Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5558/2021 09.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Texniki Universitetin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Texniki Universitetin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçıya borc kimi yazılmış 28.203,83 manat məbləğinin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçıya borc kimi yazılmış 28.203,83 manat məbləğinin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 25 iyun 2021-ci il tarixli xəbərdarlıq məktubu ilə iddiaçıya müraciət edərək 23.06.2021-ci il tarixinə istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə cavabdehə 28.203,83 manat ödənilməmiş borcunun yarandığını bildirmişdir. Həmin borc iddiaçı tərəfindən və təqsirindən yaranmadığından, bununla qəti razı deyildir. Belə ki, cavabdehə 05.07.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, Azərbaycan Texniki Universiteti nəzdində ünvan 1 ünvanında, həmçinin kollecə məxsus 2 yataqxana Şərifzadə küçəsi 131A ünvanında yerləşir. Məlum səbəblərə görə, 1993-cü ildə həmin yataqxanalarda qaçqınlar və məcburi köçkünlər yerləşmişlər və hal-hazırda orada yaşayırlar. Onların digər qayğıları ilə yanaşı bütün kommunal xidmət, o cümlədən su istehlakına görə haqlar 2017-ci ilin 1 yanvar tarixinədək Azərbaycan Respublikası Məcburi X3 Dövlət Komitəsi tərəfindən qarşılanır və onların bütün kommunal xərcləri həmin komitə tərəfindən ödənilirdi. Yəni, 2017-ci il 1 yanvar tarixindən etibarən Kollecin yataqxanalarında məskunlaşmış hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxs üçün cavabdeh tərəfindən müvafiq qaydada sayğac quraşdırılmalı və həmin sayğacın göstəricilərinə görə onlardan borc yığılmalı idi. Cavabdehin iddia etdiyi 28.203,83 manat borc sırf Kollecin su istehlakına görə deyil, Kollecin qeyd olunan yataqxanalarında hazırda yaşamaqda davam edən məcburi köçkünlərin sudan istifadə etdiklərinə görə yaranmışdır. Kollecin istifadə etdiyi suya görə borcu Yasamal rayon Su kanal İdarəsi ilə 17 aprel 2021-ci il tarixdə təsdiq edilmiş 070149 saylı üzləşmə aktına əsasən 1504.03 manat təşkil edir ki, həmin qalıq borc vaxtaşarı hissə-hissə tərəfindən ödənilir. Cavabdeh tərəfindən ödənilməsi iddia edilən məbləğ adi məntiqlə də izah olunmur. Belə ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Yasamal rayon Su Kanal İdarəsi və Bakı Dövlət Rabitə və Nəqliyyat kolleci arasında təsdiqlənmiş 06.07.2019-cu il tarixli 070149 saylı üzləşmə aktına əsasən iddiaçının suya 1784.03 borcu olmuşdur. Lakin 03 oktyabr 2019-cu il tarixdə təsdiq edilmiş 070149 saylı akta əsasən iddiaçının borcu birdən-birə ağlabatan olmayan səviyyədə artırılaraq 27243.83 manata çatdırılmışdır. 06.07.2019-cu il tarixi ilə 03.10.2019-cu il tarixi arasında, yəni 3 ay ərzində su borcunun bu qədər artması qeyri-mümkündür. Cavabdehin iddiaçıya qarşı qeyri-qanuni hərəkətləri tək bununla bitmir. Belə ki, qeyd olunanlardan əlavə, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Yasamal Rayon Su Kanal idarəsi 05.06.2021 tarixli 600569 saylı akta əsasən su təchizat və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün ********* saylı 05.06.2021 tarixli hesab faktura təqdim etmiş və iddiaçını sudan guya qanunsuz isfadə etdiyi üçün 3010.00 manat məbləğində cərimə etmişdir. Həmin su anbarına gedən su kollecə məxsus sayğac vasitəsilə doldurulur və iddiaçı həmin sudan istifadə etmir. Belə ki, kollecə su fasiləsiz olaraq istehlak olunur. Həm Kollecə suyun fasiləsiz təchizini, həm də yanğın söndürmə su anbarına yığılan suyun pulunun onsuz da iddiaçı tərəfindən ödənildiyi nəzərə alınsa, həmin anbarda olan sudan istifadə etməsi absurddur. Yəni, cavabdehin iddiaçı barəsində müvafiq məsələlərə yanaşması belə qeyr-qanuni və məntiqə ziddir. Məsələ ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinə etdiyi 20.04.2021-ci il tarixli 63 nömrəli məktubuna cavab olaraq Nazirıiyin 05 may 2021-ci il tarixli 17-17-529/15 saylı məktubu ilə cavabdehin əsassız tələbləri ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Göstərilənlərdən göründüyü kimi, cavabdeh yaranmış borcun ödənilməsini iddiaçıdan deyil, 2017-ci il 1 yanvar tarixinədək Azərbaycan Respublikası Məcburi X3 Dövlət Komitəsindən, həmin tarixdən sonra isə cavabdehin özünün quraşdırmalı olduğu və ya quraşdırdığı sayğacların göstəriciləri üzrə fərdi istehlakçılardan tələb etməlidir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, yaranmış borc sudan istifadəyə görə yaranmış borcdur. Hesab edir ki, borc əsaslı şəkildə qeyd olunmuşdur. Yaranan borcu 2017-ci ildən sonra sayğac göstəricilərinə uyğun hesablanmış, 2017-ci ildən əvvəli isə borunun en kəsiyinə uyğun hesablanmışdır. Cavabdeh tərəfindən iddiaçıya akta əsasən 3540 manat borc hesablanmışdır. Hazırda iddiaçının cavabdehə borcu 24719,83 manat təşkil edir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Abonent haqqında məlumatdan görünür ki, iddiaçının cavabdehə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətləri üzrə 15 noyabr 2021-ci il tarixə olan borcu 24719,83 manat təşkil edir, eyni zamanda 04.06.2021-ci il tarixli, 600569 saylı akta əsasən iddiaçıya 3540 manat borc hesablanmışdır. 04.06.2021-ci il tarixli, 600569 saylı aktın surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə baxış keçirilmiş, baxış zamanı su sayğacının qapalı vəziyyətdə olması, sayğacdan kənar d=20 mm kənar xəttin olması aşkar olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2-ci və 551.2.1-ci maddələrinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçının cavabdehə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətləri üzrə 15 noyabr 2021-ci il tarixə olan borcu 24719,83 manat təşkil edir. Cavabdehin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə baxış keçirilmiş, baxış zamanı su sayğacının qapalı vəziyyətdə olması, sayğacdan kənar d=20 mm kənar xəttin olması aşkar olunaraq 04.06.2021-ci il tarixli, 600569 saylı akt tərtib olunmuşdur. Cavabdeh tərəfindən akta əsasən iddiaçıya 3540 manat məbləğində borc hesablanmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasındakı öhdəliklər qarşılıqlı icraya bağlı vaxtaşırı icra edilməli olan öhdəliklərdir. Belə ki, həmin öhdəliklərə əsasən cavabdeh iddiaçıya hər ay üzrə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətləri göstərməyi, iddiaçı isə həmin xidmətin hər ay üzrə dəyərini cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. Yəni iddiaçı göstərilən xidmətlərə görə cavabdehə hər ay üçün, yəni vaxtaşırı ödənişlər etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsində bütün öhdəliklərin və bir sıra konkret öhdəliklərin xitamı üçün müddətlər müəyyən edilmişdir. Həmin maddədə göstərilən konkret öhdəliklərdən bir də vaxtaşırı ödənişlər üzrə öhdəliklərdir ki, göstərilən maddədə həmin öhdəliklər üzrə tələb müddəti beş il müəyyən edilmişdir. İşdə olan Abonent haqqında məlumatın tədqiqi zamanı müəyyən olundu ki, iddiaçının 01.01.2016-cı il tarixə 28945,62 manat borc qalığı olmuş, 01.01.2016-cı il tarixdən 15.11.2021-ci il tarixə qədər cavabdeh tərəfindən iddiaçıya su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətləri üzrə 33326,21 manat (akta əsasən hesablanmış 3540 manat daxil olmaqla) məbləğində satış olmuş, iddiaçı tərəfindən cavabdehə həmin xidmətlərə görə 37552 manat məbləğində ödəniş edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən 01.01.2016-15.11.2021-ci illər üzrə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə görə 4225,79 manat (37552 - 33326,21 = 4225,79) məbləğində artıq ödəməsi olmuşdur ki, həmin məbləğ də 01.01.2016-cı il tarixədək olan 28945,62 manat borc qalığından çıxılmaqla iddiaçının 01.01.2016-cı il tarixə olan borc məbləğindən 24719,83 manat (28945,62 - 4225,79 = 24719,83) məbləğ qalmışdır. Göründüyü kimi iddiaçının cavabdehə 15.11.2021-ci il tarixə olan 24719,83 manat borc məbləği 01.01.2016-cı il tarixədək olan borc qalığıdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış 24719,83 manat borc məbləği 01.01.2016-cı il tarixədək olan borc məbləğidir ki, bu halda məhkəmə hesab edir ki, 24719,83 manat borc üzrə cavabdehin tələb müddəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2-ci və 551.2.1-ci maddələrinə əsasən keçmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 01.01.2016-cı il tarixədək olan 24719,83 manat borc məbləği üzrə tələbi qüvvəsini itirdiyindən iddia qismən təmin edilməklə göstərilən borc məbləği silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya borc kimi yazılmış 24719,83 manat məbləğin silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə münasib olaraq 174,61 manat məbləğində dövlət rüsumunun 153,02 manat məbləği cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Texniki Universitetin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə borc kimi yazılmış 24719,83 manat məbləğin silinməsi vəzifəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. 174,61 manat məbləğində dövlət rüsumunun 153,02 manat məbləği Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5558/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5558/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver