Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-563/2023 06.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 təbii qazdan istifadəyə görə yaranmış 160.716,86 manat borcun və 664,92 manat ödənilmiş rüsumun məcburi qaydada tutularaq İddiaçı İB-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixli, AMX-4554/20 saylı müqavilə əsasında Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsini təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2022-ci il tarixə 160.716,86 manat borc yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə mediasiya şurasına və pretenziya qaydasında müraciət olunmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə, AMX-4554/20 saylı qazın alqı-satqısı haqqında müqavilə bağlanmış və İddiaçı İB Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsini təbii qazla təchiz etməyi öhdəsinə götürmüşdür. Ancaq bundan öncə də, tərəflər arasında qazın alqı-satqısı haqqında müqavilə olmuşdur. Həmçinin işin müəyyən olunmuş digər halı ondan ibarətdir ki, tərəflər arasında bundan əvvəl də, məhkəmə mübahisəsi olmuş və bu mabahisə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-338/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həll edilmişdir. Qeyd edilən qətnamədən görünür ki, Cavabdeh2 İddiaçı İB-nin xeyrinə xx.xx.2020-ci il tarixinə yaranmış borca görə 214.204,20 manat məbləğində pulun tutulması qət edilmişdir və müvafiq olaraq icra vərəqəsi verilmişdir. İddiaçı tərəf ilkin nüsxədə Məhkəməyə ərizə verərkən səhvən yuxarıda qeyd edilmiş qətnamə ilə qət edilmiş 214.204,20 manat pulu da hazırda tələb edilən məbləğə əlavə edərək 374.921,06 manatı tələb etsə də, sonradan iddiasının həcmini azaltmış və 160.716,86 manat pulun tutulmasını xahiş etmişdir. Cavabdeh tərəf isə tələb edilən 160.716,86 manat pulun çox olduğunu qeyd edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin həlli baxımından aşağıdakı normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İşə əlavə edilmiş abonent saldosundan görünür ki, Cavabdeh2 məxsus **********00000 saylı abonent kodu üzrə ümumilikdə qazdan istifadəyə dair 374.921,06 manat məbləğində borc hesablanmışdır. Qeyd edilən borcun yaranması əsası isə məhz qazdan istifadə üzrə debitor borcu təşkil edir. Belə ki, abonent saldosunun “qalıq və aktlar” qrafasına nəzər yetirildikdə aydın olur ki, qeyd edilən qrafa üzrə pul hesablanmamışdır. Göründüyü kimi, iddiaçı tərəf də, mövcud olan 374.921,06 manat borcdan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-338/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulmuş 214.204,20 manat borcu çıxmış və hazırda da, qalan 160.716,86 manat borcu tələb edir. Belə olan halda yəni, tələb edilən borcun qazdan istifadə üzrə yaranmış debitor borcu olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və qazdan istifadə üzrə yaranmış borc olan 160.716,86 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iddiaçı tərəf 664,92 manat ödənilmiş rüsumun cavabdehdən tələb edilməsi ilə bağlı qeyd etdi ki, qeyd edilmiş məbləğ mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində xərci və ödənilmiş 264,92 manat dövlət rüsumunu əhatə edir və qarşı tərəfdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı İB tərəfindən mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə İddiaçı İB tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 264,92 manat məbləğində dövlət rüsumunun əvəzində, 264,92 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Təbii qazdan istifadəyə görə yaranmış borc üzrə 160.716 (yüz altmış min yeddi yüz on altı) manat, 86 (səksən altı) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı İB-yə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 400 (dörd yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 264 (iki yüz altmış) manat 92 (doxsan iki) qəpik, ümumilikdə 664 (altı yüz altmış dörd) manat 92 (doxsan iki) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı İB-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-563/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-563/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver