Məhkəmə qərarları › İş №e-2-2(113)-7894/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7894/2025

01.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7894/2025 01.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı "xxxx" Firmasının Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3nə qarşı “elektrik xəttinin kənarlaşdırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Firması Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən iddiaçının ərazisinə edilmiş qanunsuz müdaxilələrin qarşısının alınması, mülkiyyətində olan ərazidən qanunsuz keçirilmiş 6 kV-luq elektrik xəttinin kənarlaşdırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-35.2-ci maddələrinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qanunvericinin ərazi aidiyyətini müəyyənləşdirilməsində başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-35.2-ci maddələrində mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 iyun 2021-ci il tarixli Qərarı). Hazırkı işin hallarından ilkin olaraq (prima facie) görünür ki, iddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində yerləşən 2000 kv.m torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, cavabdehlər tərəfindən həmin torpaq sahəsindən qanunsuz olaraq 6 kV-luq elektrik xəttinin keçirildiyini bildirir. İddiaçının bildirdiyi faktiki hallar, iddia tələbi barədə verdiyi məlumata əsasən məhkəmə qeyd edir ki, iddiaçının iddiası məhz mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqındadır və həmin iddialara müstəsna aidiyyət qaydasında baxılır. Mübahisəli daşınmaz əşyanın olduğu yer Sumqayıt şəhəridir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Sumqayıt şəhəri Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun verilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 114.1 və 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə təqdim edilən **********10 nömrəli mədaxil qəbzinə əsasən müəyyən edir ki, 100 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından 100 manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Firmasının Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3nə qarşı “elektrik xəttinin kənarlaşdırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul iddiaçı "xxxx" Firmasına qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar