Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-893/2023 10.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qrunt suyu, borcun silinməsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya əsassız besablanmış 5847 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, iddiaçıya əsassız hesablanmış 6952,84 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Ticarət Mərkəzi ASC hal-hazırda fəaliyyət göstərmir. "xxxx" Ticarət Mərkəzi ASC fəaliyyət göstərən zaman bina tikintisi ilə məşğul olmuşdur. Sonuncu tikinti apardığı ünvan Bakı şəh., Xətai ray., Məhəmməd Hadi, ev-58/A olmuşdur. Onlardan asılı olmayan hallara görə ünvan 2 ünvanda yerləşən binanın zirzəmisinə su yığılmışdır. Cavabdeh ASC-nin əməkdaşları binaya yaxınlaşaraq zirzəmiyə baxış keçirmiş və orada yığılmış su təmiz ola-ola onlar bildirmişlər ki, guya ki, su çirkabdır və ona bildirdilər ki, burada olan çirkab suların axıdılması üçün ödəniş etməlidirlər və mütləq su sayğacı quraşdırılmalıdır. Bir neçə gün keçdikdən sonra Cavabdeh ASC-nin əməkdaşları binaya yaxınlaşaraq zirzəmidə su sayğacı quraşdırmışlar. Orada yığılan su çirkab olmadığından və oradakı su azalmadığından icraçı direktoru olaraq X1 ikinci dəfə şifahi olaraq Cavabdeh ASC-yə müraciət etmişdir. Orada ona bildirmişlər ki, suyun çirkab olub olmamasını bilmək üçün Cavabdeh ASC-nin laboratoriyasına müraciət edə bilərsiniz. Bu səbəbdən də, həqiqəti ortaya çıxartmaq üçün Cavabdeh ASC-nin laboratoriyasına müraciət etmiş və binanın zirzəmisindən xx.xx.2017-ci il tarixdə su nümünələri götürülmüşdür. Nümunənin cavabı çıxmış və orada həqiqətən suyun çirkab olmadığı aşkarlanmış və sübuta yetirilmişdir. Cavabdeh ASC-nin laboratoriyasının cavabını Cavabdeh ASC-nin Xətai rayon şöbəsinə təqdim etmiş, orada bildirilmişdir ki, laboratoriyanın cavabı çirkab su kimi çıxmayıbsa onda binanın yaxınlığından keçən ana xətlərdən hansındasa su sızması var. Bundan sonra Cavabdeh ASC-nin Xətai rayon şöbəsinin əməkdaşları xüsusi yer dinləmə qurğuları ilə axtarış apararaq suyun sızmasını tapmış və sızmanın qarşısını almışlar. Bundan sonra Cavabdeh ASC-nin Xətai rayon şöbəsinin əməkdaşları Cavabdeh ASC-nin laboratoriyasının cavabı ilə birlikdə su sayğacını söküb aparmışlar. 3 il keçdikdən sonra Cavabdeh ASC-nin əməkdaşları binanın zirzəmisinə baxış keçirtdilər və orada həqiqətən su yığıntısının olmadığına şahid oldular. Bu günə qədərdə binanın zirzəmisində su yığıntısı yoxdur. Lakin bütün bunlara baxmayaraq cavabdeh hər ay icraçı direktoru olduğu və hüquqi ünvanı Bakı şəh., Xətai ray., Məhəmməd Hadi, ev58/A da olan "xxxx" Ticarət Mərkəzi ASC-yə hər ay üçün pul hesablayır və ümumilikdə 5.847 manat borc hesablamışdır. X1 borcun hansı əsasa görə yazıldığını araşdırmaq üçün Cavabdeh ASC-yə müraciət etmiş və ona bildirmişlər ki, icraçı direktoru olduğu və hüquqi ünvanı Bakı şəh., Xətai ray., Məhəmməd Hadi, ev-58/A da olan "xxxx" Ticarət Mərkəzi ASC-ə hər ay üçün pul hesablanır. Bu səbəbdən də, 5.847 manat məbləğində borcu ödəməyi tələb etdilər. Hansı ki, Bakı şəh., Xətai ray., Məhəmməd Hadi, ev-58/A ünvanında yerləşən binanın zirzəmisində su yığıntısı yoxdur. Bu səbəbdən də hesab edir ki, ona əsassız olaraq yazılan 5.847 manat məbləğində borcun silinməsi üçün şifahi olaraq Cavabdeh ASC-yə müraciət etmiş, lakin nəticəsi olmayıb. Cavabdehin işçiləri tərəfindən tərtib edilən cərimə borcları əsassızdır.
4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, su təchizatı müəssisəsi ilə iddiaçı arasında su, kanalizasiya və qrunt sularının axıdılmasına dair müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı sözügedən xidmətlərdən istifadə edir və əvəzi olaraq xidmət haqqını hər ay ödəməyi öhdəsinə götürür. Belə ki, 2017-ci ilin əvvəllərində iddiaçı ünvan 5 ünvanı üzrə binanın zirzəmisində su yığıntısı olmasını bildirmiş və bu suyu kənarlaşdırmaq üçün Azərsu ASC-nin kanalizasiya şəbəkəsindən istifadə etdiyini bildirmiş, təchizatçı müəssisə tərəfindən qrunt sularının axıdılması üçün 2017-ci ilin noyabr ayında sayğac quraşdırılmış və müvafiq olaraq birdəfəlik hesabat verilmiş, bu tarixdən sonra isə müvafiq olaraq aylıq hesabat verilməyə başlanılmışdır. Lakin iddiaçı bununla razılaşmamış, binanın zirzəmisində su yığıntısında onların günahı olmadığını bildirmiş, bununla bağlı laborotor yoxlamalar keçirilməsinə təkid etmiş və nəticə olaraq yekun rəyin alınmasına nail olmuşdur. Hazırda da iddiaçı müəssisəyə qrunt suya görə hər ay hesabat verilir. Buna səbəb isə iddiaçının özüdür. Belə ki, iddiaçı tərəf cavabdehin səlahiyyətli nümayəndəsini obyektə daxil olmağa imkan vermir və qrunt sularına görə sayğac göstərlcilərinin çıxarılmasına şərait yaratmır. Belə olan halda isə mövcud təlimata uyğun olaraq qrunt sularına görə orta sərfiyyat hesabatı aparılır. İddiaçı cavabdehə olan xidmətlərin bütün cəminə görə borc silinməsini tələb edir ki, bunun da hüquqi əsası yoxdur. Belə ki, digər xidmətlərdən iddiaçı istifadə etməkdə davam edir, belə olan halda hansı əsasla həmin xidmətlərin də dəyərini mübahisələndirir, onlara məlum deyil. Hazırda iddiaçının cavabdeh müəssisəyə xx.xx.2023-cü il tarixə olan borcu içməli suya görə 840 manat, kanalizasiya görə 840 manat, qrunt sularına görə isə 5389,84 manat təşkil edir. Hər üç xidmətə görə ümumilikdə borc məbləği 7069,84 manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, yazılı etirazda göstərilənlər əsassızdır, belə ki, obyektə cavabdehin əməkdaşları tərəfindən ümumiyyətlə baxış keçirilmir, onlara göstərilən borcla bağlı hesab-fakturalar təqdim edilməmişdir. Onlara qrunt suyuna görə borcun olması bildirilmiş, iddiaçı tərəf həmin borcla bağlı cavabdehə müraciət etdikdə, onlara borcun olması ilə bağlı iddia ərizəsinə əlavə etdikləri hesab faktura təqdim edilmişdir. Göstərilən hesab fakturadan əlavə onlara hər hansı hesab faktura təqdim edilməmişdir. Bundan əlavə, cavabdehin nümayəndələri sayğacı özləri bir neçə il əvvəl, laboratoriya yoxlanması nəticəsində suyun qrunt suyu deyil, içməli su olması müəyyən edildikdən sonra çıxarmışlar, cavabdehin nümayəndələrinin həmin obyektə buraxılmamaları barədə dəlilləri əsassızdır. Ümumiyyətlə borcun yaranma əsası, hansı qaydada hesablandığı onlara məlum deyildir. Bu səbəbdən göstərilən borcun silinməsi xahiş olunur.
7. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verib iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı 2017-ci ildə onlara məxsus qeyriyaşayış sahəsinə su yığılması barədə cavabdehə məlumat vermiş, onlara köməklik göstərilməsi xahiş edilmiş, bu səbəbdən həmin su obyektdən kənarlaşdırılmış, qrunt suları ilə bağlı həmin qeyri-yaşayış sahəsinə 2017-ci ilin may ayında əlavə sayğac quraşdırılmışdır. Lakin sonradan, yəni 2017-ci ilin noyabr ayında həmin suyun laborator yoxlanması nəticəsində qrunt suyu deyil, içməli su olması aşkar edilmişdir. İddiaçı tərəf onları həmin sayğacın olduğu yerə buraxmadığı üçün sayğaca baxış keçirilməsi və onun göstəriciləri əsasında aylıq sərfiyyatın müəyyən edilməsi mümkün olmamış, bu səbəbdən “Sudan istifadə Qaydaları”na əsasən onlara əvvəlki ayların göstəricilərinə uyğun orta aylıq sərfiyyat hesablanmış, bu barədə iddiaçıya hər ay hesab-fakturalar təqdim edilmişdir. İddiaçı tərəf hazırda qrunt suyuna görə hesablanmış borcu mübahisələndirdiyi halda, əlavə olaraq içməli su və kanalizasiya xidmətlərinə görə hesablanmış borcun silinməsini də xahiş edir ki, bu da əsassızdır, belə ki, iddiaçı hazırda həmin xidmətlərdən istifadə etməkdə davam edir.
8. Cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəməyə yazılı vəsatət ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
9. Sonuncu məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 yanvar 2012-ci il tarixli 082280 nömrəli su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün müqaviləyə əsasən abonenti tələbatına uyğun məişət içməli və istehsalat məqsədli su ilə təmin edir və tullantı sularının fasiləsiz həyata keçirir.
12. Cavabdehin Laboratoriya Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 14374/17 nömrəli su nümunəsinin analiz nəticələrindən görünür ki, suyun elektrik keçiriciliyi 2720 S/sm (keyfiyyət tələbləri >2500 S/sm (20 ⁰C)), ümumi codluğu 680 mq/L CaCo3 (keyfiyyət tələbləri >350 mq/L CaCo2), xlorid ionu 263 mq/L (keyfiyyət tələbləri: >350), ammonium 0,02 mq/L müəyyən edilmişdir.
13. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2022-ci il tarixli hesabfakturadan görünür ki, 2022-ci ilin aprel ayında qrunt sularına görə hesablanmış borc 79 manat təşkil edir, xx.xx.2022-ci il tarixə qalıq borc isə 5847,84 manat təşkil edir.
14. 082280 nömrəli abonent haqqında məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixə iddiaçının su borcu 840 manat, çirkab borcu 840 manat və qrunt suyuna olan borcu 5389,84 manat, ümumilikdə 7069,84 manat təşkil edir.
15. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
16. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: - 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 58-ci maddəsinə əsasən ödənişlər bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə və tullantı sularının və tullantıların atılmasına görə müəyyənləşdirilir. Ödənişlərin miqdarı, onların hesablanması və ödənilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir. - 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara.
17. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü bəndində də təsbit olunmuşdur ki, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə daxildir.
18. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır.
19. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh tərəfindən ona qrunt sularına görə hesablanmış borcu mübahisələndirir.
20. Cavabdeh iddiaya dair etirazında qrunt sularına görə hesablanmış borcun sərfiyyat borcu olduğunu bildirir.
21. Məhkəmə tərəfindən cavabdehə borcla bağlı iddiaçıya təqdim edilmiş hesabfakturaların, borcun hesablanmasını özündə əks etdirən sənədlərin, həmin borcun əhatə etdiyi dövr və borcun hansı qaydada hesablanması barədə məlumatların təqdim edilməsi dəfələrlə cavabdehə təklif etsə də, cavabdeh həmin borcla bağlı Məhkəməyə yalnız abonent haqqında məlumat təqdim edə bilmişdir.
22. Bundan əlavə, cavabdeh həmin borcun sərfiyyat borcu olduğunu, hər ay iddiaçıya borcla bağlı hesab-faktura təqdim edildiyini bildirsə də, bunu təsdiq edən sübutları Məhkəməyə təqdim edə bilməmişdir.
23. Cavabdeh bununla bağlı Məhkəməyə EAAA 525580 nömrəli xx.xx.2017-ci il tarixli, EBBA 513620 nömrəli, EBBC 363433 nömrəli, EBBD 591591 nömrəli, EBBE 653166 nömrəli, EBBL 183845 nömrəli, EBBM 911051 nömrəli, EBBO 937786 nömrəli, EBBQ 320769 nömrəli, EBBS 113960 nömrəli, EBBT 795406 nömrəli, EBBU 949229 nömrəli, EBBW 243893 nömrəli, EBBY 774369 nömrəli, EBCA 162186 nömrəli, EBCB 986276 nömrəli, EBCE 44625 nömrəli, EBCH 574305 nömrəli, EBCJ 681497 nömrəli, EBCM 042578 nömrəli, EBCN 665750 nömrəli, EBCO 615942 nömrəli, EBDB 604628 nömrəli elektron qaimələr təqdim etsə də, həmin elektron qaimələrin ümumiyyətlə təsdiqlənmədiyi müəyyən edilmişdir.
24. Bundan əlavə, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında sayğaca iddiaçı tərəfindən baxış keçirilməsinə lazımi qaydada şərait yaradılmadığını, bu səbəbdən iddiaçıya sayğacın göstəriciləri əsasında deyil, orta aylıq sərfiyyata uyğun borc hesablandığını bildirmiş, bununla bağlı şahid ifadəsi təqdim etmişdir.
25. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 2018-ci ilin iyun ayından Xətai rayon Sukanal İdarəsi Abonentlərlə iş şöbəsinin fakturalama qrupunda işləyir. 2021-ci iilin avqust ayından iddiaçının sahibliyində olan qeyri-yaşayış sahəsinə nəzərət edir. Ayda bir dəfə sayğaca baxış keçirməyə getmiş, "xxxx" ASC-nin nümayəndələri ona həmin əraziyə daxil olmağa şərait yaratmamışlar. Cari ay əraziyə gedəndə isə orada ümumiyyətlə sayğac olmadığını aşkar etmişdir. Ona aid olan marşrutda "xxxx" ASC-nin bir sayğacı olmuşdur. Yaranan borca görə iddiaçıya hər ay hesab-faktura təqdim edirdi. Hesab-fakturaları mühafizəçiyə təqdim edirdi. Borclar sayğaca baxış keçirilməsinə şərait yaradılmadığı üçün əvvəlki ayların orta aylıq göstəricilərinə əsasən yazılmışdır.
26. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmiş, bundan əlavə, 2017ci ilin noyabr ayında laborator şəraitdə qrunt suyu olması ehtimal edilən suyun içməli su olması müəyyən edildikdən sonra da iddiaçıya borcun hesablanmasının davam etdirilməsinin səbəbi barədə suala cavab verə bilmədiyini bildirmişdir.
27. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh iddiaçının silinməsini xahiş etdiyi borcun əsaslı olmasına dair məhkəməyə ümumiyyətlə hər hansı sənəd, göstərilən borcun mövcudluğu ilə bağlı məhkəməyə əsaslı və şübhədənkənar sübut təqdim edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi 5389,94 manat borcun silinməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
28. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı əlavə olaraq içməli su və kanalizasiya xidmətlərindən istifadə ilə bağlı yaranmış borcun silinməsini də xahiş edir.
29. Hazırkı işin hallarından görünür ki, xx.xx.2023-cü il tarixə iddiaçının içməli sudan istifadəyə görə borcu 840 manat, kanalizasiya xidmətlərindən istifadə ilə bağlı yaranmış borcu 840 manat təşkil edir.
30. Bu səbəbdən məhkəmə hesab edir ki, mübahisələndirilən qrunt suyuna görə iddiaçıya hesablanmış borc 5389,84 manat olduğundan iddia tələbi həmin hissədə təmin edilməli, qalan 1563 manat hissədə isə borcun silinməsi üçün əsaslar olmadığından təmin edilməməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
33. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 50 manat mediasiya xərci və 29 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC-yə əsassız olaraq hesablanmış 5389,84 (beş min üç yüz səksən doqquz manat səksən dörd qəpik) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdeh ASC-yə həvalə edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 79 (yetmiş doqquz) manat pul vəsaiti Cavabdeh ASC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova