Məhkəmə qərarları › İş №e-2-2(113)-909/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-909/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-909/2025 07.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 fevral 2022-ci il tarixli, 036074 nömrəli aktın ləğv edilməsi, akt əsasında yazılan 1466 (bir min yüz altımış altı) manat borcun əsassız hesab edilməsi və abonent hesabından silinməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hacıqabul rayonunun Muğan qəsəbəsi, S.Vurğun küçəsi, 1 A-da yerləşən yanacaq doldurma məntəqəsi iddiaçının mərhum atası X1 məxsus olub. X2 vəfat edəndən sonra həmin əmlak vərəsəlik qaydasında İddiaçı adına rəsmiləşdirilmişdir. İddiaçı hal-hazırda Hacıqabul rayonunun Muğan qəsəbəsi, S.Vurğun küçəsi, 1 A-da yerləşən yanacaq doldurma məntəqəsinin sahibi olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və vergi ödəyicisi kimi 5 saylı Vergilər İdarəsində qeydiyyatdadır. Həmin yanacaq doldurma məntəqəsi iddiaçıya qədər mərhum atası X1 məxsus olan bir vaxtda, 29 aprel 2019-cu il tarixdə ATSH-19/2628 nömrəli texniki şərtlər əsasında işıq xətti çəkilmiş və qanuni istifadəyə verilmişdir. Həmin işıq xəttindən istifadə etdikcə hər ay işığa nəzarət edən şəxs sayğaca baxış keçirərək ödəniş qəbzi təqdim etmiş və qəbzdə yazılan borc vaxtlı-vaxtında ödənilmişdir. Qeyd edilmişdir ki, həmin sayğac smart kartla deyildi. Beləliklə, bir müddət sonra həmin sayğaca baxan şəxs həmin sayğacın çox sürətlə işlədiyini görüb soruşmuşdur ki, “nə işlədirsiz, sayğac niyə belə işləyir”, cavabında ona bildirilmişdir ki, “həmişə işlətdiyimiz əşyaları işlədirik”. Onun göstərişi ilə sayğaca qoşulan bütün avadanlıqları söndürdükdən sonra həmin sayğac işləməyə davam etdi və nəzarətçi bu barədə rayon işıq idarəsinə məlumat verdi. Bütün bunlardan sonra idarə işçiləri həmin sayğacı iddiaçının iştirakı olmadan açaraq laboratoriyaya aparmışlar. Daha sonra isə həmin yanacaq doldurma məntəqəsinə yeni smart tipli sayğac quraşdırılmış və bildirilmişdir ki, akt tərtib edilib və həmin akta əsasən iddiaçıya borc yazılıb. Çox çətinliklərdən sonra 10 fevral 2022-ci il tarixli, 036074 nömrəli aktı əldə etdikdən sonra yazılan borca etiraz edilmişdir. Mübahisənin Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun olaraq məhkəməyədək razılaşma yolu ilə həll edilməsi üçün cavabdehə pretenziya qaydasında müraciət edilmiş və bununla yanaşı, mübahisəni mediasiya sesiyasında həll etmək üçün cavabdehə mediasiyaya dəvət məktubu göndərilmişdir. Lakin cavabdeh nə pretenziya məktubuna, nə mediasiya məktubuna, nə də mediatorun çağırışına heç bir cavab verməmişdir. Göründüyü kimi, "xxxx" ASC-nin əməkdaşı tərəfindən qanunlara əməl edilməmiş və akt qeyri-qanuni tərtib edilmiş, nəticədə qanunsuz olaraq cərimə yazılmışdır. Bu cərimə iddiaçının smart kartından tutulur. Yuxarıda göstərilən səbəblərə görə də iddiaçı məcburiyyət qarşısında qalıb aidiyyatı üzrə məhkəməyə müraciət etmişdir.

3. İddia ərizəsinin maddi hüquqi əsası kimi “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2, 8,33-cü maddələrinə istinad edilmişdir.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, "xxxx" ASC tərəfindən 10 fevral 2022-ci il tarixli, 036074 nömrəli akta əsasən yazılmış 1466 (bir min yüz altımış altı) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən **********8 saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, sayğac keçən yükü öz-özünə qeyd edir, normal buraxılan xəta ilə işləyir. Baxış zamanı xx.xx.2022-ci il tarixli, R 036074 nömrəli akt tərtib edilmiş, icra vərəqəsinə əsasən 119140,216 kVts-5811 kVts=13329,22 KVts (0,11) 1466,22 manat məbləğ hesablanmışdır. Tərtib edilmiş akt və icra vərəqəsindən göründüyü kimi, akt qanuni və əsaslı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğ cərimə deyil, iddiaçının ay üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış və ödənilməmiş borc məbləğidir. “Elektrik enerjisindən istifadə Qaydalıarı”nın 8.16-cı maddəsinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal iş enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Cavabdeh İddiaçı tərəfindən qaldırılmış iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir.

6. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədə qeyd edilmişdir ki, iş üzrə cavabdeh tərəfindən iddia ərizəsinə təqdim edilən etiraz tam əsassızdır. Belə ki, bu qeyri-yaşayış obyekti olan yanacaq doldurma məntəqəsi iddiaçının mərhum atası Zakir Bəndəliyevin adında olmaqla, onun bütün kommunal rəsmiləşmələri Bəndəliyev Zakirin adına olmuşdur. Həmin qeyriyaşayış obyektinə sayğac quraşdırılan gündən ödənişlər vaxtlı-vaxtında edilmişdir. İddia ərizəsinə əlavə edilməyən ödənişlər online qaydada edilmişdir. Hal-hazırda iddia tələbində akt mübahisələndirilmişdir. İş üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazdan görünür ki, guya borc akt tərtib edilənə kimi istehlak edilmiş işığın ödənilməyən borcudur. Bu, belə deyil.

7. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

8. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və eyni zamanda bildirdi ki, mübahisələndirilən borcdan müəyyən ödənişlər edilmiş, ümumilikdə yazılan cərimədən ödəniş olmamış, sadəcə olaraq hər dəfə karta pul ödədikdə kartdan çıxılmışdır. Aktın tərtib olunmasından iddiaçının xəbəri olmayıb.

9. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 036074 nömrəli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən X3 məxsus obyektdə (yanacaq doldurma məntəqəsi) sayğac yoxlanılmış, baxış zamanı sayğacın keçən yükdən artıq qeyd etməsi aşkar olunmuşdur. Sayğacın yenisi ilə əvəz olunması tələb olunmuşdur.

10. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 070136 nömrəli “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokolundan məlum olur ki, 036074 nömrəli akta əsasən sayğac quruldu, möhürləndi, sayğacın çıxışında 50 amperlik avtomat quruldu, möhürləndi, sayğac torbaya qoyuldu, möhürləndi.

11. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 001347 nömrəli sayğacların və cərəyan transformatorların yoxlanılması haqqında akt-protokoldan məlum olur ki, sayğacın möhürü normaldır. Sayğac normal buraxılan xəta ilə işləyir.

12. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan məlum olur ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi **********-dır.

13. "xxxx" ASC tərəfindən tərtib edilmiş abunə haqqında məlumatdan görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə sayğac göstəricisi üzrə borcu 1466,19 manat təşkil edir.

14. İddiaçı tərəfindən iş materiallarına “Tələb olunan materialların spesifikasiyası” adlı, “İşçi layihəsi” adlı sənədlər, 2020-2022-ci illər ərzində edilmiş ödənişlərlə bağlı ödəniş tapşırıqları əlavə edilmişdir.

15. İddiaçı tərəfindən "xxxx" ASC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, 036074 nömrəli aktın 3 gün ərzində ləğv edilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

16. “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir; 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər

17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmənin mövqeyi

19. Qeyd olunmalıdır ki, yuxarıda iddia ərizəsində qeyd olunan hallar işdə olan sübutlarla öz təsdiqini tapmışdır.

19. İddia tələbi **********8 nömrəli abonent hesabından "xxxx" ASC-nin 10 fevral 2022-ci il tarixli, 036074 nömrəli akta əsasən yazılmış 1466 (bir min yüz altımış altı) manat borcun silinməsindən ibarətdir.

20. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır.

37. Belə ki, işin hallarından göründüyü kimi, keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.

38. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bununla belə, iddiaçı tələbində 1466 manat borcun silinməsini tələb etsə də, məhkəməyə təqdim edilmiş abonent saldosundan həmin məbləğdən ödənişlərin edildiyi məlum olur.

39. Məhkəmə, təqdim edilmiş sənədlərdən iddiaçının hazırda 1212 manat (min iki yüz on iki) məbləğində borcunun olduğunun müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 10 fevral 2022-ci il tarixli, 036074 nömrəli akt əsasında hesablanmış 1212 (min iki yüz on iki) manat məbləğində borc 2408**********8 saylı abonent hesabından (X2) silinməli, qalan hissədə təmin edilməməlidir.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 10 fevral 2022-ci il tarixli, 036074 nömrəli akt əsasında hesablanmış 1212 (min iki yüz on iki) manat məbləğində borc 2408**********8 saylı abonent hesabından (X2) silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar