Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7734/2025 05.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sayğac göstəriciləri əsasında hesablanmış borcun silinməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya 2025-ci ilin iyul ayı üzrə hesablanmış 11758,82 manat borcun silinməsi və ödənilmiş 122 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı Lənkəran rayonu, Şilavar kəndində sahibkarlıq fəaliyyəti ilə (çayxana) məşğuldur. İddiaçının obyektinə 07 aprel 2025-ci il tarixli AMX-1638/25 saylı “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında qaz verilir. Müqavilə şərtlərinə əsasən iddiaçı tərəfindən müqavilə imzalanan tarixdən hal-hazırdakı dövrə qədər istifadə edilmiş təbii qazın tam dəyəri vaxtlıvaxtında cavabdehə ödənilmişdir. 31 iyul 2025-ci il tarixində cavabdehin nümayəndəsi tərəfindən 41259 kub metr, yəni 11758,82 manat dəyərində sərfiyyatın yazıldığını bildirilmiş və borcun ödənilməsi tələb edilmişdir. Bundan sonra cavabdehə əsassız hesablanmış borcun silinməsi ilə bağlı xəbərdarlıq edilmiş və silinmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin cavabdeh tərəfindən borcun 5 gün ərzində ödənilməsi tələb olunmuş, ödənilmədiyi təqdirdə isə qazın dayandırılacağı barədə xəbərdarlıq edilmişdir. 2.2. İddiaçının obyektindən kənarda quraşdırılmış “Elster” tipli, “G-10” markalı, 75122208 nömrəli qaz sayğacı xx.xx.2024-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş və onların iştirakı ilə ******* saylı “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” akt əsasında növbəti yoxlama üçün çıxarılaraq aparılmışdır. Sayğac çıxarılarkən göstərici ilə bağlı “qrafa” boş olmuşdur. Həmin aktda da göstərildiyi kimi, qaz sayğacına ilkin baxış zamanı müəssisənin nümayəndəsinin iştirakı təmin edilməmişdir. xx.xx.2024-cü il tarixdə ******* saylı “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” aktdan görünür ki, “Elster” tipli, “G-10” markalı, 75122208 nömrəli qaz sayğacının xx.xx.2024-cü il tarixinə kimi yoxlamadan keçirilməsi ilə bağlı “qrafa” boşdur. Bu da onu göstərir ki, “Elster” tipli, “G-10” markalı, 75122208 nömrəli qaz sayğacı quraşdırıldığı vaxtdan dövlət yoxlanılmasından keçirilməmişdir. Cavabdehin nümayəndələri 31 iyul 2024-cü il tarixində “Elster” tipli, “G-10” markalı, 75122208 nömrəli qaz sayğacının yuyulma üçün apardıqlarını bildirmişlər. 2.3. 04 iyul 2025-ci il tarixində “Roto” tipli, “G-10” markalı, 75122208 nömrəli qaz sayğacı quraşdırılmışdır. Sayğac quraşdıralarkən göstəricisi 053791 kub metr olmuşdur. xx.xx.2025-ci il tarixdə ******* saylı “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” aktın qeyd hissəsində “sayğac növbəti dövlət yoxlanılmasından keçirilərək təkrar yerinə quraşdırıldı” yazılmışdır. Sayğacın yoxlamadan keçirilməsi ilə bağlı bağlı “qrafa” boşdur. "xxxx" MMC-nin qaz sayğacının yoxlanılması haqqında Y 3386 №-li protokoluna əsasən “Roto tipli, “G-10” markalı, 75122208 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanılmasına qəbul edilmiş və yoxlama nəticəsi istismara yararsız (təmir olunmalıdır) olmuşdur. "xxxx" MMC-nin qaz sayğacının istismara yararlığı haqqında 20 may 2025-ci il tarixli P 4260 saylı arayışda “Roto” tipli, “G-10” markalı, 75122208 nömrəli qaz sayğacının növbəti dövlət yoxlanılması tarixi 20 may 2028-ci il tarixi göstərilsə də, sayğacın yararlığı ilə bağlı hər hansı qeyd olmamışdır. Yoxlama nəticəsində yararsız olduğu halda cavabdeh tərəfindən yenisi əvəz edilməmiş, təkrarən təmir olunaraq guya həmin sayğac yenidən quraşdırılmışdır. Sayğacın çıxarılması haqqında xx.xx.2024-cü il tarixli aktda tipi “Elster” göstərilsə də, quraşdırılması haqqında 04 iyul 2025-ci il tarixli aktda isə “Roto” tipli qaz sayğacının quraşdırılması göstərilmişdir. Abonentin saldosunda isə “Elster” tipli qaz sayğacının göstəriciləri barədə məlumat verilmişdir. 2.4. Cavabdehə edilən müraciət əsasında 10 sentyabr 2025-ci il tarixində təsdiq edilmiş abonetin saldosunda qeyd olunmuşdur ki, “Elster” tipli “G-10 RVG Ek-230” markalı 75122208 nömrəli qaz sayğacının quraşdırılma tarixi xx.xx.2025-ci il, 2025-ci ilin iyun ayı üzrə qaz sərfi 31 kub metr olmaqla, sərfin məbləği isə 0 göstərilmiş, 2025-ci ilin iyul ayı üzrə qaz sərfi 41259 kub metr olmaqla, sərfin məbləği isə 11833,74 manat göstərilmiş, 2025-ci ilin avqust ayı üzrə qaz sərfi 17 kub metr olmaqla, sərfin məbləği isə 4,85 manat göstərilmişdir. Qeyd edilən hallardan görünür ki, cavabdeh tərəfindən əsassız olaraq iddiaçıya borc məbləği yazılmış, sayğacın normal şəkildə işləməsinə baxmayaraq, sayğac yuyulma adı ilə aparılmışlar. Yuyulma adı ilə sayğaca etdikləri müdaxilələr nəticəsində zərər dəymişdir. Yoxlamaya aparana qədər qaz sayğacı normal işləmiş, sayğacda göstərilən sərfiyyata uyğun ödənişlər vaxtında edilmişdir. Lakin yoxlamadan sonra birdənbirə qaz sayğacında bu qədər sərfiyyat göstərilməsinin səbəbləri bəlli deyildir. Hansı səbəb ilə qaz sayğacı bu qədər məbləğ yaza bilər? 2.5. Saldoda qeyd olunmuşdur ki, guya iyun ayında 31 kub metr qaz sərfiyyatı olmuş, amma məbləğə gəldikdə isə 0 yazılmışdır. Bu necə ola bilər ki, 31 kub qaz sərfiyyatının məbləği 0 olsun. Görünür ki, cavabdehin nümayəndələri tərəfindən qaz sayğacına və saldoya müdaxilələr olmuşdur. Saldoda 2025-ci ilin iyun ayı üzrə qaz sayğacının mexaniki göstəricisi 53791 göstərilmişdir. Halbuki yoxlamadan sonra 04 iyul 2025-ci il tarixdə sayğac quraşdıralarkən göstəricisi 053791 kub metr olmuşdur. Obyekt daima fəaliyyət göstərir. Görünür ki, sayğac quraşdırarkən mexaniki göstəricisi dəyişilmədən qalmışdır. Saldodan görünür ki, cavabdehə müraciətlərdən sonra 2025-ci ilin avqust ayında qaz sərfiyyatı 2025-ci ilin iyul ayı üzrə olan sərfiyyatdan dəfələrlə azalmışdır. Qazın sərfiyyatı şişirdilmişdir. Hazırkı vaxta qədər edilən müraciətlərə baxmayaraq, cavabdeh tərəfindən qaz sayğacında birdən-birə bu qədər məbləğin nəyin əsasında yarandığı barədə məlumat verilməmişdir. Həmçinin qanunvericilik normalarına əsasən, borcun hesablanması və dəyərinin ödənilməsinin iddiaçıdan tələb edilməsi “Qazdan istifadə Qaydaları”nın 2.10, 2.11-2, 4.3, 4.8, 4.9-cu bəndlərinin, həmçinin AMX- 1638/25 saylı 07 aprel 2025-ci il tarixli “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.1.11 və 3.5-ci bəndlərinin tələblərinə ziddir və pozuntudur. 2.6. Ona görə ki cavabdeh tərəfindən yoxlama tədbirinin (baxış, müayinə, nəzarət, xronometraj və s.) sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılması barədə hər hansı məlumat verilməmişdir. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bundan başqa, AMX-1638/25 saylı 07 aprel 2025-ci il tarixli “qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nin 2.1.11-ci bəndinə əsasən, istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirmək qaz paylayıcısının vəzifələrindəndir. Lakin müqavilənin 4.4-cü bəndində göstərilmişdir ki, “G-10” markalı 75122208 nömrəli qaz sayğacı xx.xx.2017-ci il tarixdə quraşdırılmış və dövlət yoxlamasından keçirilməsinin son tarixi xx.xx.2017-ci ildir. Buradan belə nəticə hasil olur ki, sayğac dövlət yoxlaması adı ilə çıxarılsa da, xx.xx.2025-ci il tarixli daha üstün hüquqi qüvvəyə malik müqavilədə dövlət yoxlamasının keçirilməsinin son tarixi xx.xx.2017-ci il göstərilmişdir. Bu da o deməkdir ki, qaz sayğacı dövlət yoxlamasına göndərilməmiş və cavabdehin əməkdaşları tərəfindən hansı səbəbə qaz sayğacının çıxarılıb aparıldığı məlum deyildir. Əsassız borc qaz sayğacının dövlət yoxlaması adı ilə çıxarılıb aparılmasından sonra yaranmışdır. Dövlət yoxlaması keçirilməsi üçün cavabdeh tərəfindən qanunvericilik normalarının tələblərinə əməl edilməməklə yanaşı, “Elster” tipli, “G-10” markalı, 75122208 nömrəli qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi şübhə doğurur. Cavabdeh tərəfindən hesablanmış olan 11758,82 manatlıq məbləğ qanuni əsası olmayan mənbədən yaranmışdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 560.2-ci və s. maddələri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 13-cü maddələri, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 1.3, 2.10, 4.3, 4.8, 5.2-ci və s. bəndləri göstərilmişdir.
4. Cavabdeh iddiaya etiraz təqdim edərək, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. iddiaçı Məmmədov X9 rayonu Şilavar kəndində X14 İstismar İdarəsinin Lənkəran Xidmət Sahəsində **********00000 saylı kodla qeyri-əhali abonenti kimi abonent qeydiyyatındadır. İddiaçı məxsus olan sayğac qaz xətti üzərinə xx.xx.2025-ci il tarixdə ******* saylı “sayğacların çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” aktla mexaniki göstəricisi 053791 metr kub, elektron göstəricisi 60705 metr kub olmaqla “G-10” markalı 75122208 nömrəli sayğac quraşdırılmışdır. İddiaçı məxsus 75122208 nömrəli qaz sayğacının göstəricilərinin oxunması zamanı sözügedən sayğacın son göstəricisi 101964 m3 oxunaraq abonent bazasına daxil edilmiş və nəticədə 41259 m3 qaz sərfinin dəyəri 11758,82 manat olmuş və bu barədə istehlakçıya hesab-faktura təqdim edilmişdir. Sayğacın üzərində olan qaz sərfi xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrü əhatə edir. İddiaçı barəsində qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilməmişdir. Mühabisələndirilən məbləğ sayğac vasitəsilə istifadə nəticəsində yaranmışdır. 5.2. İddiaçı iddia ərizəsində “Elster” tipli “G-10” markalı 75122208 nömrəli qaz sayğacı ******* nömrəli xx.xx.2024-ci il tarixli “qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt əsasında növbəti yoxlaması üçün çıxarılarkən göstərici qrafasında göstəricinin qeyd edilmədiyini, müəssisənin nümayəndəsinin iştirakının təmin edilmədiyini bildirmişdir. X6 məxsus “Elster” tipli “G-10” markalı 75122208 nömrəli qaz sayğacı ******* nömrəli xx.xx.2024-ci il tarixli “qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt əsasında onun nümayəndəsi Səməd Əbilovun iştirakı (əlaqə nömrəsi ***-***-**-**) ilə xətdən açılmışdır. ******* nömrəli xx.xx.2024-ci il tarixli “qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt Səməd Əbilov tərəfindən imzalanmış, mexaniki göstəricisi 53787 m3 olmuşdur. “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Belə olan halda X6 məxsus “Elster” tipli G-10 markalı 75122208 nömrəli qaz sayğacın işlək vəziyyətdə saxlanılmasına onun növbəti yoxlamadan keçirilməsinə, təmir olunmasına cavabdehliyi özü daşıyır. 5.3. Belə ki, “Qazdan istifadə Qaydaları”nın 4-cü bəndinin 4.2-ci yarımbəndinə görə məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. X10 “Elster” tipli “G-10” markalı 75122208 nömrəli qaz sayğacının yoxlamadan keçirilməsi ilə bağlı "xxxx" MMC-yə məxsus müxbir hesabına xidmət haqqı olaraq rüsum kimi ödənişi həyata keçirmişdir. "xxxx" MMC-nin qaz sayğacının istismara yararlılığı haqqında 20 may 2025-ci il tarixli P 4260 saylı arayışının sol hissədə sayğac göstəriciləri qrafasının altında yoxlamadan əvvəl mexaniki göstəricinin işlək olduğu, elektron göstəricilərin isə təmir olunaraq işlək vəziyyətə gətirilməsi qeyd olunmuşdur. “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Sayğacın yenisi ilə əvəz olunması, dəyişdirilməsi, təmir zamanı çəkiləcək xərclər cavabdehin deyil, X4 hesabına həyata keçirilməlidir. Qanunun tələbinə görə sayğacın işlək vəziyyətdə saxlanılması öhdəliyi iddiaçının üzərindədir. 5.4. Hal-hazırda da İddiaçı məxsus çayxanaya gedən qaz xətti üzərində xx.xx.2025-ci il tarixdən ******* saylı “sayğacların çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” aktla quraşdırılmış, mexaniki göstəricisi 053791 metr kub, elektron göstəricisi 60705 metr kub olmaqla “G-10” markalı 75122208 nömrəli sayğac mövcuddur. Buradan belə nəticəyə gəlinir ki, iddiaçının sözlərinə görə sayğac işlək deyildirsə, necə ola bilər ki, eyni sayğacın göstəricisi (sərfiyyatı) avqust ayında azalmışdır. Əgər sözügedən sayğacda problem vardırsa, bu problem növbəti aylarda da davam etməli idi. İddiaçıya məxsus çayxanada heç bir yoxlama keçirilməmişdir.
6. İddiaya etirazda hüquqi əsas kimi Mülki Məcəllənin 385.1, 442, 443.1-ci və s. maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə istinad edilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə “X1 Agentliyi” X17 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
II. İşdə iştirak edən şəxslərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Cavabdehin nümayəndələri X7 və X5 məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat verdilər və iddianın rədd edilməsini xahiş etdilər.
7. Üçüncü şəxsin nümayəndəsi X8 məhkəmə iclasında iştirak edərək göstərdi ki, quraşdırılan sənaye qaz sayğacı üç ildən bir növbəti dövlət yoxlamasından keçirilməlidir. Sayğaca laboratoriyada baxış keçirilən zaman aydın olmuşdur ki, qaz sayğacının korrektoru işləmir, batareya quraşdırılaraq sayğacın yaddaşından keçən qaz sərfiyyatı oxunmuşdur və müəyyən olunmuşdur ki, sayğacın elektron hissəsi mexaniki hissəsindən artıq qaz sərfi yazmışdır.
8. Məhkəmənin suallarına cavab olaraq üçüncü şəxsin nümayəndəsi göstərdi ki, mexaniki hissədə düzgün olmayan sərfiyyatın qeydə alınması mümkündür və bu hal sayğacın xarab olması deməkdir. Lakin mexaniki hissədə sayğac ondan keçməyən qazın sərfiyyatını qeydə ala bilməz. Sayğacın 0,8 kub minimal həddidir, 16 kub isə maksimal həddir. 18 kub olsa, sayğac qeydə almır. Mexaniki hissə özündə olan bütün məlumatları elektron hissəyə ötürür. Mexaniki hissədən keçən qazın sərfiyyatı geri tarixə oxuna bilməz. Mexaniki hissənin artıq sərfiyyat yazması mümkün deyildir, rotorun arasına hansısa mexaniki hissə düşsə, tutulma baş versə, rotorlar fırlanmayacaq, qaz keçəcək, mexaniki hissə ümumiyyətlə qeydə almayacaq. Yəni mexaniki hissədə olan problem sayğacın sərfiyyatı qeydə almamasına və ya az qeydə alınmasına səbəb ola bilər, lakin artıq sərfiyyatı qeydə ala bilməz.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İddia tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçının adına **********00000 nömrəli abonent kodu qeydiyyata alınmış, hal-hazırda ünvan 1i ünvanında yerləşən obyektə qaz təchizatı xx.xx.2025-ci il tarixli AMX-1638/2025 nömrəli müqavilə əsasında həyata keçirilir. 31 iyul 2024-cü il tarixdə ******* nömrəli akt əsasında iddiaçıya məxsus “G-10” markalı 75122208 zavod nömrəli qaz sayğacı növbəti dövlət yoxlaması üçün çıxarılmış, xx.xx.2024-cü il tarixdə “G-10” markalı 75122208 zavod nömrəli sayğac “Azərbaycan Metrologiya İnstitutu” X15 tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yoxlamadan keçirilmiş, bu barədə protokol tərtib edilmişdir. Bu zaman korrektorun xx.xx.2024-cü il tarixində söndüyü, ehtiyat batareya quraşdırılaraq göstəricilərin Vbt = 60703 m3, Vmt = 53184 m3 əks olunduğu, elektron göstəricinin (Vmt) mexaniki göstəricidən 603 m3 az olduğu müəyyən olunmuşdur. Adıçəkilən protokola əsasən sayağacın mexaniki göstəricisi laboratoriyada yoxlanarkən ********* m3 olmuşdur. “G-10” markalı 75122208 zavod nömrəli qaz sayğacı xx.xx.2025-ci il tarixdə ******* nömrəli akt əsasında iddiaçının qaz xətti üzərində quraşdırılmışdır. Adıçəkilən abonent kodu üzrə 2025-ci ilin iyul ayı üçün istehlak edilmiş qazın dəyəri sayğac göstəricisinə əsasən 11758,82 manat kimi hesablanmışdır. Abonent saldosuna əsasən sayğac göstəricisi əsasında 2025-ci ilin iyul ayı üzrə 11758,82 manat, avqust ayı üzrə 4,85 manat qaz sərfiyyatı hesablanmışdır.
13. İddiaçı sayğacdakı qüsurla bağlı 2025-ci ilin iyul ayı üzrə sərfiyyatın çox qeydə alındığını, yoxlamanın dövlət qeydiyyatından keçirilmədiyini bildirərək 11758,82 manat borcun silinməsini tələb edir.
14. Cavabdeh iddiaya etiraz edərək həmin borcun aktlar əsasında deyil, sayğac göstəricisinə əsasən hesablandığını, sayğacda sərfiyyatın yanlış qeydə alınmasına əsas olan hər hansı nöqsanın olmadığını bildirir və iddianın rədd edilməsini xahiş edir.
15. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (zamana görə qüvvədə olan) 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
18. Qazdan istifadə haqqında qanunvericiliyin müddəalarından göründüyü kimi, bir qayda olaraq qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalıdır. Bu mənada 2025-ci ilin iyul ayı üzrə cavabdeh tərəfindən iddiaçının istehlak etdiyi qazın dəyəri sayğac göstəriciləri əsasında 11758,82 manat müəyyən edilmişdir.
19. Məhkəmə tərəfindən üçüncü şəxs qismində işə cəlb edilmiş, Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirən X1 Agentliyinin nümayəndəsinə “Azərbaycan Metrologiya İnstitutu” X15 tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-ci il tarixli “qaz sayğacının yoxlanılması haqqında” protokolu və iş materiallarında olan sənədlər təqdim edilmiş, aşkar olunan qüsurların sayğac tərəfindən qaz istehlakının düzgün ölçülməsinə maneə yaradıbyaratmadığına dair suallar verilmişdir. Üçüncü şəxsin nümayəndəsi suallara cavabında sayğacın mexaniki hissəsində olan problemin sayğacın sərfiyyatı qeydə almamasına və ya az qeydə alınmasına səbəb ola biləcəyini, lakin artıq sərfiyyatı qeydə ala bilməyəcəyini bildirdi.
20. Digər tərəfdən, iş üzrə icraatın gedişində Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmış, 29 dekabr 2025-ci il tarixində Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə ekspertizanın aparılmasından səlahiyyətlərinin olmaması əsası ilə imtina edilmişdir.
21. Həmçinin iş materiallarında olan xx.xx.2025-ci il tarixli ******* nömrəli aktda sayğacın minimal sərfiyyatı qeyd etmədiyi göstərilmişdir. Göründüyü kimi sayğacda halhazırda olan qüsur da minimal sərfiyyatın qeydə alınmaması ilə bağlı olub artıq sərfiyyatın qeydə ala biləcəyinə dair sayğacda hansısa nöqsanın olduğunu təsdiq etmir.
22. Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
23. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
24. Həmçinin sübutetmədə, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probatio” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı Qərarı, § 68).
25. Bu mənada məhkəmə qeyd edir ki, iddiaçı öz iddiasının faktiki əsasını, yəni sayğacın qaz sərfiyyatını düzgün qeydə almaması və ya borcun akt əsasında hesablanması halını sübut edə bilməmişdir.
26. İddiaçının yoxlamanın dövlət qeydiyyatına alınmamasına dair mövqeyi isə tamamilə əsassız olmuşdur. Belə ki, 2025-ci ilin iyul ayı ərzində hesablanmış 11758,82 manat borc qaz sayğacının göstəricisinin oxunması əsasında müəyyən edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
27. Göründüyü kimi, qaz sayğaclarının göstəricilərinin oxunması üçün hər hansı qeydiyyata zərurət mövcud deyildir.
28. Bu isə onu deməyə əsas verir ki, iddiaçının qeyd olunan arqumenti əsassızdır. Belə olan halda məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir.
b) Məhkəmə xərcləri ilə bağlı
29. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Beləliklə, məhkəmə iddia tələbinin təmin edilmədiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova