Məhkəmə qərarları › İş №e-2-2(113)-559/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-559/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-559/2021 11.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən İddiaçınə su təchizatı və kanalizasiya xidmətlərinə görə əsassız olaraq hesablanmış 8784 manat məbləğində borcdan iddiaçının abonent hesabında (Abonent kodu: 090290) qalan hissəsi – 8742,97 manatın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ASC tərəfindən iddiaçı barəsində 2018-ci ilin oktyabr ayında istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətlərinə görə 8784 manat borc məbləği hesablanmışdır. Buna səbəb isə Cavabdeh ASC tərəfindən cavabdehin istifadə etdiyi suyun xammal kimi nəzərə alınması və qiymətin buna əsasən hesablanması olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 6 saylı, xx xxx 2016-cı il tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” qərarının 3-cü bəndinə əsasən, “Sudan xammal kimi istifadə edən istehlakçı qrupu üzrə suyun istifadə təyinatından asılı olmayaraq 1 kub metr su üçün (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə 8 manat təsdiq edilmişdir.” Bununla əlaqədar bildirirlər ki, iddiaçı müəssisə kənd təsərrüfatı məhsullarının konservləşdirilməsi, müxtəlif növ mürəbbələrin, habelə narşərab və təbii nar şirələrinin hazırlanması ilə məşğul olur. 2018-ci ilin avqust ayından etibarən müəssisə həmçinin kompot istehsalı ilə məşğul olmağa başlamışdır. Lakin bu fəaliyyət müəssisənin ümumi istehsal həcminin çox cüzi, təxminən 4-6 faizini təşkil etməkdədir. Məhz bunu əsas götürərək Cavabdeh ASC tərəfindən müəssisəyə baxış keçirilmiş və müəssisədə istifadə olunan bütün suyun dəyərinin 8 manat tarifi ilə ödənilməli olduğu bildirilmişdir. Bunun əsasında xx.xx.2018-ci il tarixli, ********* saylı hesab-faktura tərtib olunmuş və istifadə olunan 1098 m3 üçün 8 manat tarif dərəcəsi ilə hesablanaraq müəssisəyə ƏDV daxil 8784 manat borc tətbiq olunmuşdur. Bu borc məbləği bugünə qədər müəssisənin hesabında qalmaqdadır. İlk növbədə qeyd etmək lazımdır ki, kompot istehsalı sudan xammal kimi istifadə edən istehsalçılar qrupa aid deyildir. Belə ki, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli, 500 №-li Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, kompot məhsulları 20-ci qrup olan “tərəvəzin, meyvənin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları” mal kateqoriyasına aid edilmişdir. Bu qərarda alkoqollu və alkoqolsuz içkilər isə 22-ci qrupa aid edilməklə fərqləndirilmişdir. Bununla da bir daha təsdiq olunur ki, qanunvericilik baxımından kompotun tərkibinin zəruri elementi içki məhsullarından fərqli olaraq su hesab olunmur. Buna baxmayaraq, kompot istehsalını digər içkilərlə eyniləşdirib sudan xammal kimi istifadən istehsalçılara tətbiq olunan dərəcələri iddiaçıya şamil etmək qanunsuz və əsassızdır. Digər tərəfdən, xx xxxx 2014-cü il tarixli, № 262 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş “Sudan istifadə Qaydalarına” 2 nömrəli əlavə - Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilənin 4.1-ci bəndinə əsasən, 4.1. İstehlakçının aşağıdakı hüquq və öhdəlikləri vardır: 4.1.3. istehlakçı sudan xammal kimi istifadə etdikdə, xammal istifadəsi üzrə su sərfinin dəqiqliyini təmin etmək üçün xammala gedən su xətlərinin əvvəlinə suölçən cihazların Müəssisə ilə razılaşdırılmış qaydada qoyulmasını təmin edir. Göründüyü kimi qanunvericilik sudan xammal kimi istifadə olunduqda belə, məhz həmin su sərfiyyatının ayrıca hesablanmasını tələb etməkdədir. Bu halda isə hətta cavabdehin mövqeyi ilə razılaşıb kompot istehsalını sudan xammal kimi istifadə edən istehsalçılar kateqoriyasına aid etsək belə, yuxarıda qeyd olunduğu kimi iddiaçının istehsal həcminin 4-6 faizini təşkil etməsinə baxmayaraq, cavabdeh bütöv su sərfiyyatını eyni dərəcə ilə hesablamış, bu barədə hər hansı fərqləndirmə aparmamışdır. Bu isə hesablanmış borc məbləğinin əsassız olmasını tam sübuta yetirir. Həmçinin xüsusi olaraq vurğulamaq lazımdır ki, cavabdeh tərəfindən təqdim olunmuş ********* saylı hesabfakturada xx.xx.2018 və xx.xx.2018-ci il tarixləri arasındakı su sərfiyyatı 1098 m3 olaraq göstərilmişdir. Bildirmək lazımdır ki, iddiaçı müəssisə smart tipli sayğacdan istifadə etməklə istifadə etdiyi su sərfiyyatına görə pulu smart kart vasitəsilə ödəmişdir. Müəssisənin fəaliyyətdə olduğu hər hansı dövr ərzində nəinki 17 gün ərzində, ümumilikdə 1 ay ərzində 1098 m3 sərfiyyatı olmamışdır. Cavabdeh ASC tərəfindən bu sərfiyyatın necə hesablanması, hansı meyarlar əsasında bu rəqəmin çıxarılması onlara məlum deyildir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinə əsasən, Su chizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. “Sudan istifadə qaydalarının” 7.8-ci bəndinə əsasən, İstehlakçı STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) nümayəndəsinin suölçən cihaza baxmasına şərait yaratmadıqda, sərf edilmiş suyun həcmi istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablama yolu ilə müəyyənləşdirilir. Əvvəlki 12 (on iki) aylıq dövrdə istifadə edilmiş orta istehlak normasına əsasən aparılmış hesabatlara sonradan müəyyən olunmuş suölçən cihazın faktiki göstəricisinə uyğun olaraq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq ödədiyi məbləğ növbəti hesabatlarda nəzərə alınır və ya istehlakçıya geri qaytarılır. Həmin qaydaların 7.9-cu bəndinə əsasən, Suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. Göründüyü kimi, qanunvericilik hətta sayğacın göstəricilərə baxılmasına şərait yaradılmadıqda belə, məhz orta istehlak normasının əsas götürülməsini tələb etməkdədir. Bu halda isə ümumiyyətlə sayğaca baxılmasına şərait yaradılmaması halı mövcud olmamış, cavabdeh tərəfindən iddiaçı müəssisəyə baxış keçirilmiş, hər hansı hesablama aparılmamış, akt tərtib olunmamış, yalnız xəyali rəqəmlər əsasında müvafiq hesab-faktura tərtib olunaraq təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun istehsal etdiyi mürəbbə, narşarab və digər konservləşdirilmiş məhsullarda demək olar ki, su istifadə edilmir, həmin məhsulların əsas kütləsi meyvələrin öz şirəsidir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddia tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 2018-ci ilin sentyabr ayının 13-ü İddiaçındə su təchizatına və su sayğacına baxış keçirilərkən obyektin ərazisində sexin birində kompot və şirə istehsalında su xammal kimi istifadə edildiyi aşkar edilmiş və bununla bağlı MXD- 10363 saylı inventar aktı və hesabat tərtib edilmiş, həmin hesabata əsasən 1098 m3 suya görə 7686 manat hesablanmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmədən tələbin rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2018-ci ildə tərtib edilmiş MXD-10363 nömrəli inventar aktından görünür ki, İddiaçı su təchizatına və su sayğacına baxış keçirilərkən obyektin ərazisində sexin birində kompot və şirə istehsalında su xammal kimi istifadə edilir. xx.xx.2018-ci ildə tərtib edilmiş MXD-10363 nömrəli inventar akta əsasən, xx.xx.2018-ci il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı 1098 m3 miqdarında 7686 manat dəyərində sudan qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurmuşdur. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, 2018-ci ilin sentyabr ayının 13-ü Cavabdeh ASC tərəfindən İddiaçındə yoxlama aparılarkən obyektin ərazisində sexin birində kompot və şirə istehsalında su xammal kimi istifadə edildiyi aşkar edilmiş və bununla bağlı MXD-10363 saylı inventar aktı və hesabat tərtib edilmiş, həmin hesabata əsasən 1098 m3 suya görə 7686 manat hesablanmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh ASC tərəfindən aparılan yoxlama qanunsuz olduğundan hesablanmış 7686 manat pul həmin 8784 manat borcdan çıxılmalıdır. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh ASC tərəfindən İddiaçınə hesablanmış 7686 manat borc pul silinməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçınə hesablanmış 7686 manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar