci il tarixli, 199284 saylı sayğacların və cərəyan transformatorlarının yoxlanılmasına dair qanunsuz prokotol (akt 008082) tərtib edilmişdir. Həmin prokotol (akt 008082) çox ciddi qanun pozuntuları ilə müşayiət edilərək tərtib edilmişdir. Belə ki, qeyd edildiyi kimi xx xxxxxxx 2020-ci il tarixində əvvəlki elektron sayğac cavabdehin Nəzarət Departamentinin əməkdaşları tərəfindən sökülərək çıxarılmışdır. Həmin proses aktlaşdırılmamış, iddiaçıya bu barədə rəsmi məlumat verilməmişdir. Daha sonra isə sayğaca mütləq şəkildə iddiaçının əməkdaşlarının iştirakı ilə baxış keçiriləcəyi bildirilsə də, əməkdaşlarının iştirakı təmin edilməmiş, müəmmalı şəkildə baxış keçirilməsi prosesi iddiaçıdan gizlədilmişdir. Elektron sayğacların göstərmə paneli enerji axımını göstərməsə belə gərginliyin axdığını qeydə ala bilir. İndiki halda isə iddiaçının iştirakı olmadan baxışın keçirilməsi birmənalı şəkildə ciddi şübhə yaradan haldır. Əslində isə qanunsuz fəaliyyət zamanı Cinayət Məcəlləsinin bir çox maddəsi üzrə cinayət əməli törədilmişdir. Həmçinin surəti əlavə olununmuş xx xxxxxxx 2020-ci il tarixli aktda imza çəkməli olan 5 nəfər komissiya üzvündən sadəcə 2 nəfər imza çəkmiş, digər 3 nəfər, habelə komissiyanın sədri olan T.Nəsirov adlı şəxs imza çəkməmişdir. Eyni zamanda aktda qeyd edilmişdir ki, xx.xx.2020-xx.xx.2020; və xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində 3 faza gərginlik kəsilmələri aşkar olundu. xx.xx.2020-xx.xx.2020 tarixlərində şirkətin elektrik enerjisi məhz elə cavabdeh tərəfindən kəsilmişdir. Belə ki, ərizəyə əlavə edilmiş cavabdeh tərəfindən göndərilmiş EBAİ seriyalı 918850 saylı xx.xx.2020-ci il tarixli elektron qaimədən göründüyü kimi həmin tarixə şirkətin elektrik enerjisi istehlakına görə 8.229,05 + 1.481,23 (ƏDV) cəmi 9710,28 borcu yaranmışdır. Həmin dövrdə maddi sıxıntı olduğu üçün borcun ödənilməsi gecikmiş və 10 gün sonra xx xxxxx 2020-ci il tarixində şirkətə verilən elektrik enerjisinin axımı dayandırılmışdır. Daha sonra ərizəyə əlavə edilmiş xx xxx 2020-ci il tarixli ödəmə tapşırığından da göründüyü kimi şirkət tərəfindən 8.000 manat elektrik enerjisi istehlak borcu və əlavə olaraq 1.440 manat ƏDV ödənilmişdir. Bundan dərhal sonra xx xxx 2020-ci il tarixində şirkətə verilən elektrik enerjisinin axımı bərpa edilmişdir. Göründüyü kimi xx.xx.2020-xx.xx.2020-ci il tarixində şirkətə verilən elektrik enerjisi axımı məhz elə cavabdeh tərəfindən kəsilməsinə baxmayaraq həmin dövrə dair guya ki, elektrik gərginliyinin olması, guya ki, elektrik axımının davam etməsinin iddia edilməsi açıqca Cinayət Məcəlləsinin 309.1-ci, “vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda” və həmin Məcəllənin 313-cü “vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə” maddələri üzrə cinayət əməlinin törədilməsinə birbaşa dəlildir. Habelə, xx.xx.2020-xx.xx.2020-ci il tarixində isə şirkətdəki dəzgahların bəzilərində nasazlıq yarandığı üçün istehsalat tam gücü ilə işləməmiş, çox az məhsul istehsal edilmiş, beləliklə də az miqdarda elektrik enerjisi sərf edilmişdir. Bugünki günlərdə belə sifarişlərin sayının azalması səbəb ilə istehsalat müəssisəsi tam gücü ilə işləmir. Dolayısıyla da şirkət tərəfindən təbii olaraq bəzən elektrik enerjisində çox miqdarda bəzən isə az miqdada istifadə ediləcəkdir. Buna baxmayaraq heç bir əsas və dəlil olmadan şirkəti tərəfindən elektrik enerjisinə ehtiyac duyulmadığı bir dövrdə də yüksək miqdarda elektrik enerjisi istehlakı hesablanılması açıqca özbaşınalıqdır. Hətta cavabdehin Nəzarət Departamentinin əməkdaşlarının iddiaları düz olsa belə yenə də həmin dövrə dair 19.813,23 manat borcun (hesabatın) hesablanılması mümkünsüzdür. Müstəqil mütəxəssis də dəvət edilərək yenidən hesablama həyata keçirilə bilər. Göründüyü kimi əməkdaşlar tərəfindən məqsədli şəkildə qanunsuzluq edilmiş, qəsdən bilə-bilə səhv hesablamalar aparılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410- İVQ nömrəli Qanununun müddəalarına və həmçinin həmin Qanunun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının tələblərinə əsasən təbii inhisarçı olması səbəbi ilə cavabdeh inzibati orqan funksiyası həyata keçirdiyi üçün sahibkarlıq sahəsində yoxlamalar həyata keçirə bilməz. Göründüyü kimi cavabdehin əməkdaşları tərəfindən həyata keçirilmiş bu fəaliyyət və hesablanmış borc (hesabat) tamamilə qanunsuz və əsassızdır. Bütün bu qeyd edilənlərlə yanaşı cavabdehin əməkdaşları tərəfindən xx xxxxxxx 2020-ci il tarixində şirkətə verilən elektrik enerjisi dayandırılmışdır. İndiki halda elektrik enerjisi kəsildiyi üçün istehsalat tamamilə dayanmışdır. Şirkətin 2019cu ilin sentyabr ayı üzrə dövriyyəsi - istehalat 404.038,42 manat, satış 367.307,66 manat, oktyabr ayı üzrə dövriyyəsi - istehsalat 1.945.236,00 manat, satış 1.693.505,32 manat, noyabr ayı üzrə dövriyyəsi - istehsalat 785.651,92 manat, satış 632.985,98 manat olmuşdur. Göründüyü kimi 1 gün belə elektrik enerjisinin kəsilməsi şirkət üçün külli miqdarda zərərin yaranması deməkdir. İddiaçının nümayəndəsi Nümayəndə əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddianın iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, cavabdehin əməkdaşları tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə iddiaçıya məxsus istehsalat sahəsinə baxış keçirilmişdir. Baxış zamanı sayğacın tablosunun sönük olması müəyyən edilmişdir. Sayğac demontaj olunaraq yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyada yoxlama zamanı müəyyən edilmişdir ki, xx.xx.2020xx.xx.2020; və xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində 3 faza gərginlik kəsilmələri olmuş, gərginliyi qeyd etməmişdir. Akt əsasında 39 gün üçün hesablaşma aparılaraq cavabdehə dəymiş ziyan hesablanmışdır. Cavabdeh tərəfindən hesablanmış borc iddiaçının istifadə etdiyi elektrik enejisi sərfiyyatıdır. Baxış zamanı iddiaçının nümayəndəsi baxışda iştirak etmiş, lakin laboratoriyada yoxlama zamanı dəvət olunmalarına baxmayaraq iştirak etməmişlər. Yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır, ona görə ki, cavabdeh tərəfindən yoxlama öz avadanlığının işləyib-işləməməsi yoxlanılmış, iddiaçının fəaliyyətinə qarışılmamışdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2020-ci il tarixli NDQ seriyalı 008082 saylı Aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən istehsalat sahəsinə baxış keçirilmiş və baxış zamanı sayğacın sərf olunan elektrik enerjisini qeyd etməməsi aşkar edilmişdir. xx xxxxxxx 2020-ci il tarixli İcra vərəqinin surətindən görünür ki, iddiaçı tərəfindən NDQ seriyalı 008082 saylı Akta əsasən cavabdehə dəymiş ziyan 220147 kvts, 19813,23 manat müəyyən edilmişdir. Abunə haqqınının surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya NDQ seriyalı 008082 saylı akta əsasən 19813,23 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd apanlır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən istehsalat sahəsinə baxış keçirilmiş və baxış zamanı sayğacın sərf olunan elektrik enerjisini qeyd etməməsi aşkar olunaraq xx.xx.2020-ci il tarixli NDQ seriyalı 008082 saylı akt tərtib edilmişdir. Nəticədə cavabdeh tərəfindən iddiaçıya 008082 saylı akta əsasən 19813,23 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan əlavə, cavabdeh tərəfindən tərtib edilmiş aktda sayğacda olan nöqsanlar qeyd edilmişdir. Həmin nöqsanların məhz iddiaçının təqsirindən baş verməsi ilə bağlı hər hansı bir qeyd edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə iddia tələbinin maddi zərərlə bağlı hissəsinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, müəssisənin fəaliyyətinin dayanmasını məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, maddi zərərlə bağlı iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2020-ci il tarixində tərtib edilmiş NDQ seriyalı 008082 saylı akta əsasən hesablanmış 19.813,23 manat borc qanunsuz hesab edilməklə silinməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı qismən təmin edildiyindən və iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənildiyindən həmin məbləğin 15 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 15 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı barəsində xx.xx.2020-ci il tarixində tərtib edilmiş NDQ seriyalı 008082 saylı akta əsasən hesablanmış 19.813,23 manat borc qanunsuz hesab edilməklə silinsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat məbləği Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin, qalan 15 manat məbləği İddiaçınə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar