Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-807/2025 17.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun ödənilməsi, qazın alqı-satqısı barədə müqavilə) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı İB) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən təbii qazdan istifadəyə görə yaranmış 1101322,40 (bir milyon yüz bir min üç yüz iyirmi iki manat qırx qəpik) manat borcun və dövlət rüsumuna görə ödənilmiş 1340,66 manat məbləğində pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixli, AKX-1/2127 saylı müqavilə əsasında "xxxx" MMC-ni (hazırda Cavabdeh ASC) təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmiş və nəticədə 1101322,40 manat (bir milyon yüz bir min üç yüz iyirmi iki manat qırx qəpik) borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya şurasına və pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, heç bir müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu tam ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatının enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqında” 356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanına istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının özünün də məhkəməyə təqdim etdiyi abonentin saldosundan göründüyü kimi, cavabdeh tərəfindən aparılmış ödənişlər əvvəlki illər ərzində yığılmış borcların ödənilməsinə yönəlmişdir, halbuki həmin tələblər üzrə qüvvədə olan Mülki Məcəllənin 363-cü maddəsinə əsasən iddia müddəti 3 (üç) il təşkil edir, iddiaçı isə bununla bağlı cavabdehə qarşı iddia qaldırmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən iddia müddətini tətbiq etməklə "Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh ASC-dən təbii qazdan istifadəyə görə yaranmış 1101322,40 (bir milyon yüz bir min üç yüz iyirmi iki manat, qırx qəpik) manat borcun və dövlət rüsumuna görə ödənilmiş 1340,66 manat məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və bildirdi ki, iddia müddətinin tətbiqi barədə ərizə əsassızdır.
6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında etiraz ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı İB ilə istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli, AKX-1/2127 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.4-cü maddəsinə əsasən sayğacın markası R04-407, nömrəsi 140146, quraşdırılma tarixi xx.xx.2011-ci ildir. Həmin müqavilənin 7.2-ci maddəsinə əsasən müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 il müəyyən edilir.
8. İddiaçı İB tərəfindən Cavabdeh ASC-yə göndərilmiş xx.xx.2018-ci il tarixli, AKX- 1/2127 nömrəli bildirişin məzmunundan müəyyən olunur ki, İddiaçı İB cavabdehdən balanslarında olan qaz kəmərlərinə və üzərindəki avadanlıqlarına 30 təqvim günü ərzində texniki baxışın keçirilməsini, bu sahədə fəaliyyəti müvafiq standartlara cavab verən və ixtisaslaşmış, xüsusi icazəsi olan hüquqi və ya fiziki şəxs tərəfindən təmin edilməsini, texniki baxışın nəticələrinə dair aktı 10 təqvim günü ərzində İddiaçı İB-nin müvafiq şöbəsinə təqdim edilməsi tələb edilmiş, əks təqdirdə İddiaçı İB tərəfindən cavabdehin ünvanına qaz təchizatı dayandırılacağı ilə əlaqədar xabardarlıq edilmişdir.
9. **********00000 nömrəli abonent kodu üzrə abonentin saldosundan müəyyən olunur ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixə ümumilikdə borcu 1101322,4 manat (sayğac oxunması: 0 manat + aktlar: 10972130,98 manat – ödəmələr: 9870808,58 manat = son borc: 1101322,4 manat) təşkil edir.
10. xx.xx.2024-cü il tarixli, EBEA seriyalı, 623937 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı İB tərəfindən Cavabdeh ASC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 88302,5 manat təşkil edir. Qaimədə 090399 nömrəli, xx.xx.2024-cü il tarixli sərfiyyat aktı ödənişin əsası kimi göstərilmişdir. Qaimə tərəflər tərəfindən imzalanmamışdır.
11. xx.xx.2024-cü il tarixli, EBEC seriyalı, 061076 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı İB tərəfindən Cavabdeh ASC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 98497,3 manat təşkil edir. Qaimədə 090399 nömrəli, xx.xx.2024-cü il tarixli sərfiyyat aktı ödənişin əsası kimi göstərilmişdir. Qaimə tərəflər tərəfindən imzalanmamışdır.
12. xx.xx.2024-cü il tarixli, EBED seriyalı, 139870 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı İB tərəfindən Cavabdeh ASC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 94563,7 manat təşkil edir. Qaimədə 090399 nömrəli, xx.xx.2024-cü il tarixli sərfiyyat aktı ödənişin əsası kimi göstərilmişdir. Qaimə tərəflər tərəfindən imzalanmamışdır.
13. Bakı Regional Qazın Satışı Departanmenti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 90 nömrəli hesab-fakturanın məzmunundan müəyyən edilir ki, 090399 kod üzrə xx.xx.2024-xx.xx.2024 tarixlərdə yazılmış fakturaların cəminə uyğun olaraq "xxxx" MMCnin xx.xx.2024-cü il tarixə olan cəmi borc məbləğini 1027767,92 manat təşkil edir.
14. Bakı Regional Qazın Satışı Departanmenti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 91 nömrəli hesab-fakturanın məzmunundan müəyyən edilir ki, 090399 kod üzrə xx.xx.2024-xx.xx.2024 tarixlərdə yazılmış fakturaların cəminə uyğun olaraq "xxxx" MMCnin xx.xx.2024-cü il tarixə olan cəmi borc məbləğini 1072331,62 manat təşkil edir.
15. Bakı Regional Qazın Satışı Departanmenti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 nömrəli hesab-fakturanın məzmunundan müəyyən edilir ki, 090399 kod üzrə xx.xx.2024-xx.xx.2024 tarixlərdə yazılmış fakturaların cəminə uyğun olaraq "xxxx" MMCnin xx.xx.2024-cü il tarixə olan cəmi borc məbləğini 1101322,4 manat təşkil edir.
16. İddiaçı İB ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli təbii qazdan istifadəyə görə debitor borcun ödənilməsi haqqında razılaşma protokolunun məzmunundan müəyyən olunur ki, "xxxx" MMC (istehlakçı) təbii qazdan istifadəyə görə İddiaçı İB-yə xx.xx.2024-cü il tarixinə 1027767,92 manat məbləğində debitor borcunun olmasını qəbul edir, həmin borcdan xx.xx.2024-cü il tarixinə 80000 manat, xx.xx.2024-cü il tarixinə 80000 manat, xx.xx.2024-cü il tarixinə 216941,98 manat, xx.xx.2024-cü il tarixinə 216941,98 manat. xx.xx.2024-cü il tarixinə 216941,98 manat və xx.xx.2024-cü il tarixinə 216941,98 manat İddiaçınə ödəməyi öhdəsinə götürür, razılaşma protokolunun 1.2-ci maddəsində göstərilən məbləğdən əlavə olaraq hər ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borcu “Qazdan istifadə Qaydaları”nın 5.5-ci və qazın alqı-satqı müqaviləsinin 3.4-cü maddəsinə uyğun olaraq ödəməyi öhdəsinə götürür, hər ay hesabfaktura təqdim edildikdən sonra razılaşma protokolunun 1.2-ci və 1.3-cü yarımbəndlərinin tələblərinə uyğun olaraq götürdüyü öhdəlikləri icra və ya vaxtında icra etmədiyi təqdirdə təbii qazın verilməsinin dayandırılmasını qəbul edir və bununla bağlı İddiaçı İB-nə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
17. İddiaçı pretenziya məktubları ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış borcun 3 gün ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Tətbiq edilən hüquq
18. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 3.2.1-ci maddəsinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir... Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1-cimaddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
22. İddia tələbini Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən təbii qazdan istifadəyə görə **********00200 saylı hesabı üzrə yaranmış 1101322,40 manat borc məbləğinin İddiaçı İB-nin xeyrinə tutulması təşkil edir.
23. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı İB ilə istehlakçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, cavabdehi qazla təmin etsə də, cavabdeh aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən vaxtında ödəməmiş, nəticədə iddiaçıya **********00200 nömrəli abonent kodu üzrə 1101322,40 manat borcu yaranmışdır. Cavabdeh məhkəməyə müraciət edərək, iddia müddətinin ötürülməsini əsas gətirərək iddia tələbinə etiraz etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli təbii qazdan istifadəyə görə debitor borcun ödənilməsi haqqında razılaşma protokolunda da cavabdeh borcu qəbul etmiş, protokol tərəflərin imzası ilə təsdiq edilmişdir.
24. Məhkəmə qanunvericilik normalarının tələblərini, müqavilə şərtlərini nəzərə alaraq hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən iddia tələbi təmin edilməli, cavabdehdən təbii qazdan istifadəyə görə **********00200 saylı hesabı üzrə yaranmış 1101322,40 manat (bir milyon yüz bir min üç yüz iyirmi iki manat qırx qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.
25. İş üzrə mövcud hallar araşdırılarkən idda müddətinin ötürülməsi müəyyən edilməmişdir. Bu səbəbdən cavabdeh tərəfindən verilən etiraz əsassız saylmalıdır.
26. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən vaxtaşırı ödənişlər həyata keçirilsə də, ödənişlərin təyinatı göstərilməmiş, bununla bağlı sübutlar iş materiallarına əlavə edilməmişdir.
26. Eləcə də, iddiaçı ödənilmiş 1340,66 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
27. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1340,66 manat (min üç yüz qırx manat altmış altı qəpik) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən təbii qazdan istifadəyə görə yaranmış 1101322,40 manat (bir milyon yüz bir min üç yüz iyirmi iki manat qırx qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1340,66 manat (min üç yüz qırx manat altmış altı qəpik) olmaqla, cəmi 1102663,06 manat (bir milyon yüz iki min altı yüz altmış üç manat altı qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı bank hesabına (kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X və ya VÖEN ********** İBAN: AZ72İBAZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova