Məhkəmə qərarları › İş №e-2-2(113)-638/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-638/2020

28.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-638/2020 28.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı2 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı domofon sisteminin servis kodlarının və texniki pasportunun təqdim edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı2 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin Bakı şəhəri, Heydər Əliyev prospekti, 83/85 ünvanında yerləşən çoxmənzilli binanın 6 giriş blok qapısına sataraq quraşdırdıqları domofon sistemlərinin proqram rejiminə daxil olmaq üçün tələb olunan servis kodlarını, domofon sisteminin funksiyalarını, quraşdırma qaydalarını və sair texniki məsələləri özündə əks etdirən domofon sistemlərinin texniki pasportunu məhkəmə aktı qanuni qüvvəyə mindiyi andan 10 gün ərzində “Nərimanov -11” mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə təhvil verməyə borclu olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin əvvəllərində giriş nəzarət sistemi alınaraq quraşdırılması məqsədi ilə binanın 6 blokunun bütün sakinlərinin hər biri tərəfindən Cavabdeh” MMC-yə 50 (əlli) manat pul ödənilmişdir. Həmin pullar cavabdehə ödənildikdən sonra, sonuncu binanın 6 blokunun giriş qapılarına domofon sistemləri quraşdırmışdır. Həmin domofon sistemlərinə hər sakin üçün ayrıca abunə dəsti (trubka) də daxildir. Trubka vasitəsilə sakinlər, yanlarına gələn blokun giriş qapısının qarşısındakı insanlarla danışaraq, mənzildən həmin trubka vasitəsilə blokun qapısını aça bilirdilər. Cavabdeh 3 aydan sonra domofonun servis kodları vasitəsilə domofon sisteminin proqramlaşdırma rejiminə daxil olaraq, bir çox sakinlərin trubkalarını domofondan ayırmışdır. Cavabdeh və 4 saylı blokun sakini X6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 05.02.18/1 saylı müqavilənin 2.1-ci bəndindən göründüyü kimi, cavabdeh domofon sisteminə daxil olan avadanlığı sifarişçiyə çatdırmağı, həmçinin bu avadanlığı quraşdırmağı, sifarişçi isə həmin avadanlığın və quraşdırma işlərinin pulunu cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. Həmçinin həmin müqavilənin 7.9-cu bəndində göstərilmişdir ki, cavabdehə 3 ay xidmət haqqı ödəməyən sakinlərin trubkaları sonuncu tərəfindən domofon sistemindən ayrılacaq. Eyniməzmunlu müqavilələr digər 5 blokda yaşayan sakinlərlə də bağlanmışdır. Müqavilədə zəmanət müddətini gözləmədən domofon sistemi quraşdırılan kimi bina sakinlərinin cavabdehə xidmət haqqı ödəməyə borclu olması barədə bəndlər qüvvədə olan qanunvericiliyə zidd olduğundan özü-özlüyündə etibarsızdır. Belə ki, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 94 saylı, x xxxxx 2014-cü il tarixli Qərarının 5.74-cü bəndində qeyd edilmişdir ki, əgər mal üçün zəmanət və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, istehlakçı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın istehlakçıya verildiyi gündən 2 il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Həmçinin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 16-cı maddəsinin tələblərinə görə, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. Cavabdehin binanın idarəedici orqanlarının əvəzinə, buna heç bir səlahiyyəti olmayan müxtəlif fiziki şəxslərlə domofon sisteminin quraşdırılması və istismarı ilə bağlı müqavilələr bağlaması qanunazidd olmuşdur. Ona görə ki, domofon sistemi binanın bütün sahə mülkiyyətçilərinin ümumi paylı əmlakıdır. Həmin dövrdə binanın idarəedici orqanı binanı inşa etmiş “ARAZ-2011(A)” MMC olmuşdur. Cavabdehin “ARAZ2011(A) ” MMC–yə heç bir aidiyyatı olmamışdır və indi də yoxdur. Domofon quraşdırıldıqdan təxminən 3 ay sonra, cavabdeh zəmanət müddətini gözləmədən bina sakinlərinin mənzillərindəki trubkalarını domofon sistemindən ayırmağa başlamışdır. Trubkası sistemdən ayrılmış sakinin yanına kimsə gələndə, həmin sakin blokun giriş qapısını trubka vasitəsilə aça bilmir, liftlə birinci mərtəbəyə düşərək həmin qapını açmağa məcbur qalır. Bu səbəbdən də liftlər boş-boşuna əlavə istismar olunur, liftlərin işləməsinə əlavə elektrik enerjisi sərf edilir. Liftlərin istismarı-təmiri və həmçinin buna istifadə olunan elektrik enerjisi ilə bağlı bütün xərcləri cavabdeh yox, MMMC çəkir. Beləliklə, cavabdehin sakinlərin trubkalarını ayırması, MMMC-ni əlavə pul xərcləri etməyə vadar edir. Cavabdehin quraşdırdığı domofon sistemləri çoxmənzilli binalar üçün nəzərdə tutulan çin istehsallı giriş nəzarəti sistemidir. Çoxmənzilli binalar üçün nəzərdə tutulan bütün bu növ domofon sistemlərinin işləmə, quraşdırma və idarəetmə prinsipləri əsasən eynidir. Sakinin trubkasını domofon sistemindən ayırmaq üçün heç bir məftili kəsmək tələb olunmur. Sistemin proqramlaşdırma rejiminə girərək, həmin rejimdə trubkanı sistemdən ayırmaq olar. Həmçinin, həmin rejim vasitəsilə yenidən trubkanı sistemə qoşmaq olar. Proqramlaşdırma rejiminə daxil olmaq üçün xüsusi 4 rəqəmli servis kodları lazımdır. Bu servis kodları domofon sisteminin kontrol panelinə daxil etdikdə, proqramlaşdırma rejiminə daxil olunur. Həmçinin qeyd edilən servis kodlarının özünü də proqramlaşdırma rejimində olarkən başqası ilə əvəz etmək olar. Domofon sistemlərinin istehsalçıları onları hazırlayarkən, onların hamısına proqram rejiminə daxil olmaq üçün eyni servis kodları qoyurlar. Domofon sistemini montaj edərkən montajçılar zavod servis kodları vasitəsilə proqram rejiminə daxil olaraq, həmin zavod servis kodlarını başqası ilə əvəz edirlər. Servis kodları vasitəsilə domofon sisteminin proqram rejiminə daxil olmadan, bu sistemi təmir etmək, sistemə blokun qapısını çöldən açmaq üçün yeni maqnit kartları (düyməçikləri) əlavə etmək və bir sıra digər mühüm əməliyyatlar etmək mümkün deyil. Həmçinin domofon sisteminin funksiyalarını,quraşdırma qaydalarını və sair texniki məsələləri özündə əks etdirən texniki pasport olmadan da bunları etmək mümkünsüzdür. Binanın sahə mülkiyyətçilərinin şəxsi pul vəsaitləri hesabına alınaraq quraşdırılan domofon sisteminin trubkalarını sistemdən ayrılması ilə bağlı, MMMC üzvlərində böyük narazılıqlar yaranmışdır. Domofon sistemləri binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətində olduğu halda, cavabdeh sistemə texniki xidmət sahəsində özünə məcburi inhisar (monopoliya) yaratmaq məqsədi ilə, servis kodlarını və texniki pasportu MMMC-yə təhvil verməkdən qərəzli olaraq yayınır. Bu isə bina sakinlərinin mənzillərinə olan mülkiyyət hüquqlarından maneəsiz istifadəsinə əngəllər yaratmaqla bərabər, MMMC-ni lüzumsuz əlavə pul xərcləri etməyə məcbur edir. Binanın idarəedici orqanı MMMC olduğu halda, MMMC-nin icazəsi olmadan domofon sisteminə cavabdehin servis kodları vasitəsilə müdaxilə etməsi, həmçinin icazə olmadan cavabdehin işçilərinin bloklara daxil olması və sairə yolverilməzdir. Cavabdehin servis kodlarını təhvil verməkdən imtinası, MMMC-nin domofon sisteminə mülkiyyət, həmçinin bu sistemi istədiyi kimi idarə etmək hüquqlarını pozur. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia əsassızdır, iddia tələbini qəbul etmir. Belə ki, qeyd edilən binanın sakinləri ilə xidmət müqavilələri bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq sakinlərinə xidmət göstərilir. Hazırki iddia ilə iddiaçının tələb etdiyi servis kodları, texniki pasport MMC-nin kommersiya sirri olduğundan verilə bilməz. Servis kodları verildiyi təqdirdə Bakı şəhərində dövlət orqanlarında, habelə yaşayış sahələrinə quraşdırılmış sistemə müdaxilə edilə bilər. Domofon sistemlərində problem olduğu təqdirdə sakinlərin müraciəti əsasında yerində araşdırılaraq əməkdaşlar tərəfindən xidmət göstərilir. Hazırkı iddianın məqsədİ şirkətin kommersiya sirrini öyrənməkdir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: “Qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında” şəhadətnaməyə əsasən müəyyən edilir ki, İddiaçı2 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti ünvan 2 ünvanında yerləşən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini həyata keçirmək məqsədilə yaradılmış, xx xxxxxx 2019cu il tarixində dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 83/85, blok 5 ünvanında yaşayan sakinlərin hesabı və adından 26.04.18/2 saylı tapşırıq müqaviləsinə əsasən çıxış edən X4 (sifarişçi) ilə Cavabdeh MMC (şirkət) arasında xx xxxxx 2018-ci il tarixli 26.04.18/2 saylı xidmət müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, Şirkət Sifarişçiyə çağırış blokunun quraşdırılması üçün blok dəstinin və abunə dəstini, yəni domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materialları çatdırmağı öhdəsinə götürür, Sifarişçi isə avadanlığı, yəni çağırış blokunun quraşdırılması üçün blok dəstinin və abunə dəstini istifadəyə qəbul edir, abunə dəstinin, yəni domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materiallarının dəyərinin ödənişini öhdəsinə götürür, çağırış blokunun quraşdırılması üçün blok dəstinin xidmət müqaviləsinin qüvvədə olduğu müddət ərzində istifadəyə qəbul edir və xidmət müqaviləsinə xitam verildiyi təqdirdə Şirkətə təhvil verməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2.2-ci bəndinə görə sifarişçinin vaxtında ödənişin aparılmaması halında icraçı ödəniş etməyən mənzildə təmir və ÇM domofonun işləmə qabiliyyətinin bərpa edilməsi üçün sifarişi qəbul etməmək hüququna malikdir. İcraçı yalnız sifarişçi tərəfindən ödənişin tam həcmdə ödənilməsindən sonra sifarişin icrasına başlaya bilər. Əgər borcun müddəti son ödəniş ayından sonra 3 aydan artıq olarsa icraçı ödənişi aparmayan mənzili ÇM domofonun istifadəsindən kəsmək hüququna malikdir. Həmin müqavilənin 3.4-cü bəndinə görə sifarişçi müqavilədə nəzərdə tutulmuş qayda və müddətlərdə behi və avadanlığın dəyərini ödəmək, qurulmuş avadanlığa şirkət tərəfindən göstərilmiş xidmət haqqını qaydasında və vaxtında ödəmək; bu müqaviləyə xitam verildiyi təqdirdə əmlakı 14 iş günü ərzində çağırış blokunun quraşdırılması üçün blok dəstini şirkətə geri təhvil vermək kimi öhdəlikləri var. Həmin müqavilənin 5.5-ci maddəsinə görə sifarişçiyə verilmiş abunə dəstini, yəni domofon audio sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materiallarına mülkiyyət hüququ, malın dəyərinin tam ödənilməsinədək şirkətdə qalır. Sifarişçinin qeyd edilən avadanlığa mülkiyyət hüququ olmasından asılı olmayaraq,bütövlükdə avadanlığın istismarı və şirkətin göstərdiyi xidmətlə bağlı xərclər sifarişçiyə aid olur. Çağırış blokunun quraşdırılması üçün blok dəstinə mülkiyyət hüququ şirkətdə qalır və bu müqaviləyə xitam verildiyi andan şirkətin çağırış blokunun quraşdırılması üçün blok dəstini sökərək geri götürməsi hüququ vardır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh MMC ilə Nərimanov rayonu, Heydər Əliyev prospekti, 83/85 ünvanında yerləşən binanın ayrı-ayrı sakinləri arasında xidmət müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən MMC mənzillərdə və binanın bloklarında domofon sistemlərini quraşdırmış və həmin sistemlərə xidmət göstərilməsini öhdəsinə götürmüşdür. Hazırda həmin binanın əmlak kompleksini idarə etmək üçün yaradılmış İddiaçı2 binanın ayrı-ayrı sakinləri ilə bağlanmış xidmət müqavilələrinə əsasən Cavabdeh MMC tərəfindən binanın bloklarına quraşdırılmış domofon sistemlərinin kodlarının və texniki pasportlarının MMMC-yə təqdim edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını bina sakinləri ilə cavabdeh arasında bağlanmış xidmət müqavilələrinə əsasən quraşdırılmış domofon sisteminin binanın bina sakinlərinin ümumi mülkiyyətində olması və belə olan halda cavabdeh tərəfindən həmin domofon sisteminin kodlarının və texniki pasportlarının MMMC-yə təqdim edilməməsinin bina sakinlərinin hüquqlarını məhdudlaşdırması və MMMC-nin bina sakinlərinin ümumi mülkiyyəti üzrə idarəetmə hüququnu həyata keçirməsinə mane olması ilə əsaslandırmışdır. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi mübahisəli xidmət müqavilələri bina sakinləri ilə bağlandığı halda hazırkı iddia sakinlərin mənafeyi naminə İddiaçı2 MMMC tərəfindən qaldırılmışdır. Göstərilən halı nəzərə alaraq məhkəmə ilk növbədə iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə dair subyektiv hüquqa malik olub-olmaması məsələsinə aydınlıq gətirilməsini zəruri sayır. Mənzil Məcəlləsinin: 119.1-ci maddəsinə görə çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 123.0.8-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qanuni mənafelərini, o cümlədən üçüncü şəxslərlə münasibətlərdə təmsil etmək mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin vəzifəsidir. Maddələrin məzmunundan göründüyü kimi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti çoxmənzilli binanın ümumi əmlakının birgə idarə edilməsini, ona dair istifadə, sahiblik hüquqlarını və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədilə yaradılan qurum olmaqla öz adından mənzil mülkiyyətçilərinin mənafeləri naminə göstərilən səlahiyyətlərin həyata keçirilməsindən irəli gələn iddiaları irəli sürmək hüququna malikdirlər. Belə olan halda məhkəmə İddiaçı2 MMMC-nin hazırkı iddiasını cavabdehin hərəkətləri nəticəsində binanın sahə mülkiyyətçilərinin ümumi əmlakı üzərində idarəetmə hüququnu həyata keçirə bilməməsi ilə əsaslandırdığını nəzərə alaraq belə qənaətə gəlir ki, MMMC bina sakinlərinin ümumi mülkiyyətində olan əmlakı idarə edən qurum qismində hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa malikdir. Digər tərəfdən məhkəmə iddianın əsaslılığına münasibətdə əvvəla qeyd edir ki, iddiaçı “xxxxxxxxxxxx” MMMC iddia tələbinin əsası kimi istinad etdiyi halları, o cümlədən mübahisəli domofon sistemlərinin binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olmasını və Cavabdeh MMC-nin hərəkətləri nəticəsində binanın sahə mülkiyyətçilərinin qanunla qorunan hüquqlarının pozulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də həmin halları məhkəmə baxışı zamanı sübuta yerinə bilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Məcəllənin 157.4-ci maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Əksinə işin yuxarıda göstərilən hallarından göründüyü kimi bina sakinlərinin mübahisəli domofon sisteminə dair hüquqlarının əsasında ayrı-ayrı bina sakinlərinin cavabdehlə bağladıqları xidmət müqavilələri durur. Həmin müqavilələrin yuxarıda göstərilən şərtlərinə əsasən isə müəyyən edilir ki, həmin müqavilələr əsasında yalnız mənzillərdə quraşdırılmış abunə dəstləri bina sakinlərinin mülkiyyətinə verilmiş, blok dəstlərindən ibarət domofon sistemlərinin özü isə Cavabdeh MMC-nin mülkiyyətində qalmış və həmin domofon sistemləri xidmət müqavilələri qüvvədə olduğu müddət üçün cavabdeh tərəfindən bina sakinlərinin istifadəsinə verilmişdir. Eyni zamanda müqavilələrdə həmin müqavilələrə xitam verildiyi təqdirdə 14 iş günü ərzində çağırış blokunun quraşdırılması üçün blok dəstinin sakinlər tərəfindən cavabdehə geri təhvil verilməli olması da nəzərdə tutulmuşdur. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi mübahisəli domofon sistemi mənzil mülkiyyətçilərinin mülkiyyətində olmadığından və yalnız həmin sistemlərə cavabdeh tərəfindən xidmət göstərilməsi şərtilə bina sakinlərinin istifadəsinə verildiyindən domofon sisteminə müstəqil şəkildə xidmət həyata keçirmək üçün həmin sistemin kodlarının və texniki pasportların təqdim edilməsi tələbinə dair iddiaçı tərəfindən irəli sürülmüş iddia əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı domofon sisteminin servis kodlarının və texniki pasportunun təqdim edilməsi tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar