Məhkəmə qərarları › İş №e-2-2(113)-624/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-624/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-624/2024 04.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı X3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx"ASC-nin Komissiyası tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli NDQ№ 017303 nömrəli aktın (qərar) ləğv edilməsi və həmin akt əsasında hesablanmış 3.460,20 manat (üç min dörd yüzaltımış manat iyirmi qəpik) məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Hacıqabul rayonu Rəncbər kəndində yaşayır, həmin kənddə sahibkarlıq məqsədi istifadə etdiyi ticarət obyektinin sayğacına xx.xx.2023-ci ildə baxış keçirilmişdir. Hüquqi şəxslərin sayğaclarına baxış keçirilən zaman həmin hüquqi şəsin VÖEN-ni Azərbaycan Respublikası Ədliyyə Nazirliyini mərkəzi informasiya portalına yerləşdirildikdən sonra sayğaca baxış keçirilə bilər. Belə ki, Azərişıq” ASC-nin əməkdaşları yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı mənə təqdim etməmişdir. Belə olan halda, Azərişıq” ASC-nin əməkdaşları ciddi qanun pozuntusuna yol vermişdir. "xxxx" ASC-nin əməkdaşları Quliyev.A, Vəliyev.G və Hacıqabul RETSİ nəzarət mühəndisi Şirinov.Ş tərəfindən Hacıqabul rayonu, Rəncbər kəndində yerləşən ticarət obyektinin abonenti Piriyev Yaşar adına tərtib olunmuş aktda aşkarlanmış qüsur kimi yazılır. “EEİQ-na uyğun sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt obyektdən çöldə həyətdə yerləşən 04 kv-luq hava xəttindən çəkilərək obyektin daxilində quraşdırılmış avtomat ayrıcıya qoşulmuşdur. Ölçmə zamanı kənar xəttdən axan yük P kən 1 kvt = 2.2 kvt (iki tam onda iki) P sayğac=1.0 kvt (bir) P qoy=7.9 kvt. kənar xətt ləğv edilsin.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.

9. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

10. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

11. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

12. Məhkəmə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(113)-624/2024 saylı qərardadı ilə iddianın xx.xx.2023-cü il tarixli NDQ№ 017303 nömrəli aktın (qərarın) ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.

13. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir.

14. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında xx.xx.2023-cü il tarixli, 288283 nömrəli “enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmışdır.

15. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 017303 nömrəli aktdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən Hacıqabul rayonu, Rəncbərlər kəndində yerləşən, abonent kodu **********31018 olan sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt obyektdən çöldə, həyətdə yerləşən 0,4 kv-luq hava xəttindən çəkilərək obyektin daxilində quraşdırılmış avtomat ayrıcıya qoşulmuşdur. Kənar xətdən axan yük ölçülmüş və kənar xətt ləğv edilmişdir.

16. Bundan başqa, iş materiallarına əlavə olunmuş, xx.xx.2023-cü il tarixli icra vərəqinə əsasən xx.xx.2023-cü il tarixli 017303 nömrəli akt əsasında X2 məxsus **********31018 saylı abunə kodu üzrə 3.460,20 manat (34602 kvts x 0,10 (tarif)=3.460,20) borc hesablanmışdır.

17. İş materiallarında olan **********31018 saylı abonent kodu üzrə X2 məxsus olan abonent saldosundan görünür ki, X1 cari tarixə qalıq borcu 2.865,41 manat təşkil edir.

18. Məhkəmə qeyd edir ki, göründüyü kimi, iddiaçı tərəfindən müəyyən məbləğdə ödənişlər edildiyindən X1 cari tarixə 2.865,41 manat borcun qaldığı görünür.

19. Məhkəmə qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi borc xx.xx.2023-cü il tarixli 017303 nömrəli akta əsasən hesablanmış olan borc məbləğidir. Ona görə də, qeyd olunan aktın nəticəsinin hüquqi qüvvəsinin olub-olmaması müəyyən edilməlidir.

20. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi məhkəmənin yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydə alınıb-alınmaması barədə sualına cavab olaraq yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığını bildirmişdir.

21. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.

22. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

23. Məhkəmə bu xüsusda qeyd edir ki, iddiaçı tərəf xx.xx.2023-cü il tarixli 017303 nömrəli akta əsasən hesablanmış 3.460,2 manat borcun silinməsini xahiş etsə də, hazırda onun qalıq borcu 2.865,41 manat təşkil edir.

24. Ona görə də, 2.865 (iki min səkkiz yüz altmış beş) manat, 41 (qırx bir) qəpik məbləğində borc silinməlidir.

25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 məxsus **********31018 saylı abunə kodu üzrə hesablanmış 2.865 (iki min səkkiz yüz altmış beş) manat, 41 (qırx bir) qəpik məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar