Məhkəmə qərarları › İş №e-2-2(113)-637/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-637/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-637/2021 15.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış 23691,37 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayon Sukanal İdarəsi ilə İddiaçı arasında 03.11.2018-ci il tarixində su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 19259062 saylı müqavilə imzalanmışdır. Cavabdeh ASC-nin Binəqədi rayon Sukanal İdarəsi tərəfindən 08.04.2019-cu il tarixində İddiaçı MMC-yə təqdim edilmiş hesab fakturada cəmiyyətin 2017-ci ilin mart ayı üçün olan borcu 23703,4 manat göstərilmişdir. Bundan sonra Cavabdeh ASC-yə müraciət olunaraq 23703,4 manat borcun yma səbəbləri barədə məlumat verilməsi xahiş edilmişdir. Cavab olaraq Cavabdeh ASC MXD-6401 saylı İnventar Aktı təqdim etmişdir. Həmin aktda göstərilir ki, 01 mart 2017-ci il tarixində Binəqədi rayonunda yerləşən, abonent nömrəsi 101560 olan “” firmasına baxış zamanı məlum oldu ki, obyekt fəaliyyət göstərmir, su sayğacı bağlıdır. Daha sonra qeyd edirlər ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən “” firması 27734 kub metr miqdarında 23691,67 manat dəyərində tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurmuşdur. Dəymiş ziyan məbləğinin abonent tərəfindən ödənilməsi məcburidir. Göründüyü kimi, akt ilk öncə əlyazma formada tərtib edilmiş, həmin akta obyektin fəaliyyət göstərmədiyi və su sayğacının isə bağlı olduğu qeyd olunur. Daha sonra isə akt texniki vasitələrin köməyi ilə kompyuterdə yazılmış, ancaq bu zaman qanunsuz olaraq tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə edilməsinə görə “” firmasına 23691,37 manat cərimə hesablanaraq borc yazılmış, daha sonra isə 03.11.2018-ci il tarixində Cavabdeh ASC ilə İddiaçı MMC arasında müqavilə imzalanarkən hal-hazırda mübahisələndirilən, əsassız hesablanmış borc İddiaçı MMC–yə ötürülmüşdür. Buradan da məlum olur ki, Cavabdeh ASC-nin əməkdaşları ilk öncə tərtib etdikləri aktda firmanın işləmədiyini və sayğacın bağlı olduğunu qeyd etsələr də, sonrakı aktlarında isə işləməyən və su sayğacı bağlı olan bir şirkətə tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə edilməsinə görə borc yazılmışdır. Göründüyü kimi, Cavabdeh ASC tərəfindən abonent kodu 101560 olan İddiaçı MMC-yə 23691,37 manat əsassız olaraq borc hesablanılmışdır. 06.11.2020-ci il tarixində poçt vasitəsi ilə Cavabdeh ASC-yə pretenziya qaydasında mütaciət göndərilmişdir. Lakin cavabdeh qurum tərəfindən müraciətə heç bir cavab verilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək iddianın əsassız olduğunu bildirmiş və rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Cavabdeh ASC ilə İddiaçı MMC arasında 03.11.2018-ci il tarixdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair bağlanmış 19259062 (abonent kodu: 101560) saylı müqaviləyə əsasən Cavabdeh ASC “xxxx” MMC-ni içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, İddiaçı MMC isə su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. - 01.03.2017-ci il tarixli, MXD-6401 nömrəli inventar aktından görünür ki, Binəqədi rayonunda yerləşən “” firmasına (müqavilə nömrəsi: 101560) baxış zamanı məlum olmuşdur ki, obyekt fəaliyyət göstərmir, su sayğacı bağlıdır. Bundan əlavə olaraq obyektə d=80 mm-lik boru ilə qrunt suyu kanal vasitəsi ilə Böyükşor gölünə axıdılır. - 01.03.2017-ci il tarixli, MXD-6401 nömrəli qeyri-qanuni istifadə nəticəsində itirilmiş tullantı su hesabatına (müqavilə nömrəsi: 101560) əsasən müəyyən olunmuşdur ki, “” firması 27734 m3 miqdarında 23691,67 manat dəyərində qurunt sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurmuşdur. Qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı il təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nın 8.7-ci bəndinə əsasən əlavə sərfiyyat hesablanmışdır. - 28.03.2017-ci il tarixli, ********* nömrəli hesab fakturadan görünür ki, İddiaçı MMCnin cəmi borc məbləği 23703,40 manat təşkil edir. Hesab fakturada müqavilə nömrəsi 19259062, abonent kodu 101560 göstərilir. - İddiaçı MMC-nin abonent haqqında məlumatından görünür ki, müəssisənin 01.01.2019-cu il tarixə çirkab sularının axıdılmasına görə 22049,16 manat, içməli və istehsalat məqsədli sudan istifadəyə görə 1255,95 manat olmaqla cəmi 23305,11 manat borcu mövcud olmuşdur. Məlumatda nömrəsi 180427 olan sayğacın quraşdırılma tarixi 08.10.2018-ci il tarixi göstərilmişdir. - İcarəyə verən qismində X2 ilə icarəçi qismində İddiaçı MMC arasında bağlanmış 17.02.2017-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1286-cı küçədə yerləşən 5140,3 m2 əmlak kompleksi kimi müəssisəni 10 il müddətinə icarəçinin istifadəsinə vermişdir. Müqavilənin 1.4-cü bəndinə əsasən icarənin başlanma tarixindən bütün icarə müddətinə və sonradan uzadıldığı dövrə kimi sahə bu müqavilənin şərtlərinə uyğun olaraq icarəçinin tam istifadəsinə keçir; 4.1-ci bəndinə əsasən icarə haqqı 01.05.2017-ci il tarixdən hesablanır; 6.1.1-ci bəndinə əsasən icarəyə verən Sahəni icarəçiyə bu Müqavilədə göstərilmiş tarixdən istifadəyə yararlı vəziyyətdə təhvil verməlidir. - Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********7 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1286-cı küçədə yerləşən obyekt 18.03.2017ci il tarixdə uçota alınmışdır. - İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə 04.11.2020-ci il tarixli, 871 nömrəli pretenziya məktubu ünvanlanaraq əsassız hesablanmış borcun silinməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı il təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nın: 1.6-cı bəndinə əsasən STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. 4.1.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir; 7.20-ci bəndinə əsasən STKM suölçən cihaz quraşdırılmış hər bir istehlakçının adına, müqavilə bağlanıldığı gündən fərdi hesab açır. 7.21-ci bəndinə əsasən istehlakçı ödəyicinin adı, hüquqi ünvanı, fəaliyyət növü, təsisçisi (təsisçiləri) dəyişdikdə, STKM-i yazılı xəbərdar etməli və zərurət ydıqda, STKM ilə qarşılıqlı hesablaşmalarda dəyişiklik olan tarixə üzləşmə aktının tərtib edilməsi barədə müraciət etməlidir. 8.4-cü bəndinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. 3.1.1-ci bəndinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in hüquqlarına aid edilmişdir. Cavabdeh ASC ilə İddiaçı MMC arasında bağlanmış 03.11.2018-ci il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 19259062 (abonent kodu: 101560) saylı müqavilənin: 4.1.1-ci bəndinə əsasən istehlakçı müəssisə tərəfindən göstərilmiş su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəyir. 5.3-ci bəndinə əsasən tərəflər müqavilədə nəzərdə tutulmuş öhdəliklərin hər bir pozuntusu üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci, 443.5-ci və 448.2-ci maddələrinə uyğun qarşılıqlı məsuliyyət daşıyırlar. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi, 01.03.2017-ci il tarixdə Binəqədi rayonunda yerləşən “” firmasına baxış keçirilən zaman aşkar olunmuş pozuntulara görə tərtib edilmiş inventar akt üzrə hesablanan borc məbləği İddiaçı MMC-nin abonent haqqında məlumatında iddiaçının borcu kimi göstərilmişdir. Həmin tarixdə icarə obyekti istifadəyə qəbul olunmamış və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1286-cı küçədə yerləşən əmlak kompleksi kimi müəssisə iddiaçı tərəfindən müvafiq vergi orqanında 18.03.2017-ci il tarixdə uçota alınmışdır. Həmçinin iddiaçı ilə cavabdeh arasında 03.11.2018-ci il tarixdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanılmış, yəni akt tərtib olunan tarixə tərəflər arasında müqavilə münasibətləri də mövcud olmamışdır. 01.03.2017-ci il tarixli, MXD-6401 nömrəli inventar aktında və qeyri-qanuni istifadə nəticəsində itirilmiş tullantı su hesabatında müqavilə nömrəsi hissəsində “101560” qeyd olunmuşdur. Həmin nömrə 03.11.2018-ci il tarixdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilədə İddiaçı MMC-nin abonent nömrəsi kimi göstərilmişdir. İddiaçı MMC ilə “” firması arasında hər hansı bir münasibətlərin mövcud olması müəyyən olunmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, mübahisəli borcun ödənilməsi sudan istifadə Qaydaları və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə də uyğun olmamışdır. Belə ki, göstərilən akt “” firması barəsində tərtib olunmuşdur. Su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirilmişdisə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməli idi. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməli, yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalı idi. Bundan başqa, dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək cavabdehin hüquqlarına aid edilmişdir. Hazırkı halda iddiaçının hər hansı təqsirinin olması müəyyən edilmir. İstehlakçı müəssisə tərəfindən göstərilmiş su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəyir. Akt tərtib olunan dövrdə cavabdeh tərəfindən iddiaçıya hər hansı su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi müəyyən olunmur. Eyni zamanda müqavilə şərtlərinə əsasən tərəflər müqavilədə nəzərdə tutulmuş öhdəliklərin hər bir pozuntusu üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci, 443.5-ci və 448.2-ci maddələrinə uyğun qarşılıqlı məsuliyyət daşıyırlar. Hazırkı halda iddiaçının öhdəliklərinin pozuntusu faktı müəyyən olunmur. Qeyd olunmalıdır ki, cavabdehin nümayəndəsi iddiaya etiraz etsə də, etirazını əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia tələbində 23691,37 manat məbləğində borcun silinməsini tələb etsə də, İddiaçı MMC-nin abonent haqqında məlumatından görünür ki, müəssisənin 01.01.2019-cu il tarixə çirkab sularının axıdılmasına görə 22049,16 manat borcu olduğu qeyd olunmuşdur və həmin məbləğ 23691,37 manat məbləğdən qalıq borcdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, 22049,16 manat borcun (23691,37 manat məbləğdən qalıq barc) İddiaçı MMC-dən ödənilməsi tələb edilə bilməz və iddia qismən təmin edilərək, həmin borc İddiaçı MMC-nin hesabından silinməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 22049,16 manat (iyirmi iki min qırx doqquz manat on altı qəpik) məbləğində borc İddiaçı hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar