Məhkəmə qərarları › İş №e-2-2(113)-682/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-682/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-682/2025 10.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-in Cavabdeh MMC-yə qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı İB Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 220944,83 manat borcun və dövlət rüsumuna görə ödənilmiş 510,94 manat məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB xx.xx.2023-cü il tarixli, AMX- 4334/23 saylı müqavilə əsasında Cavabdeh MMC-ni təbii qazla təchiz etmişdir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş və istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir, nəticədə 220944,83 manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-in 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya şurasına və pretenziya qaydasında müraciət olunmasına baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu tam ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi Cavabdeh tərəfinizdən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir.

İİ. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı həmçinin xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. AR MPM-in 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Bir tərəfdən İddiaçı İB (paylayıcı), digər tərəfdən Cavabdeh MMC (istehlakçı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli AMX-4334/23 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında bağlanan qazın alqı-satqısı müqaviləsinin: 1-ci bəndinə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər bir metr kub üçün 0.22 manat müəyyən edilir. 4.4-cü bəndinə əsasən istehlakçıya G-1000 markalı, 83045555 nömrəli sayğac quraşdırılmışdır.

9. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən Cavabdeh MMC-yə göndərilən 1 nömrəli hesab-fakturaya əsasən borc məbləği ƏDV daxil 1058.86 manat xx.xx.2023-cü il tarixə 1058.16 manat, 2 nömrəli hesab-fakturaya əsasən borc məbləği ƏDV daxil 46504.42 manat xx.xx.2023-cü il tarixə borc məbləği 47562.58 manat, 3 nömrəli hesabfakturaya əsasən borc məbləği ƏDV daxil 98163.65 manat xx.xx.2023-cü il tarixə borc məbləği 144667.23 manat, 503 nömrəli hesab-fakturaya əsasən borc məbləği ƏDV daxil 85445.94 manat xx.xx.2024-cü il tarixə 183613.17 manat, 4 nömrəli hesab-fakturaya əsasən, borc məbləği ƏDV daxil 71952.10 manat xx.xx.2024-cü il tarixə 255565.27 manat, 5 nömrəli hesab-fakturaya əsasən borc məbləği ƏDV daxil 48801.03 manat, xx.xx.2024-cü il tarixə borc 197366.30 manat, 6 nömrəli hesab fakturaya əsasən, borc məbləği 24296.75 manat, xx.xx.2024-cü il tarixə borc məbləği 221663.05 manat, 478 saylı hesab-fakturaya əsasən, borc məbləği ƏDV daxil 8.36 manat, xx.xx.2024-cü il tarixə borc məbləği 220944.83 manat təşkil etmişdir.

10. Abonent Cavabdeh MMC-nin saldosundan (abonent kodu **********00000) görünür ki, Cavabdeh MMC-nin qazdan istifadəyə görə ümumi borc məbləği 220944.83 manat təşkil edir.

11. İddiaçı İB tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya qaydasında xəbərdarlıq məktubundan görünür ki, 220944.83 manat məbləğinə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

12. 09 oktyabr 2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı İB tərəfindən Bakı Kommersiya Məhkəməsinin hesabına 510.94 manat dövlət rüsumu ödənilmişdir.

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya qazdan istifadə edilməsinə görə yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli AMX-4334/23 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında bağlanan qazın alqı-satqısı barədə müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya tərəflər arasında bağlanmış müqavilə və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

16. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etmədiyini, nəticədə onun müqavilə üzrə İddiaçıya borcunun yarandığını, belə olan halda isə İddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 220944.83 manat məbləğində pul tutularaq İddiaçıya ödənilməlidir.

17. İddiaçı eyni zamanda iddia tələbində 510.94 manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Belə ki, qeyd edilən faktı təsdiq edən qəbz iddia ərizəsinə əlavə edilmişdir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əla- qədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də əsaslı olduğundan təmin edilməlidir. V Nəticə:

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən dən təbii qazdan istifadəyə görə yaranmış 220944,83 (iki yüz iyirmi min doqquz yüz qırx dörd manat, səksən üç qəpik) manat borc və 510,94 manat dövlət rüsumu məcburi qaydada tutularaq İddiaçı (ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ72İBAZ********************) bank hesabına ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar