Məhkəmə qərarları › İş №e-2-2(113)-9681/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9681/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9681/2025 17.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ümumilikdə 10805,18 (on min səkkiz yüz beş manat 18 qəpik) manat məbləğində borcun onun **********100000 saylı abonent hesabından silinməsi, ödənilmiş 122 manat dövlət rüsumu və 800 manat vəkil xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Salyan şəhəri ərazisində yerləşən çörək sexinə X1 İstismar İdarəsi tərəfindən 2015-ci il may ayında 288 manat “Sayğac dövlət yoxlamasında”, 2016-ci il mart ayında tarixində 1747 manat “Sayğac dövlət yoxlamasında”, 2017-ci ilin mart ayında 308,90 manat dəymiş ziyan, xx.xx.2022-ci il tarixində 4283,84 manat “uçotu pozulmuş qaz sərfi”, xx.xx.2025-ci il tarixində 2528,16 manat “əllə daxil edilən qaz sərfi”, xx.xx.2025-cİ il tarixində 1649,28 manat “əllə daxil edilən qaz sərfi” adı ilə ümumilikdə 10805,18 manat dəyərində qanunsuz, sayğac göstəricisindən əlavə məbləğlər hesablanmışdır. Bu qeyd edilənlər yalnız abonentin saldosundan görünür və heç bir sənəd təqdim edilməsi mümkün deyildir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onunəsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2 və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Cavabdeh tərəfindən tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan isə görünür ki, Cavabdeh yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Halbu ki, yuxarıda sadalanan normalara əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Bildirir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013- cü il tarixli AR Qanununun 3.2; 3.2.3-cü bəndləri, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” 15 fevral 2011-ci il tarixli, 383 nömrəli fərmanla təsdiq edilmiş əsasnamənin 1.4; 1.5; 5.2-ci bəndləri, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinin tələblərinə zidd olaraq “Sayğac dövlət yoxlamasına getdi”, “Sayğac dövlət yoxlamasındadır”, “Əl ilə daxil edilən qaz sərfi”, “Uçotu pozulmuş qaz sərfinin bərpası” adı ilə vurulan bütün əlavə qaz sərfləri qanunsuzdur. Bütün hallarda qaz sayğacı qaz xəttinin üzərində olub, obyekt sayğacsız fəaliyyət göstərməyib. Bu abonent saldosundan açıq-aşkar görünür. Həmin hesabatlar aparılanda sayğac yoxlamada olubsa "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu" aktları təqdim olunmalıdır. Bu barədə hazırki günədək hər hansı bir akt təqdim edilməmişdir. Akt olduğu halda sayğac çıxarılanda yerinə başqa sayğac bağlandığı və ya qaz sərfinin hansı qaydada hesablanmalı olduğu qeyd olunmalı və hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmalıdır. Bununla bağlı heç bir halı təsdiq edən sübut yoxdur. Qaz sayğacının sərfiyyatından əlavə aparılmış bütün hesabatların hansı rəyə əsasən, hansı qanuna uyğun olaraq aparıldığını təsdiq edən sənədlər mövcud deyil və Cavabdeh İB tərəfindən olduğu təqdirdə təqdim edilməlidir. İstismarda olan qaz sayğacı qaz xətti üzərindən çıxarılmadan, aylar üzrə qaz sayğacı vasitəsilə hesabat getdiyi halda “Sayğac dövlət yoxlamasına getdi”, “Sayğac dövlət yoxlamasındadır”, “Əl ilə daxil edilən qaz sərfi”və ya sayğac yerində test edilmədən “Uçotu pozulmuş qaz sərfinin bərpası” adı ilə hesabatlar həqiqətə uyğun deyil. Qazdan istifadə Qaydaları barədə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarının bir çox tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Hesabat yalnız qaz sayğacının göstəricisinə əsasən aparılmalıdır. Sayğac olmadığı müddətdə isə müvafiq dövrün qaz sərfinə uyğun hesablanmalıdır. İstifadədə olan qaz xətti üzərində bütün hallarda qaz sayğacı olub. “Sayğac dövlət yoxlamasındadır” adı ilə hesabatın aparılması obyektin qaz xətti üzərində qaz sayğacının olmaması, obyektin sayğacsız fəaliyyət göstərməsi deməkdir. Bu halda həmin hesabatlar aparılan müddətdə sayğacın dövlət yoxlamasında və ya təmirdə olduğu barədə Cavabdeh İB tərəfindən rəsmi sənədlər təqdim olunmalıdır. Bütün aylarda sayğac obyektin üzərində olub, sayğac çıxarıldığı halda onun yerinə əvəzedici sayğac qoyulur. Saldodan da açıq-aşkar görünür ki, sayğac üzərində olub və hesablamalar aparılıb. Əgər sayğac çıxarılmışdırsa bu mütləq şəkildə sənədləşdirilməli, sayğacın götürülməsi və yoxlamadan sonra quraşdırılması üçün müvafiq akt tərtib edilərək imzalanmalı və nümayəndənin iştirakı təmin edilməli idi. Sayğacın qeyd olunan vaxtlarda doğurdan da yoxlamada olduğunu təsdiq edən sənəd olsaydı belə sayğac çıxarılandan sonra ötürücü ilə qazın verilişinin bərpa olunması və ya əvəzedici sayğac qoyulması aktda qeyd olunmalı idi. Hər hansı bir obyektin qaz təchizatı ötürücü ilə bərpa olunduqda aparılacaq hesabatlar barədə razılaşma protokolu tərtib olunur. Amma belə akt və sair sənəd yoxdur. Həmçinin bildirir ki, hesabatlar aparılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə 80 saylı qərarın 3,5-ci; 6,5-ci; 5,4-cü və 5.5ci bəndinin tələbləri pozulmuşdur. “Qazın alqı-satqısı barədə” müqaviləyə əsasən qaz paylayıcı istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və qaz paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının borcudur. 3.1-ci bəndinə görə bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 m3 üçün 0,10 manat məbləğində müəyyən edilir. 7.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir. 7.2-ci bəndinə əsasən bu müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 3 ay müəyyən edilir. 7.3-cü bəndinə istehlakçı bu müqavilənin ləğv edilməsi barədə müqavil müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, müqavilənin müddəti bu müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu halda yeni müqavilənin bağlanması tələb olunmur. Birincisi silinməsi tələb edilən borcların əsaslılığını həmin dövrdə qaz sayğacının işləməməsi və sayğacın işləmədiyi dövr üçün normativ hesabatın aparılsada həmin halları təsdiq edən mötəbər sübutlar, o cümlədən borcun hesablanması üçün əsas olmuş aktlar, eləcə də normativ hesabatlar yoxdur. İkincisi, Cavabdeh İB tərəfindən qaz sayğacındakı xətanın normaya uyğun olmamasının müəyyən edilməsi qeyd etmiş olsa da, bildirir ki, həmin akt birtərəfli sənəd olmaqla sayğacda həqiqətən də xətanın mövcud olması faktının müəyyən edilməsi üçün kifayət etmir. Digər tərəfdən Cavabdeh İB-nin nümayəndəsi əks olunan uçotu pozulmuş sərfin hesablanma qaydasını izah etməli, hesablanma qaydasını müəyyən edən normativ sənədləri, eləcə də sözügedən hesablanma qaydasına aydınlıq gətirən digər mötəbər sübutları məhkəməyə təqdim etməlidir. Təbii ki, bu sübutlar yoxdur. Tərəflərindən pretenziya Cavabdehnə elektron məhkəmə vasitəsilə göndərilmiş və 3 gün müddətində əsassız borcun silinməsi xahiş edilmişdir. Amma borc silinməmişdir.

3. Cavabdeh nümayəndəsi Nümayəndə2 elektron kabinet vasitəsi ilə iddia tələbinə qarşı etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, iddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Belə ki, iddiaçıya məxsus müəssisədə düzgün qiymətləndirilməmiş qazın dəyərinin bərpası məqsədi ilə 288 manat dəyərində qaz həcmi hesablanaraq iddiaçının hesabına 2015-ci ilin may ayında əlavə edilmişdir. İddiaçıya məxsus müəssisədə düzgün qiymətləndirilməmiş qazın dəyərinin bərpası məqsədi ilə 1747 manat dəyərində qaz həcmi hesablanaraq iddiaçının hesabına 2016-cı ilin mart ayında əlavə edilmişdir. İddiaçıya məxsus müəssisədə düzgün qiymətləndirilməmiş qazın dəyərinin bərpası məqsədi ilə 308,90 manat dəyərində qaz həcmi hesablanaraq iddiaçının hesabına 2017-ci ilin mart ayında əlavə edilmişdir. İddiaçıya məxsus müəssisədə düzgün qiymətləndirilməmiş qazın dəyərinin bərpası məqsədi ilə 4283,84 manat dəyərində qaz həcmi hesablanaraq iddiaçının hesabına 2022-ci ilin dekabr ayında əlavə edilmişdir. İddiaçıya məxsus müəssisədə düzgün qiymətləndirilməmiş qazın dəyərinin bərpası məqsədi ilə 2528,16 manat dəyərində qaz həcmi hesablanaraq iddiaçının hesabına 2025ci ilin avqust ayında əlavə edilmişdir. İddiaçıya məxsus müəssisədə düzgün qiymətləndirilməmiş qazın dəyərinin bərpası məqsədi ilə 1649,28 manat dəyərində qaz həcmi hesablanaraq iddiaçının hesabına 2025-ci ilin sentyabr ayında əlavə edilmişdir. İddiaçı iddia ərizəsində aparılmış hesabatların qanunsuz olduğunu, Azəriqaz” İB-nin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmasını qeyd etmişdir. Bildirirəm ki, tərəfimizdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Qeyd etdiyim kimi, iddiaçıya məxsus müəssisəyə sayğacda yaranmış qüsurlarla bağlı işləmədiyi üçün tərəflər arasında imzalanmış razılaşmalara əsasən hesabat aparılaraq qaz sərfi iddiaçının hesabına işlənmiş və qeyd olunan qaz sərflərinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Qeyd olunan qaz sərfləri tərəflər arasında aparılmış razılaşmalara əsasən müəssisədə sayğacın işləməməsinə görə hesablanmış qaz sərfinin dəyəri olmuşdur. İddiaçı iddia ərizəsində Cavabdeh İB tərəfindən yoxlama keçirilərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri kobud şəkildə pozulmasını, yoxlamaların yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığını, yoxlamanın keçirilməsi ilə əlaqədar bildiriş verilmədiyini qeyd etmişdir. Bildirirəm ki, qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (Qaydalar) ilə tənzimlənir və Qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı Müqaviləsinə əsasən həyata keçirilir. Cavabdeh İB tərəfindən Qaydaların 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir və qazın alqı-satqısı müqaviləsinin 2.1.6-cı yarımbəndinə uyğun olaraq istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanunun tətbiq dairəsi yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə şamil edilir. Cavabdeh İB-nin nümayəndələri tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə daxil olmadan, yalnız “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki- Prossesual Məcəlləsinin müddəalarını rəhbər tutaraq "xxxx" MMC-nin Cavabdehnə qarşı ümumilikdə 10805,18 manat məbləğində borcun onun **********100000 saylı abonent hesabından borcun silinməsi, ödənilmiş 122 manat dövlət rüsumu və 800 manat vəkil xərcinin cavabdehdən tutulması barədə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. 05 fevral 2026-cı il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tələbi üzrə 2015ci ilin may ayında hesablanmış 288 manat, 2016-cı ilin mart ayında hesablanmış 1747 manat, 2017-ci ilin mart ayında hesablanmış 308,90 manat, 2022-ci ilin dekabr ayı üzrə hesablanmış 4283,84 manat hissəsi iddia müddəti ötürülmüşdür. Ona görə də iddia tələbinin həmin hissəsi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən iddia müddəti tətbiq edilməsini xahiş etmiş, həmçinin qeyd etmişdir ki, yuxarıda qeyd olunan müddətlərlə bağlı hesablanmış borclar iddiaçı tərəfindən ödənilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbini müdafiə edib, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdehin nümayəndəsi Nümayəndə2 elektron kabinet vasitəsi ilə ərizə göndərərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib, işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. 22.08.2017-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, Cavabdeh İB – “Paylayıcı”, İddiaçı MMC – “İstehlakçı” olmaqla müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçının keyfiyyətli qazla təmin edilməsi üçün müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

9. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktdan görünür ki, sayğac göstəricisi noyabr ayında AGİS bazasına sayğacın faktiki göstəricisindən artıq yazıldığı (yükləndiyi) üçün qazın qiymətləndirilməsi düzgün aparılmamışdır.

10. İtirilmiş təbii qazın dəyərinin hesablanması haqqında Cavabdeh İB tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərardadn görünür ki, xx.xx.2017-ci il tarixli, ******* nömrəli aktda qeyd edilənlərə əsasən aparılmış hesablaması üzrə SOCAR **********311790029X00007 nömrəli xidməti məlumata əsasən düzgün qiymətləndirilməmiş qazın dəyəri 1511.5 m3 hesablanmışdır.

11. Təbii qazın uçotunun pozulması haqqında Cavabdeh İB-nin Salyan Regional Qİİnin Salyan XS tərəfindən tərtib edilmiş 30 dekabr 2022-ci il tarixli, 52-006147 nömrəli aktından görünür ki, Cavabdeh İB-nin SOCAR **********00040020A00513 nömrəli əmri ilə təsdiq edilmiş “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarəolunması üzrə” Təlimata əsasən uçota alınmayan qaz həcminin yenidən hesablanaraq, 3 251253x7,75/100=19472 m olması müəyyən edilmişdir.

12. Cavabdeh İB tərəfindən tərtib edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı MMC-yə məxsus müəssisədə TRZ-G400 markalı, zavod nömrəsi 80111560, kollektor nömrəsi ******* olan sayğac çıxarılmış və onun əvəzinə TRZ-G400 markalı, kollektor nömrəsi 24465098 nömrəli sayğac quraşdırılımışdır.

13. Qaz sayğacı olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2025-ci il tarixli, 31-08-25/1 nömrəli aktdan görünür ki, **********00000 nömrəli abonent İddiaçı MMC-də sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan gündəlik sərfiyyat hesabatlara əsasən 10534 m3 müəyyən edilmişdir. Hesabatın müəyyən olunmuş qaz sərfi ilə (günlərin sayından aslı olaraq) aparılmasına müəssisə tərəfindən etiraz olunmamış və ödənişə zəmanət verilmişdir.

14. Qaz Sayğacının yoxlanılması haqqında Y5338 nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-yə məxsus müəssisədə Almaniya istehsalı olan, TRZ- G400 markalı, zavod nömrəsi 80111560, kollektor nömrəsi ******* olan sayğac yoxlamadan keçirilmiş və sayğacın istismara yararsız olması müəyyən edilmişdir.

15. **********00000 nömrəli abonent İddiaçı MMC-yə (çörək sexi) məxsus abonentin saldosundan görünür ki, MMC-nin 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021, 2022, 2023 və 2024-cü illlər üzrə borcu 0 manat, 2025-ci il üzrə isə 4177,44 manat təşkil edir.

16. Cavabdeh İB-nin Salyan RQİİ tərəfindən İddiaçı MMC-nin müraciətinə edilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixinə İddiaçı MMCnin hesabında 5076,92 manat məbləğində borc olmuşdur. 2022-ci ilin dekabr ayında 2519,44 manat dəyərində (30924 m3) qaz sərf olunmuş, 5080,45 manat ödəniş aparılmış, müəssisənin hesabında 2515,91 manat borc qalmışdır. Bundan əlavə müəssisənin qaz xətti üzərində istismarda olan G-400 markalı, 80111560 nömrəli sənaye tipli qaz sayğacı "Qazdan istifadə Qaydaları”nın 4.3-cü bəndinə uyğun olaraq dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən olunmuş, "Azəriqaz” İB-nin SOCAR**********00040020A00513 nömrəli əmri ilə təsdiq edilmiş “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarəolunması üzrə” Təlimata əsasən xx.xx.2025-ci il tarixində “Təbii qazın uçotunun pozulması haqqında” 52-006147 nömrəli akt tərtib olunmuş, 4283,84 manat dəyərində (19472 m3) qaz həcmi hesabatda nəzərə alınmış və xx.xx.2023-cü il tarixində tərtib olunmuş akt MMC-yə rəsmi göndərilmişdir. xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək İddiaçı MMC-yə ümumilikdə 110911,02 manat dəyərində hesabat aparılmış, 109962,69 manat ödəniş olunmuş, 948,33 manat qalıq qalmış, borc 7748,08 manat (2515,91+4283,84+948,03=7748,08) təşkil etmişdir.

17. Göründüyü kimi, hazırki mübahisə İddiaçı MMC-yə məxsus Salyan rayonunda yerləşən çörək sexinə quraşdırılmış istifadə olunan qaz cihazları üzrə hesablanmış borcla əlaqədardır. İddiaçı isə ona hesablanmış 10805,18 manat məbləğində borcu qəbul etmədiyindən, məhkəməyə müraciət etmişdir.

18. Məhkəmə ilk olaraq iddia tələbinin “2015-ci ilin may ayında hesablanmış 288 manat, 2016-cı ilin mart ayında hesablanmış 1747 manat, 2017-ci ilin mart ayında hesablanmış 308,90 manat, 2022-ci ilin dekabr ayı üzrə hesablanmış 4283,84 manat məbləğində borcun silinməsi hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin nümayəndəsi iddianın həmin hissəsinə münasibətdə iddia müddətinin tətbiqinə dair ərizə vermişdir.

19. İş materiallarına əlavə edilmiş abonentin saldosundan göründüyü kimi, həmin illərdə aktlar üzrə iddiaçıya borc məbləğləri hesablanmışdır ki, o, həmin borc məbləğlərini elə həmin illərdə ödəmişdir. İddiaçı vaxtilə ödənilmiş həmin borc məbləğlərinin əsassız hesablandığını iddia etməklə hazırki iddia tələbini irəli sürmüşdür.

20. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının iddiasının hüquqi əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

21. İş hallarından da göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya aktlar üzrə 2015-ci ilin may ayında 288 manat, 2016-cı ilin mart ayında 1747 manat, 2017-ci ilin mart ayında 308,90 manat, 2022-ci ilin dekabr ayında 4283,84 manat borc hesablanmasına baxmayaraq, iddiaçı aktlar üzrə ona hesablanmış və ödənilmiş həmin borcun silinməsi barədə iddia tələbi ilə 2025-ci ilin noyabr ayında iddia qaldırmışdır.

22. Məhkəmə vurğulayır ki, “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.”. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərarı). ”

23. Məhkəmə həmçinin qeyd edir ki, mövcud qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Hazırkı iddia əsassz varlanma obyektini qaytarmaq hüququ ilə bağlıdır və qanunverici bu hüququ iki illik iddia müddəti ilə məhdudlaşdırmışdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsi).

24. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «. iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı».

25. Bütün bunlar onu deməyə əsas verir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, əsassız varlanma obyektini qaytarmaq hüququnun ən geci iki illik müddətlə məhdudlaşdırıldığına baxmayaraq iddiaçı bu müddət ərzində iddia qaldırmayaraq qarşı tərəfə heç bir tələb irəli sürməmişdir. Belə ki, iddiaçıya 2015, 2016, 2017 və 2022-ci illərdə borc hesablanmışdır. Bu müddətlər (2015-ci il üzrə 9 il, 2016-cı il üzrə 8-ci il, 2017-ci il üzrə 7 il) ən üzrə hesablanmış sonuncu borcun 2022-ci ili əhatə etməsi nəzərə alınarsa, həmin tarixdən yalnız dörd ilə yaxın vaxt keçdikdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir.

26. Təsadufi deyil ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “.....Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.

27. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

28. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.

29. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan mövqeylərini, işin faktiki hallarını və cavabdehin iddia müdətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, hazırkı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü, 373-cü və 1095-ci maddələri ilə müəyyən edilmiş iddia müddəti ötürüldüyündən iddia tələbi “2015-ci ilin may ayında hesablanmış 288 manat, 2016-cı ilin mart ayında hesablanmış 1747 manat, 2017-ci ilin mart ayında hesablanmış 308,90 manat, 2022-ci ilin dekabr ayı üzrə hesablanmış 4283,84 manat məbləğində borcun silinməsi hissəsində rədd edilməlidir.

30. Məhkəmə həmçinin iddia tələbinin həmin hissəsi ilə bağlı xüsusilə qeyd edir ki, hazırki iş üzrə iddia müddəti keçməmiş olsa belə, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, iş materiallarında olan **********00000 nömrəli abonent İddiaçı MMC-yə (çörək sexi) məxsus abonentin saldosundan görünür ki, MMC-nin 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021, 2022, 2023 və 2024-cü illlər üzrə borcu 0 manat təşkil edir. Yəni, iddiaçı qeyd edilən borcu qəbul edib və dəyərini də ödəyib. Bu da, o, deməkdir ki, abonent İddiaçı MMC həmin halları qəbul etmişdir.

31. Bununla belə, məhkəmə iddia tələbinin 2025-ci il üzrə 4177,44 manat (iki akt üzrə hesablanmış) məbləğində borcun silinməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilərək qeyd edilən məbləğ abonentin saldosundan silinməlidir.

32. İş materialları ilə müəyyən edilmişdir ki, **********00000 nömrəli abonent üzrə 2025-ci ilin avqust və sentyabr aylarında cavabdeh tərəfindən keçirilmiş yoxlamalar nəticəsində qaz sayğacında qüsur olduğu əsas götürülərək normativ qaydada qaz sərfi hesablanmış və nəticədə 2528,16 manat və 1649,28 manat olmaqla ümumilikdə 4177,44 manat məbləğində əlavə borc abonentin hesabına yazılmışdır.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qazın sərfinə görə hesablaşma balans mənsubiyyəti sərhədində quraşdırılmış və dövlət reyestrinə daxil edilmiş sertifikatlaşdırılmış qaz sayğacının göstəricilərinə əsasən aparılmalıdır.

34. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən verilmiş qazın dəyəri, istisna hallar nəzərə alınmaqla, yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmalıdır və normativ hesablama yalnız qanunla nəzərdə tutulmuş hallarda və müvafiq qaydada sənədləşdirildiyi təqdirdə tətbiq edilə bilər.

35. Qaydaların 6.5-3-cü bəndinə əsasən normativ hesablama yalnız qanunsuz qoşulma və ya sayğacın işləməməsi sübut edildikdə və müəyyən edilmiş müddət çərçivəsində tətbiq edilə bilər.

36. Məhkəmə müəyyən edir ki, cavabdeh tərəfindən 2025-ci ilin avqust və sentyabr aylarında tərtib edilmiş aktların əsasında sayğacın hansı konkret texniki qüsurunun mövcud olduğu, həmin qüsurun hansı laborator rəyə əsaslandığı və sayğacın istismara yararsız hesab edilməsinin normativ əsasları barədə mötəbər sübutlar təqdim edilməmişdir.

37. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Y5338 nömrəli yoxlama protokolu sayğacın istismara yararsız olmasını ümumi formada qeyd etsə də, bu sənəd normativ hesablama tətbiqinin hansı müddət və hansı metodika üzrə aparıldığını əsaslandırmır.

38. Bundan əlavə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sahibkarlıq subyektlərində aparılan bütün növ yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalıdır və reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

39. İş materiallarından görünür ki, mübahisəli borcların hesablanmasına əsas olmuş yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması faktı da cavabdeh tərəfindən sübut edilməmişdir.

40. Belə olan halda, qeydiyyata alınmamış yoxlamalar əsasında tərtib edilmiş aktlar hüquqi qüvvəyə malik hesab edilə bilməz və həmin aktlar əsasında normativ hesablama aparılması qanunvericiliyin tələblərinə ziddir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Normativ hesablamanın tətbiqi üçün zəruri olan halların mövcudluğunu və yoxlamanın qanuni aparıldığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən bu halları təsdiq edən kifayət qədər və mötəbər sübut təqdim edilməmişdir.

42. Məhkəmə həmçinin nəzərə alır ki, eyni sayğac üzrə ardıcıl olaraq iki ay üçün normativ hesablama aparılmış, lakin sayğacın dərhal dəyişdirilməsi, ekspertizaya göndərilməsi və ya normativ hesablamanın tətbiq müddətinin konkret əsaslandırılması ilə bağlı sübutlar təqdim edilməmişdir ki, bu da hüquqi müəyyənlik və proporsionallıq prinsiplərinə ziddir.

43. Yuxarıda göstərilən hallar birgə qiymətləndirildikdə məhkəmə nəticəyə gəlir ki, 2025-ci ilin avqust və sentyabr ayları üzrə aparılmış yoxlamalar qanunvericiliyin tələblərinə uyğun qaydada rəsmiləşdirilməmiş, o cümlədən normativ hesablama tətbiqi üçün zəruri şərtlər sübut edilməmişdir. Belə olan halda, həmin yoxlamaların hüquqi nəticə yaratması mümkün deyildir.

44. Bu səbəbdən məhkəmə nəticəyə gəlir ki, 2025-ci ilin avqust və sentyabr ayları üzrə tərtib edilmiş aktlar əsasında hesablanmış 4177,44 manat məbləğində borc hüquqi əsaslara söykənmədiyindən həmin məbləğ abonentin saldosundan silinməlidir.

45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat və +10000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

49. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 122,42 manat məbləğində dövlət rüsumunun 61,77 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən 2025-ci ilin avqust və sentyabr ayları üzrə tərtib edilmiş aktlara görə İddiaçı MMC-yə (Abonent kodu: **********00000) hesablanmış 4177,44 manat (2528,16 + 1649,28 = 4177,44) manat borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 61,77 (altmış bir manat, 77 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar