Məhkəmə qərarları › İş №e-2-2(113)-7571/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7571/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7571/2025 14.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi, pulun qaytarılması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: təbii qazdan istifadə qaydalarının pozulması, borcun silinməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi, pulun qaytarılması və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ

1. İddiaçı ilə Cavabdeh İB arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında təbii qazın alqı-satqısına dair xx.xx.2024-cü il tarixli müqavilə bağlanmış və iddiaçı **********00020 saylı abonent kodu ilə qaz istehlakçısı kimi qeydiyyata alınmışdır. Müqavilənin predmetinə əsasən, paylayıcı (cavabdeh) bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını (ərizəçini) keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

2. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin idarə rəisi tərəfindən onun baş direktorunun kommersiya üzrə müavini vəzifəsini müvəqqəti icra edən səlahiyyətli şəxsə ünvanlanmış Qeyri-əhali sektoru üzrə borca düzəliş olunması barədə məktubda bildirilir ki, Salyan rayon sakini İddiaçı 14-2-2-9/1-A-1xx-xx/2025 nömrəli xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən Salyan Xidmət sahəsi üzrə qeyri-əhali sektorunda (abonent kodu **********00020, KP kodu 23/41852) fəaliyyət növü istixana olan F/Ş İddiaçı AGİS proqramında xx.xx.2025-ci il tarixdə tarifi dəyişdirilərək sənaye və kənd təsərrüfatı yazılmış, hesabatının 0.285 manatdan düzəliş olunaraq 0.24 manat tarifinə keçirilmişdir. Məktubda abonentin 2022-ci ilin fevral ayından 2024-cü ilin dekabr ayına kimi sərf etdiyi qazın dəyərinin 0.22 manat və 2025-ci ilin yanvar ayından 2025-ci ilin aprel ayına kimi sərf ediyi qazın dəyərinin 0.24 manat tarifə uyğun düzəliş edilməsinə münasibət bildirilməsi xahiş olunur.

3. Bundan başqa, adına olan **********00020 saylı abonent saldosundakı məlumatlardan görünür ki, iddiaçı tərəfindən 02/20xx-xx/2025-ci il üzrə yalnız qaz sayğacının göstəriciləri əsasında sərf edilmiş qazın dəyəri barədə hesabatlar əks olunmuşdur.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

4. İddiaçı cavabdeh tərəfindən hesablanmış 7573,29 manat hesablanmış borc ona məxsus **********0020 saylı abonent hesabından silinməklə ödənilmiş pulun geri qaytarılması və həmin məbləğin gələcəkdə istifadə ediləcək qazın dəyəri ilə əvəzləşdirilməsi, ödənilmiş 95,74 manat dövlət rüsumu və 300 manat vəkilə ödənilən pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı həyətyanı sahəsində yerləşən istixana 389xx-xx-00816-QT saylı layihə sənədlərinə əsasən 08 fevral 2022-ci il tarixdə qazla təmin olunmuşdur. Layihə sənədlərinə qazlaşan obyektin fərdi istixana olduğu əks olunsa da və Cavabdeh abonent bazasındafərdi istixana kimi qeydiyyata alınsa da, fərdi istixana kimi qaz alqı satqısı barədə müqavilə bağlansa da abonentin hesabatı 02 yanvar 2025-ci il tarixinədək hər kub metr üçün 25 qəpiklə, 02 yanvar 2025-ci il tarixindən 07 may 2025-ci il tarixinədək isə 0,285 manatla aparılmış, nəticədə İddiaçı 7573,29 manat əlavə pul hesablanmışdır. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləməsi barədə” 16 oktyabr 2021-ci il tarixli, 13 nömrəli Qərarının 6.2.3-cü bəndin tələblərinə əsasən Sənaye və kənd təsərrüfatı sahələrində qazın 1000 kub metrinin qiyməti 220,0 manat (1 kub metr 0,22 qəpik) müəyyən olunmuş və bu Qərar 1 noyabr 2021-ci il tarixindən qüvvəyə minmişdir. Şuranın Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləməsi barədə” 29 dekabr 2024-cü il tarixli, 18 nömrəli Qərarının 4.2.4-cü bəndinin tələblərinə əsasən Sənaye və kənd təsərrüfatı sahələrində qazın 1000 kub metrinin qiyməti 240,0 manat (1 kub metr 0,24 qəpik) müəyyən olunmuş və Qərar 2 yanvar 2025-ci il tarixindən qüvvəyə minmişdir. E. Ağarzayevin müraciəti əsasında 07 may 2025-ci il tarixində hesabatında tariflə bağlı düzəliş olunmuş, lakin əvvəlki tarixlərdə artıq hesablanmış borca düzəliş olunması barədə Salyan RQİİ Cavabdeh İB-nə məktub yazsa da düzəliş olunma məsələsinə baxılmamışdır. Hesab edir ki, bu 7573,29 manat hesablanmış borc ona məxsus abonent hesabından silinməklə ödənilmiş pulun qaytarılması və gələcəkdə istifadə ediləcək qazın dəyəri ilə əvəzləşdirilməsi təmin edilməlidir.

b) İddiaya qarşı etirazın dəlilləri

6. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

7. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

12. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

15. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

16. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

17. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: i. 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; ii. 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:

18. 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.

19. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli, 13 nömrəli Qərarı:

20. 1-ci və 2-ci bəndlər. Təbii qazın ölkədaxili tarifləri təsdiq edilsin (əlavə olunur). Bu qərarın cədvəl bölməsinin 5-ci, 6-cı və 7-ci sətirləri üzrə tariflərə təbii qazın nəqli ilə bağlı xərclər daxildir.

21. Cədvəlin 6.2.3-cü bəndi. Sənaye və kənd təsərrüfatı sahələri üçün təbii qazın ölkədaxili tarifləri (Tariflər (ƏDV ilə, manat/min m3)) – 220 manat.

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2024-cü il tarixli, 18 nömrəli Qərarı:

22. 1-ci 2-ci və 3-cü bəndlər. Təbii qazın ölkədaxili tarifləri təsdiq edilsin (əlavə olunur). Bu qərarın cədvəl bölməsinin 3-cü, 4.1.1-4.1.3-cü, 4.2.1-4.2.5-ci və 5-ci sətirləri üzrə təsdiq olunmuş tariflərə təbii qazın nəqli və saxlanması ilə bağlı xərclər (tariflər) daxildir. Bu qərarın cədvəl bölməsinin 4.1.1-ci, 4.1.2-ci və 4.1.3-cü sətirlərində illik istehlak həcmi təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmidir.

23. 6-cı bənd. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2021-ci il 16 oktyabr tarixli 13 nömrəli Qərarı bu qərar qüvvəyə mindiyi tarixdən ləğv edilsin.

24. Təbii qazın ölkədaxili tarifləri cədvəlinin 4.2.4-cü bəndi. Sənaye və kənd təsərrüfatı sahələri - min m3 – 224 manat (ƏDV ilə).

Azərbaycan Rüspublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

MƏHKƏMƏNİN MÖVQEYİ

30. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslıdır.

31. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

32. MM-nin 386.1-ci maddəsindən də göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan əmələ gəlməklə əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması ilə, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

33. Tərəflər arasında təbii qazın alqı-satqısına dair öhdəlik hüquq münasibətlərinin yaranması və mövcud olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndində də göstərilir ki, istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs;

34. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi (istixana) üzrə sərfin məbləği 2022- 2024-cü illər üzrə hər 1 m3 təbii qazın dəyəri 0,25 manat; 2025-ci il üzrə hər 1 m3 təbii qazın dəyəri 0.285 manat tarifi ilə hesablanmış və iddiaçı tərəfindən ödənilmişdır.

35. Halbuki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli, 13 nömrəli Qərarı ilə təsdiq edilmiş təbii qazın ölkədaxili tarifləri Cədvəlinin 6.2.3-cü bəndinə əsasən sənaye və kənd təsərrüfatı sahələri üçün ölkədaxili tarifləri (Tariflər (ƏDV ilə, manat/min m3)) – 220 manat, yəni 1 m3 qazın qiyməti 22 qəpik müəyyən edilmişdir.

36. Həmçinin, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il 29 dekabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş təbii qazın ölkədaxili tariflərinə əsasən, qeyri-əhali sektoru üzrə sənaye və kənd təsərrüfatı sahələrində hər min m3 təbii qazın dəyəri 240 manat, yəni 1 m3 qazın qiyməti 24 qəpik müəyyən edilmişdir.

37. İş materiallarına əlavə edilmiş cavabdehin qeyri-əhali sektoru üzrə borca düzəliş olunması barədə məktubundan da görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində qazdan istifadəyə görə borcun hesablanmasında tarifə dəyişiklik edilərək sənaye və kənd təsərrüfatı yazılmış, yeni tarifə əsasən hesabatda düzəliş edilməsi (hər 1 m3 təbii qazın dəyərinin 0,285 manatdan düzəliş edilərək 0,24 manat tarifi ilə hesablanması) xahiş edilmişdir.

38. Həmçinin, iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən tərtib edilmiş qeyriəhali sektoru üzrə borca düzəliş olunması barədə məktubda bildirilir ki, abonentin 2022-ci ilin fevral ayından 2024-cü ilin dekabr ayına kimi sərf etdiyi qazın dəyəri 0.22 manat və 2025-ci ilin yanvar ayından 2025-ci ilin aprel ayına kimi sərf ediyi qazın dəyəri 0.24 manat tarifə uyğun düzəliş edilsin.

39. Şərh edilənlərdən də göründüyü kimi, tərəflər arasında təbii qazın alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yarandığı və davam etdiyi halda, eləcə də iddiaçı “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 13 nömrəli Qərarı ilə ilə təsdiq edilmiş təbii qazın ölkədaxili tarifləri Cədvəlinin 6.2.3-cü bəndinə əsasən sənaye və kənd təsərrüfatı sahələri üçün ölkədaxili tarifləri (Tariflər (ƏDV ilə, manat/min m3)) 1 m3-nin qiyməti 0,22 manat, habelə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il 29 dekabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş təbii qazın ölkədaxili tariflərinə əsasən, qeyri-əhali sektoru üzrə sənaye və kənd təsərrüfatı sahələrində 1 m3 qazın qiyməti 24 qəpik müəyyən müəyyən edildiyi halda, cavabdeh tərəfindən 2022-2024-cü il üzrə sərfiyyat 0,25 manat , 2025-ci ilin 01 yanvar tarixindən sona isə 0,285 manat əsas götürülməklə hesablanmışdır.

40. Beləliklə, iş materiallarına əlavə edilmiş abonent saldosu və digər sübutlar əsasında müəyyən edilmişdir ki, abonentə məxsus qeyri-yaşayış sahəsi (istixana) üzrə qaz sərfinin qanunla müəyyən edilmiş tarraixdən artıq hesablanması zamanı yaranmış fərq - 2022-ci il üzrə 189,51 manat (4079,25 - (16317 x 0.22)); 2023-cü il üzrə 937,35 manat (7811,25 – (31245 x 0.22)); 2024-cü il üzrə 1806,6 manat (15055-(60220 x 0.22)); 2025-ci il üzrə 4407,63 manat (28086,75 – (98663 x 0.24)) olmaqla, ümumilikdə 7341,29 manat təşkil edir.

41. Göründüyü kimi, müqavilə üzrə və ölkə üzrə müəyyən edilmiş təbii qazın vahid taarif qiymətinə uyğun olaraq iddiaçının öhdəliyi istifadə etdiyi 1 m3 üçün 2022-2024-cü il üzrə 0,22 manat, 2025-ci ilin yanvar ayının əvvəlindən isə 0,24 manat həddində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş hesabatlara qeyd edilən dövr üzrə iddiaçının 7341,29 manat artıq ödəniş etməsi iddiaçının müqavilə üzrə öhdəliyindən kənar ödəniş hesab edilməlidir. Cavabdeh isə həmin ödənişi iddiaçıdan qəbul etməklə əsassız olaraq varlanmışdır.

42. Məhkəmə qeyd edir ki, təbii qazın satış qiyməti ölkə üzrə tənzimlənən qiymət olduğundan onun dəyərini tərəflər özləri deyil, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq qərarları ilə müəyyən edilməklə müqavilədə əks olunur. Hər bir istehlakçı qrupu üçün müəyyən edilmiş vahid taarif qiyməti isə həmin istehlakçının aldığı təbii qazın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyinin həddini müəyyən edir. Həmin öhdəlikdən kənar ödəniş isə hüquqi əsas olmayan ödəniş olduğundan əsassız varlanma hesab edilməklə iddiaçıya qaytarılmalıdır. Mülki Məcəllənin 439.4-cü maddəsində də göstərilir ki, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmçinin, Mülki Məcəllənin 425-ci maddəsi də tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir.

43. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə yanlış tarif əsasında hesablanmış 7341,29 manat məbləğində borc iddiaçıya qaytarılmaqla, gələcəkdə istifadə ediləcək qazın dəyəri ilə əvəzləşdirilməlidir.

44. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi hüquqi xidmət xərcinin və dövlət rüsumunun cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla əlavə xərc çəkmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzi əsasında müəyyən edilir ki, vəkil Nümayəndə1 adı qeyd edilməklə, Salyan rayon Vəkil Bürosuna iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə 300 manat pul ödənilmişdir. Eləcə də, iş materiallarına əlavə edilmiş ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 95,74 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

45. Mülki Məcəllənin 21.2-ci maddəsindən də görünür ki, zərər həm də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı əlavə xərclər çəkməsinə səbəb cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi olmuşdur.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən hesablanmış 7341,29 manat məbləğində borc iddiaçıya qaytarılmaqla, gələcəkdə istifadə ediləcək qazın dəyəri ilə əvəzləşdirilsin. Ödənilmiş 95,74 manat məbləğində dövlət rüsumu və 300 manat hüquqi yardım göstərilməsi üçün ödənilmiş vəkil xərci Cavabdeh İB-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar