Məhkəmə qərarları › İş №e-2-2(113)-5971/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5971/2022

14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5971/2022 14.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş aktla hesablanmış və onun 092612 saylı abonent hesabına daxil edilmiş 2239.3 manat məbləğində debitor borcun ləğv olunması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 103 ünvanda “avtoyuma” məntəqəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Fəaliyyət göstərdiyi dövrdə heç bir dövlət və qeyri-dövlət qurumları ilə problemi olmamışdır. Lakin 2007-ci ildə cavabdehin əməkdaşları fəaliyyət göstərdiyi obyektə gələrək, guya onun həmin obyektdə qeyri-qanuni su xəttindən istifadə etdiyi əsas gətirərək akt tərtib etmişdir. Həmin akta əsasən ona 2239,30 manat borc yazılmışdır. Lakin həmin borc qanunsuzdur. Akt tərtib edilərkən fotoşəkil çəkilərdi, su xətti plomblanar, qeyri-yaşayış sahəsində olan şəxslərə bu barədə məlumat verilərdi. Cavabdeh ona aktın yazıldığını, ona 2239,30 manat borcunun olmasını şifahi qaydada bildirmişdir. Bundan əlavə, aktın bir nüsxəsinin ona verilməməsinin səbəbi də bəlli deyildir. Belə ki, aktın bir nüsxəsi ona təqdim edilməli, iki hal şahidinin imzası ilə təsdiq edilməli idi. Bununla əlaqədar olaraq dəfələrlə cavabdehə müraciət etmiş, ona bunun anlaşılmazlıq olduğu bildirilmiş, həmin anlaşılmazlıq aradan qaldırılmışdır. Lakin cavabdeh təşkilatda rəhbər dəyişikliyindən sonra ona yenidən borcunun olduğu bildirilmişdir. Borcunun olması səbəbindən sayğacdan istifadə edə, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir. Bundan əlavə, borcun olduğu təqdirdə həmin borc ondan 3 il ərzində tələb edilə bilərdi, lakin həmin müddət ərzində ondan borcun ödənilməsi tələb edilməmiş, bununla da 3 illik iddia müddəti ötürülmüşdür. Bu səbəbdən borcun silinməsini Məhkəmədən xahiş edir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək bildirdi ki, ondan bu borc uzun müddət tələb edilməmiş, pandemiyada tətbiq edilmiş qadağalar götürüldükdən sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladığı vaxt sayğaca yüklədiyi məbləğlərin silindiyini görmüş, ona şifahi olaraq 2007-ci il tarixli akt əsasında 2239,30 manat borcunun olduğu bildirilmiş, lakin akt ona təqdim edilməmişdir. Bu səbəbdən o, artıq bir müddətdir ki, istifadəsində olan qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadə edə bilmir, bununla da onun hüquqları pozulur. Bundan əlavə, həmin borc həqiqətən olsaydı, ondan tələb edilərdi, cavabdeh borcla bağlı ona hər hansı bildiriş, faktura təqdim etməmiş, borc ondan rəsmi qaydada tələb edilməmiş, bununla da cavabdeh tərəfindən 3 illik iddia müddəti buraxılmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi E.İsgəndərov iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus obyektdə cavabdehin nümayəndələri tərəfindən yoxlama keçirilmiş, nəticədə sayğacdan kənar boru vasitəsilə sudan qeyri-qanuni istifadə edilməsi müəyyən edilmişdir. Həmin yoxlamaların nəticəsində xx.xx.2013-cü il tarixli akt əsasında iddiaçıya 2845,44 manat borc hesablanmışdır. Həmin borc “Sudan istifadə Qaydaları”na əsasən hesablanmışdır. Bundan əlavə, su xəttinə baxış keçirilən zaman hər hansı foto, video çəkiliş aparılmamış, lakin aşkar edilmiş qanunsuz su xəttindən iddiaçı tərəfindən istifadə edilməsi onlarda şübhə doğurmamışdır. İddiaçı iddia ərizəsində həmin borcun 2007-ci ildə hesablandığını bildirsə də, iddiaçı barəsində cavabdeh tərəfindən bu günə qədər yalnız bir akt tərtib edilmiş, həmin akt xx.xx.2013-cü il tarixlidir. Lakin həmin akt əsasında yazılmış borc iddiaçıdan ilk dəfə 2016-cı ildə tələb edilmişdir. Bunun da səbəbi cavabdehin həmin tarixdən etibarən kompyuter təminatından istifadə etməsi ilə bağlıdır. Borc yalnız 2016-cı ildə iddiaçının abonent haqqında məlumatlarına daxil edilmişdir. Qeyd edilən borcla bağlı iddiaçıya ayrıca olaraq hesab-faktura, bildiriş təqdim edilib edilməməsi barədə hər hansı məlumatı yoxdur, bu barədə sənəd təqdim edə bilmir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Elekton məhkəmə informasiya sistemindən çıxarışa əsasən iddiaçı xx.xx.2014-cü ildə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında 01 dekabr 2010-cu il tarixli 092612 nömrəli Cavabdeh ASC-nin su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair müqavilə imzalanmışdır. Cavabdeh tərəfindən tərtib olunmuş 19 iyun 2013-cü il tarixli 003766 nömrəli aktdan görünür ki, iddiaçıya məxsus H.Əliyev-103 ünvanında sayğaca baxış keçirilməsi zamanı məlum olmuşdur ki, abonent quraşdırılmış su sayğacından əlavə d=20 mm su xəttindən qeyri-qanuni istifadə edir. Tərəflərindən su xəttləri kəsilərək ləğv olundu. İddiaçı tərəfindən tərtib olunmuş 003766 nömrəli akta əlavəyə əsasən iddiaçı qeyriqanuni qoşulmuş, d=20 mm-lik borunun su buraxma qabiliyyəti bir saatda 1,14 m3 təşkil edir. Avtoyuyucu qeyri-qanuni birləşmə ilə sudan orta hesabla sutkada 8 saat istifadə edilərək, 2189 m3 miqdarında su itkisinə yol verilmiş, nəticədə cavabdehə 2845,44 manat məbləğində maddi ziyan vurulmuşdur. xx.xx.2011-ci il tarixinə kimi 1 m3 su 0,70 manat, 1 m3 ç/su 0,20 manat, xx.xx.2011-ci il tarixdən sonar isə su 1 manat, ç/su 0,30 manat ƏDV daxil nəzərə alınıb. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, baxış nəticəsində obyektdə su xəttindən qeyriqanuni istifadə halları müəyyən olunmuşdur. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh mübahisəli borcun hesablanmasını iddiaçı tərəfindən sayğacdan kənar boru vasitəsilə qeyri-qanuni istifadə edilməsi nəticəsində cavabdehə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçı tərəfindən həmin su xəttindən istifadə edildiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş cavabdeh tərəfindən tərtib edilmiş 19 iyun 2013cü il akta münasibətdə məhkəmə hesab edir ki, həmin akt iddiaçı tərəfindən sudan qeyriqanuni istifadə faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Beləliklə, işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar boru vasitəsilə qeyri-qanuni istifadə edilməsi nəticəsində ona ziyan vurulduğunu və iddiaçıya yazılmış 2845,44 manat borcun əsaslı olduğunu bildirsə də, cavabdeh bununla bağlı hər hansı mötəbər sübutlar təqdim etməmiş, öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Digər tərəfdən iddiaçı iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş, cavabdeh tərəfindən həmin borcun tələb edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürüldüyünü göstərmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Cavabdeh materiallarda olan 19 iyun 2013-cü il tarixli akt üzrə borcun iddiaçıdan yalnız 2016-cı ildə tələb edildiyini bildirmiş (lakin həmin borcun ümumiyyətlə iddiaçıdan tələb edildiyini təsdiq edən sübut təqdim edə bilməmişdir), bununla da borcun tələb edilməsi ilə bağlı 3 illik iddia müddətini də ötürmüşdür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya əsassız olaraq hesablanmış 2845,44 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Bununla yanaşı, iddiaçı iddia ərizəsində silinməsini xahiş etdiyi borcun məbləğini 2239,30 manat göstərmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 2239,30 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya hesablanmış 2239,30 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 60 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı əsassız olaraq hesablanmış 2239,30 (iki min iki yüz otuz doqquz manat otuz qəpik) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdeh ASC-yə həvalə edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar