Məhkəmə qərarları › İş №e-2-2(113)-70/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-70/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-70/2023 01.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkCavabdeh ASC-dən 165.000 manat pul məbləğinin, 400 manat mediasiya xərci məbləğinin və 55 manat dövlət rüsumunun, ümumilikdə 165.455 manat pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 20 dekabr 2020-ci il tarixində "xxxx" ASC tərəfindən daşınmaz əmlakın icbari sığorta müqaviləsi ilə sığorta təminatı almış “TERM” Kompaniyasına məxsus Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi-37 ünvanında yerləşən “TERM” İdman Kompleksinin və Kompaniyaya məxsus Universitet binasının tikililəri subasmaya məruz qalmışdır. Sığorta araşdırması nəticəsində müəyyən edilmişdir ki, 20 dekabr 2020-ci il tarixində Sumqayıt şəhəri, Bakı küçəsində D1000 mm-lik kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində “TERM” Kompaniyasının tikililərinə zərər dəymişdir. Qeyd olunur ki, 150056 saylı, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən “TERM” Kompaniyası istehlakçı, Cavabdeh ASC isə istehsalçı olmuşdur. İdman Kompleksinin tikililərinə 65.940 manat, universitet binasının tikililərinə 101.700 manat məbləğində zərər dəymişdir. RAZ********** saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) və CFİ-0294/2020-AKT3454/21 sığorta aktına əsasən azadolma məbləği (940 manat) çıxıldıqdan sonra İdman Kompleksinə dəymiş zərər üzrə 65.000 manat, RAZ********** saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) və CFİ-0295/2020-AKT3457/2021 sığorta aktına əsasən azadolma məbləği (1700 manat) çıxıldıqdan sonra Universitet binasına isə dəymiş zərər üzrə 100.000 manat olmaqla ümumilikdə 165.000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarışdan da göründüyü kimi, Sumqayıt şəhəri 44-cü məhəllə Bakı küçəsi, 37 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə “TERM” Kompaniyasına məxsusdur (1-ci cild, 80 səh.). “Term” Kompaniyasına məxsus Term idman kompleksinin xx.xx.2020-ci il tarixdə sığorta məbləği 94.000 manat, azadolma məbləği 940 manat olmaqla xx.xx.2021-ci il tarixinədək "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmışdır. (1-ci cild, 143 səh). “Term” Kompaniyasına məxsus Term Universitet binasının xx.xx.2020-ci il tarixdə sığorta məbləği 170.000 manat, azadolma məbləği 1.700 manat olmaqla xx.xx.2021-ci il tarixinədək "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmışdır (1-ci cild, 144 səh). 20 dekabr 2020-ci il tarixində Sumqayıt Şəhər Bakı küçəsində d1000mm-lik kanalizasiya kollektorunda qəza baş vermişdir. İddiaçı tərəf hazırda 20 dekabr 2020-ci il tarixində Sumqayıt şəhəri, Bakı küçəsində d1000mm-lik kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmış “Term” Kompaniyasına məxsus Term idman kompleksi və Term Universitet binasına zərər dəydiyini, dəymiş zərərin azadolma məbləğləri çıxıldıqdan sonra hər iki qeyri-yaşayış sahəsi üçün ümumilikdə 165.000 manat məbləğində pulun Term Kompaniyasına ödənildiyini bildirərək, qeyd edilmiş pulun Cavabdeh ASC-dən tutulmasını xahiş edir. Cavabdeh ASC isə iddiaya etiraz edərək, Term” Kompaniyasına məxsus Term idman kompleksi və Term Universitet binasına su basma nəticəsində dəymiş zərərə görə Cavabdeh ASC-nin təqsirinin olmadığını və yaranmış zərərin məhz su basma nəticəsində olmasının sübut olunmadığını bildirir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından aşağıdakı normlar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam 20 dekabr 2020-ci il tarixində Sumqayıt Şəhər Bakı küçəsində d1000mm-lik kanalizasiya kollektorunda baş vermiş qəzada (subasmada) Cavabdeh ASC-nin məsuliyyətinin olub-olmaması və “Term” İdman Kompleksinin və Universitet binasının zirzəmisində subasma hadisəsi nəticəsində dəymiş ziyanın məhz 20 dekabr 2020-ci il tarixində Sumqayıt şəhəri, Bakı küçəsində d1000mm-lik kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində olub-olmamasıdır. “Sudan istifadə Qaydaları”nın 2.1-ci bəndinə əsasən STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) vəzifələri aşağıdakılardır: 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; 2.1.3. fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək; “ Həmin qaydaların 9.9-cu bəndinə əsasən STKM müntəzəm olaraq öz balansında olan kanalizasiya şəbəkələrinin yoxlanılması, profilaktikası, yuyulması, təmizlənməsi və təmirini həyata keçirməlidir”. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Sumqayıt Sukanal İdarəsi idarəsi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, 20 dekabr 2020-ci il tarixində Sumqayıt şəhəri, Bakı küçəsində d1000mm-lik kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində “Term” idman kopmleksinin və Universitet binasının zirzəmisində subasma hadisəsi baş vermişdir. (1-ci cild, 133 səh.). İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli 217 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, Bakı küçəsindən keçən D1000mm kanalizasiya xətti Cavabdeh ASC-nin balansındadır (1-ci cild, 134 səh.). İş materiallarında olan Sumqayıt şəhər İcra hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin xx.xx.2021-ci il tarixli 08 nömrəli məktubundan görünür ki, “Term” Kompaniyasına məxsus Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən “Term” İdman Kompleksinin və Universitet binasının yarımzirzəmisi xx.xx.2020-ci il tarixində kanalizasiya xətlərinin tutulması səbəbindən subasmaya məruz qalmış və obyektlərə zərər dəymişdir. Göründüyü kimi, Sumqayıt şəhəri, Bakı küçəsindən keçən D1000mm kanalizasiya xətti Cavabdeh ASC-nin balansındadır və həmin kanalizasiya xəttinin lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək Cavabdeh ASC-nin məsuliyyət dairəsinə daxildir. Bundan başqa da, görünür ki, “Term” idman kopmleksinin və Universitet binasının zirzəmisində subasma hadisəsi nəticəsində dəymiş ziyan məhz 20 dekabr 2020-ci il tarixində Sumqayıt şəhəri, Bakı küçəsində d1000mm-lik kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində olmuşdur. Məhkəmə qeyd edir ki, mübahisənin həlli baxımından digər müəyyən edilməli olan məqam “Term” idman kopmleksinin və Universitet binasına subasma hadisəsi nəticəsində dəymiş ziyan məbləğinin nə qədər təşkil etməsidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli CFİ-0295/2020-AKT3457/21 saylı siğorta aktına əsasən Sumqayıt şəhəri, 44-cü məhəllə ünvanında yerləşən Universitet Binasına dəymiş zərər 101.700 manat, xx.xx.2021-ci il tarixli CFİ-0294/2020-AKT3454/21 saylı siğorta aktına əsasən Sumqayıt şəhəri, 44-cü məhəllə X4 dəymiş ziyanın məbləği 65.940 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli **********9 nömrəli ödəniş tapırığına əsasən Azsığorta ASC tərəfindən Term Kompaniyasına 100.000 manat məbləğində, xx.xx.2021-ci il tarixli **********8 nömrəli ödəniş tapırığına əsasən Azsiğorta Asc tərəfindən Term Kompaniyasına 65.000 manat məbləğində ödəniş həyata keçirilmişdir (1-ci cild, 185,186 səh.). Qeyd edilən halın araşdırılması üçün məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Eskpertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən “Term” Kompaniyasına məxsus Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi, 37 ünvanında yerləşən “TERM” İdman Kompleksinin və Universitet Binasının tikililərinə dəymiş zərərin ümumi dəyərinin təqribən 167.640 manat məbləğində olması müəyyən olunmuşdur. Göründüyü kimi, ekspert rəyində qeyd edilmiş dəymiş ziyanın məbləği siğorta aktında qeyd edilmiş məbləğdən artıqdır. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" ASC haqlı olaraq hər iki sığorta obyekti üzrə azadolma məbləğini çıxdıqdan sonra 165.000 manat məbləğində pulu “Term” Kompaniyasına ödəmişdir. Ona görə də, "xxxx" ASC-nin vermiş olduğu sığorta ödənişini sığorta hadisəsinin baş verməsində məsuliyyəti olan Cavabdeh ASC-dən tələb etməyə əsası yaranmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia 165.000 manat pulun tələb edilməsi hissəsində əsaslıdır və Cavabdeh ASC-dən 165.000 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC tərəfindən mediasiya xərci olaraq 400 manat məbləğində pul ödəmişdir. Belə olan halda, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddianın qiymətinin 165.000 manat olması nəzərə alındığında hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün 455 manat dövlət rüsumu ödənilməli idi. Hazırkı halda da, 455 manat pulun 400 manat hissəsi mediasiya sessiyası zamanı ödənildiyindən, qalan 55 manat məbləğində pul da, dövlət büdcəsinə köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənmiş dövlət rüsumunun əvəzi qismində 55 manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Beləliklə, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 165.000 (yüz altmış beş min) manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55 (əlli beş) manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspetiza xərcinin əvəzi olaraq 100 (yüz) manat məbləöində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar