Məhkəmə qərarları › İş №e-2-2(113)-865/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-865/2021

12.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-865/2021 12.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və qanuni nümayəndəsi X4, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 150000 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında olan şifahi razılaşmaya əsasən iddiaçı öz mülkiyyətində olan “Liebherr LTM 1040” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtokranı cavabdeh şirkətin mülkiyyətinə verməli, Cavabdeh MMC isə bunun əvəzində iddiaçı şirkətə 150000 manat məbləğində pul ödəməli idi. Qeyd olunan şifahi razılıq üzrə İddiaçı MMC öz mülkiyyətindəki “Liebherr LTM 1040” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtokranı cavabdeh şirkətin istifadəsinə vermişdir. Buna baxmayaraq, cavabdeh avtokranın dəyəri olan 150000 manat məbləğində pulu iddiaçıya verməkdən yayınmışdır. Bu məsələ ilə bağlı İddiaçı MMC Cavabdeh MMCyə dəfələrlə yazılı və şifahi müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Daha sonra məlum olmuşdur ki, İddiaçı MMC-nin adından X3, Cavabdeh MMC-nin adından isə X8 arasında “Liebherr LTM 1040” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtokranın alqı-satqısına dair 03.11.2016-cı il tarixli müqavilə imzalanmışdır. Beləliklə, cavabdeh mübahisə predmeti olan nəqliyyat vasitəsini qanunsuz olaraq öz mülkiyyətinə keçirmişdir. Bu səbəbdən də İddiaçı MMC Cavabdeh MMC-yə qarşı sözügedən müqavilənin etibarsız hesab olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, X1 İddiaçı MMC-nin adından müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Belə ki, məhkəmə prosesinin gedişində müəyyən edilmişdir ki, X2 həmin hüquqi şəxslərin adından alqı-satqı müqavilələrini imzalamaq səlahiyyəti verən hər hansı bir etibarnamə mövcud deyildir. Ümumiyyətlə, o, İddiaçı MMC-nin işçisi olmamışdır və onun şirkətilə hər hansı bir əlaqəsi yoxdur. Odur ki, 03.11.2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsızdır. Buna baxmayaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli e-2-2(82)-955/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-168/2020 saylı 16.06.2020-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-326/2020 saylı 04.11.2020-ci il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hər üç məhkəmə aktı onunla əsaslandırılmışdır ki, sözügedən müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün Mülki Məcəllə ilə müəyyən olunan 1 (bir) illik müddət ötürülmüşdür. Nəzərə çatdırmaq istəyir ki, 03.11.2016cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün mülki qanunvericiliklə müəyyən olunan müddət ötürülsə belə, bu, müqavilənin özü-özlüyündə etibarsız olduğunu istisna etmir. Onu görə ki, faktiki olaraq İddiaçı MMC-nin adından alqı-satqı müqaviləsini bağlamış subyekt səlahiyyətli şəxs olmamışdır və İddiaçı MMC-yə hər hansı məbləğdə pul ödənilməmişdir. Lakin əqdin etibarsızlığının mübahisələndirilməsi üçün müəyyən olunan iddia müddəti ötürüldüyündən, həmin müqavilə qüvvədə qalmışdır. Bu isə İddiaçı MMC-yə xeyli miqdarda maddi zərər dəyməsi ilə nəticələnmişdir. 03.11.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair mülki işə hər üç məhkəmə instansiyasında baxılarkən, mübahisələndirilən alqı-satqı müqaviləsinin həqiqətən də qanunsuz şəkildə bağlandığını cavabdehin nümayəndələri öz izahatlarında etiraf etmişdir. Belə ki, qeyd edilən bütün qanunsuz hallar məhkəmə iclas protokollarında öz əksini tapmışdır. Sözügedən müqavilədə nəqliyyat vasitəsinin qiyməti 15000 manat məbləğində müəyyən edilmişdir. Lakin “Liebherr LTM 1040” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtokranın real bazar qiyməti 150000 manat məbləğindədir. Bu faktı 03.11.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair mülki işin gedişində cavabdehin nümayəndələri öz ifadələrində etiraf etmişdir. Həmin hallar məhkəmə protokollarında qeyd edilmişdir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsinin real qiyməti 150000 manat təşkil etsə də, cavabdeh şirkət müqavilədə onun qiymətini formal olaraq 15000 manat qeyd etmişdir. Odur ki, “Liebherr LTM 1040” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtokranın qanunsuz olaraq İddiaçı MMC-dən alınması nəticəsində şirkətə dəymiş maddi zərərin kompensasiyası üçün ona 150000 manat məbləğində pul ödənilməlidir. Onu da qeyd edir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsinin cavabdehdən alınması üçün 2019-cu ilin yanvar ayında məhkəməyə müraciət edilmişdir və 2 ilə yaxın bir müddətdə davam edən mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-326/2020 saylı 04.11.2020-ci il tarixli qərarı ilə başa çatmışdır. Bu səbəbdən də biz məhz indi pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. 27.02.2019cu il tarixində Cavabdeh MMC-yə 150000 manat məbləğində pulun İddiaçı MMC-yə ödənilməsinə dair məktub göndərilmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçının bu müraciətinə münasibət bildirməmişdir. Göründüyü kimi, iddiaçı mübahisənin məhkəməyə qədər həlli qaydasına riayət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. İddiaçının qanuni nümayəndəsi X9 məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının hazırki iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, iddiaçının tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi ilə əlaqədar iddiası olmuş və bu barədə qanuni qüvvəsini almış 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.11.2019-cu il tarixli, e-2-2(82)-955/2019 saylı qətnaməsi, Bakı Apelyasiya Məhkəməsinin 16.06.2020ci il tarxili, 2-2(103)-168/2020 saylı qətnaməsi və AR Ali Məhkəmənin 04.11.2020-ci il tarixli, 2-2(102)-326/2020 saylı qərarı vardır. Bu baxımdan tərəflər arasında bağlanmış 03.11.2016-cı il tarixli alqı-satqı müqaviləsi qanuni və əsaslı olmaqla, qüvvədədir. Tərəflər arasında müqaviləyə əsasən alqı-satqı edilmiş və alınan avtokranın müqabilində qarşı tərəfə pul ödənilmişdir. Ona görə də tamamilə əsassız olduğu üçün məhkəmədən iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü də bildirdi və həmin əsasla da iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, sübutları məcmu halda qymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materialların olan: - AB seriyalı 496106 nömrəli Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 1999-cu il buraxılışlı “Liebherr LTM 1040” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçı MMC-dir. - 03 noyabr 2016-cı il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X3 1999-cu il buraxılışlı “Liebherr LTM 1040” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X5 15000 manata satmışdır. Müqavilə hazırkı tərəflərin möhürü ilə təsdiq edilmişdir. - "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 09.06.2021-ci il tarixli, ƏEM/İ 32-588/21 saylı qiymətləndirmə rəyindən görünür ki, 1999-cu il buraxılışlı “Liebherr LTM 1040” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtokranın 03.11.2016-cı il tarixə real bazar dəyəri 143000 manat, hazırki bu günə olan real bazar dəyəri isə 130000 manat müəyyən edilmişdir. - 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.11.2019-cu il tarixli, e-2-2(82)- 955/2019 saylı qətnaməsindən görünür ki, «Bak Trans” MMC-nin Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin iştirakı ilə) nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin 16.06.2020-ci il tarxili, 2-2(103)-168/2020 saylı qətnaməsindən görünür ki, 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.11.2019-cu il tarixli, e-2-2(82)-955/2019 saylı qətnaməsindən İddiaçı MMC-nin və "xxxx" MMC-nin vermiş olduğu apellyasiya şikayətləri təmin edilməmiş və 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.11.2019-cu il tarixli, e-2-2(82)-955/2019 saylı və 27 noyabr 2019-cu il tarixli e-2-2(82)-521/2019 saylı qətnamələri dəyişdirilmədən saxlanılması qət edilmişdir. - AR Ali Məhkəmənin 04.11.2020-ci il tarixli, 2-2(102)-326/2020 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2020-ci il 16 iyun tarixli, 2-2(103)-168/2020 qətnaməsindən İddiaçı MMC-nin və "xxxx" MMC-nin vermiş olduğu kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin 2020-ci il 16 iyun tarixli, 2-2(103)- 168/2020 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - İddiaçı MMC pretenziya qaydasında xəbərdarlıqla Cavabdehnə müraciət edərək, 150000 manat məbləğində satılmış avtokranın dəyərinin ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zəruriyyəti yaranacağını bildirmişdir. Əvvəla qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, işin qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş hallarına əsasən iddiaçı ilə cavabdeh arasında “Liebherr LTM 1040” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtokranın alqı-satqısı barədə 03 noyabr 2016-cı il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəf 15000 manata qeyd edilən avtokranı cavabdehə satmışdır. İddiaçı tərəf 03 noyabr 2016-cı il tarixli müqavilənin etibarsız hesab olunması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin tərəflər arasında bağlanmış əqdin etibarsızlığı sübuta yetirilmədiyindən və iddia müddəti ötürüldüyündən İddiaçı MMC-nin iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş və müvafiq olaraq verilmiş şikayətlərin aid olduğu məhkəmə aktları dəyişdirilmədən saxlanılmışdır. İddia tələbini Cavabdeh MMC-dən 150000 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi təşkil edir. İddia tələbinə münasibətdə aşağıdakıları qeyd etmək olar: İddiaçı iddia edir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında olan şifahi razılaşmaya əsasən iddiaçı öz mülkiyyətində olan “Liebherr LTM 1040” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtokranı cavabdeh şirkətin mülkiyyətinə verməli, Cavabdeh MMC isə bunun əvəzində iddiaçı şirkətə 150000 manat məbləğində pul ödəməli idi. Məhkəmə araşdırması zamanı iddiaçı həmin halın, yəni aralarında olan şifahi razılaşmaya əsasən cavabdehin iddiaçıya 150000 manat məbləğində pul ödəməli olması ilə bağlı halın mövcudluğuna dair sübutları məhkəməyə təqdim etməmişdir. 03.11.2016-cı il tarixli alqısatqı müqaviləsi bağlanmış, başqa razılaşmanın olması isə öz təsdiqini tapmamışdır. İddia ərizəsində qeyd olunur ki, 03.11.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün mülki qanunvericiliklə müəyyən olunan müddət ötürülsə belə, bu, müqavilənin özü-özlüyündə etibarsız olduğunu istisna etmir. Onu görə ki, faktiki olaraq İddiaçı MMC-nin adından alqı-satqı müqaviləsini bağlamış subyekt səlahiyyətli şəxs olmamışdır və İddiaçı MMC-yə hər hansı məbləğdə pul ödənilməmişdir. Lakin, əqdin etibarsızlığının mübahisələndirilməsi üçün müəyyən olunan iddia müddəti ötürüldüyündən, həmin müqavilə qüvvədə qalmışdır. Bu isə İddiaçı MMC-yə xeyli miqdarda maddi zərər dəyməsi ilə nəticələnmişdir. Məhkəmə qeyd edir ki, həmin hallara apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin müvafiq aktlarında hüquqi qiymət verilmişdir. Belə ki, Ali Məhkəmənin qeyd olunan qərarında deyilir: “işə məhkəmədə baxılarkən müqavilələrdə olan möhür əkslərinin mötəbərliyi öz təsdiqini tapmış, iddiaçılar həmin dövrdə möhürlərin maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə heç bir sübut təqdim etməmişdir. Apellyasiya məhkəməsi bununla bağlı həmçinin qeyd etmişdir ki, iş materiallarına əsasən, müqavilələrdə olan möhürlər müvafiq olaraq iddiaçıların səlahiyyətli şəxsi tərəfindən vurulmuş, yaranmış vəziyyətdə isə müqavilələrdə imzanın həmin səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onların etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin müqavilələr imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə, hüquqi şəxsin təmsilçisi müqaviləni bəyənmişdir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış müqaviləni qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq müqaviləni, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmiş (bəyənmiş), müqavilə imzalandığı andan qüvvəyə minmişdir.” Tərəflər arasında bağlanmış müqavilənin “qanunsuz”luğunun yeni başqa halları ilə bağlı məhkəməyə sübutlar təqdim olunmamışdır. İddiaçı qeyd edir: “sözügedən müqavilədə nəqliyyat vasitəsinin qiyməti 15000 manat məbləğində müəyyən edilmişdir. Lakin “Liebherr LTM 1040” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtokranın real qiyməti real bazar qiyməti 150000 manat məbləğindədir... Odur ki, “Liebherr LTM 1040” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtokranın qanunsuz olaraq İddiaçı MMC-dən alınması nəticəsində şirkətə dəymiş maddi zərərin kompensasiyası üçün ona 150000 manat məbləğində pul ödənilməlidir.” 09.06.2021-ci il tarixli, ƏEM/İ 32-588/21 saylı qiymətləndirmə rəyindən görünür ki, 1999-cu il buraxılışlı “Liebherr LTM 1040” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtokranın 03.11.2016-cı il tarixə real bazar dəyəri 143000 manat, hazırki bu günə olan real bazar dəyəri isə 130000 manat müəyyən edilmişdir. Lakin məhkəmənin qənaətinə əsasən mübahisəli avtokranın dəyərinin nə qədər olmasından asılı olmayaraq, alıcının əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəmək vəzifəsinin olması, müqavilə azadlığı prinsipinə müvafiq olaraq tərəflərin özlərinin müqavilənin məzmununu müəyyənləşdirmək hüququna malik olması (MM-nin 390-cı maddəsi) nəzərə alınaraq, müqavilədə müəyyən olunan qiymət əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur; 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Yuxarıda qeyd olunan məhkəmə aktlarından müəyyən olunur ki, kassa məxaric orderlərinə əsasən müqavilədə göstərilən məbləğlər İ.Xasayevə (müqaviləni imzalayan) ödənilmişdir. Belə ki, AR Ali Məhkəmənin 04.11.2020-ci il tarixli, 2-2(102)-326/2020 saylı qərarında deyilir: “İddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi digər dəlil müqavilələr üzrə pulun ödənilməməsindən ibarətdir. Lakin həmin dəlillər Mülki Məcəllənin 337.1 və 339- 350-ci maddələrində göstərilmiş əqdlərin etibarsız hesab edilməsi şərtləri və əsaslarından heç birinə aid deyildir. Bu dəlillər alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün deyil, Mülki Məcəllənin 421.2-ci maddəsinin tələblərinə uyğun olaraq (müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması) müqavilənin ləğvi üçün əsas ola bilər. Həmçinin 25.08.2016-cı il tarixli və 03.10.2016-cı il tarixli kassa məxaric orderlərinə əsasən müqavilələrdə göstərilən məbləğlər İ.Xasayevə ödənilmişdir.” Belə olan halda məhkəmənin qənaətinə əsasən iddiaçı müqavilədə nəzərdə tutulan məbləğin cavabdeh tərəfindən ödənilməməsini iddia etməkdə haqlı deyil. Eyni zamanda cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə verilən ərizəyə münasibətdə məhkəmə hesab edir ki, iddiaçının müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etməsini və yekun məhkəmə qərarının 04.11.2020-ci il tarixdə qəbul olunmasını nəzərə alaraq, iddia müddəti ötürülməmiş sayılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, “Liebherr LTM 1040” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtokranın qanunsuz olaraq İddiaçı MMCdən alınması nəticəsində şirkətə dəymiş maddi zərərin kompensasiyası üçün cavabdeh tərəfindən ona 150000 manat məbləğində pulun ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən və tələb olmadığından, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmənin qənaətinə əsasən iddia rədd edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul İddiaçındən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, kod: 505594, SWİFT: GUNAAZ22) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul İddiaçındən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, kod: 505594, SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar