Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5174/2025 23.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: üzləşmə aktının hüquqi statusu, istehlak edilmiş qazın dəyərinin ödənilməsi, subyektiv hüquq, estoppel prinsipi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İlkin iddia üzrə İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr (sonuncu ərizə xx.xx.2025-ci il tarixli olmaqla) ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus **********00072 nömrəli abonent hesabından 33513,72 manat məbləğində borcun silinməsi və ödənilmiş 190,60 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçıya məxsus Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində yerləşən istixanaya X5 İstismar İdarəsi tərəfindən 30 dekabr 2022-ci il tarixində 3637,26 manat “uçotu pozulmuş qaz sərfinin bərpası”, 31 yanvar 2023-cü il tarixində 12375 manat “əllə daxil edilən qaz sərfi”, 28 fevral 2023-cü il tarixində 14025 manat “sayğacsız”, 31 mart 2023-cü il tarixində 3476,46 manat “sayğacsız” adı ilə ümumilikdə 33513,72 manat dəyərində qanunsuz, sayğac göstəricisindən kənar əlavə məbləğlər hesablanmışdır. Qeyd edilənlər yalnız abonentin saldosundan görünür və heç bir sənəd təqdim edilməsi mümkün deyildir. xx.xx.2022-cü il tarixində “uçotu pozulmuş qaz sərfinin bərpası” adı ilə 3637,26 manat əsassız hesabat aparılmışdır. Hansı sayğacla və hansı tarixlərdə qazın uçotunun pozulduğunu sübut edən hər hansı bir rəy və ya digər sənəd, hesabatın hansı qaydalara əsasən aparıldığı barədə sənəd təqdim olunmamışdır. 2.2. 31.01.2023-cü il tarixində “əl ilə daxilə edilən qaz sərfi” adı ilə 12375 manat hesabat aparılmışdır. İstixanada faktiki olaraq qaz sayğacı vasitəsilə qazdan istifadə edildiyi halda, hesabatın nəyə, hansı qüsura əsasən aparıldığı barədə sənəd təqdim olunmamışdır. “Əl ilə daxilə edilən qaz sərfi”ni təsdiq edən rəsmi sənəd təqdim olunmamışdır. Hesabatın aparılma qaydası, bu barədə tərtib olunan sənəd və həmin sənədin iddiaçının iştirakı ilə tərtib olunduğunu sübut edən sənəd təqdim olunmamışdır. xx.xx.2023-cü il tarixində 14025 manat və xx.xx.2023-cü il tarixində 3476,46 manat dəyərində “sayğacsız” adı ilə hesabat aparılmışdır. Həmin vaxt istixanada qaz sayğacı vasitəsilə təbii qazdan istifadə olunmuşdur. Bunu təqdim edilən istehlakçının saldosundan da açıq-aşkar görmək olar. Belə ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək istixanada “Elster G-160” tipli, 75018714 nömrəli qaz sayğacı vasitəsilə, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək isə “Elster G-160” tipli, 75111463 nömrəli qaz sayğacı vasitəsilə qazdan istifadə olunmuş, hər ay sayğac vasitəsilə hesabat aparılmışdır. Necə olur ki, iki ay ard-arda qaz sayğacı vasitəsilə obyektə qaz hesablandığı və bu hesabatda öz əksini tapdığı halda, iki ay ard-arda “sayğacsız” adı ilə hesabat aparılır? Bununla bağlı cavabdeh heç bir açıqlama və rəsmi sənəd təqdim edə biməmişdir. Əgər qeyd olunan müddətdə sayğacsız qazdan istifadə olunubsa, bu halda xx.xx.2023-cü il tarixində quraşdırılan sayğacın quraşdırılma və çıxarılma aktlarında çıxarılan sayğac qeyd olunsa da, quraşdırılan sayğacın yeri boş qalmalı, qazın dəmir ötürücü vasitəsilə qoşulduğu qeyd olunmalı idi. Elə isə qeyd olunan sayğacların quraşdırılma və çıxarılma aktları təqdim olunmalıdır. Bununla bağlı heç bir sənəd yoxdur. 2.3. Qaz sayğaclarının yoxlamaya göndərilməsi, yoxlamanın rəyi təqdim olunmamışdır. “Sayğacsız” adı ilə hesablanan qaz həcminin hansı norma və qaydalara əsasən aparıldığı barədə sənəd təqdim olunmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 3.2, 3.2.3-cü maddələri, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanla təsdiq edilmiş Əsasnamənin 1.4, 1.5, 5.2-ci bəndləri, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinin tələblərinə zidd olaraq “sayğac dövlət yoxlamasına getdi”, “sayğac dövlət yoxlamasındadır”, “əl ilə daxil edilən qaz sərfi”, “uçotu pozulmuş qaz sərfinin bərpası” adı ilə vurulan bütün əlavə qaz sərfləri qanunsuzdur. Bütün hallarda qaz sayğacı qaz xəttinin üzərində olub, obyekt sayğacsız fəaliyyət göstərməyib. Bu, abonent saldosundan açıqaşkar görünür. Həmin hesabatlar aparılanda sayğac yoxlamada olubsa, “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” aktları təqdim olunmalıdır. Laakin hər hansı akt təqdim edilməmişdir. Akt olduğu halda, sayğac çıxarılanda yerinə başqa sayğac bağlandığı və ya qaz sərfinin hansı qaydada hesablanmalı olduğu qeyd olunmalı və hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmalıdır. Qaz sayğacının sərfiyyatından əlavə aparılmış bütün hesabatların hansı rəyə əsasən aparıldığını təsdiq edən sənədlər mövcud deyildir. 2.4. İstismarda olan qaz sayğacı qaz xətti üzərindən çıxarılmadan, aylar üzrə qaz sayğacı vasitəsilə hesabat getdiyi halda, “sayğac dövlət yoxlamasına getdi”, “sayğac dövlət yoxlamasındadır”, “əl ilə daxil edilən qaz sərfi” və ya sayğac yerində test edilmədən “uçotu pozulmuş qaz sərfinin bərpası” adı ilə hesabatlar həqiqətə uyğun deyil. “Sayğac dövlət yoxlamasındadır” adı ilə hesabatın aparılması obyektin qaz xətti üzərində qaz sayğacının olmaması, obyektin sayğacsız fəaliyyət göstərməsi deməkdir. Bu halda, həmin hesabatlar aparılan müddətdə sayğacın dövlət yoxlamasında və ya təmirdə olduğu barədə cavabdeh tərəfindən rəsmi sənədlər təqdim olunmalıdır. Əgər sayğac çıxarılmışdırsa, bu mütləq şəkildə sənədləşdirilməli, sayğacın götürülməsi və yoxlamadan sonra quraşdırılması üçün müvafiq akt tərtib edilərək imzalanmalı və nümayəndənin iştirakı təmin edilməli idi. 2.5. Həmçinin hesabatlar aparılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.5-ci, 6.5-ci, 5.4-cü və 5.5-ci bəndinin tələbləri pozulmuşdur. Birincisi, tələb edilən borcların əsaslılığını həmin dövrdə qaz sayğacının işləməməsi və sayğacın işləmədiyi dövr üçün normativ hesabatın aparılması təşkil etsə də, həmin halları təsdiq edən mötəbər sübutlar, o cümlədən borcun hesablanması üçün əsas olmuş aktlar, eləcə də normativ hesabatlar yoxdur. İkincisi, cavabdeh tərəfindən qaz sayğacındakı xətanın normaya uyğun olmamasının müəyyən edilməsi qeyd edilsə də, həmin akt birtərəfli sənəd olmaqla sayğacda, həqiqətən də, xətanın mövcud olması faktının müəyyən edilməsi üçün kifayət etmir. Digər tərəfdən, cavabdehin nümayəndəsi əks olunan uçotu pozulmuş sərfin hesablanma qaydasını izah etməli, hesablanma qaydasını müəyyən edən normativ sənədləri, eləcə də sözügedən hesablanma qaydasına aydınlıq gətirən digər mötəbər sübutları məhkəməyə təqdim etməlidir.
3. İlkin iddia ərizəsində iddianın hüquqi əsası kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 31.2, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.4, 5.2-ci və s. maddələri, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 3.5, 6.5-ci və s. bəndləri qeyd olunmuşdur.
4. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, 33509,20 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 5.1. Cavabdeh İB ilə İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Cavabdeh İB üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, cavabdeh həmin müqavilənin şərtlərini pozaraq istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və Cavabdeh İB-yə xx.xx.2024-cü il tarixə **********00072 saylı kod üzrə 50749,20 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb istixanada istifadə olunmuş təbii qazın dəyərinin tam ödənilməməsi olmuşdur. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin istixanada təbii qazdan istifadəyə görə xx.xx.2024cü il tarixə borcu olmamışdır. Cavabdeh 2024-cü ilin oktyabr ayından dekabr ayınadək ümumilikdə qaz sayğacı vasitəsilə 44018,26 manat qazdan istifadə etmiş, 3865,50 manat ödəniş edilmiş, xx.xx.2025-ci il tarixə 50043,81 manat borcu yaranmışdır. 5.2. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 53423,49 manat məbləğində təbii qazdan istifadə etmiş, 42826,45 manat məbləğində ödəniş edilmiş, xx.xx.2025-ci il tarixə 50749,20 manat borcu qalmışdır. Cavabdeh İB tərəfindən cavabdehə borcun ödənilməsi barədə hər ay hesab-faktura təqdim olunmasına, xəbərdarlıq edilməsinə baxmayaraq, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.4cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın, qaz sayğacının göstəricisinə əsasən tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Müqavilənin 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir.
6. Qarşılıqlı iddia ərizəsində iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 442, 443.1-ci və s. maddələri qeyd olunmuşdur
II. Tərəflərin mövqeləri:
7. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək ilkin iddia ərizəsinin məzmununa uyğun izahatlar verdi və eyni zamanda göstərdi ki, ilkin iddia üzrə iddiaçı cavabdeh tərəfindən hər ay verilən bildirişdə göstərilən məbləğləri ödəmiş, həmin borcun akt əsasında hesablanmasından məlumatlı olmamışdır.
8. Məhkəmənin suallarına cavab olaraq ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili bildirdi ki, ilkin iddia üzrə iddiaçı Azərbaycan Respublikasında olmamış, cavabdehlə müqavilələri onun adından səlahiyyət verilmiş şəxslər imzalamış, istixananın idarəçiliyini üçüncü şəxslər həyata keçirmişdir.
9. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndələri X2 və X1 məhkəmə iclaslarında iştirak edərək qarşılıq iddianın məzmuna uyğun izahat verdilər və ilkin iddiaya etiraz edərək bildirdilər ki, mübahisələndirilən dövr 2022-ci ilin sonu 2023-cü ilin əvvəlidir. İlkin iddiaçının nümayəndəsinin iştirakı ilə sayğac çıxarılmış, dəymiş ziyanın hesablanması ilə bağlı sonuncu tam məlumatlı olmuşdur. Hesabatlardan da görünür ki, 2023-cü ilin may ayında istifadə edilən qazın dəyəri ödənmişdir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən tələb üzrə iddia müddəti keçmişdir.
10. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq qeyd etmişdir ki: – ilkin iddiaçının mülkiyyətində olan qaz sayğacında nasazlıq olduğu üçün 2022-ci ilin dekabr ayında sayğacın arxiv məlumatına əsasən 3637,26 manat, 2023-cü ilin yanvar ayında 12375 manat, fevral ayında 14025 manat, mart ayında 3474,46 manat qaz sərfi hesablanaraq istehlakçının hesabına əlavə edilmişdir. İstehlakçının qaz sayğacında nasazlıqlar olması məhkəməyə təqdim edilən “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktlarla təsdiq olunur. İlkin iddiaçı qeyd olunan qaz sərfləri ilə bağlı tam məlumatlı olmuşdur. Belə ki, istehlakçının nümayəndəsi qaz sayğacının çıxarılmasında və quraşdırılmasında iştirak etmiş, bu barədə tərtib olunmuş aktlara imza etmişdir. Qeyd olunan borc məbləği 2023-cü ilin may ayında tam şəkildə ödənilmişdir. İstehlakçı 2023-cü ilin iyun ayından 2024-cü ilin may ayınadək qazdan istifadə etmiş, 2024-cü ilin may ayında qazın dəyərini tam ödəmiş və borcu qalmamışdır. İstehlakçı 2024cü ilin oktyabr ayından 2025-ci ilin may ayınadək 97441,75 manat qaz sərf etmiş, 46691,95 manat ödəniş etmiş, xx.xx.2025-ci il tarixə 50749,20 manat borcu qalmışdır. 2025-ci ilin oktyabr ayında 17240 manat ödəniş etmiş və xx.xx.2025-ci il tarixə 33509,20 manat borcu vardır. – Qeyd olunanlardan müəyyən olunur ki, ilkin iddiaçının sayğacın işləməməsindən məlumatı olmuş və 2022-ci ilin dekabr ayında sayğacın arxiv məlumatına əsasən hesablanmış 3637,26 manat, 2023-cü ilin yanvar ayında hesablanmış 12375 manat, fevral ayında hesablanmış 14025 manat, mart ayında hesablanmış 3474,46 manat məbləğində ödənişləri 2023-cü ilin may ayında tam olaraq Cavabdeh İB-nin hesabına ödəmişdir. Borc məbləğinin 2023-cü ilin may ayında, istixana mövsümünün başa çatmasından dərhal sonra ödənilməsi istehlakçının heç bir təzyiq, təsir olmadan ödəniş etməsini təsdiq edir. İddia ərizəsinin məzmunundan aydın olur ki, ilk iddia üzrə iddiaçının qənaətinə görə, Cavabdeh İB tərəfindən qanunsuz aktlar əsasında borc hesablanmış və ödətdirilməsinə nail olunaraq sonuncu əsassız varlanmışdır. İşin hallarından göründüyü kimi, ilkin iddiaçının hesabına heç bir əsassız borc yazılmamışdır. Sayğacda yaranmış nasazlıqlarla bağlı hesabat aparılmışdır. Aparılmış hesabatları sayğacla hesabat aparılan dövrlərlə müqayisə etdikdə heç bir fərq olmaması öz təsdiqini tapır. – Əgər hesab edilsə ki, Cavabdeh İB ilkin iddiaçının hesabına əsassız olaraq varlanmışdır, bu zaman iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İlkin iddiaçı akt əsasında yazılmış borclarla bağlı 2022-ci ilin dekabr ayında, 2023-cü ilin yanvar, fevral, mart aylarında məlumatlı olmuş, həmin aylarda ödənişlər etmiş və 2023-cü ilin mart ayında borcunu tam olaraq ödəmiş, bundan sonra da mütəmadi olaraq qazdan istifadə etmiş və 2025-ci ilin may ayınadək qanunsuz borc yazılması ilə bağlı heç bir rəsmi və şifahi müraciət etməmişdir.
III. Məhkəmə baxışının hədləri:
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İlkin və qarşılıqlı iddia tələbləri ilə bağlı
12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
14. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – Cavabdeh İB ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli və xx.xx.2024-cü il tarixli AMX-4942/24 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, Cavabdeh İB müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İddiaçı keyfiyyətli qazla təmin etməyi, İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Cavabdeh İB tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür; – xx.xx.2022-ci il tarixli 24004071 nömrəli akta əsasən “G-160” markalı 77038226 nömrəli qaz sayğacının dövlət yoxlamasından keçirilməsi zamanı sayğac göstəriciləri xətasının normalara uyğun olmadığı müəyyən edildiyindən 16533 kub metr, xx.xx.2023-cü il tarixli akta əsasən “G-160” markalı 75018714 nömrəli qaz sayğacı sərfiyyatı qeyd etmədiyi üçün fevral ayı üzrə 63750 kub metr əlavə sərfiyyat hesablanmışdır; – xx.xx.2023-cü il tarixli ******* nömrəli sayğaca yerində xidmət aktına əsasən “G- 160” markalı 75018714 nömrəli qaz sayğacına açılıb baxış keçirilərkən rotorların kipləşib işləmədiyi müəyyən edilmiş, müvəqqəti əvəzedici sayğac olmadığından sayğac yenidən yerinə quraşdırılmış, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” aktına əsasən “G-160” markalı 75111463 nömrəli qaz sayğacı müvəqqəti olaraq “G-160” markalı 75018714 nömrəli qaz sayğacının əvəzinə quraşdırılmış, abonent saldosuna əsasən xx.xx.2023-cü il tarixdə quraşdırılan “G- 160” markalı 77038226 nömrəli qaz sayğacı iddiaçının istifadəsindədir. – İddiaçı məxsus **********00072 nömrəli hesab üzrə abonentin saldosuna əsasən, Cavabdeh İB tərəfindən 2022-ci ilin dekabr ayı üçün 3637,26 manat, 2023-cü ilin yanvar ayı üçün 12375 manat, fevral ayı üçün 14025 manat, mart ayı üçün 3474,46 manat olmaqla aktlar əsasında ümumilikdə 33511,72 manat borc hesablanmış, İddiaçı 2022-ci ilin dekabr-2023-cü ilin fevral aylarında ayrı-ayrı tarixlərdə 21038 manat ödəniş etmiş, 2023-cü ilin may ayında isə həmin tarixə olan bütün borc məbləğini (39100 manat) birdəfəlik ödəmişdir. xx.xx.2025-ci il tarixə İddiaçı 35779,84 manat borcu mövcuddur; – Tərəflər arasında təsdiq edilmiş xx.xx.2023-cü il tarixə olan üzləşmə aktına əsasən 2023-cü ilin 01 yanvar tarixinə borc məbləği 17878,27 manat təşkil etmiş, 2023-cü ilin yanvar ayında 17650,6 manat, fevral ayında 16166,94 manat, mart ayında 5475,6 manat, may ayında 15 manat, iyun ayında 780,34 manat, oktyabr ayında 528,57 manat, noyabr ayında 5295,36 manat, dekabr ayında 14828,58 manat qəz sərfiyyatı hesablanmış, 2023cü ilin yanvar ayında 5300 manat, fevral ayında 12620 manat, may ayında 39260 manat, oktyabr ayında 780 manat, dekabr ayında 600 manat ödəniş edilmiş, xx.xx.2023-cü il tarixə cəmi qalıq borc 20059,26 manat təsdiq edilmişdir.
15. İlkin iddia üzrə iddiaçı dekabr 2022-mart 2023-cü il tarixləri üzrə hesablanaraq abonent saldosunun “qalıq və aktlar” bölməsinə daxil edilmiş 33513,72 manat məbləğində borcun qanunsuz hesablandığını bildirir və silinməsini xahiş edir.
16. Qarşılıqlı iddia üzrə iddiaçı 33509,20 manat məbləğində borcun tutulmasını xahiş edir.
17. Məhkəmə əvvəla ilkin iddiaya qiymət verilməsini zəruri hesab edir.
18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (zamana görə qüvvədə olan) 6-cı maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur.
20. Göründüyü kimi, qazın alqı-satqı qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilədə qaz paylayıcısı və istehlakçının vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər göstərilir.
21. Bu mənada tərəflər arasındakı müqavilə münasibətləri üzrə vaxtaşırı üzləşmə aktlarının hesablanması da istisna edilmir. Belə bir üzləşmə aktı xx.xx.2023-cü il tarixə olan borclarının müəyyən edilməsi məqsədilə aparılmış, mübahisəli dövrün sərfiyyatı da daxil olmaqla qeyd edilən tarixə hesablanan qaz sərfiyyatı və ödənişlər hər iki tərəfdən təsdiq edilmişdir.
22. İlkin iddiaçının nümayəndəsi/vəkili aktdakı imzanın iddiaçıya məxsus olmadığını bildirsə də, ilkin iddia üzrə iddiaçının cavabdehlə bağlanan hər iki müqaviləyə, sonuncu tərəfindən tərtib edilən aktlara imza etmədiyi, ilkin iddiaçının istixananın idarə edilməsini üçüncü şəxslərə həvalə etdiyi ilkin iddiaçının qəbul etdiyi haldır. Belə olan halda, abonent saldosuna əsasən, üzləşmə aktında göstərilən 31 dekabr 2023-cü il tarixə olan 20059,26 manat borcun 2024-cü ilin mart ayınadək ödənildiyi də nəzərə alındığında, qeyd edilən aktın mötəbərliyi şübhə doğurmur.
23. Başqa sözlə, ilkin iddiaçı üzləşmə aktı ilə təsdiq etdiyi borcun əsaslılığını hazırkı icraatda mübahisələndirmişdir ki, «Xəyal» kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının 08 yanvar 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 01 fevral 2005-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, “... tərəflər arasında tərtib olunmuş üzləşmə aktında da etiraf olunmuşdur. Belə olan halda aydındır ki, tərəflər arasındakı hüquq münasibətləri həmin andan təzələnmişdir”.
24. Digər tərəfdən, nəzərə alınmalıdır ki, mülki dövriyyə iştirakçıları mülki hüquq münasibətlərində vicdanla iştirak etməlidirlər.
25. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
26. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
27. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.
28. Konstitusiya Məhkəməsi göstərmişdir ki, Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).
29. Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
30. Məhkəmə qeyd edir ki, ilkin iddiaçı borc məbləğinin üzləşməsini aparmış, həmin məbləğin ödənişini həyata keçirmişdir. Həmçinin ilkin iddiaçı mübahisələndirdiyi borc məbləğinin 2023-cü ilin may ayında tam ödənilməsini sərfiyyat borcu hesab etməklə əsaslandırmağa çalışsa da, abonent saldosundan görünür ki, 2022-ci ilin dekabr - 2023cü ilin fevral aylarında ayrı-ayrı tarixlərdə 21038 manat ödəniş etmiş, həmin ödənişlərdən qısa müddət sonra 2023-cü ilin may ayında qalan borcu (39100 manat) birdəfəlik ödəmişdir. Halbuki ilkin iddiaçının həmin tarixədək heç bir ay üzrə həmin məbləğə yaxın hər hansı sərfiyyatı olmamışdır. Hazırda isə ilkin iddiaçı şübhəsiz qəbul etdiyi halı mübahisələndirməyə çalışmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı öz maddi və prosessual hüquqlarından sui-istifadə etmişdir.
31. Bundan başqa, “Qazdan istifadə Qaydaları”nın (zamana görə qüvvədə olan) 4.2ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
32. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
33. Qaydaların tələbindən aydın olur ki, istehlakçının təqsirindən asılı olmayaraq sənaye qaz qurğularının təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Bu mənada, xx.xx.2022-ci il tarixli 24004071 nömrəli akta əsasən qaz sayğacının dövlət yoxlamasından keçirilməsi zamanı sayğac göstəriciləri xətasının normalara uyğun olmadığının müəyyən edilib əlavə sərfiyyat hesablandığı, xx.xx.2023-cü il tarixli ******* nömrəli sayğaca yerində xidmət aktına əsasən qaz sayğacına açılıb baxış keçirilərkən rotorların kipləşib işləmədiyinin müəyyən edildiyi nəzərə alındıqda, təqsirindən asılı olmayaraq sənaye qaz qurğularının təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi üçün məsuliyyət daşıyan ilkin iddiaçının sayğacın nöqsanlı olduğunu bilərək istehlaka davam etməsi daha sonra istehlak edilmiş qaza görə borcun mübahisələndirilməsinə məhkəmə tərəfindən hüquqdan sui-istifadə kimi qiymət verilməsinə əsas olur.
34. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, ilkin iddia tələbi təmin olunmamalıdır.
35. İlkin iddia üzrə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə göstərilməlidir ki, iddia müddətinin tətbiqi yalnız iddiaçının müvafiq subyektiv hüquqa malik olduğu, həmin hüququnun cavabdeh tərəfindən pozulduğu müəyyən edildiyi halda qiymət verilə bilər. Hazırda isə ilkin iddiaçının borcun əsasını mübahisələndirməyə subyektiv hüququnun mövcudluğu öz təsdiqini tapmır.
36. Qarşılıqlı iddia tələbinə münasibətdə isə aşağıdakılar göstərilməlidir.
37. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
39. "Azəriqaz" İB ilə istehlakçı İddiaçı arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli və xx.xx.2024-cü il tarixli AMX-4942/24 nömrəli müqavilələrin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 3.2.1-ci maddəsinə əsasən, qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və həmin Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir.
41. Həmin Qaydaların 5-ci bəndinə əsasən, qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
42. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
43. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
44. Məhkəmə hesab edir ki, qazın alqı-satqı müqaviləsi üzrə iddiaçının təchiz etdiyi qazın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə və qanunvericilikdə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı istehlak edilmiş qazın dəyərini təşkil edən qalıq 33509,2 manat borcu iddiaçıya ödəməlidir.
45. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia təmin edilməməli, qarşılıq iddia təmin edilərək cavabdeh İddiaçı istehlak edilmiş qazın dəyəri kimi 33509,2 manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh İB-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
46. İlkin iddia üzrə iddiaçı ödənilmiş 190,60 manat dövlət rüsumunun ilkin iddia üzrə cavabdehdən, qarşılıqlı iddia üzrə iddiaçı ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehdən tutulmasını xahiş edir.
47. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
48. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş ********** saylı qəbzdən görünür ki, 242,25 manat dövlət rüsumu Cavabdeh İB tərəfindən Bakı Kommersiya Məhkəməsinə ödənilmişdir.
50. Məhkəmə hesab edir ki, ilkin iddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməli, qarşılıqlı iddia tam təmin olunduğundan ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 242,25 manat pul İddiaçı tutularaq Cavabdeh İB-nə ödənilməlidir.
V. Nəticə:
51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı istehlak edilmiş qazın dəyəri olaraq 33509,2 manat məbləğində pul tutularaq iddiaçı Cavabdehnə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 242,25 manat məbləğində pul İddiaçı tutularaq Cavabdehnə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova