Məhkəmə qərarları › İş №e-2-2(113)-9222/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9222/2025

29.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9222/2025 29.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Mənzi-Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yeni qeyri-yaşayış sahəsinin verilməsi və icarə haqqının ödənilməsi ilə qeyriyaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə haqqının ödənilməsi ilə qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı Mənzi-Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yeni qeyri-yaşayış sahəsinin verilməsi və icarə haqqının ödənilməsi ilə qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Mənzi-Tikinti Kooperativi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 54 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin boşaldılaraq sökülməsi üçün İddiaçı MTK-ya təhvil verilməsinə; İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş ümumi sahəsi 54 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada 75 kv.m ölçüdə təmirli qeyri-yaşayış sahəsinin binanın bünövrəsi qoyulduqdan sonra 24 (iyirmi dörd) ay müddətinə Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətinə uyğun olaraq təhvil verilməsinə; sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni qeyri-yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətə uyğun olaraq hər ay ümumilikdə 1700 (min yeddi yüz) manat məbləğində icarə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-ci il tarixli, 183 saylı sərəncamı ilə Bakı şəhəri, xxx rayonu, N.xxx qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-yə icazə verilmişdir. Həmin Sərəncamın 1.1-ci maddəsinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq İddiaçı MMC tərəfindən həll edilməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 28 mart 2018-ci il tarixli rəyə əsasən, həmin ərazidə yerləşən yaşayış evlərinə baxış keçirilmiş, müəyyən olunmuşdur ki: § yaşayış evlərinin yükdaşıyan divarlarında müxtəlif yerlərdə keçici çatlar mövcuddur; § yükdaşıyan divarlarda suvaq qatının qopması baş vermişdir; § Bünövrələrdə, torpaqla təmasda olan divarlarda xaricdə və daxildə nəmlik, aşınmalar müşahidə olunmuşdur; § Qapı və pəncərələrdə fiziki köhnəlmə, çürümə və digər deformasiyalar mövcuddur; § Yaşayış evlərinin dam örtüyü uzunmüddətli təmirsiz istismar edildiyindən yararsız vəziyyətə düşmüşdür; § yaşayış evlərinin mərtəbəarası örtük konstruksiyasında fiziki köhnəlmə mövcuddur; § yaşayış evlərinin mərtəbəarası örtüklərin ağac konstruksiyaları çürüyərək ciddi deformasiyalara uğramışdır; § Atmosfer suları bəzi yerlərdə evlərin daxilində sızaraq tavanlar və divarların nəmlənməsinə səbəb olmuşdur; § Döşəmələrdə qabarma və çökmələr mövcuddur; § Yaşayış evlərinin kommunikasiya xətləri yararsız vəziyyətdədir. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və 12890 saylı inşaat pasportuna əsasən, Bakı şəhəri, xxx rayonu, N.xxx qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli, № 1053 saylı icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 18/03-8/3573 saylı, xx.xx.2016-cı il tarixli məktubla Bakı şəhəri, xxx rayonu, N.xxx qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə tikintisi nəzərdə tutulan yaşayış binalarının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azərdövlətlayihə” DBLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılması razılaşdırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 81 nömrəli məktubu ilə Bakı şəhəri, xxx rayonu, N.xxx qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən 1.1699 ha torpaq sahəsində İddiaçı MMC-yə yaşayış binalarının tikintisiməqsədilə obyektin tikintisinə icazə sənədi verilmişdir. İddiaçı MTK tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər, eyni zamanda söküləcək qeyri-yaşayış sahələrinin əvəzinə eyniölçülü, lakin daha əlverişli xüsusiyyətlərə malik, normalara cavab verən qeyri-yaşayış sahələri təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış və fəaliyyət məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə və icarə haqları təklif olunur. İddiaçı MTK Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-ci il tarixli, 183 saylı sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Bakı şəhəri, xxx rayonu, N.xxx qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllə ünvanında yerləşən və kəskin qəzalı vəziyyətdə olan evlərdə yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların evlərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və evlərin təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. İddiaçı MTK tərəfindən Bakı şəhəri, xxx rayonu, N.xxx qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə onlarla mülkiyyətçi köçürülmüş, tikilməli olan 8 blokdan ibarət binanın 2 bloku tikilərək sakinlərə təhvil verilmiş, 2 blok hazırda tikilməkdədir. İddiaçı MTK cavabdehə məxsus evin yerləşdiyi Bakı şəhəri, xxx rayonu, N.xxx qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllə ünvanında yerləşən evlərin 30-dan artıq sakini ilə evlərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlamış, MTK öz üzərinə adıçəkilən evlərin sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları evlərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, ünvan 1 ünvanında yerləşən, faktiki sahəsi 62,1 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçiləri olan Cavabdeh2 və Cavabdeh1 ilə də danışıqlar aparılmağa çalışılmış, lakin cavabdehlər MTK qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə razılıq əldə olunması mümkün olmamışdır. Cavabdehlərə digər mülkiyyətçilər kimi, sahib olduğu ünvan 1 ünvanında yerləşən, 62,1 kv.m sahədən ibarət olan və istismar müddəti keçmiş və qəzalı vəziyyətdə olan qeyriyaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli, müasir və innovativ tələblərə cavab verən, 75 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 1700 (min yeddi yüz) manat icarə haqqı təklif olunur. Nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehlərin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Göründüyü kimi, cavabdehlər öz hüquqlarından açıq-aşkar sui-istifadə edərək, əsassız varlanmaq niyyəti ilə, həm şirkətin fəaliyyətinin iflic edilməsinə və külli miqdarda ziyan vurulmasına səbəb olur, həm də onlarla insanın mənzil hüquqlarının reallaşdırılmasına əngəl törədir. İddiaçı MTK Bakı şəhər İcra Hakimiyyəti Başısının sərəncamına, şəhərsalma əsaslandırılmasına, ayrıc aktına, obyektin tikintisinə icazə sənədinə və torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırkı tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Qeyd etmək lazımdır ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1cimaddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 24.3, 43, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.5, 152.6, 560.1, 560.2, 560.3-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh2 tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbini tam qanunsuz, əsassız hesab edir. Belə ki, iddiaçının nümayəndələrinin gətirdiyi ekspert onun qeyri-yaşayış sahəsinin 83.9 kv.metr olduğunu təsdiqlədi və bu 83.9 kv.metr əvəzinə tikinti şirkəti mənə oxdan oxa 120 kv.metr təmirli, sərbəst sahə 110 kv metr olan N.Yusifbəyli küçəsi tərəfdən 8.82 m, Mərdanov qardaşları küçəsi tərəfə 13.6 metr verməsini öhdəsinə götürdü. Notariatda tərtib olunmuş müqavilədə paylı mülkiyyətdə olan sahənin hər iki küçəyə qapı qoyulması barəsində öhdəliyə əməl etmədilər, onu və ailəsini təhqir edərək oradan uzaqlaşdılar. Bu səbəbdən razılaşma pozuldu. İddia ərizəsində onun mülkiyyətində olan faktiki sahənin ölçülərini tam azaltmışlar. Belə ki, iddia ərizəsində ona məxsus olan yer 54 kv.metr göstərilmiş, əvəzində isə 75 kv metr verilməsini göstərmişdir. Onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair texniki pasportda göstərilən sahə 83.9 kv metrdir. Bu 83.9 kv metr əvəzinə ona öz yerində 120 kv metr verilməsini razılaşmışlar. Bu razılaşma həm Avropa Konvensiyasında, həm də Azərbaycan Respublikasının Konstitusiyasında və Qanunlarında göstərilən ədalətli əvəz verilməsi prinsipinə tam uyğundur. Onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 54 kv metr deyil, 83.9 kv metr olmasını təsdiq edən Texniki Pasportu əlavə edilir. Əlavə olaraq bildirir ki, iddiaçı 26 mərtəbə tikinti tikərək hər birini 26 dəfə satmışdır. Ona isə sahəsinə aid heç bir texpasportunu və eskiz layihəsini göstərmir. Bundan başqa, müstəqil ekspertlər tərəfindən onun sahəsininin bazar qiyməti müəyyənləşdirilmiş və bu barədə müvafiq rəy təqdim edilmişdir. Həmin rəydə onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin dəyəri 800000 manat müəyyən edilmişdir. İddiaçı isə qeyri-ciddi, qəbul olunmayan bir rəy təqdim edərək, rəydə onun mülkiyyətində olan sahənin ölçüləri 83.9 kv.m, dəyəri 366000 manat olaraq göstərilmişdir. Halbuki bu gün tikilən binanın yaşayış sahəsinin dəyəri hər bir kv.metr üçün 5000 manata satılır. Bununla da, onu aldadaraq mülkiyyətini çox ucuz qiymətə ələ keçirmək istəyirlər. Dörd ilə yaxındır ki, dörd tərəfini qanunsuz olaraq bağlayaraq sahibkarlıq fəaliyəti ilə məşğul olmağa imkan verməmişlər. Ona külli miqdarda maddi ziyan vurmuşlar. Bu, mütəxxəsis rəyində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Qeyd olunanları nəzarə alaraq, mülkiyyətin özgəninkiləşdirilməsinin yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə təmin olunması və yaxud belə olmadıqda iddia tələbimin təmin olunmadan saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş edir.

5. Digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

7. Cavabdeh2 məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

8. Cavabdeh1 əvvəlki məhkəmə iclaslarında iştirak edən zaman digər cavabdehlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

9. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 183 saylı sərəncamından görünür ki, İddiaçı MMC-nin xx.xx.2014-cü il tarixli 03 saylı müraciəti nəzərə alınaraq, Bakı şəhəri xxx rayonu N.xxx qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilmişdir. Sərəncamda bununla bağlı həll edilməli digər məsələlər də öz əksini tapmışdır.

10. 04 may 2015-ci il tarixli 1053 saylı torpaq icarə müqaviləsindən görünür ki, Bakı şəhər İHB ilə İddiaçı MMC arasında Bakı şəhəri xxx rayonu N.xxx qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə ayrılmış 11699 m2 torpaq sahəsinin 49 il müddətinə icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. İcarə haqqının 05 iyun 2014-cü il tarixdən hesablanması, hər il 9344,23 manat icarə haqqı ödəniləcəyi şərtləşdirilmişdir.

11. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin İddiaçı MMC-nin direktoruna ünvanladığı xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli 183 №li sərəcamına və 12890 saylı inşaat pasportuna əsasən, xxx rayonu, N.xxx qardaşları küçəsinin əhatə etdiyi 997-ci məhəllədə tikintisi nəzərdə tutulan yaşayış binalarının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılması razılaşdırılır.

12. xx.xx.2017-ci il tarixli 81 saylı obyektin tikintisinə icazədən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə Bakı şəhəri xxx rayonu N.xxx qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə 1,1699 ha torpaq sahəsində yaşayış binalarının (C, D, E, F, G və H bloklarının) tikintisinin layihələndirilməsinə icazə verilmiş, bu zaman müvafiq ekspertiza rəyi, rəylər və əlavə şərtlər nəzərə alınmışdır.

13. 23 fevral 2018-ci il tarixdə 18/37 sayla qeydiyyata alınmış ayrıc aktından görünür ki, İddiaçı MMC-yə icarəyə verilmiş torpaq sahəsinə dair istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktı tərtib olunmuşdur.

14. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin "Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutunun xx.xx.2018-ci il tarixli texniki rəyindən görünür ki, Bakı şəhəri, xxx rayonu, N.xxx qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən yaşayış evləri hal-hazırda istismar olunur. Yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Yaşayış evləri texniki məhdud işlək vəziyyətdədir.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilən çıxarışdan müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən sahəsi 54 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh2 adına (Paylı mülkiyyət: 1) Cavabdeh1 – 21,9 kv.m; 2) Cavabdeh2 – 32.1 kv.m) xx.xx.2023cü ildə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).

16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1dur (Reyestr nömrəsi: **********63-05101-083001).

17. İddiaçı MTK tərəfindən cavabdehlərə ünvanlanmış pretenziya məktublarından görünür ki, cavabdehlərə paylı mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinin əvəzləşdirilməsi ilə bağlı müqavilə bağlanması təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

18. "xxxx" MMC xx.xx.2025-ci il tarixli, LP/M-179 saylı rəydə qeyd edilmişdir ki, qiymətləndirmə zamanı, ünvan 3 ünvanda, Xüsusi mülkiyyətində olan, 1 mərtəbəli binanın, 1-ci mərtəbəsinin bir hissəsində yerləşən, ümumi sahəsi 54 kv.m2-dən ibarət, qeyri yaşayış sahəsinın, həmçinin ona yaxın ərazilərdə yerləşən daşınmaz əmlak olaraq, oxşar əmlak bazarındakı vəziyyət, analoji obyektlərə olan sabit tələbat, müvafiq təkliflər, qiymətləndirmə obyektinin üstünlükləri və çatışmamazlıqları nəzərə alınmışdır. Bu məlumatların təhlili zamanı, Qiymətləndirici belə qənaətə gəlir ki, mövcud aktivə likvid qismində baxmaq olar və həmin aktivin analoji ekspozisiyası müddəti ilə müqayisədə, mövcud əmlakın hazırki bazar dəyəri; 800000 (səkkiz yüz min) manat, qısa müddətdə satılmaq üçün satışa çıxarılarsa, onun likvid dəyəri, bazar dəyərindən 15%-ə kimi çıxmaqla, yəni yuvarlaq olaraq, 680000 (altı yüz səksən min) manat təşkil edəcək.

19. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, CVN/İ 06-158/25 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, 1 sual üzrə: ünvan 1 ünvanında yerləşən, Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 03 iyun 2025ci il tarixinə; Ümumi sahəsi 62.1 (altmış iki tam onda bir) kv.metr, Tikintialtı sahəsi 83.9 (səksən üç tam onda doqquz) kv.metr təşkil edir. 2 sual üzrə: ünvan 1 ünvanında yerləşən, Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ölçüləri nəzərə alınmaqla, real bazar dəyəri 03 iyun 2025-ci il tarixinə 466.000,0 (dörd yüz altmış altı min) manat təşkil edir. 3 sual üzrə: ünvan 1 ünvanında yerləşən, Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətində olan qeyri yaşayış sahəsinin aylıq icarə dəyəri 03 iyun 2025-ci il tarixinə 1500 (bir min beş yüz) manat/1 ay təşkil edir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 169.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər; 203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. 203.5-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.6. kommersiya hüquqi şəxslərinin razılaşmaları, öz aralarında razılaşdırdıqları hərəkət metodları, əgər bunlar mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə və rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və ya təhrif edilməsi məqsədi daşıyarsa və ya buna kömək edərsə, hüquqdan sui-istifadədir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X2 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir.

22. “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni «ictimai maraq» məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.

25. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, xxx, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır.

27. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 7 dekabr 2007-ci il tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanına əsasən, “2.3. dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir”.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 183 №li Sərəncamı ilə Bakı şəhəri, xxx rayonu, N.xxx qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihləndirilməsi üçün İddiaçı MMC-yə icazə verilmişdir. Sərəncamla əlaqədar icarəyəverən Bakı şəhər İcra Hakimiyyəti Başçısı ilə icarəçi İddiaçı MMC arasında xx.xx.2015-ci il tarixdə Bakı şəhəri xxx rayonu N.xxx qardaşları küçəsinin əhatə etdiyi 997-ci məhəllədə ayrılmış 11699 m2 olan torpaq sahəsini 49 il müddətinə icarəçinin istifadəsinə veriməsi barədə № 1053 torpaq icarə müqaviləsi bağlanmışdır. Həmin Sərəncama əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq İddiaçı MMC tərəfindən həll edilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC ilə Bakı şəhəri, xxx rayonu, N.xxx qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən yaşayış evlərində yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır. Lakin ünvan 1 ünvanında yerləşən, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 54 kv.m2 sahədən ibarət qeyri-yaşayış sahəsinin mülkiyyətçiləri (paylı mülkiyyət) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə razılıq əldə olunması mümkün olmamışdır.

30. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara paylı mülkiyyət hüququ ilə məxsus olan əmlakının yeni tikilmiş, müasir standartlara cavab verən binada təmirli əmlak sahəsi ilə əvəzləşdirilməsi təklif olunsa da, cavabdehlər iddiaçı tərəfin təklifi ilə razılaşmamışlar. Tikinti işlərinin aparılmasının yubadılması. Bununla da, qeyd edilən ərazidə inşa edilməli çoxmənzilli binalarda yaşayış sahəsi ilə təminatı nəzərdə tutulan vətəndaşların hüquqları və mənafeləri pozulur, MTK öz üzərinə düşən vəzifələri vaxtında və tam şəkildə icra etməmək təhlükəsi ilə üzləşir.

31. Qanunvericiliyin müddəalarına və ayrılmaz hüquqlarla bağlı prinsiplərə əsasən cavabdehlərin xüsusi mülkiyyətində (paylı mülkiyyət) olan daşınmaz əmlakı üzərində hüquqlarının və mənafeələrinin qorunma qalxanı altında olması digər şəxslərin də eyni dərəcədə tanınan hüquqlarından üstün tutulmamalıdır. Hazırkı mübahisənin predmetini cavabdehlərin xüsusi mülkiyyətində (paylı mülkiyyət) olan sahənin iddiaçıya təhvil verilməsi müqabilində onun yeni tikiləcək qeyri-yaşayış sahəsi ilə təmin edilməsi və həmin yeni qeyri-yaşayış sahəsinin təhvil veriləcəyi müddətədək yaşayış sahəsi ilə təmin olunması məqsədilə icarə haqqının verilməsindən ibarətdir. İş üzrə qeyri-yaşayış sahəsinin və icarə haqqının müəyyən edilməsi məqsədilə təyin edilmiş qiymətləndiricinin verdiyi rəyə əsasən qeyri-yaşayış sahəsi və həmin ərazidə oxşar şəraitli qeyri-yaşayış sahələrinin icarə haqları müəyyən edilərək iddiaçının tələbinin ədalətli olub-olmaması araşdırılmışdır.

32. Cavabdehlərin xüsusi mülkiyyət hüququndan irəli gələrək, qeyri-yaşayış sahəsinin hər hansı formada əvəzləşdirilməsinə etirazı iddiaçının həyata keçirdiyi tikinti və abadlaşdırma fəaliyyətinin, eyni ərazidə mülkiyyətləri kompensasiya edilmiş digər sakinlərin yeni yaşayış və qeyri-yaşayış sahələri ilə təminatının qarşısını alır. Məhkəmə hesab edir ki, cavabdehlərin mülkiyyətində (paylı mülkiyyət) olan daşınmaz əmlakın qarşılığında iddiaçının təklif etdiyi qeyri-yaşayış sahəsi ilə təminat və müvafiq dövr üçün icarə haqqı ödənişi ədalətli kompensasiya kimi qiymətləndirilməlidir.

33. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə alır ki, ölkədə, “...alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməli olması” tənzimləməsinin maddi-hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı “dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın” mülkiyyətçisinin itirdiyi mülkiyyətinin müqabilində mülkiyyətinin dəyərindən daha artıq haqq almasını təmin edir – hansı ki, dövlət ehtiyaclarında dövlət satınalmasının məqsədi qazanc deyil, yaranmış dövlət zərurətləri olduğundan, əslində dövlətin belə artıq haqq vermək məcburiyyəti yoxdur; sosial ehtiyaclar üçün satınalmada isə tikinti şirkətinin məqsədi gəlir (qazanc) əldə etməkdir və əgər kiminsə mülkiyyətini qazanc məqsədi olmadan bütün cəmiyyətin (xalqın, dövlətin) ehtiyacları üçün satın alan dövlət heç bir məcburiyyəti olmadığı halda onun dəyərindən əlavə haqq ödəyirsə, qazanc əldə edən şirkət də bu əlavəni ödəməlidir.

34. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 54 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsi boşaldılaraq sökülməsi üçün İddiaçınə təhvil verilməli, İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş ümumi sahəsi 54 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada 101 kv.m ölçüdə təmirli qeyri-yaşayış sahəsi binanın bünövrəsi qoyulduqdan sonra 24 (iyirmi dörd) ay müddətinə Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətinə uyğun olaraq təhvil verilməli, sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi İddiaçınə təhvil verildiyi gündən başlayaraq yeni qeyri-yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətə uyğun olaraq hər ay ümumilikdə 1700 (min yeddi yüz) manat məbləğində icarə haqqı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

35. Məhkəmə hazırkı qənaətə gələrkən nəzərə almışdır ki, həm texniki pasportda, həm də məhkəmə tərəfindən təyin edilmiş ekspertiza zamanı ünvan 1 ünvanında yerləşən, Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin tikintialtı sahəsinin 83.9 kv.metr təşkil etdiyi qeyd edilmişdir. İddiaçı cavabdehə 75 kv.m ölçüdə (faktiki sahə 62,1 kv.m+20%) təmirli qeyri-yaşayış sahəsinin verilməsi tələbini irəli sürsə də, məhkəmə hazırkı halda cavabdehlərə 101 kv.m ölçüdə (83.9 kv.m+20%) təmirli qeyriyaşayış sahəsinin verilməsini daha məqsədəuyğun və ədalətli hesab etmişdir. Odur ki, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanına əsasən İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş ümumi sahəsi 54 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada veriləcək qeyri-yaşayış sahəsinin ölçüsü 101 kv.m ölçüdə (83,9 m2 x 20% = 16,78 m2, 83,9 m2 + 16,78 m2 = 100,68 ~ 101 m2) müəyyənləşdirilməlidir.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 54 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsi boşaldılaraq sökülməsi üçün İddiaçınə təhvil verilsin. İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş ümumi sahəsi 54 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada 101 kv.m ölçüdə təmirli qeyri-yaşayış sahəsi binanın bünövrəsi qoyulduqdan sonra 24 (iyirmi dörd) ay müddətinə Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətinə uyğun olaraq təhvil verilsin. Sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi İddiaçınə təhvil verildiyi gündən başlayaraq yeni qeyri-yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətə uyğun olaraq hər ay ümumilikdə 1700 (min yeddi yüz) manat məbləğində icarə haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar