Məhkəmə qərarları › İş №e-2-2(113)-697/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-697/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-697/2021 04.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən **********00011 abonent koduna hesablanmış 29870 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Salyan rayonu, Sərvan kəndi ərazisində yerləşən ona məxsus istixananın təbii qazla təmin olunmasına görə cavabdeh orqanla-onun arasında qazın alqı-satqısına diar müqavilə bağlanılmış (abonent kodu **********00011) və həmin müqaviləyə əsasən istixana qaz təchizatı ilə təmin edilmişdir. İstehlakçı olaraq tərəfindən kommunal ödənişlər vaxtlı vaxtında ödənilmiş və istehlakçı hüquqlarımdan yararlanmışdır. Bu yaxınlarda təbii qazdan istifadəyə görə ödənilməli olan aylıq məbləğin yüksək olmasının şahidi olmuşdur. Ona əvvəlki aylarda, illərdə hesablanmış sərfiyyatdan dəfələrlə artıq məbləğdə sərfiyyat məbləği hesablanmışdır. Beləki, hal-hazırda cavabdeh orqan tərəfindən ondan 29869,20 manat məbləğində pul vəsaiti tələb edilməkdədir. Bu isə onu göstərir ki, ya sayğac doğru işləmir ya borularda sızıntı var ya da cavabdeh tərəfindən yaradılan hansısa problemdən dolayı bu qədər məbləğdə pul vəsaiti hesablanır. Bununla bağlı iddiaçı dəfələrlə cavabdehi xəbərdarlıq etməsinə baxmayaraq heç bir tədbir görülməmişdir. Əksinə olaraq tələb edilən borc pula görə istixanaya verilən qaz təchizatı dayandırılmışdır. Bu səbəblərə görə hesab edir ki, əsassız olaraq hesablanmış borc silinməlidir. Bu barədə 09.12.2020-ci il tarixində cavabdehə pretenziya məktubu verilərək hesablanmış borcun silinməsi xahiş olunmuş, lakin bu da heç bir nəticə verməmişdir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - 22 dekabr 2020-ci il tarixli, AMX-5608/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, iddiaçı, cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəməyi öhdələrinə götürmüşlər. - Salyan RQİİ-yə İddiaçı Ramiz oğlunun səlahiyyətli nümayəndəsi tərəfindən ünanlanmış 11.01.2021-ci il tarixli ərizədə İddiaçı məxsus istixanada istifadə olunan təbii qaza görə yaranmış 29870 manat borcu tam qəbul etdiyini, həmin borc sayğacda istifadə olunan qazın dəyəri olduğu və borcu mart ayının sonuna qədər, istifadə edəcəyi qazın dəyərini isə vaxtında ödəcəyinə zəmanət verdiyi qeyd olunmuşdur. - abonentin saldosundan görünür ki, cavabdehin iddiaçıya 03 may 2021-ci il tarixə olan borcu 48198,40 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İddia üzrə borcun silinməli olması bir neçə xüsusatla əsaslandırılmışdır: sayğac doğru işləmir, ya borularda sızıntı var, ya da cavabdeh tərəfindən yaradılan hansısa problemdən dolayı bu qədər məbləğdə pul vəsaiti hesablanması. İddia yuxarıda göstərilən hallarla əsaslandırılsa da, 29870 manat borcun hansı səbəbdən əsassız hesablanması, cavabdehin hansı hərəkətləri nəticəsində qeyd olunan borcun yaranması və digər hallar əsaslandırılmamış, bu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Eyni zamanda iddiaçı özü ərizə ilə cavabdeh quruma müraciət edərək yaranmış borcu qəbul etdiyini və mart ayının sonuna kimi ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hallarla bağlı məhkəməyə heç bir sübut təqdim olunmadığından və iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra borcun mövcudluğunu etiraf etdiyinə görə iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar