Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8253/2025 06.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: təbii qazdan istifadəyə görə hesablanmış borc Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ
1. İddiaçıya məxsus, abonent saldosuna əsasən Bakı şəhəri, Suraxanı rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi təbii qazla təmin edilməsi üçün iddiaçı **********00022 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.
2. Cavabdeh tərəfindən iddiaçıya “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” – xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 56,75 manat (hesabat dövrü xx.xx.2023 - xx.xx.2023), xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 38 manat (hesabat dövrü xx.xx.2023 - xx.xx.2023), xx.xx.2023cü il tarixli, ******* saylı akt əsasında 254,5 manat (hesabat dövrü xx.xx.2023 xx.xx.2023), xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 533 manat (hesabat dövrü xx.xx.2023 - xx.xx.2023), xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 324,75 manat (hesabat dövrü xx.xx.2024 - xx.xx.2024), xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 487,15 manat (hesabat dövrü xx.xx.2024 - xx.xx.2024), xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 397 manat (hesabat dövrü xx.xx.2024 - xx.xx.2024), xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 25,5 manat (hesabat dövrü xx.xx.2024 - xx.xx.2024) və xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 55,75 manat (hesabat dövrü xx.xx.2024 xx.xx.2024) dəymiş zərər hesablanmışdır.
3. Bundan başqa, iddiaçının adına olan abonentin saldosunun “Qalıq və aktlar” bölməsində iddiaçının 2023-cü il üzrə 893,25 manat, 2024-cü il üzrə isə 2179,25 manat borcunun olması qeyd edilmişdir.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
4. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, ünvan 1 ünvanındakı hesab koduna əsassız hesablanmış 9545,47 manat məbləğində borcun (abonent kodu: **********00022) silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, ünvan 2 ünvanındakı yerləşən hamama xx.xx.2024-cü il tarixdə Elster G-40 RVG EK-230 markalı 75018844 nömrəli sayğac quraşdırımış və **********00022 abonent kodu verilmişdir. 12 fevral 2025-ci il tarixdə qazın alqı-satqısı ilə bağlı 143 nömrəli xidmət müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixə onun cavabdehə 645 manat borcu yaranmışdır. 2024-cü il iyul ayından 2025-ci ilin noyabr ayına qədər sayğacın elektron hissəsinin batareyası sıradan cıxdığından hesabat müxaniki göstərici ilə götürülmüş orta təzyiq kofisientinə vurulmuşdur. Obyektə gələn orta təzyiqli qaz xətti əhali xətti olduğundan orada qazın təzyiqi hesabatdan aşağı olmuşdur və nəticədə hesab koduna 9541,47 manat əsassız borc hesablanmışdır. Belə ki, cavabdehin nümayəndələri tərəfindən qaz xətti üzərində quraşdırılmış sayğac 2024-cü ilin dekabr ayında cıxarılmış, xx.xx.2025-ci il tarixdə 8 ay sonra elektron hissəsi düzəldilmiş və qaz xətti üzərinə quraşdırılmışdır. Həmin aylar ərzində xx.xx.2025-ci il tarixdə 1078 manat istifadə edilmiş təbii qaza görə hesab koduna pul vurulmuş, xx.xx.2025-ci il tarixdə 446 saylı 1396,50 manat qaz sərfi barədə hesab faktura verilmişdir. Həmin ay 1426,88 manat pul ödəmişdir. xx.xx.2025-ci il tarixdə 114 nömrəli faktura əsasında 1247,73 manat qaz sərfi barədə hesab faktura verilmişdir. Həmin ay 675 manat pul ödəmişdir. xx.xx.2025 tarixdə cavabdehin 224 saylı 2407,11 manat qaz sərfi barədə hesab faktura verilmişdir. Cavabdeh tərəfindən ona əsassız borc yazılarkən heç bir rəsmi məlumat verilməmiş.
b) İddiaya qarşı etirazın dəlilləri
6. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etməmişdir.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
7. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
8. Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmdiyindən məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
“Qaz təchizatı haqqında” AR Qanununu
11. Maddə 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu.
12. Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
13. Maddə 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
14. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə.
15. 1.4-cü bənd. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
16. 1.5-ci bənd. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
17. 5.2-ci bənd. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
Azərbaycan Rüspublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
23. Məhkəmə iddia ərizəsinin dəlillərini və ona əlavə edilmiş sübutları tədqiq edərək hesab edir ki, iddia qismən əsaslıdır.
24. Belə ki, işin yuxarıda göstərilən işin faktiki hallarından da göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borcun bir qismi, yəni 2023-cü ilin sentyabr – dekabr və 2024-cü ilin ilin yanvar-dekabr (işdə olan aktlara və Abonent saldosuna əsasən) ayları ərzində hesablanmış 3072,5 manat məbləğində borc cavabdeh tərəfindən “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktlar əsasında hesablanmışdır.
25. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh İB təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
26. İş materiallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən 2023-cü ilin sentyabr – dekabr və 2024-cü ilin ilin yanvar-dekabr ayları üzrə “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktlar əsasında hesablanmış, lakin cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti subyekti olan iddiaçıya məxsus qeyri-yaşayış sahəsində qaz təchizatı ilə bağlı yoxlama aparılsa da, həmin yoxlama qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır.
27. Belə olan halda, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
28. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqda haqlı olmamışdır.
29. İddiaçı 9641,47 manat borcun silinməsini tələb etsə də, məhkəmə hesab edir ki, iddia qismən, yalnıız “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktlar əsasında hesablanmış borcun (3072,5 manat) silinməsi hissəsində əsaslıdır. Belə ki, silinməsi tələb edilən borcun qalan hissəsinin cavabdeh tərəfindən qanunsuz hesablanması barədə iddiaçı məhkəməyə sübuit təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundakı məlumatlardan müəyyən edilir ki, aktlardan başqa hesablanmış digər borc məbləği iddiaçının təbii qazdan istifadə nəticəsinndə ödəmədiyi borc məbləğidir ki, iddiaçının 2025-ci ilin dekabr ayına ödənilməmiş ümumi (aktlar və sayğac göstəricilər əsasında hesablanmış) borc 4220,02 manat təşkil edir.
30. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktlar əsasında hesablanmış borcun borc (3072,5 manat) iddiaçının abunə hesabından (kod: **********00022) silinməlidir.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, ünvan 3 ünvanı üzrə **********00022nın hesab koduna hesablanmış 3072,5 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı