Məhkəmə qərarları › İş №e-2-2(113)-771/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-771/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-771/2024 02.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış yoxlamanın nəticəsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı X2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı X4 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 10582 manat borcun silinməsi, iddia təmin olunacağı halda, qətnamə qanuni qüvvəsini alana qədər iddiaçı tərəfindən sayğaca yüklənmiş su sərfiyyatının hesablanaraq borca silinmiş hissəsinin su (m3 ) şəklində geri qaytarılması barədə qətnamə qəbul edilməsini qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı fərdi sahibkar olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə (**********) malik olmaqla Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində quru təmizləmə obyekti işlətməkdədir. Su istifadəsinin rəsmiləşdirilməsi məqsədilə iddiaçı ilə Cavabdeh ASC ilə xx.xx.2016-cı il tarixdə 33360862/075955 saylı abonent müqaviləsi imzalanmışdır. xx.xx.2016-cı il tarixində Cavabdeh ASC tərəfindən quraşdırılmış “CSS” markalı su sayğacına 962440 saylı plomb vurulmuşdur. 7 il ərzində bir dəfə belə narazılıq olmamışdır. 2.2. Lakin 2023-cü ilin oktyabr ayında Cavabdeh ASC əməkdaşları tərəfindən qabaqcadan heç bir xəbərdarlıq edilmədən, qanunvericiliyin bütün tələbləri pozulmaqla yoxlama həyata keçirilmişdir. Yoxlama nəticəsində əməkdaşların özü tərəfindən su sayğacı sökülmüş, müayinə olunması üçün laboratoriyaya aparılmış və laborator müayinənin nəticəsində təqdim olunmuş rəydə iddiaçının sayğaca müdaxilə etdiyi qeyd edilmiş, xx.xx.2023-cü il tarixdə isə 10582 manat məbləğində borcun olması və bu borcun ödənilməli olması barədə xəbərdarlıq təqdim edilmişdir. Cavabdeh ASC-nin X7 İdarəsinin Suölçən Cihazların Kalibrləmə Laboratoriyası tərəfindən verilən rəydə aydın görünür ki, iddiaçıya məxsus “CSS” markalı plomb nömrəsi 962440 olan sözügedən sayğacda dövlət plombunun mövcudluğu və Su Təchizatı və Kanalizasiya Müəssisəsinə məxsus Cavabdeh loqolu plombun mövcudluğu tam olmuş və qırılma, müdaxilə və pozulma olmamışdır. 2.3. Bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, sayğacın tamlığı və bütövlüyü pozulmadığı halda, sayğaca hər hansı müdaxilədən söhbət gedə bilməz. Həmçinin iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsində sudan istifadə ilə bağlı kənar xətt olmamışdır. Bununla yanaşı, iddiaçının məlumatı və iştirakı olmadan baxış keçirilməsi qanunsuzdur. Keçirilən yoxlama sahibkar kimi iddiaçının hüquqlarının pozulması ilə həyata keçirilmişdir. Bütün bunlardan əlavə həmin tarixdə keçirilən yoxlamanın nəticələri əsassız və qanunsuzdur. Belə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3 və 3.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4 və 1.7-ci bəndlərinə istinad edilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-771/2024 nömrəli qərardadı ilə iddiaçı X2 Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsinin “iddia təmin olunacağı halda, qətnamə qanuni qüvvəsini alana qədər iddiaçı tərəfindən sayğaca yüklənmiş su sərfiyyatının hesablanaraq borca silinmiş hissəsinin su (m3 ) şəklində geri qaytarılması” hissəsində baxılmamış saxlanılması qərara alınmışdır. II. Tərəflərin mövqeləri:

6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı X4 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, cavabdehin əməkdaşları 11 oktyabr 2023-cü il tarixdə ona məxsus sayğaca baxış keçirmiş, bu zaman sayğacın müddətinin keçdiyini, dəyişdirilməli olduğunu bildirmişlər. Bundan sonra məlum olmuşdur ki, guya həmin sayğaca müdaxilə edildiyi əsası ilə 10582 manat borc yazılmışdır. Halbuki sayğac iddiaçının nəzarətindən kənarda – binanın zirzəmisində avtodayanacaqda yerləşir. Mütəmadi olaraq cavabdehin əməkdaşları sayğaca baxış keçirmişlər.

7. Məhkəmənin suallarına cavab olaraq iddiaçı qeyd etdi ki, 2022-ci il tarixdə həmin sayğacdan digər müəssisə də istifadə etdiyindən sərfiyyat çox olmuşdur. Lakin hazırda həmin müəssisə fəaliyyətini dayandırmış, sayğacdan yalnız iddiaçı istifadə edir. Buna görə sərfiyyat azaldılmışdır. Eyni zamanda həm əvvəlki, həm də hazırkı sayğac smart-kart tiplidir.

8. Məhkəmənin ikinci hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddiaya etiraz etdi və göstərdi ki, cavabdehin əməkdaşları sayğaca baxış keçirərkən onun işləmədiyini müəyyən olunmuş və çıxarılaraq laborator yoxlamaya göndərilmişdir. Bu zaman sayğacın mexaniki və elektron göstəriciləri arasında fərq olduğu, bu səbəbdən də sərfiyyatın tam qeydə alınmadığı aşkar olunmuşdur. Hazırda mübahisələndirilən borc məbləği də məhz bu əsasla yazılmışdır.

9. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi yoxlamanın dövlət qeydiyyatına alınmadığını bildirdi.

10. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə yazılı mülahizə təqdim edərək göstərmişdir ki, qeyriyaşayış sahəsinin su sayğacı obyektin daxilində deyil, zirzəmidə, yəni fəaliyyət göstərdiyi yerin çölündə maşınların parklanma yerində, açıq sahədə yerləşir. Sayğac yalnız su kartı yüklənəndən-yüklənənə istifadə edilir. Sayğacı cavabdehin əməkdaşları quraşdırıb getmiş və faktiki dəyişdirilənə qədər də hesablaşma və yoxlama məhz onlar tərəfindən aparılmışdır. Sayğac sökülüb götürülən zaman və dəyişdirilən zaman da plomb üzərində olmuş və heç bir müdaxilə, xəsarət izləri görünməmişdir. Bu eyni zamanda cavabdehin təqdim etdiyi aktda da öz əksini tapmışdır. Götürülən zaman bildirilmişdir ki, bu sayğaclar mütləq şəkildə dəyişdirilir. Çünki istismara artıq uyğun hesab edilmir. Eyni zamanda iddiaya iki vergi ödəyicisi olan subyektin mübahisəsi kimi yanaşılmalıdır. Belə ki, vergi ödəyicisi, sahibkarlıq subyekti kimi iddiaçının digər istehlakçılardan əsas fərqi həm də suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının satış qiymətinin fiziki şəxslərin istehlak qiymətlərindən fərqli olmasıdır. Bundan başqa, iddia ərizəsində qeyd edildiyi kimi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuşdur.

11. Məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qayada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

15. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli smart-kart tipli su sayğacının dəyişdirilməsi aktından görünür ki, xx.xx.2016-cı il tarixdə quraşdırılmış “Smart CSS/H” markalı 116998 nömrəli sayğac həmin tarixdə çıxarılmış, xx.xx.2023-cü il tarixdə “Metlab” markalı 43154732 nömrəli sayğac quraşdırılmışdır. Həmçinin adıçəkilən aktda Cavabdeh ASC-nin X7 İdarəsi tərəfindən çıxarılan su sayğacının laborator yoxlanışı aparılması üçün abonentə təhvil verildiyi, sayğacda Cavabdeh ASC-yə məxsus zavod plombunun mövcud olduğu qeyd edilmişdir.

16. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 16998/0290137 nömrəli rəydən görünür ki, “Abşeron ÇSS-20K” markalı 116998 nömrəli sayğacın dövlət plombu və su təchizatı və kanalizasiya müəssisəsinə məxsus Cavabdeh loqolu plombu mövcuddur, su sayğacının laborator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən kipliyə davamlığı normadadır. Sayğacın buraxıla bilən nisbi xəta faizi – Qnom=(-) 74.66% norma çərçivəsindən kənardır. Belə ki, sayğac verilən sərfiyyatı işlənmiş sayğaclar normativinə uyğun olaraq Qnom=(-) 70,66% az qeydə alır. Qmin=(-) 100% norma çərçivəsindən kənardır. Xəta P. Mexaniki hissə işləkdir. Hesabat mexaniki göstəriciyə əsasən aparıla bilər. Sayğacın zavod seriya nömrəli üst plastik qapağının vint yerləri qırıqdır. Sayğac təmirə və istismara yararsızdır. Suölçən cihaz istismara yararsızdır.

17. İş materiallarına əlavə edilən Cavabdeh ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin abonent xidmətləri şöbəsinin mühəndisi Nurlan Alizade adından ünvanlanan məktubdan görünür ki, rəydə sayğacın nisbi xəta faizi Qnom=(- )70,66, Qmin=(-)100 faiz norma çərçivəsindən kənar kimi qeyd edilib. Yəni su təzyiqi yüksək olduqda sayğac 70% itki ilə işləyir, təzyiq aşağı olduqda isə (vintil sıxıldıqda, əraziyə su təzyiqi aşağı atmosferlə verildikdə) sayğac, ümumiyyətlə, ölçmür. xx.xx.2023cü il tarixində sayğacın son normal oxuma göstəricisi 20682 m3 olmuşdur, sayğacın söküldüyü xx.xx.2023-cü iİ tarixində üzərindəki göstərici 21880 m3 olmuşdur. Sayğac düzgün ölçmədiyindən 259 günə sayğacdan (21880-20682=) 1198 m3 su keçmişdir. Halbuki bu dövr ərzində əvvəlki sərfiyyata uyğun olaraq 6873 m3 su keçməli idi. 6873- 1198=5675 m3. Sayğacın düzgün ölçmədiyi və itki ilə işlədiyi dövr üçün 5675 m3 sərfiyyat hesablanır. Sayğacda qalan su – 186 m3, Fərq 5675-186=5489 m3. Sayğacda qalan su nəzərə alınmaqla sayğacın ölçmədiyi, düzgün işləmədiyi dövrlərə 5489 m3 borc su sərfi işlənəcək.

18. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli abonent haqqında məlumatdan görünür ki, iddiaçı ilə xx.xx.2016-cı il tarixdə müqavilə imzalanmış, müqavilənin nömrəsi 33360862-dir. 2023-cü ilin oktyabr ayı üçün 5489 manat su, 5489 manat tullantı suyu üçün olmaqla ümumilikdə 10978 manat məbləğində borc saldoya daxil edilmişdir.

19. Cavabdeh ASC-nin açıq məlumat bazasına əsasən müəyyən edilir ki, iddiaçıya məxsus olan 075955 (qeyri-əhali) abonent kodu üzrə xx.xx.2024-cü il tarixə borc məbləği 8864 manat təşkil edir.

20. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçıya məxsus xx.xx.2016-cı il tarixdə quraşdırılmış “Smart CSS/H” markalı 116998 nömrəli sayğac xx.xx.2023-cü il tarixdə “Metlab” markalı 43154732 nömrəli sayğacla dəyişdirilmiş, çıxarılan sayğac xx.xx.2023-cü il tarixdə laborator yoxlamadan keçirilmiş, yoxlamanın nəticəsində sayğacın istismara yararsız olduğu, sayğacın su sərfiyyatını normadan kənar qeydə aldığı müəyyən edilmiş, sayğacda qalan su nəzərə alınmaqla sayğacın ölçmədiyi, düzgün işləmədiyi dövrlərə görə 5489 m3 su sərfi və 5489 m3 tullantı su sərfi hesablanaraq 2023-cü ilin oktyabr ayı üçün 10978 manat borc saldoya daxil edilmişdir. Bunan başqa müəyyən edilir ki, iddiaçıya məxsus olan 075955 (qeyri-əhali) abonent kodu üzrə xx.xx.2024-cü il tarixə borc məbləği 8864 manat təşkil edir.

21. İddiaçı sözügedən hesablamanın qanunsuz olduğunu və 10582 manat borcun silinməsini xahiş edir.

22. Cavabdeh yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığı, lakin iddianın rədd edilməsini xahiş edir.

23. Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

24. “Su təchizatı və tullantı suları haqqında” Qanununun 12-ci maddəsinə əsasən, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

25. Həmin Qanunun 34-cü maddəsinin 3-cü bəndinə əsasən, kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

26. Həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

27. Su təchizatı və kanalizasiya sistemlərindən (sudan) istifadə sahəsində su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.18-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

28. Göründüyü kimi, su təchizatı və tullantı sularının axıdılması sahəsində tənzimləməni həyata keçirən qanunvericilik aktlarında birbaşa təsbit edilmişdir ki, su təchizatı və kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir və sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) halları müəyyən edildikdə, məhz həmin Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi təşkil edilməlidir.

29. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

30. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

31. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.

32. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

33. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

34. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

35. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

36. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də qanunvericiliyə əsasən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

37. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.

38. İş materiallarında görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan yoxlamanın nəticəsi də qanunsuzdur.

39. Digər tərəfdən, “Sudan istifadə Qaydaları”nın 6.15-ci bəndinə əsasən, suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən.

40. Göstərilməlidir ki, hətta xx.xx.2023-cü il tarixli rəyin hüquqi qüvvəsi mövcud olsa belə, yuxarıdakı qaydada sərf edilmiş suyun həcminin müəyyənləşdirilməsi üçün dövrün başlanğıcı sonuncu dəfə göstəricilərinin qeyd edilməsi anıdır. Adıçəkilən rəydən sayğacın nasazlığı, yəni sərfiyyatı hansı dövrdən xəta ilə qeyd etdiyi ilə bağlı hər hansı məlumat əldə etmək mümkün deyildir. Cavabdeh ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin abonent xidmətləri şöbəsinin mühəndisi Nurlan Alizade adından ünvanlanan məktubda suölçən cihazın sonuncu dəfə göstəricilərinin xx.xx.2023cü il tarixdə qeydə alındığı əks olunmuşdur. Halbuki xx.xx.2023-cü il tarixli smart-kart tipli su sayğacının dəyişdirilməsi aktından baza məlumatlarına əsasən suölçən cihazın son göstəricisinin oxunma tarixi xx.xx.2023-cü il kimi əks olunmuşdur. Belə olan halda, müvafiq məbləğin hesablanması üçün əsas götürülən xx.xx.2023-cü il tarixinin hansı qaydada və əsasla müəyyənləşdirildiyi aşkar oluna bilmir.

41. Sözügedən məktub və həmin məktubdan qeyd olunan hesablama qaydası, hesablama dövrü ilə bağlı məhkəmənin ikinci hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 ünvanlanmış, həmin halla bağlı sübutların təqdim edilməsi təklif olunmuşdur. Lakin cavabdeh tərəf növbəti məhkəmə iclaslarında iştirak etməmiş, eləcə də “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetləri vasitəsilə müvafiq hala aidiyyəti olan hər hansı sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin “Sudan istifadə Qaydaları”nın 2.1.4-cü və 2.1.6-cı bəndinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq və verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) vəzifəsini su təchizatı və kanalizasiya müəssisəsi kimi Cavabdeh ASC daşıyır.

42. Başqa sözlə, cavabdeh maddi və prosessual hüquqla müəyyən edilmiş sübutetmə vəzifəsi və sübutetmə qaydasına riayət edə, müvafiq hesablamanın əsaslı olduğu ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmiş, etirazına dair dəlillər formal mülahizələrlə məhdudlaşmışdır.

43. Cavabdeh ASC-nin açıq məlumat bazasına əsasən, hesablanan 10978 manat (iddiaçı silinməli borc məbləğini 10582 manat qeyd edir) borcdan 2114 manat (silinməsi tələb edilən məbləğdən isə 1718 manat) ödənildiyindən həmin hissədə də məhkəmə tərəfindən silinmənin aparılması mümkün deyildir. Belə ki, iddiaçının tələbini borcun silinməsi təşkil edir və bu halda yalnız cavabdeh tərəfindən hesablanmış və iddiaçının tələbinin faktiki əsasına uyğun olan mövcud borcun silinməsi mümkündür.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdə cavabdeh tərəfindən xx.xx.2023-xx.xx.2023cü il tarixlərində aparılan yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığından onun hüquqi nəticəsi yoxdur. Bu səbəbdən də iddiaçıya məxsus 075955 saylı abonent koduna hesablanan 8864 manat borc silinməlidir.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı X2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı X3 məxsus 075955 saylı abonent koduna hesablanmış 8864 (səkkiz min səkkiz yüz altmış dörd) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. “Əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar