Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-538/2021 16.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 29824,80 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu adlanan ərazidə yerləşən “xxxx” MMC-yə məxsus (kod:**********00055) istixanada quraşdırılmış qaz sayğacına 2020-ci ilin iyul ayında texniki baxış keçirilmişdir. Sonra akt tərtib olunmuş və həmin akt əsasında sayğacda nasazlıq olduğu aşkar edilmişdir. Həmin akt əsasında quraşdırılmış sayğac çıxarıldı və müvəqqəti olaraq başqa sayğac ilə əvəz edildi. Bundan sonra isə Cavabdeh İB tərəfindən qanunsuz qazdan istifadə edildiyinə görə 29824 manat borc hesablandı. Belə olan halda hansı əsasla qaz sayğacının sərfiyyatı qeydə almadığını, Cavabdeh İB-yə ziyan dəydini anlaya bilmir. Yalnız iki halda – balans mənsubiyyəti sərhədinin müəyyən edilməsi və qazın verilməsinin dayandırılması və bərpa edilməsi hallarında cavabdehin akt tərtib etmək səlahiyyəti vardır. Cavabdehin başqa hallarda (məsələn sayğac ilə bağlı, əlavə sərfiyyat haqqında) istehlakçı ilə bağlı akt tərtib etmək səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Hətta cavabdehə akt tərtib edilməsi səlahiyyəti verildiyi hallarda həmin aktların istehlakçının iştirakı ilə tərtib edilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur, halbuki iddiaçıya əlavə qaz sərfiyyatının hesablanması zamanı əsas götürülmüş aktlar birtərəfli, yalnız cavabdehin əməkdaşları tərəfindən, iddiaçının, şahidlərin iştirakı olmadan tərtib edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı tərəfindən silinməsi tələb edilən borc məbləği onun tərəfindən təbii qazdan istifadəyə görə yaranmış borcdur. Həmin borc məbləği sayğac göstəricisinə əsasən hesablanmışdır. Borcun silinməsi üçün hər hansı bir əsas mövcud deyildir. Həmçinin tərəflər arasında xx.xx.2020-ci il tarixdə barışıq sazişi imzalanmışdır. Lakin iddiaçı tərəf məhkəmə iclaslarında iştirak etmədiyindən barışıq sazişinin təsdiq edilməsi mümkün olmamışdır. Həmin barışıq sazişində də iddiaçı tərəf borc məbləğini qəbul edir və sazişə əsasən iddiaçı xx.xx.2021-ci il tarixədək borc məbləğini ödəməli idi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - "İddiaçı" MMC ilə Cavabdeh” İB arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AMX- 8869/19 nömrəli müqavilədən müəyyən olunur ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür Müqavilənin 3.1-ci bəndinə əsasən qazın qiyməti hər 1 kub metr üçün 0,20 manat məbləğində müəyyən edilmişdir: 3.4-cü bəndinə əsasən hesab paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. - "İddiaçı" MMC-nin (abonent kodu **********00055) abonent saldosundan görünür ki, iddiaçının son borc məbləği 29824,80 manat hesablanmışdır. - xx.xx.2020-ci il tarixli, 143 nömrəli hesab fakturadan görünür ki, "İddiaçı" MMC-nin xx.xx.2020-ci il tarixə borc məbləği 29824,80 manat təşkil edir. - "İddiaçı" MMC tərəfindən “Cavabdehnə ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, 29824,80 manat borcun silinməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, sübutları məcmu halda qymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "İddiaçı" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AMX-8869/19 nömrəli müqavilə bağlanmış, tərəflər həmin müqavilə üzrə üzərinə öhdəliklər götürmüşlər. İddiaçı tərəfindən silinməsi tələb edilən borc məbləği onun tərəfindən təbii qazdan istifadəyə görə yaranmış, sayğac göstəricisinə əsasən hesablanmış borcdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci maddəsinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin Qaydaların 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini işin məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, 29824,80 manat borc iddiaçı tərəfindən istifadə edilən və sayğac göstəricisinə görə hesablanmış təbii qazın dəyəridir. Borc məbləği sayğac göstəricisinə, yəni aylıq qaz sərfiyyatına uyğun hesablanmışdır. Belə olan halda iddiaçının həmin borcun silinməsini tələb etməsi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-538/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-538/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver