Məhkəmə qərarları › İş №e-2-2(113)-5494/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5494/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5494/2022 06.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən artıq hesablanmış 31000 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus istixana Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Təzə sahə 653 ünvanında fəaliyyət göstərir. 2022-ci ildə Cavabdeh nümayəndələri müəssisəyə baxış keçirmişlər. İddiaçıya bildirmişlər ki, ümumi baxış keçirilir və heç bir problem yoxdur. Bir gün sonra digər nümayəndələr tərəfindən qaz təchizatı dayandırılarkən iddiaçıya məlum olmuşdur ki, müəssisədə quraşdırılmış, öz hesabına aldığı və mülkiyyətində olan G-65 markalı qaz sayğacından düzgün istifadə edilməməsi ilə bağlı akt tərtib olunmuşdur. Sonradan akt iddiaçıya təqdim edildikdə bilmişdir ki, bu akt qazdan istifadə qaydalarının pozulması haqqında aktdır. Sonradan iddiaçı dəfələrlə şifahi etirazını bildirmişdir. İddiaçıya təqdim edilmiş akta görə hesabat aparılaraq 31000 manat cərimə yazılmışdır. Hesabatla razı deyildir, çünki Cavabdeh tərəfindən artıq hesabat aparılmış və iddiaçıdan qanunsuz pul tələb edilir. Belə ki, iddiaçının müəssəsində hər zaman göstərilən qaz işlədicilərindən istifadə edilmir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 nömrəli, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”nın qeydinə əsasən hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmalıdır. Göstərilən qaydalardan da aydın olur ki, hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı iddiaçı tərəfındən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri və ya sayğac vasitəsi ilə istifadə edilən qaz həcmi cavabdeh tərəfindən nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmalıdır. Qeyd olunanlara əsasən hesab edir ki, hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı iddiaçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmadığından, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmadığından, həmçinin cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün hesabat düzgün aparılmadığından cavabdeh yol vermiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfındən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən hesab edir ki, qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan düzgün hesablanmamış itirilmiş qazın bərpasına görə məbləğin ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də itirilmiş qazın bərpasına görə iddiaçıya artıq hesablanmış 31000 manat məbləğində borc silinməlidir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirdi ki, təbii qazdan qeyri-qanuni istifadə olunduğu üçün Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək, iddiaçıya 30888 manat məbləğində borc hesablanmışdır. Tərəflər arasında qeyd olunan məbləğlə bağlı Razılaşma Protokolu və üzləşdirmə aktı tərtib olunaraq təsdiq edilmiş və iddiaçı tərəfindən qeyd olunan borcdan ödənişlər edilmişdir. Borcun silinməsi üçün hər hansı bir əsas mövcud deyildir. İddia tələbini əsassız hesab edir və rədd olunmasını xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - “Sifarişçi” qismində İddiaçı ilə “icraçı” qismində Cavabdeh arasında 12 noyabr 2021ci il tarixli, 1484 ST nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetini Xəzər rayonunda yerləşən qeyri-yaşayış sahəsinə məxsus 1 (bir) ədəd rotor tipli G65 markalı 75135096 nömrəli qaz sayğacının xx.xx.2021-ci il tarixli 01512 nömrəli Qüsur aktı əsasında təmiri ilə əlaqədar "Sifarişçi" və "İcraçı” arasında münasibətlərin tənzimlənməsi təşkil edir. - “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd edilmişdir ki, abonent küçə xəttinin torpaqla təmas hissəsindən sayğacdan kənar əlavə xətt qaynaq edərək rezin boru vasitəsilə istixananın daxilinə çəkərək daxili qaz xəttinə birləşdirmiş və təbii qazdan qeyriqanuni istifadə edir. Qazanlar isti vəziyyətdə idi. -Cavabdeh İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 10 mart 2022-ci il tarixdə qəbul olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, ******* nömrəli akt əsasında Bakı şəhəri, Xəzər rayonu, Zirə Təzə sahə 653 ünvanında yerləşən fərdi evdə (müəssisədə, istixanada) sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. G-65 markalı qaz sayğacının nominal qaz sərfi 65 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (65 x 24 x 90 = 140400m3) - xx.xx.2022-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı qeyd edilən tarixə ümumilikdə borcu 30204,86 manat (sayğac oxunması: 69552,26 manat + aktlar: 31068,40 manat – ödəmələr: 70415,80 manat = son borc: 30204,86 manat) təşkil edir. - İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli Razılaşma Protokolu (debitor borcun ödənilməsi haqqında) bağlanmışdır. Həmin razılaşmanın 1.1-ci bəndində qeyd edilmişdir ki, istehlakçı təbii qazdan istifadəyə görə Cavabdehnə 33888 (otuz üç min səkkiz yüz səksən səkkiz manat) manat məbləğində borcunun olmasını qəbul edir. Həmin razılaşmanın 1.2-ci bəndində qeyd edilmişdir ki, istehlakçı həmin borcdan ilkin olaraq 10000 (on min) manat ödəməklə, qalan 23888 manat məbləği hər ay istifadə edəcəyi təbii qaz serfıyyatından əlavə olaraq 3 ay müddətində 2022-ci il aprel ayının 01-nə qədər 8000 (səkkiz min) manat, 2022-ci il mayın ayının 01-nə qədər 8000 (səkkiz min) manat, 2022-ci il iyun ayının 01-nə qədər 7888 manat məbləği Cavabdehnə ödəməyi öhdəsinə götürür. Həmin razılaşmanın 1.3-cü bəndində qeyd edilmişdir ki, istehlakçı hesab faktura təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və bu Razılaşma Protokolunun 1.2-ci yarımbəndinin tələblərinə uyğun olaraq qalıq borcu üzrə ödəniş etmədiyi təqdirdə təbii qazın verilişinin dayandırılacağını qəbul edir və bununla bağlı “Azəriqaz" İstehsalat Birliyinə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir. X2 tərəflərin imzası ilə təsdiq edilmişdir. - İddiaçı ilə Cavabdeh arasında qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixə Cavabdehnə 23888 manat borcu vardır. Qeyd olunan akt tərəflərin imzası ilə təsdiq edilmişdir. - İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, cavabdeh tərəfindən hesablanmış borcun 3 (üç) gün müddətində silinməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə Təzə sahə 653 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən iddiaçının adına **********00653 saylı abonent kodu açılaraq təbii qazla təchiz edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən qeyd edilən qeyriyaşayış sahəsinə dair xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuş və aktda abonentin küçə xəttinin torpaqla təmas hissəsindən sayğacdan kənar əlavə xəttin qaynaq edilərək, rezin boru vasitəsilə istixananın daxilinə çəkilərək, daxili qaz xəttinə birləşdirilməsi və təbii qazdan qeyri-qanuni istifadə olunması, qazanların isti vəziyyətdə olması, dəymiş ziyanın hesablanması və kənar xəttin ləğv edilməsi qeyd olunmuş və akt abonentin nümayəndəsi tərəfindən imzalanmışdır. Daha sonra itirilmiş qazın bərpası üçün hesabat aparılmış və iddiaçıya dəymiş ziyana görə 30888 manat borc hesablanmışdır. Daha sonra tərəflər arasında qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı və xx.xx.2022-ci il tarixli Razılaşma Protokolu (debitor borcun ödənilməsi haqqında) tərtib və təsdiq olunmuşdur. İddiaçının iddia tələbini Cavabdeh tərəfindən artıq hesablanmış 31000 manat pulun silinməsi təşkil edir. İddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 nömrəli, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına istinad etmişdir. İddiaçı qeyd etmişdir ki, göstərilən Qaydaların qeydinə əsasən hesablanmış qazın dəyərinin ödənilməsi zamanı istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmalı, hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı iddiaçı tərəfındən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri və ya sayğac vasitəsi ilə istifadə edilən qaz həcmi cavabdeh tərəfindən nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmalıdır. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı iddiaçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmadığından, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmadığından, həmçinin cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün hesabat düzgün aparılmadığından cavabdeh yol vermiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfındən ödənilməsini tələb edə bilməz. Cavabdehin nümayəndəsi istinad edilən Qaydaların qüvvədə olmadığını bildirmişdir. Əvvəla qeyd olunmalıdır ki, tərəflər arasında qüvvədə olan Üzləşdirmə aktı və Razılaşma Protokolu ilə silinməsi istənilən borc məbləği iddiaçı tərəfindən etiraf edilmiş və həmin borcdan ödənişlər edilmişdir. Qeyd olunan protokolla iddiaçı mübahisələndirilən borcla bağlı “Azəriqaz" İstehsalat Birliyinə qarşı heç bir tələb irəli sürməyəcəyinə dair öhdəlik götürmüşdür. Ona görə də tərəflər arasında qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı və xx.xx.2022-ci il tarixli Razılaşma Protokolunun qüvvədə olduğunu nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar