Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6560/2025 06.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “4 №-li X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sayğac göstəriciləri əsasında hesablanmış borcun əsassızlığı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X5, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı “4 №-li X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X1 Agentliyi” X12) qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “4 №-li X2” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “4 №-li X2” MMC) Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya 2025-ci ilin may ayı üzrə qeyd edilmiş 279 895 kub metr təbii qaz sərfiyyatı əsasında hesablanmış 67174,8 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Azərbaycan Respublikası Avtomobil X4 “4 №-li X2” MMC Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxsdir, nizamnamə şərtlərinə əsasən qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyət Agentliyin yol təsərrüfatı sahəsində balansında olan avtomobil yollarının qorunmasına, saxlanılmasına və layihələndirilməsinə aid fəaliyyət istiqamətlərini yerinə yetirir. Tərəflər arasında bağlanmış qaz alqı-satqısına dair ASAN4\1\183 saylı müqaviləyə əsasən, **********00101 saylı abunə kodu ilə iddiaçı cavabdehin Bakı Regional Qazın Satışı Departamentindən qaz qəbul edir. Qaz alqı-satqısına dair cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş elektron qaimə və hesab-fakturalara görə iddiaçıya satılmış qazın dəyəri hər ay təxminən 2000-4000 manat məbləğində olmuşdur və qazın dəyəri vaxtında ödənilmişdir. 2.2. İddiaçıya məxsus Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən asfalt zavodunda 1 ədəd bitum qızdıran çən və 1 ədəd asfalt qurğusunu təmin edən təbii qaz xəttinə quraşdırılmış 01**********001 abonent kodu olan “G-1600” turbin nömrəli, 10520960 zavod nömrəli sayğacın üzərində olan təbii qaz sərfiyyatının 2025-ci ilin may ayına olan göstəricisi həddən artıq hesablanmış və may ayı üzrə qeyd edilmiş 279895 kub metr təbii qaz sərfiyyatı əsasında 67174 manat 80 qəpik borc yazılmışdır. Hesablanmış borc əsassızdır və cavabdeh heç bir xəbərdarlıq etmədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4, 3.1.4, 3.1.5-ci bəndlərinin tələblərini kobudcasına pozaraq may 2025-ci ildə tarixdə iddiaçıya qazın verilməsini birtərəfli qaydada dayandırmışdır. Bununla da dövlət müəssisəsinin təsərrüfat fəaliyyəti lüzumsuz olaraq məhdudlaşdırılmışdır. Qazın verilməsinin dayandırılması ilə iddiaçıda olan asfalt zavodunun və bir sıra digər istehsalat sahələrinin fəaliyyəti dayanmışdır. Bununla da Bakı şəhərindən Yevlax şəhərindək olan strateji əhəmiyyətli magistral yola gündəlik xidmət göstərmək qeyri-mümkün olmuşdur.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.5, 4.8, 4.9-cu bəndləri göstərilmişdir.
4. Cavabdeh iddiaya etiraz təqdim edərək, iddiaçı “4 №-li X2” MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. iddiaçıya məxsus Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən müəssisəyə (asfalt zavodu) 2023-ci ilin sentyabr ayında “G-1600 EK-230” markalı, 10520960 nömrəli qaz sayğacı quraşdırılmış və qazın hesabatı qeyd olunan sayğac vasitəsilə aparılmışdır. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək və xx.xx.2025-ci il tarixlərdə cavabdehin Sumqayıt Regional Qaz İstismar İdarəsinin nümayəndələri tərəfindən abonentin ünvanına müvəqqəti qaz sayğacı (№ 32104167, “G-1600 TRZ EK- 230” markalı) quraşdırılmışdır. Cavabdeh qanunvericiliyin tələblərinə tam riayət edərək istehlakçının qaz sayğacının vaxtlı-vaxtında dövlət yoxlamasından keçirilməsini təmin etmişdir. Belə ki, sayğac xx.xx.2020-ci ildə, xx.xx.2023-cü ildə və sonuncu dəfə iddiaçının öz xahişi və vəsaiti hesabına növbədənkənar qaydada xx.xx.2025-ci il tarixdə dövlət yoxlamasına göndərilmişdir. Qaz sayğacının sonuncu dövlət yoxlaması da iddiaçıya məxsus qaz sayğacının saz vəziyyətdə olduğuna görə yenidən istismarına icazə vermişdir. 5.2. Həmçinin əgər sayğac xarab olsa idi, avtomatik “ALARM-1” rejiminə keçməli idi. Çünki sayğac qazın sərfiyyatını qeyd etməyəndə avtomatik olaraq dayanmalıdır. Bu o deməkdir ki, sayğacın xarab olması və ya düzgün işləməməsi fərziyyədir. Bundan əlavə iş materiallarına əlavə olunan abonentin qaz saldosuna diqqətlə nəzər yetirilsə, görünər ki, iddia ərizəsində göstərilən (67174,80 manat) məbləğ adi və tez-tez iddiaçı tərəfindən istifadə olunan qaza görə ödənilən məbləğdir. Analoji olaraq ötən illər bu məbləğdə qaz istifadə olunub. Məsələn: 2014-cü ilin may ayı 36800,80 manatlıq, 2015-ci ilin aprel ayı 23877,60 manatlıq, 2017-ci ilin sentyabr ayı 56666,60 manatlıq, 2017-ci ilin oktyabr ayı 22494,80 manatlıq, 2021-ci ilin noyabr ayı 22830,28 manatlıq, 2021-ci ilin dekabr ayı 32351,44 manatlıq, 2022-ci ilin iyul ayı 24106,50 manatlıq, 2022-ci ilin dekabr ayı 31464,84 manatlıq, 2023-cü ilin yanvar ayı 17992,26 manatlıq, 2024-cü ilin sentyabr ayı 20176,86 manatlıq, 2024-cü ilin avqust ayı 22628,32 manatlıq, 2025-ci ilin may ayı 67174,80 manatlıq qaz sərf olunub. Ümumiyyətlə, qaz sərfi çoxaldıqca temperatur qalxır və bununla yanaşı qazın təzyiqi çoxalır. Bu adi bir prosesdir. Lakin iddiaçı öz şəxsi mənafeyini üstün tutmaqla sui-istifadə edərək istifadə etdiyi qazın dəyərini ödəməkdən yayınır. 5.3. Məhkəmə nəzərdən qaçırmamalıdır ki, iddiaçının böyük asfalt zavodu mövcuddur, istehsal müəssisəsidir və qəbul etdiyi sifarişlər kifayət qədər çox qazın işlədilməsinə əsasdır. Böyük sayğacların kifayət qədər elektron sistemi təkmilləşmişdir. Elektron sayğaclar özü qazı avtomatik korreksiya edir. Korreksiya qazın müxtəlif temperatur və təzyiq şəraitində saxlanılan həcmlərini müqayisə etməyə imkan verir. İddia tələbi şablon qaydada tərtib olunmuşdur. Belə ki, iddiaçı istifadə etdiyi qazın dəyərini ödəməkdən boyun qaçırmaqla dövlətə küllü miqdarda ziyan vurmuş və bu günə kimi istifadə etdiyi qazın dəyərini ödəməmişdir. Həmçinin iddiaçının hazırda mövcud olan 67174,80 manat borcu istifadə etdiyi sayğacdan keçən qazdır. Abonent istifadə etdiyi qazın dəyərini ödəməmək üçün şikayət etmək hüququndan sui-istifadə edərək məhkəmədə əsassız iddia qaldırmışdır. 5.4. İddiaçı bağlanan müqavilə (3.3 və 3.4-cü bəndləri) öhdəliklərini və Nazirlər Kabinetinin 80 saylı Qərarının 6.1.4-cü bəndinin tələblərini pozduğuna görə qazın verilməsi dayandırılır. İddiaçı məhz bu müddəaya ərizəsində özü istinad etmişdir. Bununla da iddiaçı cavabdehin haqlı olduğunu və qanuna uyğun qazın dayandırılmasını etiraf və təsdiq etmişdir. Həmçinin 80 saylı Qərarın 5.2-ci bəndinin tələblərinə görə cavabdehin əməkdaşları yalnız sayğac göstəricisinə əsasən hesablama aparmış və bu barədə abonentə məlumat təqdim etmişdir. Bundan əlavə, iddiaçı ərizədə əsası olmayan arqumentlər göstərmişdir ki, bu fikirlərin də heç bir hüquqi əsası yoxdur. 67174,80 manat borc məbləği sayğacdan keçən qazdır. Müəssisəyə itirilmiş qaza görə heç bir akt tərtib olunmayıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İddiaçıya məxsus müəssisədə heç bir yoxlama keçirilməmişdir.
6. İddiaya etirazda hüquqi əsas kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.4, 6.1.4-cü bəndlərinə istinad edilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə “X1 Agentliyi” X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
II. İşdə iştirak edən şəxslərin mövqeləri:
5. İddiaçının nümayəndəsi X7 və nümayəndəsi/vəkili Nümayəndə1 məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və eyni zamanda bildirdilər ki, sayğac səhv işlədiyindən cavabdehə müraciət edilərək laboratoriyaya göndərilmiş, həmin dövrdə müvəqqəti sayğac qoyulmuşdur. Laboratoriyaya göndərilməmişdən əvvəl 2025-ci ilin may ayında sayğac həddən artıq sərfiyyat hesablamışdır. Sayğacın mexaniki və elektron göstəricilərinin nisbəti 4-ü keçməməli olduğu halda, 2025-ci ilin aprel ayı üçün bu rəqəm 11 təşkil etmişdir.
6. Cavabdehin nümayəndəsi Nümayəndə2 və X6 məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat verdilər və eyni zamanda göstərdilər ki, iddiaçının asfalt zavodu vardır və qeyd edilən göstərici sayğacın müəyyən etdiyi istehlak həcmidir. Sayğac iddiaçının xahişi ilə laboratoriyada müayinədən keçirilmiş və onda istehlakı düzgün qeyd almamaya səbəb olan hər hansı nöqsan aşkar olunmamışdır.
7. Üçüncü şəxsin nümayəndəsi X3 məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edərək göstərdi ki, Azərbaycan Metrologiya İnstitutunun protokolunda göstərilən nöqsanlar sayğacın istehlak həcmini düzgün qeydə almasına təsir etmir. Protokoldan görünür ki, sayğacda aşkar edilən nöqsan sayğacın menyusuna daxil olmağa maneçilik törədən nöqsan olub. Həmin nöqsan korrektor üzərində düymənin bəzən işləməməsi olub. Hazırda düymələr təmir olunub. Bunun isə sərfiyyatla heç bir əlaqəsi yoxdur. Sayğacın mexaniki hissəsini kənar müdaxilə ilə dəyişmək mümkün deyil.
8. Üçüncü şəxs məhkəmənin baxış iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmiş, məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İddia tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları aşağıdakılardan ibarətdir, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən obyektə qaz təchizatı iddiaçının adına olan 01**********001 nömrəli abonent kodu əsasında həyata keçirilir. Adıçəkilən abonent kodu üzrə 2025-ci ilin may ayı üçün istehlak edilmiş qazın dəyəri sayğac göstəricisinə əsasən 67174,8 manat hesablanmışdır. İddiaçının müraciəti əsasında 20 iyun 2025-ci il tarixdə iddiaçıya məxsus “G-1600” markalı, turbin tipli, 10520960 nömrəli sayğac növbədən kənar dövlət yoxlanılmasına göndərilməsi üçün çıxarılmış, xx.xx.2025-ci il tarixdə “Azərbaycan Metrologiya İnstitutu” X10 tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sayğac yoxlamadan keçirilmiş, bu barədə protokol tərtib edilmişdir. Bu zaman xx.xx.2025 – xx.xx.2025-ci il tarixlərini əhatə edən saatlıq arxivə əsasən mütləq təzyiqin P=1,003-5 bar aralığında, korreksiya olunmuş maksimal qaz həcminin 1875 kub metr, korreksiya olunmamış maksimal qaz həcminin 430 kub metr olduğu qeydə alınmış, son sərfiyyat xx.xx.2025-ci il tarixdə qeyd alınmış, temperatur çeviricisinin normal olduğu, lakin temperatur çeviricisinin naqilinin izolyasiya qatının yüngül zədəli olduğu müəyyən edilmiş, təzyiq çeviricisinin normal olduğu, elektron göstəricinin Vmt mexaniki göstəricisindən 4896 kub metr çox olduğu, impuls çeviricinin vizual vəziyyətinin normal olduğu, yoxlama zamanı elektron korrektorun və impuls çeviricinin verilən impulsları qeyd etdiyi, korrektorun idarəetmə düymələrinin bəzən işləmədiyi, bu hallarda LCD ekran parametrlərinin istifadəçi müdaxiləsi olmadan özbaşına dəyişdiyi, menyulara daxil olmağın mümkün olmadığı, korreksiya əmsalının 0,9686 olduğu aşkar olunmuşdur. Adıçəkilən sayğacın korrektorunun idarəetmə düymələrinin təmirindən sonra xx.xx.2025-ci il tarixdə təkrarən iddiaçının qaz xətti üzərində quraşdırılmışdır.
13. İddiaçı sayğacdakı qüsurla bağlı 2025-ci ilin may ayı üzrə sərfiyyatın çox qeydə alındığını bildirərək 67174,8 manat borcun silinməsini tələb edir.
14. Cavabdeh iddiaya etiraz edərək həmin borcun aktlar əsasında deyil, sayğac göstəricisinə əsasən hesablandığını, sayğacda sərfiyyatın yanlış qeydə alınmasına əsas olan hər hansı nöqsanın olmadığını bildirir və iddianın rədd edilməsini xahiş edir.
15. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (zamana görə qüvvədə olan) 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8- 1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
18. Qazdan istifadə haqqında qanunvericiliyin müddəalarından göründüyü kimi, bir qayda olaraq qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalıdır. Bu mənada 2025-ci ilin may ayı üzrə cavabdeh tərəfindən iddiaçının istehlak etdiyi qazın dəyəri sayğac göstəriciləri əsasında 67174,8 manat müəyyən edilmişdir.
19. İddiaçının müraciəti əsasında həmin sayğac qüsurların müəyyən edilməsi üçün növbəti ay dövlət yoxlamasına göndərilmiş, xx.xx.2025-ci il tarixdə “Azərbaycan Metrologiya İnstitutu” X10 tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sayğac yoxlamadan keçirilmişdir. Bu zaman xx.xx.2025 – xx.xx.2025-ci il tarixlərini əhatə edən saatlıq arxivə əsasən mütləq təzyiqin P=1,003-5 bar aralığında, korreksiya olunmuş maksimal qaz həcminin 1875 kub metr, korreksiya olunmamış maksimal qaz həcminin 430 kub metr olduğu qeydə alınmış, son sərfiyyat xx.xx.2025-ci il tarixdə qeyd alınmış, temperatur çeviricisinin normal olduğu, lakin temperatur çeviricisinin naqilinin izolyasiya qatının yüngül zədəli olduğu müəyyən edilmiş, təzyiq çeviricisinin normal olduğu, elektron göstəricinin Vmt mexaniki göstəricisindən 4896 kub metr çox olduğu, impuls çeviricinin vizual vəziyyətinin normal olduğu, yoxlama zamanı elektron korrektorun və impuls çeviricinin verilən impulsları qeyd etdiyi, korrektorun idarəetmə düymələrinin bəzən işləmədiyi, bu hallarda LCD ekran parametrlərinin istifadəçi müdaxiləsi olmadan özbaşına dəyişdiyi, menyulara daxil olmağın mümkün olmadığı, korreksiya əmsalının 0,9686 olduğu aşkar olunmuşdur.
20. Məhkəmə tərəfindən üçüncü şəxs qismində işə cəlb edilmiş, Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirən X1 Agentliyinin nümayəndəsinə “Azərbaycan Metrologiya İnstitutu” X10 tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli “Qaz sayğacının yoxlanılması haqqında” protokolu və iş materiallarında olan sənədlər təqdim edilmiş, aşkar olunan qüsurların sayğac tərəfindən qaz istehlakının düzgün ölçülməsinə maneə yaradıbyaratmadığına dair suallar verilmişdir. Üçüncü şəxsin nümayəndəsi suallara cavabında həmin nöqsanların istehlak edilən qazın həcminin müəyyən edilməsinə maneə yaratmadığına dair birmənalı mövqe ifadə etmişdir.
21. Digər tərəfdən, iş üzrə icraatın gedişində Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmış, 17 dekabr 2025-ci il tarixində Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə ekspertizanın aparılmasından səlahiyyətlərinin olmaması əsası ilə imtina edilmişdir.
22. İddiaçı daha sonra ekspertizanın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmasına dair vəsatət ünvanlamış, lakin iş materiallarında laborator müayinə aktının məhz "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edildiyini nəzərə almamışdır.
23. Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
24. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
25. Həmçinin sübutetmədə, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probatio” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı Qərarı, § 68).
26. Bu mənada məhkəmə qeyd edir ki, iddiaçı öz iddiasının faktiki əsasını, sayğacın qaz sərfini düzgün qeydə almadığı halını sübut edə bilməmişdir. İddiaçının yeganə arqumenti əvvəlki aylarda 2000 – 4000 manat aralığında qaz borcunun hesablanması olsa da, abonent saldosunu təhlil etdikdə görünür ki, 2011-2025-ci il tarixləri əhatə edən dövrdə müxtəlif aylarda kifayət qədər yüksək məbləğlərə (məsələn, 2014-cü ilin 4,5,6-cı aylarında müvafiq olaraq 20706,2 manat, 36800,8 manat, 19539,4 manat, 2015-ci ilin 4cü ayında 23877,6 manat, 2017-ci ilin 9-cu ayında 56666,6 manat, 2021-ci ilin 12-ci ayında 32351,44 manat, 2022-ci ilin 12-ci ayında 31464,84 manat, 2023-cü ilin 9-cu ayında 20176,86 manat, 2024-cü ilin 8-ci ayında 22628,32 manat və s.) iddiaçının sərfiyyatı olmuşdur. Bu isə onu deməyə əsas verir ki, iddiaçının qeyd olunan arqumenti əsassızdır.
5. Belə olan halda məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir.
b) Məhkəmə xərcləri ilə bağlı
6. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
7. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
8. Beləliklə, məhkəmə iddia tələbinin təmin edilmədiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
V. Nəticə:
9. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı “4 №-li X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova