Məhkəmə qərarları › İş №e-2-2(113)-923/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-923/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-923/2020 12.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X3 Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə görə cavabdeh tərəfindən iddiaçıya hesablanmış 76286,10 manat borcun silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə görə cavabdeh tərəfindən iddiaçıya hesablanmış 76286,10 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2000-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət qeydiyyatı şöbəsində qeydiyyata alınmışdır. Müəssisənin əsas fəaliyyət növü yerli məhsulların istehsalı və satışını həyata keçirməkdən ibarətdir. İddiaçı, Azərbaycanın böyük dağıtım şirkətlərindən biridir. İddiaçı sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramlarının uğurla həyata keçirilməsinin bariz nümunəsi olaraq, dünya bazarlarında rəqabətə davamlı olan keyfiyyətli məhsul istehsalı və satışı sahəsində fəaliyyət göstərir. Cavabdeh ilə iddiaçı arasında bağlanmış müqavilə çərçivəsində, iddiaçıya məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən istehsalat sahəsi təbii qazla təmin olunur. İstehsalat sahəsində istifadə olunan təbii qazın dəyəri cavabdehin hər ay göndərdiyi elektron qaimə əsasında ödənilir və heç vaxt gecikmələr baş verməmişdir. Lakin xx xxxxxx 2020-ci il tarixində cavabdeh iddiaçıya EBAF seriyalı 040861 nömrəli elektron qaimə göndərərək, təbii qazdan istifadəyə görə 90017,60 manat məbləğində pul ödənilməsini tələb etmiş, lakin bu borcun yaranma səbəbləri ilə bağlı izah verməmişdir. İddiaçı cavabdehə xx.xx.2020-ci il tarixində rəsmi müraciət edərək, qeyd edilən borc məbləğinin yaranma səbəbləri və hesablanma qaydası ilə bağlı məlumat verilməsini xahiş etmişdir. Müraciətə bu günədək heç bir rəsmi cavab verilməsə də, şifahi olaraq bildirilmişdir ki, guya iddiaçının qaz xətti üzərində quraşdırılmış qeyri-əhali qaz sayğacı xx.xx.2019-cu il tarixində söndüyünə görə, qaz sayğacının sönülü olduğu müddətdə mexaniki sayğacın göstəriciləri 4,59 əmsala vurulmaqla, yeni borc məbləği hesablanmışdır. Cavabdehin iddiaçıdan tələb etdiyi 76286,10 manat borc məbləğinin heç bir qanuni əsası yoxdur və cavabdehin iddiaçıdan tələb etməsi tamamilə qanunsuz və əsassızdır. Əvvəla, iddiaçıya məxsus istehsalat sahəsi üçün quraşdırılmış qaz sayğacı istehsalat sahəsindən kənarda, cavabdehin nəzarətində olan tikili daxilində saxlanılır, cavabdehin əməkdaşları həmin sayğaca mütəmadi xidmət göstərir və sazlığına cavabdehlik daşıyır. Elektron sayğacın sönməsi və çalışmaması iddiaçının iradəsindən asılı olmamışdır və buna görə cavabdehin mexaniki sayğacın göstəricilərini istədiyi əmsala vurmaqla əldə etdiyi məbləği iddiaçıdan tələb edə bilməz. İkincisi, iddiaçı istehsal etdiyi məhsulların satış qiymətini müəyyənləşdirmək üçün malların maya dəyərini hesablayarkən, istehsalat sahəsində sərf edilmiş təbii qaza görə ödənilən məbləğləri də nəzərə alır. Malın maya dəyəri ilə satış qiymətiarasında yaranmış fərq məbləği vergiyə və digər ödəmələrə sərf edildikdən sonra, qalan məbləğ təsisçiyə qaytarılır. Üçüncüsü, xx xxxx 2019-cu il tarixindən sonra da istehsalat sahəsində qaz sərfiyyatına görə elektron qaimələr gəlmiş, borc məbləğləri göstərilmiş və iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Həmin qaimələrlə borc məbləğləri hesablanarkən də, mexaniki sayğacın göstəriciləri müəyyən əmsallara vurulmuşdur. Dördüncüsü isə, cavabdeh ilə iddiaçı arasında aparılmış sonuncu “qarşılıqlı hesablaşmalar üzrə üzləşmə Aktı”na əsasən, xx xxxx 2019-cu il tarixinə iddiaçının qaz sərfiyyatına görə ümumilikdə 5180,41 manat borcu olmuşdur. Həmin borc və göstərilən tarixdən sonra sərf edilmiş təbii qazın dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Göstərilən üzləşmə aktında isə, sayğacda yaranmış problemlə bağlı heç bir qeyd edilməmişdir. Belə olan halda, iddiaçının sərf etdiyi və dəyərini cavabdehin tələbi ilə tam şəkildə ödədiyi təbii qaza görə təkrar borcun hesablanması və süni olaraq külli miqdarda borc yaradılması qanunsuz və əsassız olmaqla yanaşı, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxxxxx 2020-ci il tarixli EBAF seriyalı 040861 saylı elektron qaimənin surətindən görünür ki, cavabdeh tərəfindən təbii qaza görə iddiaçıdan 76286,10 manat borc, 13731,50 manat ƏDV olmaqla cəmi 90017,60 manat borcun ödənilməsi tələb olunmuşdur. Abonentin saldosunun surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya aktlara əsasən 2019-cu ilin mart ayından sentyabr ayınadək və dekabr ayına ümumilikdə 88014,80 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli SOCAR**********31420054X00003 saylı məktubun surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən "İddiaçı" firmasının qaz xətti üzərində quraşdırılmış Elster G-400 markalı 80106335 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akta əsasən “Ehtiyyat batareya quraşdırıldı, korrektor xx.xx.2019-cu il tarixində sönüb. Göstəricilər Vbt=3921543, Vt=2283291 m3 əks olundu. Batareya yoxlandı, gərginliyi 0V. Korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 116300 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Korrektorun dövrəsində cərəyan şiddəti yoxlanıldı gözləmə rejimində cərəyan şiddəti 77mkA qeydə alındı. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır” qeyd olunduğuna görə hesabat aparılaraq müəssisənin hesab koduna daxil edilmişdir. Aparılmış hesabat: 116300m3 * 4,59 (əmsal) = 533817-123160 (maxanika.göst) – 66759 (əmsal) = 343898 m3 (343898 m3 + 29417 m3 = 373315 m3). Məbləğ tərəfinizdən ödənilməlidir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh əməkdaşları tərəfindən Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən "İddiaçı" firmasının qaz xətti üzərində quraşdırılmış Elster G-400 markalı 80106335 nömrəli qeyri-əhali qaz sayğacında yoxlama keçirilmiş, yoxlama zamanı korrektorun xx.xx.2019-cu il tarixində sönməsi, göstəricilərin Vbt=3921543, Vt=2283291 m3 əks olunması, gərginliyi 0V. korrektorun sönməsi nəticəsində arxivlərin pozulması, mexaniki hissədən keçən 116300 m3 qaz həcminin elektron hissədə qeydə alınmaması, korrektorun dövrəsində gözləmə rejimində cərəyan şiddətinin 77mkA qeydə alınması, sızmanın olmaması, temperatur və təzyiq çeviricilərinin normal olması aşkar olunaraq akt tərtib edilmiş, akta əsasən cavabdeh tərəfindən hesabat aparılmış və hesabat zamanı dəymiş ziyan 373315 kub.metr müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya aktlara əsasən 2019-cu ilin mart-sentyabr aylarına və dekabr ayına ümumilikdə 88014,80 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materialları və iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan əlavə, cavabdeh tərəfindən tərtib edilmiş aktda sayğacda olan nöqsanlar qeyd edilmişdir. Həmin nöqsanların məhz iddiaçının təqsirindən baş verməsi ilə bağlı hər hansı bir qeyd edilməmiş və əgər sayğaca müdaxilə olunmuşdursa, bu müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus sayğac cavabdehin nəzarətində olan sahədə quraşdırılmışdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı cavabdeh tərəfindən iddiaçıya 88014,80 manat borc hesablanması müəyyən olunsa da, iddiaçı tələbində 76286,10 manat borcun silinməsini tələb etdiyindən iddia həmin hissədə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, hazırki iddia istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar olduğuna görə və iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin nəfinə cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə İddiaçınə hesablanmış 76286,10 manat borc silinsin. Dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar