Məhkəmə qərarları › İş №e-2-2(113)-6424/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6424/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6424/2025 18.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: istifadə olunmuş təbii qaza görə borcun ödənilməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC -dən təbii qazdan istifadəyə görə yaranmış 924402,45 manat borcun və dövlət rüsumuna görə ödənilmiş 1214,40 manat məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixli, AMX- 1707/24 saylı müqavilə əsasında Cavabdeh MMC-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir və nəticədə 924402,45 (doqquz yüz iyirmi dörd min dörd yüz iki manat, 45 qəpik) manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəfimizdən pretenziya qaydasında müraciət olunmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu tam ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfinizdən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

3. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Kolxoz Y/M ünvanda yerləşən**********00001 saylı abonent kodu olan Cavabdeh MMC-yə məxsus istixana fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən qazın alqı satqısı müqaviləsi əsasında təbii qazla təchiz edilir. İstifadə edilən təbii qazın dəyəri son mövsüm istisna olmaqla daim tərəflərindən vaxtlı vaxtında ödənilmişdir. 3.2 2008-ci ildən - 2011-ci ilin sentyabr ayına qədər istixanada sərf edilən təbii qazın dəyəri ROC-407 tipli sərfölçən cihaz vasitəsi ilə müəyyən edilirdi. xx.xx.2011-ci il tarixində ROC- 407 tipli sərfölçən cihaz İddiaçı İB tərəfindən əsassız olaraq istismardan çıxarılmış və yerində G-1000 markalı 83040816 nömrəli qaz sayğacı quraşdırılmışdır. Əsas problemlər də bundan sonra başlamışdır. Məlumat üçün bildirir ki, layihəyə əsasən qaz sərfinin ölçülməsi üçün Cəmiyyətin vəsaiti hesabına hər biri üçün ayrılıqda kameralı diafraqma “DK” tipli qaz ölçü qovşağının və “ROC-407” tipli elektron sayğacın alınaraq quraşdırılması və 2011-ci ilin sentyabr ayına qədər “ROC-407” tipli sayğacla qazın verilməsi təmin edilmişdir. Lakin “Azıriqaz” İB tərəfindən “ROC-407” tipli sayğacın Elster sayğacla əvəz edilməsi tələb edilmiş, bundan sonra “Azıriqaz” İB tərəfindən “ROC-407” tipli sayğac götürülmüş, Cəmiyyət tərəfindən Elster G-1000 tipli sayğac alınaraq quraşdırılmışdır. Bütün bunları nəzərə alaraq, “DK” tipli qaz ölçü qovşağının və “ROC-407” tipli elektron sayğacın (cihazın kodu 3109465, S/№ ********) geri qaytarılması və layihəyə uyğun Yeni Binə QPS-də quraşdırılması, qaz kəmərlərinə nəzarət etmək məqsədilə Elster G-1000 tipli sayğacın (nömrəsi ********) istixananın daxilində quraşdırılması barədə İddiaçı İB-nə xx.xx.2024-cü il tarixli 14-2-2/1- 24169/2024 nömrəli məktubla müraciət edilmişdir. Müraciətə cavab olaraq, İddiaçı İB tərəfindən 02 oktyabr 2024-cü il tarixli №14- 2-2/2-5409/2024 saylı məktubla bildirilmişdir ki, hal-hazırda Cavabdeh MMC-nin qaz təchizatı mənbəyi Yeni Binə QPS-də yerləşən sənaye kollektoruna qoşularaq, qaz tənzimləyici qurğudan sonra quraşdırılmış G-1000 markalı 83040816 nömrəli qaz sayğacı ilə təmin edilir. İstixananın qaz təchizatına dair sənədlər təhlil olunarkən müəyyən edilmişdir ki, Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutu tərəfindən layihələndirilmiş (Sifariş № 3-547-08), AR Fövqəladə Hallar Nazirliyi, AR Sənaye və Energetika Nazirlyi tərəfindən təsdiq edilmiş işçi layihəyə əsasən qaz sərfinin ölçülməsi üçün diafraqma tipli qaz ölçü qovşağının və ROC-407 tipli elektron qaz sayğacının quraşdırılması nəzərdə tutulmuşdur. Belə ki, 2008-ci ildən - 2011-ci ilin sentyabr ayına qədər ROC-407 tipli sərfölçən cihazla qazın verilməsi təmin edilmişdir. xx.xx.2011-ci il tarixində ROC-407 tipli sərfölçən cihaz istismardan çıxarılmış və yerində 000275 saylı quraşdırma akt tərtib edilərək G-1000 markalı 83040816 nömrəli qaz sayğacı quraşdırılmışdır. Buna səbəb, məktubda qeyd edilir ki, “Azəriqazsazlama” SC-nin xx.xx.2006-cı il tarixli ölçmə aktının xx.xx.2008-ci il tarixli əlavəsinə əsasən ölçü qovşağının QOST 8.563.1,2,3,4-97, İSO 5167- 91 normativ texniki sənədin (NTS) tələblərinə cavab verməməsidir. Eyni zamanda, Cavabdeh MMC-yə məxsus ROC-407 tipli sərfölçən cihazın (cihazın kodu 3109465, S/№ ********) istismar müddəti bitmişdir. Bu səbəbdən Cavabdeh MMC-nin vəsaiti hesabına Yeni Binə QPS-də layihəyə uyğun olaraq yeni qaz ölçü qovşağının, ROC107 tipli FloBoss sərfölçən cihazının quraşdırılmasına və MMC-yə məxsus qaz kəmərlərinə nəzarət olunması məqsədilə G-1000 markalı 83040816 nömrəli qaz sayğacının istixananın ərazisinə köçürülməsinə etiraz edilmir. İddiaçı İB-nin cavab məktubundan da görünür ki, İddiaçı İB tərəfindən qazdan istifadə qaydalarının tələbləri pozularaq, layihədə nəzərdə tutulan “DK” tipli qaz ölçü qovşağı və “ROC-407” tipli elektron sayğac quraşdırıldığı halda, həmin ölçmə vasitələri istismardan çıxarılaraq layihədən kənar tamam fərqli iş prinsipi və ölçmə metodu ilə çalışan turbin tipli G-1000 markalı qaz sayğacı quraşdırılmışdır. 3.3 Məlum olduğu kimi, qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətlər, habelə qaz paylayıcısı və istehlakçının vəzifələri və hüquqları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (bundan sonra - Qaydalar) və qazın alqı-satqı müqaviləsi (bundan sonra – Müqavilə) ilə tənzimlənir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: layihəyə uyğun olaraq müvafiq qaz sayğacları quraşdırılmalıdır. Müqavilənin 2.1.11-ci yarımbəndilə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində istehlakçıya dəymiş zərərin əvəzini ödəmək paylayıcının vəzifələrinə və 2.4.7-ci yarımbəndilə paylayıcının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini paylayıcıdan tələb etmək istehlaçının hüquqlarına aid edilmişdir. Belə ki, ROC- 407 tipli sərfölçən cihaz vasitəsi ilə mövsüm ərzində sərf edilən qazın dəyəri 400000 (dörd yüz min) manat civarında təşkil etdiyi halda G-1000 markalı 83040816 nömrəli qaz sayğacı vasitəsi ilə bu məbləğ mövsüm ərzində 700000 (yeddi yüz min) manat civarında və daha sonra 924402.45 manat yüksək məbləğdə olmuşdur. Misal üçün, ROC-407 tipli sərfölçən cihazı ilə hesablanan 2008-2009-cu il mövsüm üzrə ******* kub metr qazın həcminə görə 450865 manat, 2009- 2010-cu il mövsüm üzrə ******* kub metr qazın həcminə görə 448853 manat və 2010-2011-ci il mövsüm üzrə 40119504 kub metr qazın həcminə görə 401950 manat olduğu halda, G-1000 markalı qaz sayğacı ilə hesablanan 2011-2012-ci il mövsüm üzrə ******* kub metrə görə 686322 manat, 2012-2013-cü il mövsüm üzrə ******* kub metrə görə 524490 manat, 2013-2014-cü il mövsüm üzrə 10002549 kub metrə görə ******* manat, 2014-2015- ci il mövsüm üzrə 10863664 kub metrə görə ******* manat, 2015-2016-cı il mövsüm üzrə 11792862 kub metrə görə ******* manat, 2016-2017-ci il mövsüm üzrə 11162969 kub metrə görə ******* manat təşkil edərək bu tendensiya 2024-cü ilin iyun ayınadək davam etmişdir. 2024-cü ilin iyun ayına bizə 412105,24 manat əsassız borc hesablanmışdır. Hazırda isə tələb 924402,45 manat təşkil edir. Bunların heç bir halda iddia ərizəsində əsaslı şəkildə izahı yoxdur və məhkəməyə də borcun yaranmasının səbəbləri barədə sübut təqdim edilməmişdir. 3.4 Hesabatlardan göründüyü kimi, G-1000 markalı qaz sayğacı ilə ROC-407 tipli sərfölçən cihazla müqayisədə qazın dəyəri 2 dəfədən artıq hesablanmış, hətta 2016-cı ildən sonra qazın tarif qiyməti artırıldıqdan sonra müəssisəmizə daha çox məbləğdə zərər dəymişdir. İstixananın ölçüləri, əkin növünün və qaz işlədicilərinin dəyişmədiyi halda qaz sərfiyyatının iki dəfədən artıq olması mümkün deyil. Hesab edirik ki, **********00001 saylı abonent saldosu üzrə qazdan istifadəyə görə ilkin İddiaçı İB-nə yaranmış 412105,24 manat borc əsassız hesablanmış borc daha sonra isə artırılaraq 924402.45 manat məbləğində şişirdilmiş və əsassız hesablanmış məbləğdir. Odur ki, İddiaçı Cavabdeh MMC-ə qarşı borcun ödənilməsi barədə iddia tələbinin rədd edilməsi məqsədə müvafiqdir.

İİ. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehdən tələb edilən borc məbləği 2024-cü ilin yanvar ayından 2025-ci ilin aprel ayına qədər yaranan borcdur. Bütün borc yalnız sayğac göstəricilərinə əsasən hesablanıb. Heç bir akta əsasən hesablanmayıb və ya sayğacdan əlavə hesablanmış borc yoxdur. Cavabdeh ilə aralarında əvvəl mübahisə olub. Abonent kodu əvvəl başqa hüquqi şəxsin adına idi. Onlarından ******* manat borcları var idi və qazın verilməsi dayandırılmışdı. Abonent kodu başqa şirkətə aid olsa da, faktiki olaraq Cavabdeh MMC tərəfindən istifadə olunmuşdur. Daha sonra Cavabdeh MMC mülkiyyətçisi olduğu abonent hesabını öz adına keçirdi və qazın verilməsi bərpa olundu. Cavabdeh tərəfə yeni kod açıldıqdan sonra yaranmış borcu tələb edirlər. Digər şirkət (Aqroştil) 2022-ci il tarixində istifadəni dayandırmış və 2022-ci ilin aprel ayından 2023-cü ilin dekabr ayına qədər ümumiyyətlə qazdan istifadə olmamışdır, dekabr 2023-də isə yeni kod açılaraq Cavabdeh MMC tərəfindən istifadə olunmuşdur. Hesablanmış məbləğ sayğac göstəricisinə əsasən hesablanmışdır. Obyektə uyğun olmayan qaz sayğacının quraşdırılması mümkün deyil. Hər iki sayğac tipi ilə sərfiyyatı müəyyən etmək olur. Abonent saldosundan, ödəniş sənədlərindən də bütün bu hallar sübut olunur. 12 ay qazdan istifadə olunmamış, lakin 1.000.000 manat məbləğində borc yaranmış, az məbləğdə pul ödənilmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qismən qəbul edərək bildirdi ki, cavabdehin 312.000 manat məbləğində iddiaçıya borcu var. Fevral ayından etibarən cavabdeh şirkətdə partlayış olması səbəbilə qazdan istifadə dayandırılmışdır. Mart və aprel aylarında isə iddiaçı tərəfindən yenidən borc hesablanmışdır. Cavabdeh bununla bağlı məhkəmə qətnaməsi icra olunmadığına görə sərfiyyat məbləğini digər şirkətin hesabına ödəyirdi, 2024-cü ilin may ayında öz hesabını açdıqdan sonra ödənişlər öz adına olmağa başladı. MMC-dən baş vermiş partlayış səbəbi ilə mühasibi tapa bilmirlər və köçürmə yolu ilə Azəriqaza etdikləri ödəniş sənədlərini təqdim edə bilmirlər məhkəməyə. İİİ. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Bakı Kommersiya Məhkəməsinin e-16(113)-490/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı tərəfindən 1 ay müddətində Cavabdeh MMC-yə məxsus Abşeron rayonu, Hövsan Südçülük savxozunun ərazisində yerləşən 35.80 ha torpaq sahəsi üzərində inşa edilmiş və mülkiyyətində olan 14 ha istixanasına müvəqqəti qazın verilməsi təmin edilmiş və qazın verilməsinin dayandırılması qadağan edilmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin № e-2-2(113)-770/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh MMC ilə İddiaçı İB arasında qazın alqı-satqısına dair müqavilənin bağlanması, Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisində yerləşən 35,80 ha torpaq sahəsi üzərində inşa edilmiş istixanada quraşdırılmış sayğaca məxsus istehlakçı hesabı Cavabdeh MMC-nin adına bərpa edilməsi qət edilmişdir. Həmin qətnamədən qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixində imzalanmış icarə müqaviləsinin şərtlərinə əsasən Cavabdeh MMC-ə məxsus olan Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisində yerləşən 35,80 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 ha istixananın bütün avadanlıq, qurğuları və digər infrastrukturları "xxxx" MMC-yə icarəyə verilmişdir. Sözügedən icarə müqaviləsi əsasında isə İddiaçı İB ilə "xxxx" MMC arasında təbii qazın verilməsi ilə bağlı müqavilə bağlanılmış, həmin ərazidə yerləşən Cavabdeh MMC-ə məxsus abonen kodu:**********00000 olan G-1000 markalı 83040816 zavod nömrəli qaz sayğacı "xxxx" MMC-in adına müvəqqəti olaraq istifadəsi üçün qeydiyyata alınmışdır. Lakin "xxxx" MMC icarəyə götürdüyü sahədə fəaliyyət göstərdiyi dövrdə icarə haqları ödəməməklə yanaşı, qazın sərfiyyatına görə İddiaçı İB-nə külli miqdarda borcu yaranmış və sonuncu həmin borcun tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-588/2023 nömrəli qiyabi qətnaməsi ilə cavabdeh "xxxx" MMC-dən 1239268,24 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borcun, mediasiya xərclərinin əvəzi olaraq 40 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1009,63 manat məbləğində pulun İddiaçı İBnin xeyrinə tutulması qət edilmişdir. Bununla yanaşı İddiaçı İB-i xx.xx.2022-ci il tarixdə G-1000 markalı 83040816 zavod nömrəli qaz sayğacını növbəti dövlət yoxlamasına göndərilməsi məqsədi ilə qaz xəttindən çıxarmış və **********00000 nömrəli abonent koduna qazın təchizatını dayandırmışdır. Eyni zamanda icarə haqları ödəmədiyinə görə iddiaçı Cavabdeh MMC cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsini xx.xx.2023-cü il tarixdə ləğv etmişdir. Göründüyü kimi, icarə müqaviləsi xx.xx.2023-cü il tarixdə ləğv edilmiş, həmçinin borc Cavabdeh MMC-yə deyil, "xxxx" MMC-yə məxsus olduğuna görə, Cavabdeh MMC-nin alqı-satqı müqavilənin bağlanması və **********00000 nömrəli abonent kodunun Cavabdeh MMC-nin adına bərpa etməsi ilə bağlı İddiaçı İB-nə müraciət etsə də, sonuncu heç bir qanuni əsaslar olmadan bunu etməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC ilə İddiaçı İB arasında qazın alqı-satqısına dair yeni müqavilə bağlanmalı və Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisində yerləşən 35,80 ha torpaq sahəsi üzərində inşa edilmiş istixanada quraşdırılmış sayğaca məxsus istehlakçı hesabı Cavabdeh MMCnin adına bərpa edilməlidir.

9. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AMX-1707/24 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləsindən görünür ki, iddiaçı, cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəməyi öhdələrinə götürmüşlər.

10. 18 mart 2024-cü il tarixli Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə Akta əsasən Cavabdeh MMC-nin tərəflər arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi aşağıdakı kimi müəyyən edilmişdir: qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq quraşdırılan qaz sayğacı.

11. Bakı RQİİ-nin Xəzər Xidmət Sahəsinin cavabdehə ünvanladığı 503 saylı hesab fakturasına əsasən xx.xx.2025- xx.xx.2025-ci il tarixə sərfiyyat məbləği 214396,33 manat, 480 saylı hesab fakturasına əsasən xx.xx.2025- xx.xx.2025-ci il tarixə sərfiyyat məbləği 228639,36 manat, 293 saylı hesab fakturasına əsasən xx.xx.2025- xx.xx.2025-ci il tarixə sərfiyyat məbləği 1407,36 manat, 458 saylı hesab fakturasına əsasən xx.xx.2024xx.xx.2024-cü il tarixə sərfiyyat məbləği 119991,30 manat, 138 saylı hesab fakturasına əsasən xx.xx.2023- xx.xx.2023-ci il tarixə sərfiyyat məbləği 215893,48 manat, 81 saylı hesab fakturasına əsasən xx.xx.2024- xx.xx.2024-cü il tarixə sərfiyyat məbləği 240450,10 manat, xx.xx.2024- xx.xx.2024-cü il tarixə sərfiyyat məbləği 189661,56 manat, 88 saylı hesab fakturasına əsasən xx.xx.2024- xx.xx.2024-cü il tarixə sərfiyyat məbləği 116074,86 manat, 401 saylı hesab fakturasına əsasən 459 saylı hesab fakturasına əsasən xx.xx.2024 - xx.xx.2024-cü il tarixə sərfiyyat məbləği 120847,54 manat, 387 saylı hesab fakturasına əsasən xx.xx.2024- xx.xx.2024-cü il tarixə sərfiyyat məbləği 252,56 manat müəyyən edilmişdir.

12. Cavabdeh MMC-yə məxsus abonentin saldosundan görünür ki, ümumi ödəmələr üzrə 14575,14 manat ödəniş çıxıldıqdan sonra cavabdehin iddiaçıya olan borcu 924402,45 manat təşkil edir.

13. İddiaçı xx.xx.2025-ci il tarixli Cavabdeh MMC-nin müraciətinə cavab məktubunda bildirilmişdir ki, 1. "Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq müvafiq qaz sayğacları quraşdırılmalıdır. 2006-cı ildə layihəyə uyğun olaraq ROC-407 tipli sərfölçən cihaz quraşdırılmışdır. "Azəriqazsazlama” SC-nin xx.xx.2006-cı il tarixli ölçmə aktının xx.xx.2008-ci il tarixli əlavəsinə əsasən ölçü qovşağının normativ texniki sənədin (NTS) tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Bu səbəbdən 2011 -ci ildə qaz ölçü qovşağı ROC-407 cihaz ilə birlikdə istismardan çıxarılmış və əvəzinə G-1000 markalı qaz sayğacı quraşdırılmışdır. 2.İstixanada 2008-2018 və 2023-2024 mövsümlər üzrə "Cənub” MMC tərəfindən, 2018- 2022 mövsümlər üzrə icarə müqaviləsi əsasında "Aqrosell Şitil” MMC tərəfindən qazdan istifadə olunmuş və qazın sərfiyyatı aşağıdakı kimi olmuşdur: 1. ROC üzrə: 2008-2009 ******* m3, 2009-2010 ******* m3, 2010-2011 ******* m3, 2. Sayğac üzrə: 2011-2012 ******* m3, 2012-2013 ******* m3, 2013-2014 ******* m3, 2014-2015 ******* m3, 2015-2016 ******* m3, 2016-2017 ******* m3, 2017-2018 ******* m3, 2022-2023 qazdan istifadə olunmamışdır 0 m3, 2023-2024 ******* m3, “Aqrosell Şitil" MMC: Sayğac üzrə: 2018-2019 ******* m3, 2019-2020 ******* m3, 2020-2021 ******* m3, 20212022 ******* m3, 3. 2008-ci ildən 2011-ci ilin sentyabr ayında ROC-407 tipli sərfölçən cihaz çıxarılanadək və 2011-ci ilin sentyabr ayından sayğac quraşdırıldıqdan sonra 2024-cü ilədək hər mövsümdə qaz sərfiyyatının hesabatı müqayisə üçün yuxarıda (əvvəlki sualın cavabında) qeyd olunmuşdur. 4. 2008- 2024-cü illər üzrə istismarda olan qaz qurğularının uçotunun aparılması barədə məlumat İSQNŞ-də olmadığı üçün invertarizasiya aktlarını təqdim edə bilmirlər. 5. İstixanada sərf olunan qazın həcmi onun həndəsi ölçüləri, qaz işlədiciləri və əkin növündən əlavə olaraq aşağıdakı faktorlarlardan da asılı olması nəzərə alınmalıdır: • iqlim şəraiti - ətraf mühitin gündüz və gecə temperaturları, nisbi və mütləq rütubətlilik səviyyəsi; • istixanada hermetiklik hesabına istilik itkilərinin azaldılması; • istixananın istilik sistemində istilik enerjisinin saxlanılması; • qaz qurğularının düzgün tənzimlənməsi və faydalı iş əmsalı; • qazın istilik yaratmaq qabiliyyətinin dəyişməsi.

14. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

15. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

18. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh MMC-yə məxsus istixana icarə münasibətləri əsasında əvvəllər "xxxx" MMC tərəfindən istifadə edilirdi, həmin istifadə nəticəsində "xxxx" MMC-nin Azəriqaz İB-nə 1239268,24 manat məbləğində təbii qazdan istifadəyə görə borcu yaranmışdır, həmin borca görə istixanaya qazın verilişi dayandırılmışdır. Cavabdeh MMC-nin məhkəməyə müvəqqəti təminat tədbiri barədə müraciət etdiyi ərizəsi ilə qazın verilməsi "xxxx" MMC-yə məxsus abonent kodu üzrə bərpa edilmişdir və daha sonra Bakı Kommersiya Məhkəməsinin № e-2-2(113)-770/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh MMC ilə İddiaçı İB arasında qazın alqı-satqısına dair müqavilənin bağlanması, Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisində yerləşən 35,80 ha torpaq sahəsi üzərində inşa edilmiş istixanada quraşdırılmış sayğaca məxsus istehlakçı hesabı Cavabdeh MMC-nin adına bərpa edilməsi qət edilmişdir. Qətnamə qəbul edilənə kimi müvəqqəti təminat tədbiri barədə qərardadın icrası olaraq Cavabdeh MMC tərəfindən qazdan istifadə edilmiş və abonent kodu hələ də "xxxx" MMC-yə məxsus olduğu üçün, Azəriqaz İB tərəfindən Cavabdeh MMC-yə göndərilən hesabfakturalarda "xxxx" MMC-nin adı qeyd edilmişdir. Lakin qazdan artıq Cavabdeh MMC tərəfindən istifadə edilmişdir (bu işin mübahisəsiz halıdır). Hazırda iddiaçı təbii qazdan istifadəyə görə yaranmış borcun cavabdehdən tutulmasını xahiş edir və borcun əsasını təşkil edən hesab-fakturaları, abonent saldosusu, müqaviləni, əvvəlki işlər üzrə məhkəmə aktlarını məhkəməyə təqdim etmişdir. Cavabdeh isə iddianı qismən qəbul edərək bildirir ki, MMC-nin iddiaçıya cəmi 312000 manat borcu mövcüddur, qalan məbləğ əsassız hesablanmışdır və cavabdeh tərəfindən abonent saldosunda göstərilən məbləğdən daha çox ödənişlər edilmişdir. Lakin, məhkəmə araşdırılması dövründə dəfələrlə cavabdehə şərait yaradılmasına baxmayaraq etirazında göstərilən heç bir arqumentinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin ekspertizanın təyin edilməsi barədə vəsatətinin məhkəmə tərəfindən rədd edilməsi məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, hazırkı iddiadan qabaq Cavabdeh MMC İddiaçı İB-nə qarşı borcun silinməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir və sonrada iddiaçı ərizə ilə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Həmin işə baxılan zaman Cavabdeh MMC tərəfindən eyni məzmunlu vəsatət məhkəməyə verilmişdir, vəsatət təmin edilsə də, MEM-nin eksperti tərəfindən suallara cavab verilə bilməmişdir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. Bütün yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə tam əməl etmədiyinə görə iddia təmin edilməli, 924402,45 manat borc məbləği cavabdehdən tutularq iddiaçıya ödənilməlidir.

21. Məhkəmə xərclərinə gəldikdə isə iş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı tərəfindən 1214,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

22. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 1214,40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı İB-yə ödənilməlidir.

V. Nəticə:

24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 924402,45 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 1214,40 manat tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar