Məhkəmə qərarları › İş №e-2-2(113)-9286/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9286/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9286/2025 07.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı İB-in Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: təbii qaz sərfiyyatına görə borcun tutulması) Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı İB-in Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İ.İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 24506,39 manat borc məbləğinin və iddia qaldırmaq üçün ödənilmiş 163,52 manat məbləğində dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının alınaraq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavadeh Cavabdeh2 arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2024-cü il tarixli AMX-4592/24 nömrəli müqaviləyə əsasən cavabdehə məxsus Salyan rayonu Kürsəngi kəndində yerləşən **********00043 nömrəli abonent kodu ilə qeydə alınmış istixana təbii qazla təmin edilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq qeyd olunan istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və İddiaçınə xx.xx.2025-ci il tarixə 24506,39 manat borcu yaranmışdır. Borcun yaranmasına səbəb cavabdeh tərəfindən istixanada istifadə olunmuş təbii qazın dəyərinin tam ödənilməməsi səbəb olmuşdur. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə hər ay hesab-faktura təqdim olunmasına, xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilənin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın, qaz sayğacının göstəricisinə əsasən tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Müqavilənin 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədilə tərəfimizdən pretenziya məktubu ilə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borc ödənilməmiş, borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatının enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqında” 356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında qeyd edilmişdir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442,443.1-ci maddələrinə istinad olunmuşdur. Tərəflərin izahatları:

4. İddiaçının nümayəndəsi elektron məhkəmə sisteminə ərizə əlavə edərək, iddianı müdafiə etdiyini bildirmiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, qeyd edilən istixana onun mülkiyyətindədir və həqiqətən də qazdan istifadə ilə bağlı borcu vardır. Həmin borc məbləğinin əsassızlığı ilə bağlı hər hansı etirazı yoxdur. Borc məbləğinin yaranmasına səbəb pandemiya dövründə qazanclarının aşağı düşməsi və yaranmış maddi çətinliklərlə bağlıdır. 2024-2025-ci illərdə əvvəlki borcun onu aid olması şərtilə istixananı icarəyə vermiş və icarədarın da qazdan istifadə ilə bağlı təxminən 4000 manat borcu qalmışdır. Bununla belə, icarədarın borcu ilə bağlı öz aralarında razılıq olmuşdur. Nəticə etibarı ilə yaranmış borcu qəbul etsə də, halhazırda ödəmək imkanı olmadığının nəzərə alınmasını və hissə-hissə ödənişlərlə bağlı şərait yaradılmasını xahiş edir. İİ.Tədqiq olunan sübutlar

6. İş materiallarından görünür ki:

7. 30 oktyabr 2024-cü il tarixli, AMX-4592/24 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, iddiaçı, cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür.

8. Abonentin saldosundan görünür ki, 2025-cü ilin iyul ayına ümumilikdə sayğac oxunması üzrə ayın əvvəlinə borc 30562,79 manat olmaqla, ümumi 6056,4 manat ödəniş çıxıldıqdan sonra cavabdehin iddiaçıya olan ayın sonuna borcu 24506,39 manat təşkil edir.

9. 06.11.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, 24506,39 manat yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

10. 06.11.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən 163,52 manat dövlət rüsumu ödənilmişdir. İİİ.Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

12. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:

16. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

17. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İV.Məhkəmə baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

19. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

22. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

24. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V.Məhkəmənin mövqeyi

25. Beləliklə, işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, tərəflər arasında 30 oktyabr 2024-cü il tarixli, AMX-4592/24 saylı təbii qazın alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəmək öhdəliyini üzərinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehi təbii qazla təmin etsə də, cavabdeh öhdəliyini lazımınca icra etməmiş, aldığı qazın dəyərini tam ödəməmiş və onun iddiaçıya 24506,39 manat borcu yaranmışdır. Habelə öhdəliyin icra edilmədiyi təqdirdə, onun yerinə yetirilməməsinin hər hansı bir üzrlü səbəbləri göstərilməmiş, cavabdeh iddiaya etiraz etməmişdir.

26. Eyni zamanda cavabdeh məhkəmə iclasında maddi vəziyyətinin pis olduğunu bildirərək, məhkəmədən bu halın nəzərə alınmasını bildirmişdir.

27. Bununla bağlı məhkəmə qeyd edir ki, qətnamənin hissə-hissə icrası ilə bağlı məsələ MPM-nin 231-ci maddəsinə əsasən yalnız icra icraatı qaydasında həll edildiyindən, bu məsələyə iddia icraatı qaydasında baxıla bilməz.

28. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və 24506,39 manat ödənilməmiş borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia tam təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 163,52 manat və 0.40 manat bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Vİ.Nəticə

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 təbii qazdan istifadəyə görə yaranmış 24506,39 (iyirmi dörd min beş yüz altı manat, otuz doqquz qəpik) manat borc və ödənilmiş 163,52 manat dövlət rüsumunun əvəzi və 0.40 manat bank xidmət haqqı tutularaq İddiaçı İB-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar