Məhkəmə qərarları › İş №e-2-2(113)-853/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-853/2025

21.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-853/2025 21.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8750 manat borc, vəkilə ödənilmiş 1000 manat və 118 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli, 15 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən müqavilədə göstərilən işlər görülmüş və bunun müqabilində akt, elektron qaimə və hesab faktura təqdim olunsa da, 8750 manat məbləğində borc qalmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehin ünvanına pretenziya göndərilərək yaranmış 8750 manat məbləğində borcun geri qaytarılması tələb olunsa da, lakin bu günə qədər həmin borc geri qaytarılmamışdır və heç bir rəsmi cavab verilməmişdir. İddiaçı tərəfindən dəfələrlə elektron qaimələr göndərilsə də, Sizin tərəfinizdən heç bir ödəniş olunmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişik.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8245/2024 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz edilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8245/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi S.Abbasov iddia tələbi ilə vəkil xərci və dövlət rüsumu hissəsində razı olmadığını, qalan hissədə iddia tələbinin qəbul edildiyini bildirmişdir.

6. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçıya və üçüncü şəxsə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq sonuncu məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, üçüncü şəxsin nümayəndəsi gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Sonuncu məhkəmə iclasının iddiaçının və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İddiaçı (icraçı) və Azərbaycan Ordusunun X2 (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 15 nömrəli müqavilənin 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən icraçı sifarişçinin sifarişinə əsasən bu müqavilənin 2.1-ci maddəsində qeyd olunmuş ərazidə yerləşən konteynerlərdə yığılmış məişət və istehsalat tullantılarının daşınması və zərərsizləşdirilməsini, sifarişçi isə daşınma ilə əlaqədar lazım olan şəraiti və xidmət haqqının vaxtında ödəniləsini təmin edir.

11. Müqavilənin 2.1-ci bəndinə görə icraçı ay ərzində 18 gün olmaq şərti ilə ünvan 1 ünvanında Müdafiə nazirliyi X2 Üç Təpə və Qaraheybət hərbi şəhərciyə məxsus fərdi və ya ümumi istifadə etmə zibilxanalarında qoyulmuş zibil konteynerlərinə toplanmış məişət, istehsalat, otlar, ağac quruntuları tullantılarının daşınmasını təmin edir.

12. Müqavilənin 2.2-ci bəndinə görə qoyulmuş 18 ədəd zibild konteynerləri "xxxx" MMC-nin vəsaiti hesabına qoyulur və onun əmlakı hesab edilir.

13. Müqavilənin 5.1-ci bəndinə görə müqavilə xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək qüvvədədir.

14. Müqavilənin 5.2-ci bəndinə görə müqavilənin müddətinin bitməsindən 10 gün əvvəl sifarişçi və ya icarəçi xidmətin göstərilməsindən rəsmi imtina etmədiyi halda, müqavilə 1 (bir) il müddətinə uzadılmış hesab edilir.

15. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli EBEA 594357 nömrəli 2900 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDX 967662 nömrəli 2900 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDX 780617 nömrəli 2950 manat məbləğində elektron qaimə təqdim olunmuşdur.

16. İddiaçı tərəfindən görülmüş işlərə görə cavabdehə 2024-cü ilin yanvar ayında 2950 manat, fevral və mart aylarında isə ayrı-ayrılıqda 2900 manat məbləğində hesabfakturalar təqdim olunmuşdur.

17. İddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuş fevral 2024-cü il tarixli akta görə iddiaçı tərəfindən 2900 manat məbləğində iş görülmüşdür.

18. İddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuş mart 2024-cü il tarixli akta görə iddiaçı tərəfindən 2900 manat məbləğində iş görülmüşdür.

19. İddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuş yanvar 2024-cü il tarixli akta görə iddiaçı tərəfindən 2950 manat məbləğində iş görülmüşdür.

20. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 15 nömrəli podrat müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

24. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

25. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

27. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

28. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, 15 nömrəli podrat müqaviləsi üzrə 2024-cü ilin yanvar, fevral, mart aylarında müqavilə ilə razılaşdırılmış işlər icra edilmiş, ümumilikdə 8750 manat məbləğində işlər cavabdeh tərəfindən qəbul edilmiş, lakin görülmüş həmin işlərin dəyəri ödənilməmişdir. İddiaçı hazırda podrat müqaviləsi üzrə ümumilikdə 8750 manat məbləğində muzdun ödənilməsini tələb etməkdə haqlıdır.

30. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 8750 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 8750 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

31. Bundan başqa iddia ərizəsində 1000 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.

32. Məhkəmə hesab edir ki, həmin xərci təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi üçün iddiaçı tərəfin özünə aid edilməlidir.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar.

36. Məhkəmə hesab edir ki, cavabdeh dövlət rüsumunun ödənilməsindən azad olduğuna görə iş üzrə ödənilmiş 118 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə:

37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən 8750 (səkkiz min yeddi yüz əlli) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Məhkəmə xərcləri (dövlət rüsumu və hüquqi yardıma görə xərc) iddiaçı "xxxx" MMCnin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar