Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5691/2025 09.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh İstahsalat Birliyinə qarşı “borcun silinməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İstahsalat Birliyinin nümayəndəsi X1 ştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh İstahsalat Birliyinə qarşı “borcun silinməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib olunmuş akt əsasında Cəmiyyətin adına əsassız şəkildə hesablanmış 41062 m³ qaz sərfiyyatına görə 11.702,67 manat məbləğində borc tələbinin və qazın verilişinin əsaslandırılmadan dayandırılmasının qanunsuz hesab edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddətdir ki, Sumqayıt şəhəri ərazisində qanuni fəaliyyət göstərən hüquqi şəxsdir. Cəmiyyət qaztəchizatı xidmətlərindən rəsmi qaydada Cavabdeh ilə bağlanmış alqı-satqımüqaviləsinə əsasən istifadə etmişdir. Müəssisə öz istehsalat ehtiyaclarını ödəmək məqsədilə qaz təchizatına qoşulmuş, sayğac vasitəsilə istehlak olunan qaz miqdarını ölçmüş və hər ay təqdim olunmuş fakturalara uyğun olaraq qazın dəyərini ödəyərək öhdəliklərini yerinə yetirmişdir. Cəmiyyət tərəfindən qazın istifadə edilməsi dövründə, istər sayğacın yerləşdiyi məkanda, istərsə də qaz xəttində hər hansı nasazlıq və ya pozuntu müşahidə edilməmiş, cavabdeh qurum tərəfindən də bu barədə hər hansı xəbərdarlıq və ya inzibati tədbir tətbiq olunmamışdır. Müəssisənin istehlakı planlı, real və sənədlərlə təsdiqlənən qaydada aparılmış, heç bir texniki və ya hüquqi nöqsan qeydə alınmamışdır. Lakin 2025-ci ildə Cavabdeh İB-nin əməkdaşları müəssisənin qaz sayğacını sökərək “texniki yoxlama” məqsədi ilə öz laboratoriyalarına təqdim etmiş, daha sonra müəssisəyə №0465897 saylı “Təbii X2nın pozulması haqqında” akt təqdim olunmuşdur. Aktda bildirilmişdir ki, sayğacın korrektor hissəsinin sönməsi nəticəsində müəyyən bir dövr üzrə sərf olunmuş qazın qeydiyyatıaparılmamış, bu isə 41062 m³ həcmində "itki" kimi qeydə alınmışdır. Aktda göstərilən məlumatlara istinad edilərək sayğacda guya pozuntu baş verdiyi əsaslandırılmadan müəssisəyə əlavə borc təqdim olunmuş və qazın verilişi dərhal dayandırılmışdır. Sayğacın ekspertizasını həyata keçirən "xxxx" MMC isə “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərdiyindən bu ekspertiza da dövlət orqanı tərəfindən birbaşa və obyektiv yoxlama deyil, eyni struktur daxilindəki digər qurumun qeyri-müstəqil rəyinə əsaslanır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddiaya etiraz edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:
AR NK-nin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
6. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia rədd edilməlidir.
7. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh İB arasında qaz paylacısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2013-cü il tarixli müqavilə bağlanmışdır.
8. İddia ərizəsinin məzmunundan və məhkəmə iclaslarında iştirak etmiş iddiaçı tərəfin izahatlarından aydın olur ki, 2025-ci ildə Cavabdeh İB-nin əməkdaşları tərəfindən müəssisənin sayğacı sökülərək, texniki yoxlama aparılmış, ******* saylı “Təbii X2nın pozulması haqqında” akta əsasən sayğacın korrektor hissəsinin sönməsi nəticəsində müəyyəb dövr üzrə sərf olunmuş qazın qeydiyyatı aparılmamış və 41062mᶟ həcmində itki kimi qeydə alınmışdır.
9. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf məhkəməyə elektron qaydada ünvanladığı iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, Cavabdeh İB-nin əməkdaşlarının xx.xx.2025-ci il tarixdə qanuni əsaslarla yoxlama apardığını, aşkar olunan nöqsanlar barədə akt tərtib etdiklərini, göstərilən 41062mᶟ qazın istifadə olunmuş və qaz sayğacından keçən qaz borcunun olduğunu,xx.xx.2025-ci il tarixdə tərtib olunmuş ******* saylı aktdan göründüyü kimi sayğacın korrektorun sönməsi nəticəsində arxivlərin pozulduğunu, mexaniki hissədən keçən qazın elektron qeydə almadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir.
10. İşə əlavə olunmuş Təbii X2nın pozulması haqqında ******* saylı akta əsasən qaz sayğacının yoxlanılması haqqında Y3428 saylı protokola əsasən sayğacın korrektorunun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən keçən qaz sərfinin qeydə alınmadığı qeyd olunmuşdur.
11. Uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair aprel 2025-ci il tarixli tələbnaməyə əsasən uçotu aparılmayan qazın həcmi 41062 mᶟ miqdarında hesablanmışdır.
12. Məhkəmə qeyd edir ki, hesablanmış olan borc məbləği məhz mexaniki göstəricilərə əsasən arvix məlumatlarının göstəriciləri əsasında hesablanmış borc məbləğidir.
13. Göründüyü kimi, sayğacın mexaniki göstəricilərinə (arvix məlumatlarına) əsasən borcun hesablanması zamanı hər hansı bir pozuntuya yol verilməmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçıya iddia tələbində göstərilən 11.702,67 manat məbləğində deyil 9.033,64 manat olduğunu, abonentin saldosuna isə 9.019,24 manat məbləğində borc kimi daxil edildiyini bildirmişdir.
15. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən hesablanmış və iddiaçı tərəfindən hazırda mübahisələndirilən borc məbləği qanunvericiliyin tələblərinə əsasən hesablanmışdır. Belə ki, iddiaçının qeyd etmiş olduğu borcun bir hissəsi (9.019,24 manat) sayğacın elektron hissəsinin korrektorunun işləməməsi səbəbindən, məhz mexaniki hissəsinin qeydə aldığı göstəricilərə uyğun hesablanmışdır. İddiaçının iddiasında qeyd etmiş olduğu məbləğin digər hissəsi üzrə isə ümumiyyətlə akt tərtib edilməmişdir.
16. Beləliklə iddianın əsaslı olmasına dair iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilmədiyindən, iddianın təmin edilməsi üçün əsas yoxdur.
17. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC-nin Cavabdeh İstahsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov