Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-859/2021 04.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi, Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2, nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 255000 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında olan şifahi razılaşmaya əsasən iddiaçı öz mülkiyyətində olan “Liebherr” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtokranı cavabdeh şirkətin mülkiyyətinə verməli, Cavabdeh1 MMC isə bunun əvəzində iddiaçı şirkətə 255000 manat məbləğində pul ödəməli idi. Qeyd olunan şifahi razılıq üzrə iddiaçı “İddiaçıMMC öz mülkiyyətindəki “Liebherr” markalı, **-JS- *** dövlət qeydiyyat nişanlı avtokranı cavabdeh şirkətin istifadəsinə verib. Buna baxmayaraq, cavabdeh avtokranın dəyəri olan 255000 manat məbləğində pulu iddiaçıya verməkdən yayınmışdır. Bu məsələ ilə bağlı İddiaçı MMC Cavabdeh1 MMC-yə dəfələrlə yazılı və şifahi müraciət etsə də heç bir nəticə əldə edə bilməmişdir. Daha sonra İddiaçı MMC Cavabdeh1 MMC-yə qarşı əmlakın qanunsuz sahiblikdən alınması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışının gedişində məlum olmuşdur ki, İddiaçı MMC-nin adından Cavabdeh2 Saməddin oğlu Cavabdeh1 MMC-nin adından isə X3 arasında “Liebherr” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtokranın alqı-satqısına dair 25.08.2016-cı il tarixli müqavilə imzalanmışdır. Bu səbəbdən sözügedən müqavilənin etibarsız hesab olunması barədə iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Saməddin oğlunun İddiaçı MMC-nin adından müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Belə ki, məhkəmə prosesinin gedişində müəyyən edilmişdir ki, Cavabdeh2 həmin hüquqi şəxslərin adından alqı-satqı müqavilələrini imzalamaq səlahiyyəti verən hər hansı bir etibarnamə mövcud deyildir. Ümumiyyətlə o, İddiaçı MMC-nin işçisi olmamışdır və onun şirkətlə hər hansı bir əlaqəsi yoxdur. Odur ki, 25.08.2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsızdır. Buna baxmayaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli e-2- 2(82)521/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2- 2(103)-168/2020 saylı 16.06.2020-ci il tarixli qətnaməsi birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmçinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-326/2020 saylı 04.11.2020-ci il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hər üç məhkəmə aktı onunla əsaslandırılmışdır ki, sözügedən müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün Mülki Məcəllə ilə müəyyən olunan 1 (bir) illik müddət ötürülmüşdür. Qeyd edilir ki, 25.08.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün mülki qanunvericiliklə müəyyən olunan müddət ötürülsə belə, bu müqavilənin özü-özlüyündə etibarsız olduğunu istisna etmir. Onu görə ki, faktiki olaraq İddiaçı MMC-nin adından alqı-satqı müqaviləsini bağlamış subyekt səlahiyyətli şəxs olmamışdır və İddiaçı MMC-yə hər hansı məbləğdə pul ödənilməmişdir. Lakin, əqdin etibarsızlığının mübahisələndirilməsi üçün müəyyən olunan iddia müddəti ötürüldüyündən həmin müqavilə qüvvədə qalmışdır. Bu isə İddiaçı MMC-yə xeyli miqdarda maddi zərər dəyməsi ilə nəticələnmişdir. 25.08.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair mülki işə hər üç məhkəmə instansiyasında baxılarkən, mübahisələndirilən alqı-satqı müqaviləsinin həqiqətən də qanunsuz şəkildə bağlandığını cavabdehin nümayəndələri öz izahatlarında etiraf etmişdirlər. Belə ki, qeyd edilən bütün qanunsuz hallar məhkəmə iclas protokollarında öz əksini tapmışdır. Sözügedən müqavilədə nəqliyyat vasitəsinin qiyməti 12000 manat məbləğində müəyyən edilmişdir. Lakin “Liebherr” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtokranın real qiyməti real bazar qiyməti 255000 manat məbləğindədir. Bu faktı 25.08.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair mülki işin gedişində cavabdehin nümayəndələri öz ifadələrində etiraf etmişdir. Həmin mülki iş üzrə məhkəmə protokollarında qeyd edilmişdir ki, mübahisə predmenti olan nəqliyyat vasitəsinin real qiyməti 255000 manat təşkil etsə də, cavabdeh şirkət müqavilədə onun qiymətini formal olaraq 12000 manat qeyd etmişdir. Odur ki, “Liebherr” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtokranın qanunsuz olaraq İddiaçı MMC-dən alınması nəticəsində şirkətə dəymiş maddi zərərin kompensassiyası üçün ona 255000 manat məbləğində pul ödənilməlidir. Bundan başqa mübahisə predmenti olan nəqliyyat vasitəsinin cavabdehdən alınması üçün 2019-cu ilin yanvar ayında məhkəməyə müraciət edilmişdir və 2 ilə yaxın bir müddətdə davam edən mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-326/2020 saylı 04.11.2020-ci il tarixli qərarı ilə başa çatmışdır. Bu səbəbdən məhz indi pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. 08.02.2019-cu il tarixində Cavabdeh1 MMC-yə 255000 manat məbləğində pulun İddiaçı MMC-yə ödənilməsinə dair məktub göndərilmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçının bu müraciətinə münasibət bildirməmişdir. Göründüyü kimi iddiaçı mübahisənin məhkəməyə qədər həlli qaydasına riayət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, 25.08.2016-cı il tarixli alqı-satqı müqaviləsi Cavabdeh1 MMC ilə Cavabdeh2 Saməddin oğlu arasında bağlanılmışdır. “Liebherr” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtokranın qanunsuz şəkildə ələ keçirilməsi nəticəsində iddiaçıya dəyən maddi ziyana görə Cavabdeh1 MMC ilə yanaşı Cavabdeh2 Saməddin oğlu da məsuliyyət daşıyır. Odur ki, Cavabdeh2 Saməddin oğlunun mülki işə cavabdeh qismində cəlb edilməsini, o cümlədən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 Saməddin oğlundan 255.000 manat məbləğində əsas borc və 63750 manat məbləğində faiz borcunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 və vəkili Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı MMC öz iddia tələbinin əsası kimi Cavabdeh1 ilə öz aralarında bağlanılmış 25 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinə istinad edir. Göründüyü kimi iddiaçı tərəf təxminən 5 ilə yaxın müddət keçdikdən sonra belə absurd və mülki qanunvericiliyin tələblərinə zidd formada haqsız tələblə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsinin əsassız olması ilə yanaşı nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyin tələbləri baxımından iddia müddəti də ötürülmüşdür. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şərh olunanlara əsasən hesab edir ki, İddiaçı MMC tərəfindən qanunla müəyyən edilmiş 3 illik iddia müddəti buraxıldığından və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edildiyindən İddiaçı MMC-nin Cavabdeh1nə qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində qeyd edilir ki, Mülki Məcəllənin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 il və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə isə iddia müddəti 3 ildir. İş materiallarından görünür ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürmüş və həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək iddia müddətinin tətbiqinə dair ərizə verərək qeyd etmişdir ki, iddiaçı “İddiaçı" MMC öz iddia tələbinin əsası kimi cavabdeh “Cavabdeh1" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə öz aralarında bağlanılmış 25 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinə istinad edir. Bilinən odur ki, iddiaçı tərəf təxminən 5 ilə yaxın müddət keçdikdən sonra, belə absurd və mülki qanunvericiliyin tələblərinə zidd formada haqsız tələblə məhkəmədə iddia qaldırmışdır. Şərh olunanlara əsasən hesab edir ki, İddiaçı MMC tərəfindən qanunla müəyyən edilmiş 3 illik iddia müddəti buraxıldığından və tərəflərindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edildiyindən iddiaçı “İddiaçı" MMCnin Cavabdeh1nə qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-326/2020 saylı. 04.11,2020-ci il tarixli qərarından görünür ki. 23.01.2012-ci il tarixli, AB 747815 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, 90JS380 dövlət qeydiyyat nişanlı “Liebherr” markalı avtokran "İddiaçı" MMC- nin mülkiyyətində olmuş, 25.08.2016-cı il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə görə “Tiebherr" markalı, 90JS380 dövlət qeydiyyat nişanlı, avtokran iddiaçı tərəfindən "Cavabdeh1" MMCyə 12.000 manata satılmış. 25.08.2016-cı il tarixli 006 nömrəli kassa məxaric orderinə görə cavabdeh tərəfindən "Liebherr" markalı, avtokranın alınması üçün iddiaçının nümayəndəsi Cavabdeh2 12.000 (on iki min) manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-326/2020 saylı, 04.11,2020-ci il tarixli qərarından görünür ki. iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında olan şifahi razılaşmaya əsasən iddiaçı öz mülkiyyətində olan “Liebherr" markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtokranı cavabdeh şirkətin mülkiyyətinə verməli, cavabdeh isə bunun əvəzində iddiaçı şirkətə 255.000 manat məbləğində pul ödəməli idi. Qeyd olunan şifahi razılıq üzrə iddiaçı öz mülkiyyətindəki “Liebherr" markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtokranı cavabdeh şirkətin mülkiyyətinə verib. Cavabdeh şirkət həmin avtokran artıq istifadə edir, lakin buna baxmayaraq, avtokranın dəyəri olan 255.000 manat məbləğində pulu iddiaçıya verməkdən yayınır. Bu məsələ ilə bağlı iddiaçı cavabdehə dəfələrlə yazılı və şifahi müraciət etsə də heç bir nəticə əldə etməmişdir. İş materiallarından və qanuni qüvvəyə minmiş qətnamələrdən də görünür ki, iddiaçı şirkət bununla bağlı hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-326/2020 saylı, 04.11.2020-ci il tarixli qərarında qeyd edilib ki, iddiaçı iddia ərizəsində və məhkəmə araşdırması zamanı əqdin etibarsızlığına dair hər hansı bir hüquqi əsas göstərməmiş, yalnız müqavilənin cəmiyyət tərəfindən səlahiyyət verilməmiş şəxs tərəfindən imzalanmasını göstərmişdir. Mübahisəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsini iddiaçı tərəfindən Cavabdeh2 imzalamış və həmin hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş, bu şəxsin səlahiyyətsiz olması barədə isə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-326/2020 saylı. 04.11.2020-ci il tarixli qərarında qeyd edilib ki. oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığım güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur. Yəni, müvafiq müqavilələrdə olan möhür əkslərinin mötəbərliyi öz təsdiqini tapmış, iddiaçılar həmin dövrdə möhürlərin oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan iddiaçıların nümayəndəsinin “müqavilələrdəki möhür iddiaçıların vəzifəli şəxsləri tərəfindən deyil, başqa bir şəxs tərəfindən ələ keçirilərək vurulduğu” barədə dəlili açıq-aşkar əsassızdır. Çünki, məhz sonuncu hüquqi şəxsin rəhbəri kimi möhürün üçüncü şəxslərin qanunsuz istifadəsinə yol verməməyə məsul olmuşdur. Bu baxımdan müqavilələrdə olan möhürlərin müvafiq olaraq iddiaçıların səlahiyyətli şəxsi tərəfindən vurulduğu müəyyən edilir. Yaranmış vəziyyətdə isə müqavilələrdə imzanın həmin səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onların etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin müqavilələr imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə, hüquqi şəxsin təmsilçisi müqaviləni bəyənmişdir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış müqaviləni qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq müqaviləni, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmiş (bəyənmiş), müqavilə imzalandığı andan qüvvəyə minmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-326/2020 saylı, 04.11.2020-ci il tarixli qərarından görünür ki, müqavilələrə imza çəkən və məhkəmənin qənaətinə əsasən möhürü saxlamalı olan Cavabdeh2 adlı o “məsul şəxs” özü də izahatında heç bir şübhə yeri qoymadan bildirir ki, müqavilə bağlanan zaman heç yerdə işləmirdi, yəni məsul şəxs o deyildi. İddiaçı iddia edir ki, ‘'Satıcı” qismində çıxış edən Cavabdeh2 əmlakın hazırkı sahibi "xxxx" MMC-nin əməkdaşıdır. Tamamilə yanlış əsaslandırmadır. Belə ki, mübahisəli avtokranın alqı-satqı müqaviləsini “İddiaçı" MMC- nin adından ona verilmiş etibarnamə əsasında Cavabdeh2 imzalamışdır. Düzdür iş materiallarında Cavabdeh2 həmin hüquqi şəxsin adından alqı- satqı müqavilələrini imzalamaq səlahiyyəti verən hər hansı bir etibarnamə mövcud deyildir amma möhür vardır. Həmçinin həmin etibarnaməni Cavabdeh2 bu günə kimi özündə saxlamaq kimi öz üzərinə öhdəlikdə götürməyib və bununla bağlı hər hansı qanuni tələbdə yoxdur. Bununla yanaşı müqavilədəki möhürün əksi, müvafiq olaraq həmin möhürün İddiaçı MMC-yə məxsus olması faktı nəinki iddiaçının qanuni nümayəndəsi-direktoru hətta məhkəmə tərəlındən tərəfindən belə mübahisələndirilmir. Hesab edir ki, qeyd olunan müqavilələrdə möhürün həqiqiliyi təsdiq edildiyi halda həmin sənədlərin müqavilədə hüquqi şəxs tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən imzalanması həmin sənədlərin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Belə ki, digər anoloji işlərdə iddiaçının nümayəndəsi və direktoru müqavilədəki möhürün iddiaçıların vəzifəli şəxsləri tərəfindən deyil, başqa bir şəxs tərəfindən ələ keçirilərək vurulduğunu bildirmişdir.Qeyd olunanlara əsaslanaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəni və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -25.08.2016-cı il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, “Liebherr” markalı, 90JS380 dövlət qeydiyyat nişanlı, avtokran İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə 12000 manata satılmışdır. -İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış 08.02.2019-cu il tarixli pretenziya məktubunda qeyd olunmuşdur ki, “Liebherr” markalı avtokran cavabdehin mülkiyyətinə verilməsinə baxmayaraq, ödəniş həyata keçirilməmişdir. Ona görə də “Liebherr" markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtokranın dəyəri olan 255.000 manat pul vəsaitinin İddiaçı MMC-nin bank hesabına köçürülməsini xahiş etmişdir. -2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli e-2-2(82)- 521/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1nə qarşı “Liebherr” markalı, 90JS380 dövlət qeydiyyat nişanlı, avtokran üzərində mülkiyyət hüquqlarının etibarsız hesab edilərək həmin avtokranın iddiaçının mülkiyyətinə qaytarılması barədə iddiası təmin edilməmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-168/2020 saylı 16.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-521/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27 noyabr 2019-cu il tarixli qətnaməsi və e-2- 2(82)-955/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 326/2020 saylı, 04.11.2020-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16 iyun tarixli, 2-2(103)-168/2020 qətnaməsi dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 326/2020 saylı, 04.11.2020-ci il tarixli qərarından görünür ki, Ali Məhkəmənin mövqeyi olaraq qərarda qeyd edilmişdir-məhkəmələr tərəfindən müəyyən edildiyi kimi, “Liebherr” markalı, 90JS380 dövlət qeydiyyat nişanlı və “Liebherr LTM 1040” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri iddiaçıların mülkiyyətində olmuş, 25.08.2016-cı il tarixli və 03.11.2016- cı il tarixl müqavilələrə əsasən həmin nəqliyyat vasitələri cavabdehə satılmış və cavabdehin həmin nəqliyyat vasitələri üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı tərəfindən isə həmin əqdlərin etibarsızlığına dair qanunvericilikdə müəyyənləşdirilmiş hansı şərtin pozulması barədə məhkəmələrə heç bir sübut təqdim edilməmişdir. Qanunverici isə əqdin etibarsız hesab edilməsi tələbinin irəli sürülməsi üçün bir illik kəsici müddət müəyyən etmişdir. İddiaçılar isə alqı-satqı müqavilələrinin bağlanmasından bir neçə ay əvvəl xəbər tutduqlarını iddia etsələr də, göstərilən halları təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etməmiş, həmin halları məhkəmədə sübuta yetirməmişdir. İddiaçıların kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, müqavilələrə imza çəkən möhürü saxlamalı olan Cavabdeh2 adlı o “məsul şəxs” özü izahatında heç bir şübhə yeri qoymadan bildirmişdir ki, müqavilə bağlanan zaman heç yerdə işləmirdi, yəni məsul şəxs deyildi, onun səlahiyyətli olmadığı halda, belə möhürün hansı səbəbdən onda olmasını, iddiaçı təşkilatın möhürlərini necə əldə etməsini, müqaviləyə hansı əsasla imza çəkdiyini məhkəmə araşdırmamış, məhkəmə kassa məxaric orderlərində, müqavilələrdə göstərilən məbləğlərin Cavabdeh2 ödənildiyini sübut kimi qəbul etsə də, həmin şəxsin iddiaçı müəssisələrin heç birinin əməkdaşı olmadığı faktı unudulmuş, kassa məxaric orderlərində MMC-lərin adlarının olmaması halları məhkəmə tərəfindən nəzərə alınmamış, ümumiyyətlə, işə baxan məhkəmələr tərəfindən müqavilənin Xasaylı tərəfindən imzalanması, möhürün onda olması, əməkdaşı olmadığı təşkilatın möhürünü hansı yolla əldə etməsi, müqaviləyə hansı əsasla imza çəkməsi araşdırılmamışdır. Kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edilməlidir ki, işə məhkəmədə baxılarkən müqavilələrdə olan möhür əkslərinin mötəbərliyi öz təsdiqini tapmış, iddiaçılar həmin dövrdə möhürlərin maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə heç bir sübut təqdim etməmişdir. Apellyasiya məhkəməsi bununla bağlı həmçinin qeyd etmişdir ki, iş materiallarına əsasən, müqavilələrdə olan möhürlər müvafiq olaraq iddiaçıların səlahiyyətli şəxsi tərəfindən vurulmuş, yaranmış vəziyyətdə isə müqavilələrdə imzanın həmin səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onların etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin müqavilələr imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə, hüquqi şəxsin təmsilçisi müqaviləni bəyənmişdir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış müqaviləni qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq müqaviləni, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmiş (bəyənmiş), müqavilə imzalandığı andan qüvvəyə minmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin alqı-satqı müqavilələrində guya iddiaçıların “Liebherr” markalı 90- JS380 dövlət qeydiyyat nişanlı avtokranın 12.000 manata və “Liebherr LTM 1040” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtokranın isə 15.000 manata cavabdehə satılması göstərilsə də, həmin modelli avtokranların dəyərinin qat-qat yüksək olduğu və yüz minlərlə dəyəri olan avtokranın sadəcə 12.000 və 15.000 manata satılmasının mümkün olmadığı barədə iddiaçıların dəlilləri əsassız olmaqla, apelyasiya instansiyası məhkəməsinin qanuni qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər iki avtomobil 1999-cu il buraxılışı olmaqla cavabdehə satılanadək uzun müddət (17 il) ərzində istismarda olmuş və həmin avtomobillərin hazırda dəyərinin yüz min manatlarla olması barədə isə iddiaçılar tərəfindən məhkəmələrə hər hansı mötəbər sübutlar da təqdim edilməmişdir. Bundan başqa müqavilələrdə qeyd edilmiş pul məbləğlərinin iddiaçılara verilməməsi isə, apelyasiya məhkəməsinin də düzgün olaraq qeyd etdiyi kimi, həmin müqavilələrin etibarsız hesab edilməsi barədə deyil, yalnız ləğv edilməsi barədə müvafiq iddia qaldırılması üçün əsas ola bilərdi. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası mübahisəli avtokranların alqı-satqı müqavilələrinin iddiaçıların adından Cavabdeh2 tərəfindən imzalandığını, iş materiallarında Cavabdeh2 həmin hüquqi şəxslərin adından alqı-satqı müqavilələrini imzalamaq səlahiyyəti verən hər hansı bir etibarnamə olmasa da, sənədlərdəki möhür əkslərinin müvafiq olaraq iddiaçılara məxsus olması faktının onların direktoru tərəfindən mübahisələndirilmədiyini, alqı-satqı müqavilələri 25.08.2016-cı il və 03.11.2016-cı il tarixlərdə bağlanıldığı, iş üzrə iddia ərizələri isə müvafiq olaraq 2019-cu ilin mart və avqust aylarında verildiyindən, iddiaçılar tərəfindən həmçinin Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş etibarsız əqdlər üzrə nəzərdə tutulmuş bir illik kəsici iddia müddətlərinin də ötürüldüyünü, bundan əlavə mübahisə predmeti olan avtokranların müqavilələr bağlandığı vaxtdan hazıra kimi cavabdehin mülkiyyətində olmaqla, sonuncu tərəfindən istifadə edildiyini, iddiaçıların isə hüquqi şəxslər olaraq mübahisəli avtokranların alqı-satqı müqavilələri üzrə onların mülkiyyətindən çıxmasını hər il müvafiq hesabatlar verərkən və müvafiq vergiləri ödəyərkən bilməli olduqlarını nəzərə alaraq kassasiya şikayətinin dəlillərinə tənqidi yanaşır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 398.1-ci maddəsinin tələblərinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi qanunverici müqavilə tərəflərinin müqavilə azadlığı prinsipinə uyğun olaraq alqı-satqı müqaviləsinin bağlanması zamanı müqavilənin mühüm şərti olan qiyməti də könüllü surətdə razılaşdırmalarını müəyyən etmişdir. Məhkəmə 255.000 manat pul vəsaitinin "xxxx" MMC-dən tutulması hissəsinə münasibətdə qeyd edir ki, sözügedən müqavilənin etibarsız olması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədiyindən iddiaçının müqavilədə nəzərdə tutulmamış pul vəsaitini tələb etməsini əsassız hesab edir. İddiaçı mübahisələndirilən alqı-satqı müqaviləsinin onun tərəfindən səlahiyyət verilməmiş şəxs tərəfindən imzalanmasını, mübahisələndirilən avtokranın satış dəyərinin yüksək olmasını bildirir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sözügedən alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı iddia məhkəmə tərəfindən təmin edilmədiyindən və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan alqı-satqı müqaviləsinin bağlanması zamanı müqavilənin mühüm şərti olan qiymətdən yüksək məbləğ alıcıdan tələb edilə bilməz. Məhkəmə Cavabdeh2 münasibətdə hesab edir ki, mülki qanunvericiliyin tələbləri baxımından iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində qeyd edilir ki, Mülki Məcəllənin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 il və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə isə iddia müddəti 3 ildir. İş materiallarından görünür ki, mübahisələndirilən alqı-satqı müqaviləsi 25.08.2016-cı il tarixdə bağlanılmış, hazırkı iş üzrə iddia ərizəsi isə 2021-ci il tarixdə verilmişdir. İddiaçı qanunla müəyyən edilmiş iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürmüş və həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pul ödənilməsi” barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-859/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-859/2021
04.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver