Məhkəmə qərarları › İş №e-2-2(113)-6096/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6096/2022

14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6096/2022 14.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Nümayəndə iştirakları ilə İddiaçı “Bakı Dövlət Universiteti” X5 cavabdeh "xxxx" ASC-yə qarşı borc məbləği üzrə öhdəliyə xitam verilməsi və borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Bakı Dövlət Universiteti” X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BDU-nun istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə xx.xx.2012-ci ilə qədər yaranmış 232.212,79 manat (iki yüz otuz iki min iki yüz on iki manat yetmiş doqquz qəpik) borc məbləği üzrə öhdəliyin icrası müddətindən 10 ildən artıq vaxt keçdiyinə görə BDUnun həmin borc məbləği üzrə öhdəliyinə xitam verilərək borcun BDU-nun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Yasamal rayon Sukanal İdarəsi tərəfindən “Bakı Dövlət Universiteti” X7 (BDU) xx.xx.2022ci ildə “Su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı” xəbərdarlıq göndərilərək BDU-nun istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh) xx.xx.2022-ci il tarixinə 247.296,82 manat (iki yüz qırx yeddi min iki yüz doxsan altı manat, 82 qəpik) məbləğində son ödəmə tarixi keçmiş, ödənilməmiş borcun olduğu qeyd edilmişdir. Həmçinin xəbərdarlıqda həmin borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə göstərilən xidmətlərin dayanadırılacağı, yaranmış borc və xidmətlərin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulmasının təmin ediləcəyi bildirilmişdir. Bundan sonra Cavabdeh ASC-nin nümayəndələri tərəfindən BDUya göstərilən su təchizatı və kanalizasiya xidmətləri müxtəlif vaxtlarda müvəqqəti olaraq dayandırılmışdır. Bununla əlaqədar olaraq “BDU” tərəfindən Cavabdeh ASC-yə (həmçinin Yasamal rayon Sukanal İdarəsinə) xx.xx.2022-ci il tarixli məktub göndərilərək BDU-nun istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə ümumi və illik borc məbləğlərinin dəqiqləşdirilməsi ilə bağlı araşdırma aparıldığı və araşdırmanın nəticəsinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəyi, bu səbəblə Cavabdeh tərəfindən BDU-ya göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dayanadırılması ilə bağlı tətbiq edilən məhdudiyyətlərin ən qısa vaxtda aradan qaldırılması xahiş edilmişdir. Həmçinin daha sonra “BDU” tərəfindən Cavabdeh ASC-yə xx.xx.2022-ci il tarixli pretenziya məktubu da göndərilərək 01.12.12-ci ilə qədər yaranmış 232.212,79 manat borc məbləği üzrə öhdəliyin icrası müddətindən 10 ildən artıq vaxt keçdiyinə görə BDU-nun həmin borc məbləği üzrə öhdəliyinə xitam verilərək BDU-nun abonent hesabından silinməsi və bu məsələ barədə 10 iş günü ərzində məlumat verilməsi xahiş olunmuşdur. Həmin müraciətlərə cavab olaraq Cavabdeh ASC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli 07/01-7/6/4947 nömrəli və xx.xx.2022-ci il tarixli 01/04-06-52 nömrəli cavab məktublarında qeyd edilir ki, “hal-hazırda BDU-nun abonent hesabında 01 aprel 2022-ci il tarixinə 239975,82 manat debitor borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 56.1-ci maddəsinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Mövcud borcun ümidsiz hesab edilməsi və ya iddia müddətinin ötməsi o halda mümkün olar ki, təchizatçı ilə istehlakçı təşkilatlar arasında Mülki Məcəllədə qeyd olunan müddət ərzində hər hansı dövriyyə, xidmətlərdən istifadə olunmasın. Lakin istifadə olunmuş və BDU tərəfindən ödənişlər qismən aparılmışdır. Bu səbəbdən də əvvəlki dövrdə istifadə olunan içməli su və çirkab suların axıdılması xidmətinin dəyərinin tam ödənilməməsi qeyd edilən borcun silinməsinə əsas vermir”. Halbuki cavabdehin imtinası qanunsuz və əsassızdır. Öhdəliyin icrası müddətindən 10 ildən artıq vaxt keçdiyinə görə BDU-nun xx.xx.2012-ci ilə qədər yaranmış 232.212,79 manat borc məbləği üzrə öhdəliyinə xitam verilərək borcu BDU-nun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməlidir. “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 3020 nömrəli Sərəncamına əsasən Bakı Dövlət Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Bakı Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkili nəticəsində yaradılmışdır. Buna uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 172 nömrəli Qərarı ilə BDU-nun Nizamnaməsi təsdiq edilmiş və həmin vaxtdan BDU müvafiq olaraq hüquqi şəxslərin dövlət qeydiyyatından keçərək öz fəaliyətini publik hüquqi şəxs kimi davam etdirmişdir. BDU-nun Nizamnaməsinə əsasən Universitet ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, nəzərimetodoloji, pedaqoji-metodiki və tətbiqi elmi-tədqiqatlar aparan publik hüquqi şəxsdir. Universitet öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini,Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər haqqında”, “Təhsil haqqında”, “Elm haqqında” qanunlarını və digər normativ hüquqiaktlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmr və sərəncamlarını və öz Nizamnaməsini rəhbər tutur. Universitetin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, bank hesabı, üzərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin və özadı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. Cavabdeh tərəfindən göndərilən xəbərdarlıqda qeyd edilən borc məbləğinin araşdırılması zamanı həmin məbləğin əsas hissəsinin, yəni 232.212,79 manatının 10 (on) ildən artıq müddət keçmiş əvvəlki dövrə aid olduğu müəyyən edilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilən Cavabdeh ASC-nin Yasamal rayon Sukanal Departamenti ilə abonent “BDU” arasında tərtib edilmiş xx.xx.2012-ci il tarixli 070137 nömrəli “Müəssisə üzrə debitor və kreditor hesablaşmaların qarşılıqlı üzləşməsi haqqında Protokol”dan görünür ki, sudan istifadəyə və kanalizasiya xidmətinə görə tərəflər arasında qarşılıqlı hesablaşmalar araşdırılaraq müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixinə qədər BDU-nun sudan istifadəyə görə 109.742,49 manat, çirkab suya görə 122.470,30 manat, ümumilikdə isə 232.212,79 manat debitor borcu yaranmışdır. Həmin ildən əvvəlki və sonrakı tarixlərə tərtib edilmiş üzləşmə aktlarından görünür ki, bu borc məbləği əvvəlki illərdən etibarən hissə-hissə toplanıb qalmış borcları ehtiva edir və həmin borc məbləği sonrakı dövrlərdə də ödənilməmişdir. Belə ki, xx.xx.2011-ci il tarixli üzləşmə protokolundan görünür ki, xx.xx.2010-cu il tarixinə BDU-nun sudan istifadəyə görə 139.328,88 manat, çirkab suya görə 84.033,94 manat, cəmi 223.362,82 manat debitor borcu olmuşdur. Halbuki 2010-cu il üzrə 89.730,71 manat su, 21.778,56 manat kanalizasiya xidməti, cəmi 111.509,27 manat satış həyata keçirilmiş və BDU tərəfindən həmin il üzrə 108.093,37 manat ödəniş həyata keçirilmişdir. Nəticədə xx.xx.2011-ci il tarixinə sudan istifadəyə görə 120.966,22 manat, çirkab suya görə 111.246,55 manat, cəmi 232.212,77 manat borcu yaranmışdır. Göründüyü kimi xx.xx.2011-ci ilə olan qalıq borcla xx.xx.2012-ci ilə olan qalıq borc tamamilə eyni məbləğ təşkil edir. Həmçinin iddia ərizəsinə əlavə edilən xx.xx.2013-cü il tarixli üzləşmə protokolundan görünür ki, xx.xx.2011-ci il tarixinə sudan istifadəyə görə 120.966,22 manat, çirkab suya görə 111.246,55 manat, cəmi 232.212,79 manat debitor borcu olmuşdur. 2012-ci il üzrə 127.224 manat su, 32.443,19 manat kanalizasiya xidməti, cəmi 111.509,27 manat satış həyata keçirilmiş və BDU tərəfindən həmin il üzrə sudan istifadəyə görə 129.515,19 manat, cirkab suya görə 39.833,36 manat, cəmi 169.348,55 manat ödəniş həyata keçirilmişdir. Nəticədə xx.xx.2013-cü il tarixinə sudan istifadəyə görə 107.451,30 manat, çirkab suya görə 115.080,13 manat,cəmi 232.212,77 manat borcu yaranmışdır. Eləcə də iddia ərizəsinə əlavə edilən sonrakı illərə dair üzləşmə protokollarından görünür ki, növbəti illər üzrə sudan istifadəyə və kanalizasiya xidmətinə görə həyata keçirlən satış məbləği ilə ödəniş məbləğləri təxminən eynilik təşkil etmiş (başqa sözlə, həmin illər üzrə həyata keçirilən satış üzrə ödənişlər həyata keçirilmiş) və nəticədə əvvəlki illər üzrə (xx.xx.2012-ci il tarixinə qədər) toplanmış borc məbləği ödənilmədən qalmışdır. Bunun da səbəbi həmin dövrdə BDU-nun dövlət büdcəsindən maliyyələşən ali təhsil müəssisəsi kimi fəaliyyət göstərməsi və hesablar üzrə kassa xərclərinin icrası Maliyyə Nazirliyi yanında X2 tərəfindən xidmət göstərilməklə, “Büdcə sistemi haqqında” və hər il üçün təsdiq edilmiş “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunlarına, eləcə də Xəzinədarlığın tətbiqi ilə bağlı normativ hüquqi aktlara, təlimatlara əsasən həyata keçirilməsidir. Məlum olduğu kimi, “Azərbaycan Respublikasında Dövlət Xəzinədarlığının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 may 1997-ci il tarixli 568 saylı Sərəncamına əsasən ölkədə 1997-ci ildən Xəzinədarlıq sisteminin tətbiqinə başlanılmış və sonrakı illər ərzində xəzinədarlığın müxtəlif mərhələlərinin tətbiqi uğurla həyata keçirilmiş, büdcə vəsaitlərinin daha səmərəli istifadə edilməsi, milli iqtisadiyyatımıza mənfi təsir göstərən lüzumsuz borcların yaranmasının qarşısının alınması təmin edilmişdir. Müvafiq Sərəncamdan irəli gələn tapşırıqların yerinə yetirilməsini təmin etmək məqsədilə hazırlanmış və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2001-ci il 05 yanvar tarixli 2516 qeydiyyat nömrəsi ilə təsdiq edilmiş “Dövlət büdcəsinin xərcləri üzrə öhdəliklərin qəbul olunması haqqında” Təlimatın 4-cü bəndinə əsasən öhdəliklərin tətbiqi gününə qədər (xx.xx.1999-cu ilə qədər) büdcə təşkilatları tərəfindən yaradılmış kreditor borcları köhnə borclar adlanır və köhnə borclar üzrə yeni öhdəliklər qəbul edilə bilməz, köhnə borcların ödənişi yalnız istisna hallarda hökumətin qərarına əsasən xəzinədarlıq tərəfindən həyata keçirilə bilər, öhdəlikdən artıq yaranan borclar isə qanunsuz borclar adlanır və onların büdcədən ödənilməsi yolverilməzdir. Digər tərəfdən də “Büdcə sistemi haqqında” Qanunun 19.3-cü maddəsinə əsasən büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə dövlət xəzinədarlığı tərəfindən qabaqcadan öhdəliklər götürülür və bu öhdəliklər çərçivəsində yaranan kreditor borcları xəzinədarlıq tərəfindən ödənilir. Eyni zamanda qeyd etmək lazımdır ki, "Azərbaycan Respublikasının 2001-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 422 nömrəli Fərmanının 18-ci maddəsində göstərilmişdir ki, dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlar elektrik və istilik enerjisi, təbii qaz, su təchizatı və rabitə xidmətləri üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş limitlərə ciddi riayət etsinlər, Azərbaycan Respublikasının Rabitə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi, "Azərenerji" Səhmdar Cəmiyyəti, "Azəriqaz" Səhmdar Cəmiyyəti və X3 Su Cəmiyyəti büdcə təşkilatları üçün yalnız müəyyən olunmuş limitlər əsasında məhsulların buraxılmasını və xidmətlərin göstərilməsini təmin etsinlər. Digər tərəfdən, BDU yenidən təşkil edildiməklə publik hüquqi şəxsə çevrildikdən sonra fəaliyyət göstərdiyi dövr ərzində yaranan bütün məsrəflər üzrə, o cümlədən su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcların tam və vaxtlıvaxtında ödənilməsi təmin edilmişdir. Belə ki, müvafiq dövrə dair (2019-2022-ci illər üzrə) BDU-ya təqdim edilən su təchizatı və kanalizasiya xidmətlərinin satış məbləğləri ilə BDU tərəfindən həyata keçirilən ödəniş məbləğlərinin eynilik təşkil etdiyi, hətta daha artıq ödəniş edildiyi müəyyən edilir. Belə ki, su təchizatı və kanalizasiya xidmətlərinin 2019-cu il üzrə satış məbləği 236.162,50 manat, ödəniş məbləği 236.681,51 manat, 2020-ci il üzrə satış məbləği 202.547,50 manat, ödəniş məbləği 202.632,61 manat, 2021-ci il üzrə satış məbləği 205.666,16 manat, ödəniş məbləği 212.320,69 manat təşkil etmişdir. Lakin 2012ci ilə qədər yaranmış 232.212,79 manat borc məbləği sonrakı dövrlərdə, o cümlədən hazırda da qalıq borc məbləği kimi BDU-nun abonent hesabında görünməyə davam edir. Halbuki həmin borc məbləği üzrə öhdəliyin icrası müddətindən 10 ildən artıq vaxt keçdiyindən BDU-nun həmin borc məbləği üzrə öhdəliyinə xitam verilməli və 232.212,79 manat məbləğində borc BDU-nun abonent hesabından silinməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 məhkəməyə izahatında qeyd etmişdir ki, tərəflər arasında hazırda yaranan borc məbləği 2012-ci ilə aid olsa belə iş materiallarında olan borcun qarşılıqlı üzləşmə aktlarında borc hər il öz təsdiqini tapmışdır. Bununla bağlı olaraq öhdəliyə müddətin keçdiyi üçün xitam verilməsi əsassızıdır. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: Bakı Dövlət Universiteti və Cavabdeh ASC arasında 30 dekabr 2013-cü il tarixli 070137 nömrəli su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün 30 dekabr 2013-cü il tarixli 070137 nömrəli müqavilə imzalanmışdır. Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş Bakı Dövlət Universitetinə məxsus abonent hesabından çıxarışdan məlum olur ki, Bakı Dövlət Universitetinin 147.032,18 manat su, 112.611,17 manat çirkli su, cəmi 259.643,35 manat qalıq mövcuddur. Bakı Dövlət Universiteti və Cavabdeh ASC arasında tərtib edilmiş, 14 yanvar 2010cu il tarixli 070137 nömrəli hesablaşmaların qarşılıqlı üzləşməsi aktında 01 yanvar 2010cu il tarixə cəmi 223.362,81 manat, 14 yanvar 2011-ci il tarixli 070137 nömrəli hesablaşmaların qarşılıqlı üzləşməsi aktında 01 yanvar 2011-ci il tarixə cəmi 232.212,77 manat, 11 yanvar 2012-ci il tarixli 070137 nömrəli hesablaşmaların qarşılıqlı üzləşməsi aktında 01 yanvar 2012-ci il tarixə cəmi 232.212,79 manat, 11 yanvar 2013-cü il tarixli 070137 nömrəli hesablaşmaların qarşılıqlı üzləşməsi aktında 01 yanvar 2013-cü il tarixə cəmi 222.531,43 manat, 12 yanvar 2014-cü il tarixli 070137 nömrəli hesablaşmaların qarşılıqlı üzləşməsi aktında 01 yanvar 2010-cu il tarixə cəmi 222.531,42 manat, 9 yanvar 2015-ci il tarixli 070137 nömrəli hesablaşmaların qarşılıqlı üzləşməsi aktında 01 yanvar 2015-ci il tarixə cəmi 222.531,41 manat, 21 yanvar 2016-cı il tarixli 070137 nömrəli hesablaşmaların qarşılıqlı üzləşməsi aktında 01 yanvar 2016-cı il tarixə cəmi 216.906,84 manat, 13 yanvar 2018-ci il tarixli 070137 nömrəli protokolda 231.533,14 manat, 13 yanvar 2020-ci il tarixli 070137 nömrəli üzləşmə aktında 231.034,1 manat, 23 yanvar 2021 tarixli 070137 nömrəli üzləşmə aktında 230.948,99 manat məbləğində borc qeyd olunmuşdur. Bakı Dövlət Universieti tərəfindən Cavabdeh ASC-yə ünvanlanan müraciətə verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsi ilə Bakı Dövlət Universiteti arasında “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” bağlanmış 070137 saylı müqaviləyə əsasən tələbata uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə 2874-82 saylı dövlət standartlarının tələblərinə uyğun, içməli və istehsalat məqsədli suyun buraxılmasını, tullantı sularının kanalizasiya sisteminə qəbulunu, təmizlənməsini və axıdılması təmin etmişdir. Təqdim olunan hesab fakturalara və elektron vergi hesab fakturalara Bakı Dövlət Universiteti tərəfindən etiraz edilməmişdir. Bunun müqabilində istehlakçı istifadə etdiyi suyun və kanalizasiya xidmətlərinin dəyərini vaxtında və tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin istifadə olunan suyun və göstərilmiş kanalizasiya xidmətlərinin dəyəri Bakı Dövlət Universiteti tərəfindən tam ödənilməmişdir. Bakı Dövlət Universiteti tərəfindən istifadə olunan su təchizatı və tullantı sularının həcmi 28 oktyabr 1999-cu il tarixli, 723-İQ nömrəli Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında qanunu”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarına və qüvvədə olan digər normativ hüquqi aktlara əsasən hesablanmışdır. Göstərilən xidmətlərin dəyərinin tam ödənilməməsi Cavabdeh ASC-nin maliyyə vəziyyətinə öz təsirini göstərməklə, büdcəyə olan vergi borclarının, elektrik enerjisi haqqının, sosial müdafiə fonduna ayırmaların ödənilməsində, suyun istehsalına, nəqlinə çəkilən və digər xərclərin ödənilməsində problemlər yaradır. Hal-hazırda Bakı Dövlət Universitetinin abonent hesabında 01 aprel 2022-ci il tarixinə 239975,82 (iki yüz otuz doqquz min doqquz yüz yetmiş beş manat səksən iki qəpik) manat debitor borc vardır. İstifadə olunmuş su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə hesablar təqdim olunmuş və Bakı Dövlət Universiteti tərəfindən ödənişlər qismən aparılmışdır. Bu səbəbdən də əvvəlki dövrdə istifadə olunan içməli su və çirkab sularının axıdılması xidmətinin dəyərinin tam ödənilməməsi qeyd edilən borcun silinməsinə (ləğv olunmasına) əsas vermir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verib, tərəfləri dinləyərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddiaçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə silinməsini tələb etdiyi borcunun 2012-ci ildə yaranmış borc olması işin mübahisəsiz halıdır. İddiaçı qeyd olunan borc məbləğinin 2012-ci il tarixinə aid olduğunu, öhdəliyin icrası müddətindən 10 ildən artıq vaxt keçdiyinə görə silinməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəflər arasında sonrakı illərdə hər il borcun etirafına dair üzləşdirmə aktlarının tərtib edildiyini, bu səbəbdən müddətin ötmədiyini əsas gətirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının silinməsini tələb etdiyi 232.212,79 manat məbləğində borc 2012-ci ilədək olan dövrdə yaranmış, vaxtaşırı ödənişlər haqqında tələbdən irəli gələn borcdur. İddiaçı tərəfindən 232.212,79 manat borc məbləğindən ödəniş olunmuş, üzləşmə protokolunda 2013-cü il tarixinə tərəflər arasında mövcud borc 222.531,43 manat qeyd olunmuşdur. İddiaçı tərəfindən son 5 il ərzində silinməsi tələb olunan borcdan ödənişlər edilməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Abonent saldosundan abonentin hər il yalnız cari borc üzrə ödəniş etdiyi müəyyən olunur. AR MM-nin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin: 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2.1-ci madddəyə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Məhkəmə iddiaçının silinməsini tələb etdiyi borcun 2012-ci il tarixədək yarandığını, 2013-cü ildə həmin borc məbləğindən son ödəniş edilməsini, həmin borcun yaranmasından Mülki Məcəllənin 551.2.1-ci maddəsində vaxtaşırı ödənişlər haqqında tələblər üçün nəzərdə tutulmuş 5 illik müddət keçməsini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin öhdəliklərə xitam verilməsini və borcun silinməsini tələb etməkdə haqlıdır. İddiaçının borcların qarşılıqlı üzləşdirilməsi aktlarını imzalamaqla borcunu etiraf etməsi, bununla da öhdəliyin xitamı üçün nəzərdə tutulmuş müddətin axımının kəsilməsi barədə cavabdehin dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, birincisi borcun gələcəkdə ödəniləcəyinə dair heç bir vədi əks etdirməyən qarşılıqlı hesablaşma sənədləri olan üzləşmə aktlarının imzalanması borcun etiraf edilməsinə yönəldilən real hərəkət kimi qəbul edilə bilməz, eyni zamanda borcu etirafedici hərəkətin edilməsi öhdəliyin xitamı müddətinin kəsilməsi üçün əsas olan hal kimi Mülki Məcəllədə nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 553.1-ci maddəsinə görə yalnız aşağıdakı hallarda öhdəliklərin xitamı üçün müddətin axımı kəsilir: 553.1.1. mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə; 553.1.2. ixtiyarlı şəxs məhkəməyə iddia verirsə. Göründüyü kimi MM-in 553.1.1-ci maddəsinə əsasən öhdəliklər üzrə icra müddətinin mükəlləfiyyətli şəxs tərəfindən gecikdirildiyi, lakin hissə-hissə yerinə yetirildiyi və ya bu öhdəliyin borclu tərəfindən gələcəkdə icra ediləcəyi barədə ixtiyarlı şəxsə təminat verildiyi, ixtiyarlı şəxs tərəfindən məhkəməyə iddia verildiyi hallarda öhdəliklərin xitamı üçün müddətin axımı kəsilir. İddiaçının borcların qarşılıqlı üzləşdirilməsi aktlarını imzalaması onun tərəfindən öhdəliyin gələcəkdə icra ediləcəyi barədə ixtiyarlı şəxsə təminatı kimi qəbul edilə bilməz. Belə ki, bu aktların məzmunundan iddiaçı tərəfindən öhdəliyin icrası ilə bağlı cavabdehə hər-hansı zəmanət verilməsi müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. "Bakı Dövlət Universiteti" X5 istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə xx.xx.2012-ci ilə qədər yaranmış 222.531,42 manat borc məbləği üzrə öhdəliyə xitam verilsin. 222.531,42 manat "Bakı Dövlət Universiteti" X5 "xxxx" ASC-də olan abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar